Üzeyir Hacıbəyli X Beynəlxalq Musiqi Festivalı başlandı
Sentyabrın 18-də Heydər Əliyev Fondunun və Mədəniyyət Nazirliyinin
təşkilatçılığı ilə keçirilən Üzeyir Hacıbəyli X
Beynəlxalq Musiqi Festivalının təntənəli
açılış mərasimi
olub.
Trend-in məlumatına görə,
festivalın açılışı
SSRİ Xalq artisti, görkəmli bəstəkar Arif Məlikovun 85 illiyinə həsr edilib.
Açılış mərasimində mədəniyyət
naziri Əbülfəs
Qarayev çıxış
edərək tədbir
iştirakçılarını musiqi bayramı münasibətilə təbrik
etdi. Diqqətə çatdırıb ki, Üzeyir Hacıbəyli göstərdiyi
xidmətlərlə öz
adını Azərbaycanın
musiqi tarixinə əbədi olaraq həkk edib. Böyük bəstəkarın doğum
gününün musiqi
bayramı kimi qeyd edilməsi ənənəsi ulu öndər Heydər Əliyev tərəfindən
qoyulub. Ümummilli
Liderin 1995-ci ildə -
bəstəkarın 110 illik
yubileyi münasibətilə
imzaladığı Fərmanla
hər il
sentyabrın 18-i ölkəmizdə
Milli Musiqi Günü kimi qeyd olunur. Böyük bəstəkar
Azərbaycan xalqının
tarixində silinməz
iz qoyub. Təsadüfi deyil ki, Üzeyir bəy həm də bu il 100 illiyini təntənə ilə qeyd etdiyimiz Azərbaycan Xalq Cümhuriyyətinin ictimai-mədəni
həyatında yaxından
iştirak etmiş böyük şəxsiyyətlərimizdəndir.
Nazir vurğuladı
ki, bu gün
də Üzeyir bəy ənənələri
davam edir. Azərbaycan musiqisi
dünyanın hər
bir yerində səslənir. Musiqimiz həmişə
xalqımızla bərabər
yaşayacaq, hüdudları
aşaraq dünya miqyasında öz şöhrətini qazanmaqda
davam edəcək.
Bildiyiniz
kimi musiqi günü artıq 10 ildir ki, təkcə
musiqi bayramı olaraq deyil, həm
də daha geniş miqyasda beynəlxalq musiqi festivalı kimi musiqisevərlərin görüşünə
gəlir. Azərbaycan musiqisi
bu gün beynəlxalq aləmdə təbliğ edilir. Musiqi kollektivlərimiz beynəlxalq
müsabiqələrdə çıxış
edərək Azərbaycan
xalqının musiqi yaradıcılığı qüdrətini
nümayiş etdirir.
Heydər Əliyev Fondunun
təşkilatçılığı, Birinci vitse-prezident Mehriban Əliyevanın fəaliyyəti nəticəsində
Azərbaycan musiqisinin
tarixi ənənələri
UNESCO tərəfindən qorunmaqdadır.
Bu gün musiqi
ictimaiyyətimizin nümayəndələri
Fəxri xiyabanı ziyarət edərək Üzeyir Hacıbəyli, eyni zamanda, Müslüm
Maqomayev və digər görkəmli bəstəkarlarımızın xatirəsini yad etdi. Musiqi günü münasibətilə
Azərbaycanın bütün
bölgələrində tədbirlər
həyata keçirilir.
Bundan əlavə builki X beynəlxalq musiqi festivalı çərçivəsində
paytaxtın bütün
mədəniyyət müəssisələrində
musiqi bayramı əhvalı hökm sürəcək, tanınmış
musiqiçilərin əsərləri
səslənəcək, görkəmli
ifaçılar konsert
proqramı ilə çıxış edəcəklər.
Bildirilib ki, festivalda Rusiya, ABŞ, Türkiyə, İtaliya və Slovakiyadan tanınmış musiqiçi və kollektivlər – T.Dokşitser adına “New life brass” kvinteti, “Dədə Qorqud” kamera orkestri, Murad Kajlayev, Murad Annamamedov, Sergey Roldugin, Pavel Milyukov, Azər Dəmirov, Fərhad Aşumov və başqalarının iştirakı ilə 30-a yaxın tədbir keçiriləcək. Festivalın açılışında isə müxtəlif müəlliflərin əsərləri səslənəcək. Bu əsərlərin sırasında xüsusilə vurğulamaq istərdim ki, Azərbaycanın böyük bəstəkarı, Üzeyir bəy və Qara Qarayev məktəbinin layiqli davamçısı Xalq artisti Arif Məlikovun da əsəri yer alır. Bu il bəstəkarın 85 illik yubileyidir. Bəstəkarın yubileyi silsilə tədbirlərlə qeyd edilməkdədir.
Nazir dövlətimizin başçısı İlham Əliyevin Azərbaycan musiqi mədəniyyətinin inkişafında xidmətlərinə görə Arif Məlikovun “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında Sərəncamını oxuyaraq ali mükafatı yubilyara təqdim edib.
Festivalının ilk günü tamaşaçılara tanınmış kollektivlər - Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri (dirijor Fəxrəddin Kərimov) və Azərbaycan Dövlət Xor Kapellasının (bədii rəhbər Gülbacı İmanova) müşayiəti ilə solist Murad Adıgözəlzadənin ifasında geniş və rəngarəng konsert proqramı təqdim olunub. İlk olaraq gecədə Üzeyir Hacıbəylinin “Koroğlu” operasından uvertüra səslənib.
Festival sentyabrın 28-dək davam edəcək.
525-ci qəzet 2018.- 20 sentyabr.- S.7.