Ziyad Səmədzadə: "Ermənistandan
fərqli olaraq, Azərbaycan verdiyi bütün vədləri
yerinə yetirdi"
MÜSAHİBİMİZ MİLLİ MƏCLİSİN (MM) İQTİSADİ SİYASƏT, SƏNAYE VƏ SAHİBKARLIQ KOMİTƏSİNİN SƏDRİ, AKADEMİK ZİYAD SƏMƏDZADƏDİR
- Ziyad
müəllim, ötən əsrin
90-cı illərinin əvvəllərində Sovetlər
Birliyinin süquta uğraması və yeni müstəqil
dövlətlərin yaranması, o cümlədən, tarixdə
ikinci müstəqilliyini qazanması ilə keçmiş
ittifaq respublikalarından biri kimi Azərbaycan çox
ağrılı proseslər yaşamasına baxmayaraq, bir
sıra vacib və önəmli layihələrin ortaya
qoyularaq, onların reallaşdırılmasına start verdi.
Bunlardan biri də heç şübhəsiz ki, tarixi, qədim və böyük
"İpək Yolu"nun bərpası istiqamətində
atılan addımlar idi və artıq fəxrlə qeyd etmək
olar ki, Azərbaycan çətin mərhələlərdən
keçərək, öz hədəflərinə əksəriyyət
etibarı ilə çata bildi, o cümlədən,
"İpək Yolu" layihəsi ilə də bağlı
önəmli nəticələrə nail oldu. Onu da qeyd edək
ki, düz 20 il öncə, 1998-ci ilin sentyabrında Bakı
şəhərində "İpək Yolu" layihəsi ilə
bağlı Azərbaycanın ev sahibliyi etdiyi geniş və yüksək səviyyəli
beynəlxalq konfrans keçirildi. Bu illər ərzində
İpək Yolu layihəsi ilə əlaqədar hansı
işlər görülüb? Bakı
sammitində qəbul edilən sənədlər necə icra
olunub?
- Belə
bir yüksək səviyyəli toplantının baş
tutmasında da heç şübhəsiz ki, müstəqil Azərbaycan
dövlətinin qurucusu Heydər Əliyevin xidmətləri
müstəsnadır. Eyni zamanda, həmin tədbir
Heydər Əliyevin parlaq, əhatəli, son dərəcədə
məzmunlu, gələcəyə hesablanmış giriş və
yekun çıxışları ilə yaddaşlarda
qalıb. Konfrans müstəqil Azərbaycan
dövlətinin iqtisadi qüdrətinin, siyasi nüfuzunun
artmasına xidmət edən, Heydər Əliyev
strategiyasının düzgünlüyünü,
reallığını bir daha təsdiq etdi. Bakı
sammitinin ölkəmiz üçün, onun sülh, əməkdaşlıq,
təhlükəsizlik şəraitində yaşaması
üçün nə qədər vacib olduğu barədə
Heydər Əliyev dedi ki, konfransın Azərbaycanda
keçirilməsi ölkəmiz üçün tarixi bir
hadisədir: "Biz tariximizi yaxşı bilirik və ona
görə də cəsarətlə demək olar ki, Azərbaycanın
çoxəsrlik tarixində belə böyük beynəlxalq
konfransın keçirilməsi ilk hadisədir..." Doğrudur, keçmiş illərdə, xüsusən
60-70-80-ci illərdə Azərbaycanda bir çox böyük
tədbirlər keçirilib. Onların əksəriyyəti
Sovet İttifaqı respublikaları çərçivəsində
olub. Respublikamızda bəzi beynəlxalq tədbirlər
də keçirilib. Onlar da ya bəzi
sosialist ölkələrinin iştirakı ilə, ya da bəzi
beynəlxalq fəhlə hərəkatı, yaxud kommunist hərəkatı
təşkilatlarının iştirakı ilə
keçirilib. Onların heç biri
yüksək dövlət səviyyəsində olmayıb.
