Musiqili Teatrda yeni
tamaşa ictimai baxışdan keçdi
Azərbaycan Dövlət Musiqili Teatrında ssenarisi və quruluşu teatrın əməkdaşı
Sevda Məmmədovaya
məxsus "Əsarətdən
cəsarətə" adlı
yeni səhnə əsərinə ictimai baxış olub.
Teatrın mətbuat xidmətindən
bildirilib ki, tamaşanın süjet xəttində dövrün
ən aktual problemlərindən biri - cəmiyyətdə insanların
səhhətinə, psixoloji
durumuna, sosial-iqtisadi vəziyyətinə neqativ
təsir edən, cinayətlərin ilbəil
artmasına gətirib
çıxaran narkomaniyanın
törətdiyi fəsadların
bir gənc ailənin faciəsinə necə yol açdığı
göstərilir.
"Fərid və
Pərvin maddi sıxıntı çəksə
də, sakit və firavan ömür sürürdülər. Bu cütlüyün yaşam
düzənini pozan səbəb isə ailə başçısının
narkotik vasitələrdən
asılılığı - böyük dərdə mübtəla olmasıdır.
Sanki zaman ötdükcə
qəlbinə iblis girmiş bu insanın davranışı,
həyat tərzi, ailə-uşağa qarşı
münasibəti tədricən
dəyişilir. Vaxtilə əziz
və dəyərli varlıq saydığı
sevimli qadını da artıq onun
üçün arxa plana keçir, narkotik vasitələrin verdiyi həzz hər şeydən və hamıdan üstün olur. Hətta Pərvin də ərini dəhşətli
bəladan xilas edə bilmir, əksinə, iblisləşmiş
ər vaxtilə həyatının mənası,
canı-ciyəri olan Pərvinə də əl qaldırır, öz cavan ömrünə
balta çaldığı
kimi, onun da qatilinə çevrilir. Narkomaniya elə
bəladır ki, ondan qurtuluş yoxdur, geriyə dönüşü olmayan
yoldur. Tamaşada
gənclərimizə bədii
vasitələrlə çatdırmaq
istəmişəm ki,
ümumiyyətlə, pis
vərdişlərdən uzaq
olsunlar, xərçəng
kimi iradələrinə
sarılan "narkomaniya"
adlı xəstəliyə
düçar olmasınlar
və beyinlərindəki
düşünmə mexanizmini
dəyişdirən, pis
yola sürükləyən
"iblis"dən uzaq
dayansınlar.
Tamaşa
Azərbaycan Respublikasının
Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına
Dövlət Dəstəyi
Şurasının maliyyə
yardımı və
"Cəzaçəkmiş qadınların cəmiyyətə
qayıdışı" İctimai Birliyinin təşkilatçılığı ilə təşkil olunan müsabiqədə qalib gəlib, Quba və Qusar
rayonunda gənclər
qarşısında nümayiş
olunub", - deyə Sevda Məmmədova bildirib.
Teatrın ədəbi hissə müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru Vəfa Mühacirova səhnə əsərinin nümayişindən sonra yaradıcı heyət və tamaşa barədə fikirlərini bildirib: "Tamaşanın mövzusu çox aktualdır. Cəmiyyətin bəlası olan narkomaniyaya qarşı hamımız birgə mübarizə aparmalıyıq. Ən yaxşı üsullarından biri də yeniyetmə və gənclər arasında maariflənmə işlərinin aparılmasıdır. Bu tamaşa orta məktəblərin yuxarı sinif şagirdləri və gənclər üçün nəzərdə tutulan ən effektli təbliğat vasitəsi ola bilər. Qoy, gənclərimiz bu bəladan uzaq olsun, sağlam yaşasınlar. Əgər uçurumun kənarındadırlarsa, geri çəkilsinlər. Tamaşadan alınan nəticə budur".
Şahanə
MÜŞFİQ
525-ci qəzet 2018.- 20 sentyabr.- S.7.