Azərbaycan-Türkiyə münasibətləri
dünya üçün bir nümunədir
GÖVHƏR BAXŞƏLİYEVA:
"AZƏRBAYCAN İNSANI 100 İL ÖNCƏ BAKIMIZIN
İŞĞALDAN AZAD EDİLDİYİ KİMİ,
QARABAĞIMIZIN DA İŞĞALDAN QURTULMASINI VƏ BÖLGƏYƏ
ƏBƏDİ SÜLH GƏLMƏSİNİ
İSTƏYİR"
"1918-ci ilin 15 sentyabr tarixi Azərbaycan xalqının
Şərqdə ilk demokratik respublika - Azərbaycan Xalq Cümhuriyyəti
(AXC) yaratması tariximizə qızıl hərflərlə həkk
olundu. Düz
yüz il sonra, 2018-ci ilin 15 sentyabr tarixində
isə biz o sevinci, o qüruru sanki yenidən yaşadıq.
Yüz il öncə Bakımız Türk
dünyasının qəhrəman sərkərdəsi Nuru
Paşanın rəhbərliyi ilə birləşmiş Azərbaycan
və Osmanlı silahlı qüvvələrindən təşkil
edilmiş Qafqaz İslam Ordusu tərəfindən azad olundu,
erməni-bolşevik işğalından qurtuldu,
paytaxtımız yenidən Bakıya
köçürüldü və 15 sentyabr Bakının
qurtuluş hadisəsi kimi tarixə düşdü. Düz
yüz il sonra isə - ikinci dəfə müstəqilliyini əldə
edən və ötən 27 ildə də regionun
aparıcı dövlətinə, söz, nüfuz sahibinə
çevrilən müstəqil Azərbaycanın paytaxtında
daha bir möhtəşəm və tarixi hadisə
yaşandı. Azərbaycan və qardaş
Türkiyənin prezidentlərinin iştirakı ilə
Bakımızın işğaldan azad edilməsinin 100 illiyi ilə
bağlı təntənəli və illərlə
yaddaşlardan silinməyəcək parad keçirildi. Yəni Bakının daşnak-bolşevik qüvvələrinin
işğalından azad edilməsinin 100 illiyi ilə
bağlı keçirilən parad hər bir azərbaycanlı
üçün sevincli və qürurlu hadisə idi".
Bunu "525"ə açıqlamasında millət vəkili,
akademik Gövhər Baxşəliyeva bildirib. Millət vəkili deyib ki,
100 il bundan əvvəl Osmanlı
silahlı qüvvələrindən və Azərbaycan
korpusundan təşkil edilmiş Qafqaz İslam Ordusunun
uğurlu əməliyyatı nəticəsində Bakı
şəhəri daşnak-bolşevik dəstələrindən
azad olundu. "Bununla da tarixi Azərbaycan
torpağının baş şəhərində yenidən
Azərbaycan bayrağı dalğalandı. Bu, sadəcə hərbi əməliyyat deyildi,
ümumilikdə Azərbaycan xalqının özünün
müstəqillik arzusunu həyata keçirməsi idi. Bu
hadisə müstəqillik əldə etdiyimiz qədər əhəmiyyətli
bir hadisədir" - deyən G. Baxşəliyevanın
sözlərinə görə, Bakının işğaldan
azad olunmasının 100 illiyini qeyd etməyə
hazırlıq çoxdan gedirdi, kulminasiya nöqtəsi isə
15 sentyabr 2018-ci il tarixində keçirilən hərbi parad
oldu: "Qeyd etdiyim kimi, hərbi paradda da Azərbaycan Prezidenti
İlham Əliyev və birinci vitse-prezident Mehriban xanım
Əliyeva ilə yanaşı, qardaş və dost Türkiyənin
dövlət başçısı Rəcəb Tayyib
Ərdoğan, həmçinin, Türkiyənin nümayəndə
heyəti iştirak etdi. Paradda hər iki dövlət
başçısı son dərəcədə məzmunlu və
əhatəli çıxış etdi. Paradda Prezident
İlham Əliyevin çıxışı bir daha göstərdi
ki, Azərbaycan xalqı öz müstəqilliyini qorumaq əzmindədir
və bu məsələdə heç nə ona mane ola bilməz.
O bildirdi
ki, "bugünkü güclü dövlətimiz,
güclü Silahlı Qüvvələrimiz bunun bir daha təsdiqidir
və belə paradların çox da uzaq olmayan bir dövrdə
artıq Xankəndi, Şuşa və digər işğal
olunmuş ərazilərimizdə keçiriləcəyinə
heç bir şübhə yoxdur".
Dövlət
başçısı eyni zamanda bəyan etdi ki, düz 100 il
öncə Qafqaz İslam Ordusunun Azərbaycana gəlməsi və
Nuru paşanın rəhbərliyi altında döyüşərək
Gəncədən Bakıya gəlməsi, bir neçə
şəhərin azad edilməsi və sentyabrın 15-də
şiddətli döyüşlər nəticəsində
Bakının azad edilməsi tarixi hadisə idi. "Qədirbilən
Azərbaycan xalqı bunu heç vaxt unutmayacaq, şəhidlərin
əziz xatirəsini daim öz qəlbində yaşadacaq",
- deyən dövlət başıçımız qardaş
Türkiyə ilə bugünkü əlaqələrə də
nəzər saldı və bildirdi ki, bu gün Türkiyə-Azərbaycan
əlaqələri ən yüksək zirvədədir.