"...Mən bir də deyirəm və qətiyyətlə, cəsarətlə
deyirəm ki, tarixə nəzər salarkən Azərbaycan
Respublikasının, dövlətinin, ölkəsinin tarixində
bu, ilk böyük beynəlxalq konfransdır. Biz
bunu yüksək qiymətləndirməliyik və bu, Azərbaycan
xalqının, dövlətinin böyük nailiyyəti kimi
qiymətləndirilməlidir. Beynəlxalq
konfransın Azərbaycanda keçirilməsi Azərbaycanın
dövlət müstəqilliyinin möhkəmlənməsini,
inkişaf etməsini və beynəlxalq aləmdə tamamilə
tanınmasını nümayiş etdirir. Bu,
bizim müstəqilliyimizin, suverenliyimizin rəmzidir. Bu, böyük tarixi hadisədir. Vətənini,
torpağını, millətini, ölkəsini sevən hər
bir azərbaycanlının, Azərbaycan vətəndaşının
bu hadisə ilə fəxr etməyə əsası vardır
və bununla hər bir adam fəxr edə
bilər. Çünki bu, bizim millətimizin,
ölkəmizin, dövlətimizin adıdır. Biz
müstəqil dövlət kimi Bakı sammitində 32 dövlətin
və nüfuzlu beynəlxalq təşkilatların iştirakı
ilə nümayəndə heyətlərini qəbul etdik və
dünyanın böyük bir hissəsini əhatə edən
əraziyə məxsus böyük bir proqramın - tarixi
İpək Yolunun bərpası proqramının əsasını
qoyuldu" - deyə, bildirən Heydər Əliyev sonra bəyan
etdi ki, konfransın Bakıda keçirilməsi Avropa Birliyi və
TRASEKA proqramının iştirakçıları tərəfindən
Azərbaycana göstərilən etimaddır və
böyük diqqətdir.
Böyük
İpək Yolunun əssını Avropa İttifaqının
(Aİ) yeni
müstəqil dövlətlər üçün 1991-ci ildə
tərtib etdiyi TACIS proqramı çərçivəsində
"TRASEKA" lahiyəsi təşkil edir. Layihə
1993-cü ilin may ayında Brüsseldə keçirilən
konfransda 8 ölkənin (5 Mərkəzi Asiya, Qazaxıstan və
3 Qafqaz respublikası) iştirakı ilə qəbul edilib və "Yeni ipək yolu" adı ilə
tanınır. Çox sevindirici və
qürurverici bir haldır ki, o zaman imzalan sənəd quru
kağız üzərində də qalmadı, reallıqda
öz təsdiqini və həllini tapdı. Dünyada
düşünən insanlar tərəfindən qəbul edilən
bir həqiqət var: Bəşər sivilizasiyasının
tarixində yollar, nəqliyyat xətləri həmişə
çox böyük rol oynayaraq, həyatın bütün sahələrinə
siyasətə, iqtisadiyyata, mədəniyyətə təsir
göstərib və bunun parlaq nümayəndələrindən
və rəmzlərindən biri də bir çox ölkələrin
və xalqların minillik tarixini, Şərqin qədim mədəniyyətini,
avropalıların böyük coğrafi kəşflərini,
orta əsr müsəlman intibahının nailiyyətlərini
və bir sıra digər cəhətləri ehtiva etmiş
qlobal, nadir hadisə olan Böyük İpək yoludur.
-
Konfransda Heydər Əliyev başda olmaqla,
çıxış edən nüfuzlu dövlət və
hökumət baçıları tərəfindən
Brüssel bəyannaməsinə geniş şəkildə
toxunulurdu. Odur ki, həmin Bəyannamənin
məğzi və ümumiyyətlə, Brüssel konfransı barədə
fikirlərinizi elə bu məqamda öyrənmək istərdik...
- Azərbaycanı TACIS və TRACECA Proqramları üzrə
Milli Koordinator kimi mən təmsil edirdim. Həmin
konfransda çıxışım zamanı bildirdim ki,
iştirak etdiyimiz görüş təkcə ayrı-ayrı
ölkələrin, həmçinin bütöv
regionların, Avropa İttifaqının (Birliyinin)
iqtisadiyyatında vacib rol oynaya biləcək hadisədir.
