"Dağlar qaldı Kəlbəcərdə"

 

CAVİD QURBANOVUN ŞEİRLƏRİ HAQQINDA TƏƏSSÜRATLAR

 

Bu yazını yazmağa elə bu sərlövhədəki misra məcbur elədi məni. Bilmirəm, ömrümün xeyli hissəsinin o dağlarda keçdiyindəndimi ya nədəndi, Kəlbəcər bizim üçün daha əziz, daha doğma, yəni bir köynək yaxın olub.

 

Bir vaxtlar:

 

...Qartal düşüncəli, şair xəyallı,

 Tərlan yuva salan dağlar oğluyam

 

- deyən Dədə Şəmşir ocağının ləyaqətli oğullarından, ziyalılarından, söz-sənət adamlarından birinin - Cavid Qurbanovun:

 

...Dağlar qaldı Kəlbəcərdə,

 Dağlar bizim dağlar deyil -

 

misraları mənim Kəlbəcərli xatirələrə, Cavid müəllimin ədəbi-bədii dünyasına qısaca olsa da, səyahət eləməyimə, necə deyərlər, bir körpü oldu. Tale elə gətirib ki, hər il yay məzuniyyətimi Daşkəsən rayonunun Xoşbulaq kəndində keçirirəm. Bu yay da həmçinin. Hər dəfə saatlarla oturub yönü Kəlbəcərə, apaydınca görünən "Yeddi qardaş"a baxmışam. fikirləşmişəm ki, görəsən, Dədə Şəmşirin qəbri bu "qardaşlar"ın hansının zirvəsindədi. Sonra da mərhum şairimiz Məmməd Aslana məxsus bu poetik faktı xatırlamışam.

 

...Qışın oğlan çağı belə gün olmaz,

 Üzünün nuruymuş, ay Dədə Şəmşir.

 

Uzun illərdi ki, yaddaşımızda, ədəbi tariximizdə həm Dədə Şəmşir dünyası, həm ölməz ədəbi örnəklər yaşamaqdadı. Ağlımız kəsəndən, yazıb oxumağı öyrənəndən məhz bu dünyaya, folklorlaşmış ədəbi nümunələrə tapınmışıq.

 

Bədənim Ərgünəş, Gülüstan, Çilgəz,

Vüqarım Şahdağı əl çata bilməz.

Məkanım Çalbayır, oylağım Kəpəz

Buz bulaqlı göy yaylaqlar oğluyam.

 

Sevə-sevə, sevinə-sevinə belə dərin tutumlu şeirləri yaddaşımıza köçürüb, onun təsiri altında böyümüşük. Dörd yaşımdan üzübəri, düz əlli beş ildir ki, unudulmaz şairimiz Səməd Vurğunun yazdığı:

 

Aşıq Şəmşir, Dəlidağdan keçəndə,

Kəklikli daşlardan xəbər al məni -

 

məşhur misraları mənim üçün aşıq ədəbiyyatının epiqrafına çevrilib. bir gün:

 

"...Mən deyən , elə Şəmşir deyəndi,

Təbdi gəlir, sözdü sözə calanır" - dedim. (1991. İndiki "Xalq sözü" qəzeti. İmişli.)

 

Bu gün Cavid Qurbanovun şeirlərini oxuyanda (o şeirləri bir yazar dostum təzəlikcə vermişdi mənə) bir Şəmşir ruhu, bir Kəlbəcər havası qarsaladı sifətimi. O yerlərin qantəpərinin, baldırğanının, kəkotusunun ətri bürüdü məni. Qayaların oyuğunda, minillik ağacların koğuşunda arı pətəyindən süzülən balın şirinliyi yandırdı boğazımı, göynətdi qəlbimi.

 

Ömür keçir pərdə-pərdə,

Həsrət məni salıb dərdə.

Dağlar qaldı Kəlbəcərdə,

Dağlar bizim dağlar deyil.

 

ya:

 

Heç boğurmu səni qəhər,

Qarış-qarış düşüncələr.

