Bakının azad edilməsinin 100 illiyi: Azərbaycan-Türkiyə
qardaşlığının, birliyinin zəfər anı
Yüz il bundan əvvəl Nuru Paşanın komandanlığı altında yeni yaradılmış Azərbaycan Milli Ordusunun könüllülərlə birlikdə Bakını işğalçılardan azad etməsi münasibətilə keçirilən paradda dərin geosiyasi məna yükü olan fikirlər səsləndirildi. Azərbaycan və Türkiyə Prezidentləri söylədikləri nitqlərində hadisənin tarixi, mənəvi, siyasi, hərbi və geosiyasi çalarları haqqında məzmunlu tezislər ifadə etdilər. İki qardaş dövlətin əlaqələrinin inkişaf dinamikası ilə qlobal tərəqqinin dinamikasının ahəngdar olduğu söylənən fikirlərdən tam aydın idi. Azərbaycanla Türkiyə bütün sahələrdə əməkdaşlıqlarını regional və qlobal inkişaf naminə yeni səviyyələrə yüksəldirlər. Bakının əsarətdən xilas edilməsinin 100 illiyinə bu faktorlar kontekstində yanaşdıqda daha əhəmiyyətli məqamları görmək mümkündür. Həmin çərçivədə təntənəli tədbirin geosiyasi məqamları üzərində geniş dayanmağa ehtiyac vardır.
100 il əvvəl: 2018-ci ildə Bakıdan baxış
Bakı daha bir tarixi gün yaşadı. Sentyabrın
15-də Azərbaycan paytaxtında təntənəli yubiley mərasimi-hərbi
parad keçirildi. Türkiyə və Azərbaycan
Bakının yadelli qüvvələrdən azad edilməsinin
100 illiyini birgə qeyd etdi. Azadlıq
meydanındakı yüksək tribunda Azərbaycan Prezidenti
İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb
Tayyib Ərdoğan yanaşı dayanmışdılar.
Təmkinli, qürurlu, müdrik, millətinə və müstəqil
dövlətçiliyə böyük sevgi ilə dolu iki
Prezident-Qardaş! Bu, həm də Azərbaycan-Türkiyə
qardaşlığının, əbədi birliyinin rəmzi və
nümayişi idi. Etnik mənada deyil, siyasi varislik,
müasirlik, mədəniyyətlilik və geosiyasi mənalarda!
Bu mesajı bütün dünya aldı!
100 il öncə Azərbaycan Milli Ordusu və Nuru
Paşanın komandanlıq etdiyi Qafqaz İslam Ordusu
ağır döyüşlərdən sonra Bakı şəhərini
erməni daşnak və bolşevik qüvvələrinin əsarətindən
azad etdi. Bu hadisə keçən əsrin ikinci onilliyində
baş verdi. O zaman dünya
qarışıq idi. Birinci dünya müharibəsi
gedirdi. O müharibədə Osmanlı imperiyası məğlublar
sırasında idi. Buna baxmayaraq, İstanbul hərbi
yardım əlini qardaş Azərbaycana uzatdı. Qısa müddətdə minlərlə şəhid
verməklə Qafqaz İslam Ordusu Bakını
işğalçılardan təmizlədi.
Sovet dönəmində bu hadisə qeyd olunmurdu. Lakin
insanların qəlbində Bakının işğaldan azad
edilməsi xatirəsi yaşayırdı. Ulu
öndər Heydər Əliyevin hakimiyyətə yenidən
qayıdışı ilə milli, mənəvi, siyasi-tarixi dəyərlərin
dirçəlişi başladı. Müstəqil
Azərbaycan üçün müqəddəs olan 15 sentyabr
tarixi də öz layiqli qiymətini aldı.