Yəni hesab edirdik ki,
yeni müstəqil dövlətlərin iqtisadi,
siyasi müstəqilliyinin qorunması, onlarda yeni iqtisadi sistemin
formalaşması xüsusi əhəmiyyət kəsb edir və
bütün bu məqsədlərə nail olmaq
üçün həmin layihələrin istiqamətləndiyi
inkişaf etmiş çoxnövlü nəqliyyat şəbəkəsinin
yaradılmasını zəruri edir. Konfransın
sonunda qəbul edilən tarixi Bəyannamədə Avropa
İttifaqı ilə yeni müstəqil dövlətlər
arasında nəqliyyat sektorunun tarazlı inkişafını,
onlara TRACECA proqramı çərçivəsində texniki
yardımın məzmununu müəyyən etmək məsələləri
öz əksini tapdı. Eyni zamanda, Bəyannamədə qeyd edildi ki, bu
görüş zamanı iştirakçı ölkələrin
nümayəndələri bir sıra təkliflər verdilər,
nəqliyyat və ticarət sahəsində daha sıx əməkdaşlıqda
maraqlı olduqlarını bildirdilər. Bakı
sammitinin açılışı zamanı Heydər Əliyev
dedi ki, konfrans yeni müstəqil dövlətlərə
kömək edilməsi sahəsində Avropa
İttifaqının (Birliyinin) göstərdiyi səmərəli
səylərin nəticəsidir. O həmçinin
bildirmişdi ki, Brüssel Bəyannaməsi
Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin əhəmiyyətini,
onun inkişaf etdirilməsi sahəsində əməkdaşlığın
konkret istiqamətlərini, forma və mexanizmlərini müəyyənləşdirmiş
ilk beynəlxalq sənəd olub, TRASEKA proqramının
uğurla həyata keçirilməsi, Avropa İttifaqı
(Birliyi) Komissiyasının və iştirakçı ölkələrin
gördükləri böyük iş, əməkdaşlığımızın
konkret müsbət nəticələri daha genişmiqyaslı
layihələr işlənib hazırlanmasına təkan
verib. "Tarixi böyük İpək Yolunun bərpası
bu layihələr arasında başlıca yer tutur. O
vaxtdan 5 il keçmişdir. Bu
gün biz şahidi oluruq ki, həmin zəmin çox dəyərli,
etibarlı olmuş və böyük beynəlxalq təşkilata
çevrilmişdir. Bu gün Azərbaycanda, bəlkə
də, onun tarixində, daha dəqiq desək, dövlət
müstəqilliyi qazandıqdan sonra ilk dəfə olaraq, belə
bir beynəlxalq konfrans keçirilmiş, 32 ölkənin və
13 beynəlxalq təşkilatın nümayəndələri
burada, Bakıda toplaşmışlar. Biz bunu
müstəqil, suveren Azərbaycana, ölkəmizə
böyük hörmət kimi qəbul edirik və bu etimada,
hörmətə layiq olmaq üçün bütün tədbirləri
görəcəyik" - deyən, dövlət
başçısı giriş
çıxışının sonunda bildirdi ki, Bakı
konfransı bizləri daha da yaxınlaşdırıdı,
daha çox əməkdaşlığa,
qarşılıqlı anlaşmaya, dostluğa
çağırdı.
- Məlumdur ki, belə bir
konfransın keçirilməsi zərurəti meydana gəldiyi
zaman onun harada keçirilməsi də müzakirə
olunmuşdu...
- TRASEKA
proqramında iştirak edən ölkələrin,
şübhəsiz ki, hər biri belə bir konfransın öz
ölkəsində çağrılması arzusunda olmuş
və namizədliyini vermişdi. Azərbaycan da
belə bir konfransın Bakıda keçirilməsi təklifini
irəli sürmüşdü. Bununla
bağlı Heydər Əliyev qeyd edirdi ki, bu, çox məsuliyyətli,
çətin işdir. Ermənistan-Azərbaycan
münaqişəsi mövcud olduğu bir zaman belə
böyük beynəlxalq konfransın Azərbaycanda
keçirilməsi bizim üzərimizə həm çox vəzifələr
və həm də böyük məsuliyyət qoyur.
