Laylalarımız:
müqəddəs duyğular, ülvi arzular
Folklorda geniş yer almış laylalar taleyin insana bəxş
etdiyi insan üçün uzun, zaman üçün qısa
ömür yolunda eşitdiyi ilk ilahi, ilk ruh nəğməsidir.
"Beşik
nəğməsi", "beşikbaşı",
"ninni", "arzulama" adları da verilən laylalar
bir insan övladının özü və gələcəyi
haqqında eşitdiyi ilk tərif və təqdirdir.
İnsanın insana olan ən təmənnasız, ən təmiz,
ülvi və təkrarsız duyğularının
daşıyıcısı olan qadın-ana elə həmin
duyğulardan qaynaqlanan və ən az bu duyğular qədər
saf arzularını balasına - öz ciyərparasına,
canının bir hissəsinə, gələcəyinə (əslində
davamına) layla vasitəsilə çatdırır. Layla körpəsi ilə ünsiyyətdə olan
ananın içindən süzülüb gələn həzinliyin,
analığın bəxş etdiyi sonsuz qürur və həyəcanın
ifadə şəklidir və heç şübhəsiz,
ananın körpəsinə dünyaya gəlməsinə
görə minnətdarlığından qaynaqlanır.
Xalq
arasında belə bir deyim var: "Heç kim
laylada balasına qarğış eləməz". Yəni
layla deyən ana qanı ilə can verdiyi, südü ilə bəslədiyi
balasına bu nəğmədə mütləq şəkildə
gözəl duyğularını ifadə edir, alqış
edir, ona uzun və sağlam ömür, dünyanın naz-nemətini,
xoş gələcək və s. arzulayır. Layla
ümiddir, layla arzudur, layla xəyalın uçuşudur və
bu xəyalda bəlkə də ananın öz həyatında
əlçatmaz olan hər şey - arzu olaraq
yığılıb qalmışların hamısı
küll halında yenidən bəyaz buludların üzərindən,
göylərin yeddinci qatından əl eləməyə
başlayır. Bu zaman uğursuzluqlar və
məğlubiyyətlər sanki unudulur. Ana
balası ilə bərabər yenidən arzulamağa, xəyal
etməyə, yaşamağa başlayır.
Layla mənəvi
aləmimizin - iç dünyamızın şah nəğməsidir.
Çünki layla hər bir körpə
üçün ən doğma olan varlığın -
ananın səsi ilə - ən gözəl səslə sonsuz
və mərhəm bir bağlılığın ifadəsi
kimi ruhumuza axır. Əslində, zamanla
çoxları anasının layla oxumasını xatırlaya
bilmir, lakin hər kəsin həyatı, heç şübhəsiz,
ananın layla oxuyarkən keçirdiyi ruh halına uyğun
şəkildə köklənir. Layla
kövrək duyğulardan qaynaqlandığından eyni
kövrəkliyi hər dəfə layla adı dilə gələndə,
layla sədası eşidiləndə yenidən
yaşamış oluruq.
Bəs layla deyən anada körpəsinin gələcək
taleyini kodlaşdıra biləcəyinə inam haradandı? Axı ana
beşik başında öz arzularının baş
tutacağına sözsüz inanır, gecəni yuxusuz
qalıb, mışıl-mışıl yatan
qızılgül qoxulu balasının keşiyini səhərədək
gözünü qırpmadan çəkəcəyinə
inandığı kimi inanır. Ana
"yuxusuna daş bağlayan" balası üçün
arzuladığı kimi, hər kəlməsində, hər
misrasında hələ dil qanmayan balasına öz sevgisinin
böyüklüyündən də söz açır, ona
bu müqəddəs duyğuların anlamını hər
fürsətdə açıqlamağa
çalışır. Ana və övlad
arasında olan qırılmaz mənəvi
bağlılığın bünövrəsi məhz layla
vasitəsilə qoyulur.
Əvvəldə də qeyd etdiyimiz kimi, layla
bütöv xalqın dünyagörüşünün - millətin
yaradıcısı olan anaların yaşam fəlsəfəsinin
ifadəsidir, insanın insana qarşı duyduğu ən təmiz
hisslərin himnidir. Layla-bayatılarda dilə gətirilən övlad həsrəti,
sonsuz olmağın insan taleyindəki rolu dastanlarımızdan
gəlmə qara çadıra göndərilənlərin -
övladsızların tanrı tərəfindən
qarğanması məsələsi ilə səsləşmiş
olur:
Layla de,
dolan ölməz,
Hər rəngi solan ölməz.
Sonsuzluq
yaman şeydi,
Balası olan ölməz.