Artıq bu hadisənin 100 illik yubileyi təntənəli
surətdə bayram edildi. Məsələnin
geosiyasi aspektdə əhəmiyyəti Azərbaycan və
Türkiyənin əməkdaşlığının
hazırkı vəziyyəti və onun regional və qlobal
miqyasda təsirləri ilə bağlıdır. Məhz bu kontekstdə ekspertlər 100 illik yubileyi Azərbaycanla
Türkiyənin birgə keçirməsini analiz etməyə
çalışırlar. Burada çox dərin
məna vardır.
Bakının işğaldan azad edilməsi tarixi Azərbaycanla
Türkiyənin iki müstəqil dövlət olaraq geosiyasi-hərbi
əməkdaşlığına təkan verən hadisə kimi
qəbul edilməlidir. Bu təkanın özünəməxsus
stimulyaradıcı xüsusiyyətləri vardır. Onlar indiki tarixi mərhələdə də geosiyasi
müstəvidə aktuallıq kəsb edir.
Birincisi,
Türkiyə və Azərbaycan 100 il əvvəl
ədalət və müstəqillik uğrunda birgə
savaşmışlar. O zaman Bakının azad edilməsi
haqqın nahaq, müstəqilliyin isə köləlik üzərində
qələbəsi idi. Azərbaycanı
parçalamaq istəyən qüvvələr müxtəlif
üsullarla ölkəni tamamilə zəbt etməyə
çalışırdılar. Bir tərəfdən
ingilislər, digər tərəfdən isə erməni-bolşevik
ittifaqı Azərbaycana hücum çəkmişdilər.
Onlar öncə müəyyən uğur
qazandılar da. Lakin sonradan Türkiyə
ilə Azərbaycanın səyləri nəticəsində
düşmən ölkədən tamamilə qovuldu və
Bakı Azərbaycan Xalq Cümhuriyyətinin paytaxtı oldu.
İndi geosiyasi vəziyyət xeyli fərqlidir, lakin yenə
də müxtəlif istiqamətlərdən Azərbaycana
qarşı təxribatlar törədilir. Xüsusilə
ermənilər havadarlarının yardımı ilə
Dağlıq Qarabağı və onun ətrafındakı
yeddi rayonu işğal altında saxlayırlar. Və yenə də Azərbaycan-Türkiyə
geosiyasi-hərbi əməkdaşlığı meydana gəlib.
Təntənəli mərasimdə həm Azərbaycan,
həm də Türkiyə Prezidentləri bu məqamı
xüsusi vurğuladılar. Onlar Azərbaycan-Türkiyə
əməkdaşlığının, dostluğunun və
qardaşlığının geosiyasi-hərbi aspektlərini
geniş izah etdilər (bax: Bakı şəhərinin azad
edilməsinin 100 illiyinə həsr olunmuş möhtəşəm
parad keçirilib. Prezident İlham Əliyev və
Prezident Rəcəb Tayyib Ərdoğan paradda iştirak ediblər
/ AZƏRTAC, 15 sentyabr 2018).
Prezident
İlham Əliyev geniş nitqində həmin
bağlılıqda vurğulayıb: "Bu gün Türkiyə-Azərbaycan
əlaqələri ən yüksək zirvədədir. Məncə,
dünyada ikinci belə nümunə yoxdur ki, iki ölkə
bir-birinə bu qədər yaxın olsun, bu qədər
bir-birinə arxa-dayaq olsun ... Türkiyə nə qədər
güclü olarsa, Azərbaycan da bir o qədər
güclü olacaqdır ...
... bu gün, sözün əsl mənasında,
tarixi bir gündür, Türkiyə-Azərbaycan birliyi,
Türkiyə-Azərbaycan qardaşlığı
günüdür. Biz bu nəslin nümayəndələri
bu günü yaşadırıq, yaşadacağıq.
Bu gün bütün dünya görür ki, Türkiyə və
Azərbaycan bir yerdədir, bütün dünya görür
ki, bizim sarsılmaz dostluğumuz,
qardaşlığımız əbədidir" (bax: əvvəlki
mənbəyə).