Ancaq həm Avropa Birliyinin Komissiyası, həm də TRASEKA
proqramında iştirak edən ölkələrin əksəriyyəti
bu konfransın Azərbaycanda keçirilməsinə
razılıq vermiş və bu tədbirlə bağlı qərar
qəbul edilmişdi... TRASEKA proqramının
reallaşmasında Azərbaycan dövlətinin, müstəqil Azərbaycanın
qurucusu və memarı, böyük öndər Heydər
Əliyevin xidmətləri müstəsnadır, əvəzedilməzdir.
Məhz onun qətiyyəti və böyük,
yenilməz iradəsi sayəsində bir sıra önəmli
layihələr kimi, bu layihə də gerçəkliyə
çevrilə bildi. Bir daha qeyd etmək
istərdim ki, həm məlum İpək Yolunun bərpası
layihəsinin gerçəkləşməsi, həm də
Bakı konfransının baş tutması üçün
Heydər Əliyevin xidmətləri sözlərlə ifadə
edilə bilməyəcək dərəcədə
böyükdür. Buna sözlər, kəlmələr
belə yetməz. Böyük natiqlik
qabiliyyətinə və istedadına malik olan dahi öndərin
çıxışı tarix səhifələrinə
qızılı hərflərlə həkk olunacaq,
yaddaşlardan, hafizələrdən silinməyəcək bir
çıxış idi. Heydər Əliyev
çıxışnda "Tarixi İpək yolunun bərpası,
yeni-yeni ölkələrin və regionların ona cəlb edilməsi
xalqlarımızın yaxınlaşması və
qarşılıqlı surətdə zənginləşməsi,
yeni müstəqil dövlətlərin istiqlaliyyətinin və
suverenliyinin möhkəmlənməsi, bu dövlətlərdə
demokratik islahatların, bazar
iqtisadiyyatı islahatlarının uğurla
aparılması
üçün güclü təkan verəcək, hamı
üçün sülhün, sabitliyin və təhlükəsizliyin
təmin olunmasına kömək göstərəcək. Böyük İpək yolu keçmişdə
başlansa da, gələcəyə doğru gedən yoldur.
Mən inanıram ki, əgər biz əməkdaşlıq edə-edə,
bir-birimizə hörmət bəsləyərək və
bir-birimizi dəstəkləyərək bu yolla birlikdə getsək,
o, xalqlarımız firavanlığa və tərəqqiyə
gətirib çıxaracaq" - deyərək, konfransın
bütövlükdə həfədlərinin nədən ibarət
olduğuna tam aydınlıq gətirdi və gələcək
perspektivlər, gələcək əməkdaşlıq
üçün bir "Yol xəritəsi"
cızmış oldu...
- Qeyd etmək
yerinə düşər ki, həmin beynəlxalq konfransda digər
ölkələrin də dövlət və hökumət
başçıları, həmçinin, bir sıra beynəlxalq
qurumların, ən əsası Avropa İttifaqının
(Birliyi) nümayəndəsi geniş çıxış edərək,
önəmli mesajlar vermişdilər...
- Həqiqətən
də, Bakı konfransı çox tarixi, çox unikal, illərlə
deyil, bəlkə də əsrlərlə xatırlanacaq,
üzərinə qayıdılacaq, tez-tez istinad olunacaq bir
konfrans idi. Və onu da xatırlatmaq yerinə düşərdi
ki, Bakı
konfransında dünyanın çox nüfuzlu ölkələrinin
dövlət və hökumət başçıları,
yüksək çinli məmurları iştirak edirdi.
Konfransa Türkiyənin prezidenti Süleyman Dəmirəl, Gürcüstanın o zamankı
prezidenti Eduard Şevardnazde, Özbəkistanın
keçmiş prezidenti İslam Kərimov, Rumıniyanın
keçmiş prezidenti Emil Konstantinesku, Ukraynanın sabiq
prezidenti Leonid Kuçma qatılmışdı. Həmçinin,
Çin Xalq Respublikasının sədri Tszyan Tszemin, Yaponiyanın baş
naziri Obuti, Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş
Krallığının Baş naziri Toni Bleyer,
Qazaxıstanın prezidenti Nazarbayev özləri iştirak edə
bilmədiklərinə görə məktublar göndərmişdilər.