Təsvirdən
aydın olur ki, kimin övladı yoxdursa, xalqın
gözündə, təsəvvürlərində
ölmüş kimidir, övlad hər insana qismən də
olsa yaşamaq, varlığını sabaha daşımaq,
valideyinin çırağını sönməyə
qoymamaq, onun həyatında tamamlamağa vaxt
tapmadıqlarını tamamlamaq üçün verilmiş
bir ərməğandır, tanrı payıdır və o
paydan məhrum olanlar yaradanın sevimli qulu olmaq - bu ərmağana
sahib olmaq üçün tanrının qatında məqbul
olan işlər görməlidirlər.
Təndirimin
badına,
Çörək
yapdım adına.
Bədnəzərdən
uzaq ol,
Tanrı yetsin dadına.
Burada bəzi bölgələrimizdə hələ də
saxlanılan əhd, niyyət etmə ilə bağlı qədim
adətlərimizin izi aydın şəkildə görünməkdir. Nəzir-niyazla ələ
düşən, dünyaya gəlməsi uzun zaman arzu olunan,
yaxud da xəstəlikdən əziyyət çəkən
bir övlad üçün qurbanlıq kəsilməsi ilə
bərabər, analar və nənələr müəyyən
yaşa qədər (əsasən yeddi, on yaş, yaxud da ailə
quranadək) çörək yapıb, müəyyən
şirniyyatlar bişirib, halva çalıb camaata,
qohum-qonşuya paylamağı əhd - niyyət edirlər. Bu adətdə əhdi - diləyi yerinə yetdiyinə
görə tanrıya şükranlıqla yanaşı,
malından bir hissəni başqaları, xüsusilə
ehtiyacı olanlarla - yetim-yesirlə paylaşmaq kimi bir toplum
üçün çox faydalı hal da əks olunur.
Laylalarımızda
ifadə olunan ana sevgisinin hüdudsuzluğu, mübaliğəli
deyim diqqətimizi çəkir, ananın balasının
bütün çatışmazlıqlarını sağlam məntiqlə
dərk etdiyi anlarda belə sevgisinin əskilməməsi,
kiçilməməsi şirin bir dillə ifadə olunur:
Çaydı,
dənizdi,
Quldu, kənizdi.
Balam hər
nədi,
Mənə əzizdi.
Bu qəbildən
olan nümunələri oxuduqca yazma-oxuma bilməyən, həyatı
"ev işi-paltar tikişi" çərçivəsində
keçən "bisavad" anaların içərisinə
sivilizasiyanın min bir yeniliyi daxil olmayan "dar"
dünyasında sevgi haqqında sabitləşmiş təsəvvürlərinə - gerçək sevginin bütün səhvlərini
bilə-bilə birini qəbul etməklə bağlı
inamına heyrətlənməyə bilmirsən. Başqa bir
maraqlı cəhət ondan ibarətdir ki, analar laylalarda
haradasa etiraf edirlər ki, ananın övlada olan sevgisi ilə
övladın anaya olan sevgisi müqayisə oluna bilməz:
Maral gəzər
talasın,
Üzər gülün, lalasın.
Mən
balamı istərəm,
Balam istər balasın.
Laylalar içərisində ananın körpəsini
yatırması, bəzən isə çox yatan körpəni
yuxudan oyatması üçün söylənilən
nümunələrə daha çox rast gəlinir. Ana hər iki halda
narahatdır,
körpə yatmayanda da, çox yatanda da. Bəzən
belə nümunələrdə ana körpəni onu yuxusuz
qoyduğuna, beşiyi yellətməkdən yorulmasına və
s. görə yüngülcə məzəmmət edir, gileylənir.
Lakin elə hallar olur ki, laylalar birbaşa övladını tək
böyüdən, balasını tək dərd ortağı
hesab edən, bütün ümidlərini övladının
gələcəyinə, xoş iqbalına bağlayan
ananın niskil dolu qəlbinin bir fəryadı kimi də səslənir:
Layla
dedim, yat dedim,
Yuxuna bal qat dedim.
Atan getdi,
gəlmədi,
Sən
atana çat dedim.
Göründüyü
kimi, bu nümunədə bir neçə məzmun xətti
izlənilir, hiss olunur ki, ananın övladını
yatırmaqdan daha böyük dərdi var. Eyni zamanda, burada bir
arzulama xətti də yer almışdır.
Lay-lay, əməyim
lay-lay,
Duzum, çörəyim, lay-lay.
Dönsə
də dilim dönər,
Dönməz
ürəyim, lay-lay
- nümunəsində ana fədakarlığının
və sevgisinin ifadəsində daha maraqlı bir priyom
seçilir, balasının hansısa hərəkətindən
inciyən ana bütün qəlbi ilə inanır ki,
övladının səhvləri onu nə qədər
ağrıtsa da, ana qəlbi əfv etməyə,
bağışlamağa daha çox meyillidir. Təsadüfi
deyil ki, xalq arasında belə bir deyim də
formalaşmışdır: "Ananın
qarğışı da bala üçün alqış
olar" və yaxud da bir xalq əfsanəsində göstərilir
ki, gəlinin istəyi ilə anasının ürəyini
çıxaran oğulun ayağı meşədə
kötüyə ilişib yıxılanda ana ürəyi
sızıldamağa başlayır, onu canından eləyən
balasının halına acıyır. Deməli,
xalq inanır ki, ana qəlbi hər çür pisliyi əfv
etməyə qadirdir.