Xəyalında axşam-səhər,

Yurd yerini gəzirsənmi?

 

Mən heç Cavid müəllimin ədəbi yaradıcılığını təhlil etmək fikrində deyiləm. Şübhəsiz ki, bu yaradıcılıq faktları ayrıca tədqiqat materialı kimi gələcəkdə araşdırılacaq, çağdaş ədəbiyyatımızın zənginləşməsində özünəməxsus yer tutan həmin əsərlərin ideya-estetik keyfiyyətləri, bədii məziyyətləri professional qiymətini alacaq. Sadəcə, şeirlərlə bağlı təəssüratımı oxucularla bölüşmək niyyətində olduğumdan ürəyimdən keçənləri qələmə aldım.

 

Cavid müəllimin şeirlərində ustaddangəlmə bir peşəkarlıq, bir fəhm itiliyi, sadəliyin böyüklüyü var. Məsələn:

 

Dönərək ağrıya, zalım həsrətə,

Axtarıb-arayıb tapırsan məni.

Sevgimlə, eşqimlə bütövləşərkən,

Nədənsə ikiyə çarpırsan məni.

 

Fikrimə, beynimə qənim olmusan,

Dumanım, çiskinim, çənim olmusan.

Hər gecə yuxumda mənim olmusan,

Gözümü açantək atırsan məni.

 

Ağrıya, həsrətə dönüb arayıb-axtarıb aşiqini tapmaq ifadəsi qədər yerindədir inandırıcıdır. O cümlədən, "hər gecə yuxumda mənim olursan, gözümü açantək atırsan məni" eləcə. Sadə deyimlərin böyük təzahürü kimi görünən poetik nümunələrdir.

 

Cavid müəllimin sehrin pıçıltısı kimi səslənən, pilə kimi oxşanan şeirlərində daxili bir üsyan, bir hayqırtı da var.

 

Çevrilərək ah-naləyə,

Od tutaraq yerdən göyə.

"Vətən, tor paq" deyə-deyə

Göz yaşını silirsənmi?

 

Kənd sakinlərindən biri danışırdı ki, Cavid Qurbanov bir neçə məsul şəxslə Daşkəsənə - Xoşbulağa gəlmişdi. Mən onlarla birlikdə idim. Bu ara bir məqam diqqətimdən yayınmadı. Cavid müəllim üç-dörd addım aralandı, dönüb Kəlbəcər tərəfə, xəyal çəkən "Yeddi qardaş"a baxdı. Sanki baxışlarıyla babasının - Dədə Şəmşirin qəbrini ziyarət elədi. Bəlkə saniyələrcə davam edən bu baxış mənə illər qədər uzun göründü. Hiss elədim ki, Cavid müəllim o baxış anlarında həmin dağlarda keçən uşaqlıq çağlarını təzədən yaşadı. Kəngərli, baldırğanlı dərələrdə, cincilimli, yalotulu yamaclarda qan-tərə batınca dolaşdı. Çaylarından balıq tutdu, sinəsini köz kimi yandıran həsrətin acığına göz kimi qaynayan bulaqlardan doyunca içdi. Kövrəldiyini hiss eləməsinlər deyə başını qaldırıb göyü seyr elədi. Bu ara bir topa bulud Kəlbəcərə sarı dartınırdı.

 

Onun sözlərinə qulaq asdıqca mənə elə gəlirdi ki, o, bütün ayrılıqların, həsrətlərin cəm olduğu bir dastan danışır. Nisgillə dolu şeir deyir. Bu söhbətə qulaq asa-asa onu da düşündüm ki, Cavid müəllim o anda, yönü Kəlbəcərə dartınan o bir topa buluda baxdıqca könlündən ancaq bu misralar keçə bilərdi.

 

Göynən gedən qara bulud,

Dörd tərəfi para bulud.

Sənə ərzi-hal eyləyim,

Yetir o diyara, bulud.