Məsələn, Gürcüstan prezidenti - mərhum Eduard
Şevardnadze də öz növbəsində bəyan
etmişdi ki, TPACEKA layihəsi özünün
reallaşdırılması üçün yeni güclü
təkan alacaq, o, həm də özünün həyata
keçirilməsinin iştirakçı ölkələr tərəfindən
yüksək səviyyədə
formalaşdırılmış hüquqi əsasını
alacaq və bütün bunlar belə deməyə imkan verəcək
ki, Avrasiya məkanında daha bir sabitlik və inteqrasiya mərkəzi
yaranır. Gürcü lideri diqqətə çatdırmışdı
ki, Yeni İpək yolu daha ritorika deyil, bu, çoxtərəfli
mənafelərin ahəngdar şəkildə uzalaşması
qarşılıqlı surətdə nəzərə
alnması və bunlara eyni şəkildə hörmət edilməsi
ideyası və tərzidir, bu, üzdəniraq
"böyük oyun"un vəhşi qaydalarını
dünya praktikasından sıxışdırıb
çıxaran vahid bir komandanın rəmzidir...
- Yuxarıda da
xatırladıldığı kimi, kofransda
çıxış edən dövlət və hökumət
başçıları tərəfindən önəmli
fikirlər səsləndirilmişdi. Həmin fikirlər həyatda,
reallıqda, necə, əksini tapdımı?
- Bilirsiniz,
dövlət və hökumət
başçılarının səsləndirdikləri fikirlərin
arxasında, əsasında həm də dövlət durur. Onlar təkcə şəxslər, siyasətçilər,
liderlər tərəfindən deyilən fikirlər deyil, həm
də dövlətin adından deyilən sözlərdir,
dövlətin mövqeyidir. Odur ki, Bakı
konfransında dövlət və hökumət
başçılarının çıxışlarında
səslənən fikirlər, xoş və səmimi sözlər,
isti mesajlar həm də onların təmsil etdikləri
dövlətlərin mövqeyi idi və çox sevindirici
haldır ki, onlar da özünü reallıqda göstərdi.
Yəni Bakı konfransın əməkdaşlığın,
tərəfdaşlığın yeni mərhələsinin əsasını
qoydu. Eyni zamanda, bu konfrans Azərbaycanın
beynəlxalq aləmə açılmasında,
özünü təqdim etməsində mühüm bir həlqəni
təşkil etdi. Azərbaycanın illərdir üzləşdiyi,
məruz qaldığı informasiya müharibəsini öz
xeyrinə dəyişməkdə önəmli bir
funksiyanı icra etmiş oldu...
- Qeyd edək ki, konfransa qatılanlar arasında "8-lər"in təsisçilərindən, yəni Brüssel Bəyannaməsini imzalayan dövlətlərdən biri, eyni zamanda, Azərbaycanla müharibə vəziyyətində olan Ermənistanın o zamankı baş naziri Armen Darbinyan vardı. O da konfransda geniş çıxış da etmişdi...
- Bəli, düz xatırlatdınız, konfransda iştirak və çıxış edənlər arasında Ermənistanın keçmiş baş naziri də vardı. Açığı, onun çıxışı müəmmalı və daha çox da prosesə töhfə vermək deyil, proses ətrafında gərginliyi artırmaq məqsədli idi. Çünki onun çıxışında səsləndirdiyi tezislər və təkliflər çox qaranlıq və elə ilk başlanğıcdan həlli mümkün olmayan tezislər və təkliflər idi. Konkret faktlara müraciət edək. Məsələn, o təklif edirdi ki, Gürcüstanın Batumi və Poti limanlarından başlayıb Yerevandan keçərək Naxçıvana, oradan isə İran Culfasından keçib Tehrana və sonra Mərkəzi Asiya və İran körfəzi ölkələri istiqamətində gedən dəmiryol marşrutu olsun. Və yaxud, təklif edirdi ki, Türkiyənin Qars şəhərindən başlayıb Ermənistanın Gümrü şəhərindən keçərək Tbilisiyə gedən yüzillik dəmir yolunun bərpa edilsin. Həmçinin, təklif edirdi ki, Yerevan-Tbilisi avtomagistralı çəkilsin