Mənim

 

Həsrət dağlarına sinə gərməyə

Sinəmdə dağ boyda ürək var mənim.

Qonağın üzünə hey açıq olan

Süfrəmdə bal dadan çörək var mənim.

 

İnsanın içinə düşəndə qorxu,

Qaçar ağzın dadı, yox olar yuxu.

Deməsəm bilməz ki, dostların çoxu

Yolumda fitnə var, kələk var mənim.

 

Fuadam, gözəldi mənimçün həyat!

Sevgi olan yerdə nə şöhrət, nə ad?

İlahi, bu yatmış bəxtimi oyat!

Qəlbimdə min arzu, dilək var mənim!

 

Dözüm

 

Yenə də həsrətlə qol-boyunam mən,

Dözüm ürəyimin qəminə, dözüm.

Həyat dedikləri elə budursa,

Dözüm dünyanın bu gününə, dözüm.

 

Salıb sinəm üstə ağır daşını,

Mənə yaşadırlar ömrün qışını,

İblislər alıbdı böyür-başımı,

Gərək şeytanına, cininə dözüm.

 

İblisə, xainə, xəsis, paxıla,

Özünü çox sevən, səfeh ağıla.

Dözəcəm lap belə dünya dağıla,

Yüzünə dözmüşəm, mininə dözüm.

 

Qədəhim boş olur, neynim, dolu yox,

Eşqimin qanadı, nə də qolu yox.

İynə ucu boyda çıxış yolu yox,

Ömrün dumanına, çəninə dözüm.

 

Mənimlə aylarla danışmayanın,

Səbəbsiz inciyib barışmayanın,

Yanımda olmağa çalışmayanın -

Fuadam, bir qızın kininə dözüm!

 

Dayanma, ürəyim!

 

Qayğıdan, cəfadan uzaqlaş bir az,

Bir az ərköyün ol, uşaqlaş bir az,

Həvəslə döyünüb qoçaqlaş bir az,

Dayanma, ürəyim, dayanma, nolar!

 

Şam kimi ərimə, zamanın deyil,

Ağrıma, bir kimsə yananın deyil.

Bilirəm, bu yerlər məkanın deyil,

Deyinmə, ürəyim, deyinmə, nolar.

 

Üzülmə - budaqdan yarpaqlar kimi,

Qırılma incəcik qovaqlar kimi.

Çatlama həsrətli torpaqlar kimi,

Bölünmə, ürəyim, bölünmə, nolar!

 

Mənsiz

 

Hardasa bir gözəl məndən nigaran

Yaşayır ömrünü, yaşayır mənsiz.

Fikri qarmaqarış, ümidi viran,

Daşıyır bir həsrət, daşıyır mənsiz.

 

Hicranı yolundan daşlasa da o,

Yeni bir sevdaya başlasa da o,

Başqa bir ürəkdə qışlasa da o,

Danışır şəklimlə, danışır mənsiz.

 

Qızının ətridir - ən əziz qoxu,

Neyləsin ki, odur tək varı-yoxu.

Xeyirə yozulmur gördüyü yuxu,

Qarışır yuxusu, qarışır mənsiz.

 

Fikirlər edibdi halını xarab,

Yaralı qəlbində qalmayıbdı tab.

Yükü qucaq-qucaq, dərdi bir kitab,

Barışır dərdlərlə, barışır mənsiz.

 

Gözünə qor dolur, qaranlıq çökür,

Qisməti yoluna çınqıllar tökür.

Fələk inamını tarıma çəkir,

Vuruşur həyatla, vuruşur mənsiz.

 

Bir salamım var!

 

Ay qərib qardaşlar, qərib bacılar,

Vətəndən sizlərə bir salamım var!

Üç gün yol gəlmişəm, şahiddi yollar,

Salam gətirmişəm sizə, a dostlar!

 

Bakının ətirli çiçəklərindən,

O xəzri, gilavar küləklərindən,

Sizlərdən nigaran mələklərindən,

Salam gətirmişəm sizə, a dostlar!

 

Yurdun gül bitirən yağışlarından,

Həsrətli ananın baxışlarından.

Qarının, qocanın alqışlarından,

Salam gətirmişəm sizə, a dostlar!

 

Çöhrəsi çiçəktək gülən üzlərdən,

Dalğın fikirlərdən, dalğın sözlərdən.

Nisgilli gözlərdən, dolğun gözlərdən,

Salam gətirmişəm sizə, a dostlar!

 

Çörək qazanmağa gəldiniz bura,

Yollar açıq olsun getsəniz hara.

Daim vətən ilə qəlbiniz vura,

Salam gətirmişəm sizə, a dostlar!

 

Sığdırıb könlümə Azərbaycanı,

Balaca canımda o böyük canı.

Sizə gətirmişəm baxıb tanı,

Salam gətirmişəm sizə, a dostlar!

 

Ulu Dədə Qorqud telli sazından,

Vətənin oğlundan, elin qızından.

Halal çörəyindən, halal duzundan

Salam gətirmişəm sizə, a dostlar!

 

Yazdıqca yazıram ürəyim dolu,

Seçəndə düz seçin, qardaşlar, yolu.

Sizsiniz vətənin qanadı, qolu,

Salam gətirmişəm sizə, a dostlar!

 

Harda xoşdu sizə, orda yaşayın,

Bu yurdun adını canda daşıyın.

Həmişə uğurlu işə başlayın,

Salam gətirmişəm sizə, a dostlar!

 

Fuadı sizlərə bir qardaş sanın,

Sağı xatırlayın, şəhidi anın.

Dönün ümidinə Azərbaycanın

İnam gətirmişəm sizə, a dostlar,

Salam gətirmişəm sizə, a dostlar!..

 

Hər yanda gözümə o qız görünür...

 

Ay Allah, mən necə zülümə qaldım,

Hər yanda gözümə o qız görünür.

Sevərək özümü bəlaya saldım,

Hər yanda gözümə o qız görünür.

 

Gül açan arzumda, şirin yuxumda,

Sularda, çaylarda, uzaq, yaxında.

İşimə, gücümə indi baxın da,

Hər yanda gözümə o qız görünür.

 

Ruhum onda qalıb, ürəyim onda,

Qüvvətim azalıb, köməyim onda.

Üzümdə təbəssüm, gülməyim onda,

Hər yanda gözümə o qız görünür.

 

Kitabın içində varağında,

Evimin içinin çilçırağında.

Tənha oturanda tək otağımda,

Hər yanda gözümə o qız görünür.

 

Mənim günümə bax, güzarıma bax,

Göylərdən, ya Rəbbim, azarıma bax.

Məcnuntək havalı yazarına bax,

Hər yanda gözümə o qız görünür.

 

Fuad BİLƏSUVARLI

 

525-ci qəzet  2018.- 20 sentyabr.- S. 7.