Yüksək
əməkdaşlıq nümunəsi: regional və qlobal tərəqqi
naminə
Türkiyə
Prezidenti Rəcəb Tayyib Ərdoğan da nitqində
ayrıca vurğulayıb: "Bu gün Türkiyə Azərbaycanın
sadəcə siyasi və hərbi deyil, eyni zamanda, ticarət,
iqtisadiyyat, mədəniyyət və digər bütün sahələrdə
ən mühüm tərəfdaşıdır. Müstəqilliyini bərpa etdikdən bəri
Türkiyədə təhsil almış azərbaycanlıların
sayı 125 mindən çoxdur. Hazırda
15 mindən çox azərbaycanlı tələbə
Türkiyə universitetlərində təhsil alır. Əsgərlərimiz birgə təlimlər
keçir, Əfqanıstan kimi dünyanın müxtəlif
bölgələrində birlikdə fəaliyyət göstərirlər.
Şübhəsiz ki, bu uğurlarda Ümummilli lider Heydər
Əliyevin nümayiş etdirdiyi dəyanətli liderliklə
yanaşı, əziz qardaşım İlham Əliyevin səylərinin
çox böyük bir payı vardır" (bax: əvvəlki
mənbəyə).
Bu, əslində, iki müttəfiq və hətta
yaxın dövlətin ən yaxın əməkdaşlığından
da böyük hadisədir. Ankara Bakının
sevincini öz sevinci bilir, Bakının problemini də öz
problemi kimi qəbul edir. Rəcəb Tayyib Ərdoğan
bu bağlılıqda dünyaya açıq mesaj verdi: Dağlıq Qarabağ həm də
Türkiyənin problemidir. Bunu belə bilmələri
lazımdır.
Eyni zamanda, Türkiyə üçün problem
sayılan hər bir hadisə Azərbaycan üçün də
problemdir. Bütün bu mənfi hallara qarşı Azərbaycanla
Türkiyənin birlikdə qarşı durduqlarını
dünya dəfələrlə görüb.
Burada çox vacib olan bir məqamı qeyd etmək gərəkdir. Bakının
işğaldan azad edilməsinin 100 illik təntənəli
yubileyi də göstərdi ki, Azərbaycan-Türkiyə əməkdaşlığı
regional və qlobal əməkdaşlığa tam uyğun
olan formatda inkişaf etdirilir. Tədbirdəki
nitqində Azərbaycan Prezidenti gətirdiyi konkret faktlarla bunu
təsdiq etdi. Həyata keçirilən
müxtəlif ortaq layihələrdən çoxlu sayda xalqlar
faydalana bilir. Regional və beynəlxalq
miqyasda onlarla dövlət həmin layihələrdən bəhrələnirlər.
Eyni zamanda, Azərbaycan və Türkiyə hər
bir dövlətlə əməkdaşlığa
açıqdırlar. Burada Ermənistan
ona görə istisnadır ki, o, Azərbaycan
torpaqlarını işğal edib və oradan çəkilmək
fikri yoxdur.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan
konkret fikir ifadə edərək, Azərbaycanın
torpaqları işğaldan azad edilməyincəyə qədər
Ermənistanla sərhədlərin açılmasından
söhbətin belə getməyəcəyini bəyan edib. Deməli,
Ankara və Bakının yeganə tələbi Ermənistanın
işğal etdiyi Azərbaycan torpaqlarından silahlı
qüvvələrini çıxarmasından ibarətdir.
Bu, bütün beynəlxalq hüquq normaları
çərçivəsində qoyulan haqlı tələbdir.