və bununla Ermənistanın avtomobil yollarının Tbilisidən başlayıb Xəzər dənizi limanları vasitəsilə Asiyaya gedən yollarla birləşdirilməsi mümkünləşsin və sair. Ancaq ötən 20 illik dövr, zaman özü göstərdi və sübut etdi ki, Ermənistan tərəfindən səsləndirilən təkliflər utopiyadan, xəyallardan savayı bir şey deyil. Həm də ötən dövr, 20 illik zaman kəsiyi göstərdi ki, işğalçılıq, təcavüzkarlıq siyasətinin axırı yoxdur, bu, əslində, həmin ölkənin özünün ziyanınadır. Yəni Azərbaycanın razılığı, icazəsi və iştirakı olmadan bu bölgədə, bu regionda heç bir qlobal, transmilli layihənin gerçəkləşməsi mümkün deyil. Yalnız və yalnız Azərbaycanın iştirakı və icazəsi sayəsində bu regionda istənilən layihə uğurla gerçəkləşdirilə bilər və necə ki, gerçəkləşdirildi də, gerçəkləşdirilməkdədir də... "Bakı-Tbilisi-Ceyhan", "Bakı-Tbilisi-Ərzurum", "Bakı-Tbilisi-Qars", Cənub Qaz Dəhlizi, TANAP kimi dünya əhəmiyyətli layihələr məhz Azərbaycanın xeyir-duası, razılığı və iştirakı ilə reallığa çevrildi... Elə bu yerdə Azərbayca Prezidenti İlham Əliyevin 2017-ci ilin 19 yanvar tarixində Davosda Dünya İqtisadi Forumunun "İpək Yolunun səmərəsi" adlı interaktiv iclasda çıxışına, daha doğrusu, ona ünvanlanan suallara verdiyi tarixi cavablara toxunmaq istərdim. O, suallardan birinə cavab olaraq, qeyd etdi ki, əvvəla, İpək Yolundan danışdıqda biz bu təşəbbüs haqqında daha böyük mənzərəni gözümüzün önünə gətirməliyik, yəni regionda etibarlı siyasi münasibətlər olmazsa, biz yalnız nəqliyyat infrastrukturuna investisiya yatırmaqla müvəffəqiyyət qazanmayacağıq. Dövlət başçısı vurğuladı ki, Azərbaycan İpək Yolunun bizə aid olan seqmentinin yenidən qurulmasına birbaşa investisiya yatırmış və eyni zamanda, regional əməkdaşlığa gətirib çıxaran təşəbbüslərə start verərək siyasi cəhətdən də bu layihəyə dəstək olub. Azərbaycan prezidenti sonra fikirlərinə davam edərək "...Azərbaycan İpək Yolunun bizə aid olan seqmentinin yenidən qurulmasında həmişə fəal rol oynamışdır. Ümid edirik ki, cari ildə Gürcüstanda və Türkiyədəki tərəfdaşlarımızla birlikdə biz bu üç ölkədə Bakı, Tbilisi və Qars arasında İpək Yolunun çox önəmli bir bağlantısını tamamlayacağıq və bu da bizə qarşıdan gələn uzun illər ərzində bu layihədən faydalanmaq imkanı verəcək. Bu layihə Çindən Avropaya gedən marşrutu mövcud olan 30-35 gündən 14 günə qədər azaldacaq. Bu, ən qısa marşrut olacaq, lakin əlbəttə ki, ən ucuz marşrut olmayacaq. Bu marşrutu kommersiya baxımından da çox cəlbedici etmək, tarifləri eyni səviyyəyə gətirmək üçün indi biz tərəfdaşlarımızla işləyirik. Hələ ki, bu istiqamətdə hadisələr çox müsbət inkişaf edir və bu layihə tamamlanan kimi biz yüklərin böyük hərəkətindən faydalanacağıq. Eyni zamanda, biz dəniz limanı infrastrukturuna sərmayə yatırırıq. Hazırda biz ildə 25 milyon tondan çox yük qəbul edəcək Xəzər regionunda ən böyük dəniz limanını tikirik..." - deyə, bəyan etdi...Və həmin çıxışın üzərindən cəmi bir neçə ay keçdikdən sonra orada