Laylaların
böyük bir qismi arzulama xarakteri daşıyır, analar
övladlarına ilk növbədə möhkəm can
sağlığı arzulayırlar, bunun üçün
tanrıya dua edir, qurban deyir, balasına pis niyyətlə, kəc
gözlə baxanlara qarğış və nifrin
ünvanlayır. Bəzi layla nümunələrində
xalqın uzun zaman ərzində göz dəyməsi, nəhs
niyyətlə bağlı formalaşmış
mövhumatçı inamının necə dərin köklərə
malik olduğu aydın şəkildə görünür:
Üzərliksən,
havasan,
Hər bir dərdə davasan.
Balama kəc
baxanın
Gözlərini ovasan.
Laylada analarımız övladına ayaq açıb-gəzmək,
dil açıb-danışmaq, gülmək, oynamaq, "at
minən çağ"a çatmaq, toy, övlad sahibi
olmaq... arzulayır. Sadalananlar hamısı insan həyatı
üçün olduqca önəmli mərhələlərdir,
lakin bir məsələ üzərində dayanmaq vacib
olardı ki, xalq arasından çıxan ana hansısa peşə,
mənsəb, iş, vəzifə və
mövqe sahibi olmaqla bağlı arzuları dilə gətirmir.
Nədənsə laylalarımızda çox az-az hallarda
xalqın gözündə ucalmaq, millətin fəxri olmaq,
insanlığa fayda vermək, insanları sevmək kimi nəsihətlər,
ümumbəşəri istəklər az səslənir.
Daha gənc yaşlarımda
düşünürdüm ki, niyə toy bu qədər əhəmiyyət
daşımalıdır ki? Niyə laylada
ana övladı üçün daha "vacib" diləklərini
səsləndirmir? Əvəzində hər
fürsətdə övladının toyunu görməkdən
söz açır. Mənəvi
ekologiyanın pozulduğu, ailə dəyərlərinin
aşındığı bir cəmiyyətdə
yaşadığıma əmin olduqdan sonra bir çox məsələlər
kimi bu məsələyə münasibətimdə də
köklü dəyişikliklər yarandı. Kiçik
bir toplumun yükünü çəkə bilməyən -
ailəyə sahiblənə bilməyən layiqli bir vətəndaş
ola bilməz. Deməli, ailə
Azərbaycan gerçəkliyində hər bir insan
üçün keçilməsi mütləq olan şərəfli
və arzuolunan həyat pilləsidir.
Təbii
ki, xalqımızın mental təsəvvürlərində
ailə özünəməxsus nizam və qanunlara malik olan
bir birlikdir ki, o, hər kəs üçün vacibdir, həm
nəsil artırmaq, həm ömrünü bir məqsədlə
bağlamaq, eyni zamanda, həyatını şirini və
acısıyla bərabər başqa birisi ilə paylaşmaq
üçün.
Azərbaycan anasının toy arzusu sadəcə şənlik və şadyanalıq istəyi deyil, balasına ünvanlanan həyatını kiminləsə bağlamaq, paylaşmaq, gələcəkdə nəslini davam etdirmək diləyidir. Bu arzuda yenə də ananın övladı üçün gizli nigarançılığı da ifadəsini tapıb. Ana ona görə toy arzulayır ki, bir zaman özü dünyadan köçdükdə balası tək qalmasın:
Əlində
var hanası,
Qulağında tanası.
Bir toyunu
görəydim,
Olaydım bəy anası.
Heç şübhəsiz, toy edən - ailə quran
insan istər fiziki, istərsə də mənəvi kamilliyə
çatmalıdır. Və bu kamillik o həddə
olmalıdır ki, evlənən şəxs (bəy, ya gəlin
- fərq etməz) bir toplumun ən kiçik və ən əhəmiyyətli
həlqələrindən olan ailənin onun çiyinlərinə
qoyduğu məsuliyyət və cavabdehlik yükünü
layiqincə daşıya bilsin. Həmin məsuliyyətin
yetərincə dərk olunması bəlkə də ana
laylası ilə həyatın ən önəmli mərhələsinə
atılan ilk addım - toy haqqında təlqindən
başlanır. Odur ki, qloballaşan
dünyada milli varlığımızı tam halında
qoruyub saxlamamız üçün dərindən-dərin məna
yükünə malik laylalarımıza qayıtmağa
böyük ehtiyac var.
Pakizə
ZAKİROVA
525-ci qəzet 2018.- 20 sentyabr.- S.8.