“Don Kixot”
Gənc Tamaşaçılar Teatrında səhnəyə
çıxacaq
Azərbaycan Dövlət Gənc
Tamaşaçılar Teatrında
2018-ci ilin III rübü
üçün təsdiq
edilmiş repertuar planına uyğun olaraq Migel De Servantesin “Don Kixot” əsəri əsasında
eyniadlı tamaşanın
məşqləri davam
edir.
Daha öncə
məlumat verdiyimiz kimi, iyulun 3-dən tamaşanın ilk məşqlərinə
start verilib və səhnə həlli ilə bağlı yaradıcı heyətlə
müzakirələr aparılıb. Teatr kollektivinin
məzuniyyətdən qayıtması
ilə isə artıq səhnədə
tamaşanın gərgin
məşqlərinə başlanıb.
Tamaşanın quruluşçu rejissoru,
Əməkdar incəsənət
xadimi Bəhram Osmanov, quruluşçu rəssamı Elşən
Sərxanoğlu, tamaşanın
plastik həlli Ceyhun Dadaşov, rejissor assistenti Sona Mustafayevadır.
Tamaşanın quruluşçu rejissoru
Bəhram Osmanov üzərində işlədiyi
əsəri belə şərh edib:
“Klassik kanonları
dağıdaraq daha çox sosial, müasir, XXI əsrin insanını narahat edə biləcək problemləri ön plana çəkmək istəyirik. İnsana xas olan ləyaqət, insaf, mərhəmət, mərdlik
kimi üstün cəhətləri qabartmağa
çalışmışıq. Ekstremal vəziyyətdə
insani hisslərin öz yerini bunun antonimi ola biləcək
duyğulara verməsi
və bütün bunlara qarşı təkcə vuruşan, döyüşən Don Kixot
haqqında düşünməyə,
tamaşaçını ona
yenidən, ayrı baxış bucağından
nəzər salmağa
çağırırıq. Əsər əsrlər öncə yazılmasına baxmayaraq,
bu gün üçün də aktualdır. İnsanların başına gələn mənəvi, psixoloji, sosial bəlaların kökünü açmağa,
göstərməyə çalışırıq”.
Bütün bu qəliz mətləblərə,
klassik əsərin özünəməxsus tələblərinə
baxmayaraq, tamaşa tragikomediya janrında qurulur. Tamaşada dahi bəstəkar
Qara Qarayevin “Don Kixot” qravürlərindən,
həmçinin rus bəstəkarı Aleksey Rıbnikovun
əsərlərindən istifadə
olunacaq. Tamaşa şərtilik
üzərində qurulduğu
üçün səhnə
tərtibatında da bu şərtilik gözləniləcək. Zamanı, zəmanəni dəyişməyə
çalışan Don Kixot
bunları simvolizə
edən böyük bir saatla mübarizə
aparacaq. Yaradıcı
heyət Don Kixotun vasitəsiylə “Dünyanı
insanlıq, mərhəmət
xilas edəcək” mesajını ötürəcəklər...
Yeni səhnə əsərində
Xalq artisti Qurban İsmayılov, Əməkdar artistlər Şövqi Hüseynov, Elşən Çarhanlı,
aktyorlar Mehriban Hüseynova, Təhminə
Məmmədova, Xalidə
Şərifova, Ədalət
Əbdülsəməd, Elnur
Hüseynov, Elşən
Hacıbabayev və teatrın digər sevilən aktyorları rol alıblar.
Tamaşanın premyerası oktyabrın
sonuna nəzərdə
tutulub.
NƏZRİN
525-ci qəzet 2018.- 20 sentyabr.- S.7.