deyilənlər (yuxarıda da qısa şəkildə şəkildə xatırladılan məqamlar) hamısı həyatda, reallıqda öz əksini tapdı: 2017-ci ilin oktyabr ayının 30-da Azərbaycan Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, Türkiyə Respublikasının prezidenti Rəcəb Tayyib Ərdoğan və xanımı Əminə Ərdoğan, Qazaxıstan Respublikasının baş naziri Bakıtjan Saqintayev, Gürcüstanın keçmiş baş naziri Giorgi Kvirikaşvili, Özbəkistan Respublikasının baş naziri Abdulla Aripov, həmçinin, Tacikistan və Türkmənistan respublikalarından nümayəndə heyətlərinin iştirakı ilə Bakı Beynəlxalq Dəniz Ticarət Limanında Bakı-Tbilisi-Qars dəmir yolunun açılış mərasimi keçirildi. Dövlət başçısı çıxışında bir daha bildirdi ki, "Bakı-Tbilisi-Qars tarixi İpək Yolunun bir hissəsinin bərpası deməkdir və bundan Çin, Qazaxıstan, Orta Asiya, Azərbaycan, Gürcüstan, Türkiyə, Avropa ölkələri istifadə edəcəklər. Şimal-Cənub nəqliyyat dəhlizi Hindistan, Pakistan, İran, Azərbaycan, Rusiya və Avropa ölkələrini birləşdirəcək. Azərbaycan hər iki layihədə fəal iştirakçıdır və öz maliyyə resurslarını ortaya qoyan ölkədir...". Bundan cəmi bir neçə ay sonra, yəni bu ilin may ayının 14-də İlham Əliyevin iştirakı ilə Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksinin açılışı oldu. Bunları genişliyi ilə xatırlatmaqda məqsədim odur ki, Azərbaycan, dövlət rəhbəri nəyi deyirsə, nəyə söz verirsə, onu da edir, reallaşdırır, gerçəkliyə çevirir. Ermənistan isə ötən illər ərzində elə hey "xəyal etdikləri"nin, həmçinin, 20 il öncə Bakıdakı "xəyalları"nın hələ də "xoş xülyaları" ilə yaşamaqdadır. Yaşasınlar, özləri bilər, nə deyə bilərik ki (gülür)... Ancaq reallıq və faktlar hər şeyi ortalığıa qoyur... Yəni Ermənistan və ermənilər məhz qeyri-konstruktiv, destrktiv fəaliyyətlərinə görə Azərbaycan tərəfindən bütün layihələrdəın kənarda saxlanılıblar. Çünki burada haqlı olan Azərbaycandır və Azərbaycanın da sözü keçir. Dünya Ermənistanla deyil, məhz Azərbaycanla məsləhətləşir, razılaşır. Bunlar həm də Heydər Əliyev və onun siyasətinin layiqli davamçısı ölkə prezidenti cənab İlham Əliyevin nə qədər uzaqgörən və müdrik lider, dövlət və siyasət adamı olmasının əyani ifadəsidir. Məhz bu iki nəhəng şəxsiyyətin sayəsində Azərbaycan bu zəfərlərə, bu nailiyyətlərə nail oldu və bu zəfər, bu uğur xətti bu gün də uğurla davam etməkdədir... Bu gün artıq bizləri Bakı konfransı və ona həsr olunmuş müşavirədən 20 il ayırır. Bu illər Azərbaycanın inkişaf, quruculuq, çiçəklənmə, tərəqqi illəri olub. Düzdür, 1991-93 və 1994-95-ci illərdə, müstəqilliyimizin ilk illərində böyük gərginliklər, böyük sıxıntılar yaşansa da, ondan sonrakı illərdə Azərbaycanda əsl inkişaf, intibah mərhələsi yaşanmağa başlandı. Azərbaycan nəinki bölgənin, dünyanın lider dövlətlərindən birinə çevrildi. Ölkəmiz dünyanın milli və dini tolerantlıq mərkəzi kimi dünyaya səs saldı. Bu gün dünyada milli və dini tolerantlıq məsələsi ilə bağlı Azərbaycan modeli mövcuddur. Bu illər ərzində Azərbaycan