Beləliklə, Bakının azad edilməsinin 100 illiyi
münasibətilə keçirilən yubiley paradı
heç də görünüşünə görə təntənəli
deyildi. Bu tədbir Azərbaycanla Türkiyənin tarixi əlaqələrinin
sivil, demokratik və liberal qaydalara uyğun olmasının
nümayişi idi. İki qardaş ölkənin
geosiyasi aspektdə beynəlxalq hüquq normaları çərçivəsində
müstəqil dövlət olaraq tarixi keçmişi
xatırlaması ilə yanaşı, gələcək əlaqələrin
ümumi istiqamətlərini göstərmək
baxımından da əlamətdar idi.
Dünya gördü ki, iki türk dövlətinin əməkdaşlığı
əsl demokratiya nümunəsidir. Ankara və Bakı
müasir dünyanın reallıqları çərçivəsində
münasibətlərini inkişaf etdirirlər. Məhz
bu baxımdan dövlət başçısı İlham
Əliyev qürurla vurğulayır: "Bu bayram günündə
biz birlikdəyik. Yüz il bundan əvvəl
biz bir yerdə idik, bu gün də biz bir yerdəyik ... Biz bu
gün əziz qardaşım, Türkiyə Prezidenti Rəcəb
Tayyib Ərdoğanla şəhidlərimizin məzarlarını
ziyarət etdik. Onların məzarları
yan-yanadır. Onlara Allahdan rəhmət dilədik,
onların xatirəsi bizim qəlbimizdədir və onların
göstərdikləri qəhrəmanlıq bu gün Türkiyə
və Azərbaycan birliyini daha da möhkəmləndirir
...
... Bizim birliyimiz bütün sahələrdə
özünü büruzə verir ... Siyasi əlaqələr
bu gün ən yüksək zirvədədir. Biz uğurlu iqtisadi əməkdaşlıq edirik.
Ticarət dövriyyəsi artır. Azərbaycandan
Türkiyəyə, Türkiyədən Azərbaycana milyardlarla
dollar həcmində sərmayə qoyulur. Biz birgə
enerji-nəqliyyat layihələrini uğurla icra edirik. O
layihələr ki, Avrasiyanın enerji və nəqliyyat xəritəsini
yaradır. Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum neft-qaz
kəmərləri, TANAP layihəsinin bu il
istifadəyə verilməsi tarixi layihələrdir. Birgə siyasi iradə ortaya qoyulmuşdur. Birgə maliyyə resursları təşkil
edilmişdir və bu nəhəng transmilli layihələr
uğurla icra edilmişdir. Biz Avrasiyanın
nəqliyyat xəritəsini yenidən yaradırıq. Keçən ilin oktyabrında əziz
qardaşımın iştirakı ilə Bakıda
Bakı-Tbilisi-Qars dəmir yolunun rəsmi
açılışı mərasimi keçirilmişdir.
Bu dəmir yolu yeni nəqliyyat damarıdır.
Bu dəmir yolu ilə daşınan yüklərin
həcmi getdikcə artır və artacaq. Bizim
ölkələrimizin əhəmiyyəti, önəmi
artır. Bütün bu böyük layihələri
ancaq biz birlikdə edə bilərdik və etdik. Nəzərə
alsaq ki, bu layihələr böyük maliyyə resursları,
böyük siyasi iradə tələb edir, ancaq birgə səylərimizlə
biz buna nail ola bilmişik. Bu
gün Türkiyə və Azərbaycan iki qardaş ölkə
kimi bu layihələrin bəhrəsini görür. Bizim
birliyimiz hər bir sahədə özünü göstərir,
o cümlədən hərbi sahədə bizim iş birliyimiz,
əməkdaşlığımız dərinləşir.
İl ərzində bir neçə dəfə müştərək
hərbi təlimlər keçirilir ... " (bax: əvvəlki
mənbəyə).
Bu fikirlərdə Azərbaycan-Türkiyə əlaqələrinin
bütün çalarları dolğun şəkildə
öz əksini tapıb. Şübhə yoxdur ki, dünya bundan sonra da bu əlaqələrin
yeni nümunələrinin şahidi olacaq!
Newtimes.az
525-ci qəzet 2018.-
20 sentyabr.- S.5.