 

Cavid müəllimin şeirlərində vətəndaş duyğusu, vətəndaşlıq hissi boyaboy görünür. Həssas şair qəlbi biganəlikdən uzaqdır. Xalqın yaddaşının ölməzliyində sıralanan namus, qeyrət, kişilik əxlaqı kimi anlayışlar onun yaradıcılığının məhvərində möhkəm yer tutur. Namərdlik sevdası öldürücü qəzəbə tuş gəlir. Cılız, xırda hisslərdən qat-qat ucada dayanan Vətən sevgisi inamla tərənnüm olunur. Şeirləri oxuduqca müəllifin həm haqsızlıqlarla barışmazlığının, həm Ulu Tanrıya aşiqliyinin şahidi oluruq. Söz yox ki, bu aşiqlik Yaradana tapınmaq, ona sığınmaq, vaxtsa haqqın-ədalətin öz yerini tapacağına olan inam hər beytə, yuxarıda dediyimiz kimi bir vətəndaşlıq yanğısı qatır. 1993-cü ilin aprelində yazdığı bir şeiri bütün bunları isbatlayır.

 

...Tufan qopdu, çadır qaldı çətənsiz,

Ruha dönüb dolaşırıq bədənsiz.

Oba köçdü, ellər qaldı vətənsiz,

Dilim gəlmir, deyim yoxsan, Vətən! Ox!..

 

ya başqa bir şeirindən bu bəndə diqqət yetirək:

 

...Gəlişiylə, gedişiylə,

Yalan-yalan gülüşüylə.

Zaman adlı gərdişiylə,

Dünya qəmli nağıl imiş.

 

Şair "qəmli nağıl olan dünya" ilə yanaşı, lirik ovqata köklənən poetik nümunələrə geniş yer verir. Şeirlərdəki lirizm saf duyğuların, təmiz hisslərin bədii ifadəsinə çevrilir. Onu da deyim ki, şair özünü yazanda, öz duyğularını, hisslərini qələmə alanda, bədii mətn təbii alınır. Çünki o, özünü daha yaxşı tanıyır. Odur ki, özünə daha yaxın, daha doğma olan varsa, poetikləşəndə səmimi, inandırıcı olur. Oxucu həmin şeirləri oxuduqca düşünür ki, müəllif məhz onun ürəyindən keçənləri qələmə alıb. Yəni bu bədii tabloda öz daxili-mənəvi dünyasını görür. bu "görmələr"i müəllifin yadda qalan uğuru hesab etmək olar. Elə bu məntiqi nəticənin təsdiqi kimi aşağıdakı nümunəyə nəzər salaq.

 

Yenə həmənki kimi,

Gecə uzun, mən tənha.

Mənə bir kimsə həmdəm

Olmaz xəyaldan başqa.

 

...Yenə də yağış yağır,

Yenə yağış damcısı.

Taqqıldadır damımı.

 Payızın soyuq üzü

 Qışa xəbərlik kimi.

 Sənin yoxluğun indi

 Donduracaq qəlbimi.

 

 Baxıram pəncərəyə

 Deyən, damcılar kəsdi.

Sənlə olan bir gecə

Mənə bir ömür bəsdi.

... Yenə yağış yağır...

 

Bu kiçik yazıda biz təkcə Cavid Qurbanovun yaradıcılıq nümunələrinə deyil, eyni zamanda, xəyalən, ruhən Qəmbər Şəmşiroğlunun, Dədə Şəmşirin, Ağdabanlı Qurbanın..., Miskin Abdalın... da SÖZ dünyasına səyahətə can atdıq. sadaladığımız bu adları, təkcə nəsil şəcərəsi kimi yox, həm illərlə yol gələn ziyalılığın, insanlığın, ölməzliyin, İlahi SÖZün davam edən estafeti kimi xatırladıq, oxuduq. Beləcə, SÖZə könül verib ömrün yaradıcılığın kamilliyini yaşayanlar əbədi xoşbəxtlik yolundadırlar: Cavid Qurbanov kimi!

 

Valeh BAHADUROĞLU

İmişli-Daşkəsən.

Avqust 2018

 

525-ci qəzet.-2018.-19 sentyabr.-S.7.