siyasi, iqtisadi, mədəni, humanitar və hərbi dialoq məkanına, mərkəzinə çevrildi. Ölkəmiz Birinci Avropa Oyunlarına, "Eurovizion" mahnı yarışmasına, dördüncü İslamiadaya uğurlu evsahibliyi etdi. Həmçinin, Qəbələ Beynəlxalq Musiqi Festivalı artıq 10 ildir ki, Azərbaycanda uğurla keçirilməkdədir. Bakı Humanitar Forumları artıq beynəlxalq statuslu tədbirlər sırasında yer almaqdadır. Ordumuzun gücü, hərbi qüdrəti artmaqdadır. Buna misal kimi 2016-cı ilin məlum Aprel döyüşlərini, bu ilin yayında reallaşdırılan Günnüt əməliyyatını və son dərəcədə möhtəşəm 26 iyun Hərbi Paradını qeyd etmək olar. Bununla yanaşı, bir daha bu sıraya TANAP-ın, Cənub Qaz Dəhlizinin tarixi açılış mərasimlərini, ölkə başçısının yeni prezidentliyi dönəmində, cəmi bir neçə ay ərzində Böyük Britaniyaya, Fransaya, Rusiyaya, Türkiyəyə, Xorvatiyaya tarixi səfərlərini, bu səfərlərdə imzalanan önəmli sazişləri, Brüssel zəfərini, Avropa İttifaqı ilə imzalanması gözlənilən əməkdaşlıq və tərəfdaşlıq sazişi ilə bağlı növbəti mühüm sənədə imza atılmasını daxil etmək olar. Bununla yanaşı, türk dövlətlərinin inteqrasiya yönündə mühüm addımlardan biri kimi ortaya qoyulan formatı - Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) Zirvə toplantılarını, Azərbaycanın bu prosesə verdiyi töhfələri qeyd etmək yerinə düşərdi. Qeyd edək ki, bu günlərdə bu təşkilatın növbəti - 6-cı Zirvə toplantısı qardaş və dost Qırğız respublikasında keçirildi. Türk Şurasının VI Sammitinə ev sahibliyi edən Qırğız respublikasının prezidenti Sooronbay Jeenbekov da çıxışıda bir sıra məqamları dilə gətirərək, bildirdi ki, onlar bütün səylərini "Müasir İpək Yolu" layihəsinin uğurla reallaşmasına yönəltməyə hazırdırlar. O, xatırlatdı ki, bu layihə Azərbaycanı, Türkiyəni, Qazaxıstanı və Qırğızıstanı əhatə edir, Özbəkistanın və Macarıstanın da bu layihəyə qoşulması onu daha da cəlbedici edəcək. Türkiyə prezident Rəcəb Tayyib Ərdoğan da çıxışında dedi ki, "Müasir İpək Yolu - Orta Dəhliz" kimi tanınan layihədən bəhs etdi və bildirdi ki, bu layihənin ən önəmli mərhələsi Azərbaycan ilə birlikdə həyata keçirdiyimiz Bakı-Tbilisi-Qars dəmir yolu layihəsidir. Azərbaycan prezidenti cənab İlham Əliev isə çıxışında bildirdi ki, Azərbaycan qardaş ölkələrə investisiyaların qoyuluşu ilə həm öz iqtisadi maraqlarını təmin edir, həm də ki, bu ölkələrdə yeni imkanlar yaradır...
Bir sözlə, ötən bu illər ərzində Azərbaycan dövləti təkcə İpək yolu ilə bağlı deyil, digər vacib məsələlərlə bağlı da qarşıya qoyulmuş bütün hədəflərə bir-bir ardıcılıqla nail oldu. Nələr hədəflənmişdisə, onlar bir-bir reallığa çevrilir. Odur ki, tam fəxr və qürur hissi ilə demək olar ki, Azərbaycan adlı gəminin sükanı etibarlı əllərdə, Heydər Əliyev yolunun davamçısı, müdrik dövlət rəhbəri İlham Əliyev cənablarındadır. Müstəqil Azərbaycanın iqtisadi qüdrətinin, beynəlxalq aləmdə nüfuzunun artması xalqımızın xoşbəxt gələcəyinin əsaslarını möhkəmləndirir.
Kamil
HƏMZƏOĞLU
525-ci qəzet 2018.- 18 sentyabr.- S.4.