Onun qeyd etdiyinə görə, dünyada ikinci belə
nümunə yoxdur ki, iki ölkə bir-birinə bu qədər
yaxın olsun, bu qədər bir-birinə arxa-dayaq olsun. "Bizim birliyimiz
bütün sahələrdə özünü büruzə
verir", - deyən cənab prezident təkcə bu il Rəcəb Tayyib Ərdoğanla altı
görüşünun olduğunu sözlərinə əlavə
etdi. "İkisi Azərbaycanda, ikisi Türkiyədə,
ikisi isə beynəlxalq tədbirlər çərçivəsində.
Bizim görüşlərimiz müntəzəm
olaraq keçirilir və hər görüşün
böyük əhəmiyyəti var. Siyasi əlaqələr
bu gün ən yüksək zirvədədir. Biz uğurlu iqtisadi əməkdaşlıq
edirik" - deyə, dövlət başçımız
fikirlərini yekunlaşdırdı. Həmçinin,
qardaş ölkənin prezidenti öz tarixi
çıxışında bildirdi ki, Qafqaz İslam Ordusunun
1918-ci ildə burada həyata keçirdikləri əməliyyatlar
o dövrdə Azərbaycanın ərazi
bütövlüyünü təmin edərək
bugünkü müstəqilliyin təməlini qoyub. Cənab Ərdoğan sonra vurğuladı ki, Azərbaycanın
1991-ci ildə müstəqilliyini yenidən bərpa etməsindən
sonra onu ilk tanıyan ölkənin Türkiyə olması
heç də təsadüfi deyil. "Bu,
qan qardaşlığımızın təbii nəticəsidir.
Türkiyə olaraq müstəqilliyinin ilk
dövrlərindən başlayaraq Azərbaycana əlimizdən
gələn hər cür dəstəyi göstərdik və
göstərməyə davam edəcəyik. Bu gün Türkiyə Azərbaycanın sadəcə
siyasi və hərbi deyil, eyni zamanda, ticarət, iqtisadiyyat, mədəniyyət
və digər bütün sahələrdə ən
mühüm tərəfdaşıdır..." - deyən
qardaş ölkənin rəhbəri Qarabağ məsələsində
də hər zaman ölkəsinin Azərbaycanın yanında
olduğunu və bundan sonra da olacağını açıq
şəkildə bəyan etdi. Bütün
bunlar isə nəticə etibarı ilə Azərbaycan-Türkiyə
münasibətlərinin necə yüksək bir səviyyədə
olduğunun növbəti təsdiqidir. Bu
gün Azəraycan-Türkiyə münasibətləri
dünya üçün bir nümunə, bir modeldir və bu
münasibətləri pozmaq, korlamaq, ona xələl gətirmək
heç kimə, heç bir gücə müəssər
olmayacaq. Azərbaycan-Türkiyə
dostluğu, qardaşlığı bu günə qədər
bir çox problemləri həll, dəf etdiyi kimi, bundan sonra
da bir çox məsələlərin öz ədalətli həlli
tapmasında öz rolunu oynayacaq, öz imzasını qoyacaq.
Bunu Qarabağ məsələsinin həllində
də görəcəyik".
Millət
vəkili, akademik Ziyad Səmədzadə də bildirib ki, 15
sentyabr 2018-ci il tarixində bir xalq, bir dövlət olaraq
çox tarixi və çox möhtəşəm anlar, hisslər,
duyğular
yaşadıq: "Bu anları, bu hiss və
duyğuları ifadə etməkdə sözlər belə
acizdir, onların xoş təsirləri altındayıq".
Z. Səmədzadənin bildirdiyinə görə, 15 sentyabrda
iki Azərbaycan - babalarımızın düz 100 il öncə
qurub-yaratdıqları Azərbaycan Xalq Cümhuriyyəti (AXC)
ilə 1991-ci ilin avqustunda ikinci dəfə
azadlığına qovuşan və qurucusu, memarı Ulu
öndər Heydər Əliyev olan müstəqil Azərbaycan
bir daha bir-birinə qovuşdu, bir-biri ilə qucaqlaşdı:
"15 sentyabrda iki Bakı - 1918-ci ilin sentyabr ayının 15-də
Nuru Paşanın rəhbərlik etdiyi Qafaz İslam Ordusu tərəfindən
işğaldan azad edilən Bakımızla ikinci müstəqilliyini
yaşayan Azərbaycanımızın günü-gündən
gözəlləşən, modernləşən paytaxtı
Bakımız bir-biri ilə yenidən qovuşdu,
doğmalaşdı... Bu gün iki qardaş, iki dost dövlət
- "iki dövlət, bir millət" deyən Heydər
Əliyevin müstəqil Azərbaycanı ilə "Azəbaycanın sevinci
sevincimiz, kədəri kədərimizdir" deyən Qazi
Mustafa Kamal Atatürkün Türkiyəsi müdrik, uzaqgörən
siyasət və dovlət adamları - Azərbaycan prezidenti cənab
İlham Əliyevlə Türkiyə Cümhuriyyətinin
prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın
timsalında bir daha və yenidən bir-birinə qovuşdu, mərhəmləşdi...
Hər
iki dövlət başçısının iştirakı ilə Bakıda
paytaxtımızın işğaldan azad edilməsinin
100-cü ildönümü ilə bağlı son dərəcədə
möhtəşəm, dünyaya səs salacaq parad
keçirildi. Hər iki dövlət başçısı
paradda çıxış edərək, bir daha Azərbaycan-Türkiyə
dostluğunun, qardaşlığının sarsılmaz
olduğunu bütün dünyaya-həm dostlarımıza, həm
də düşmənlərimizə nümayiş etdirmiş
oldu... Dünya bir daha görmüş və
duymuş oldu ki, Azərbaycan-Türkiyə
qardaşlığı, dostluğu daimidir, əbədidir,
dönməzdir. Azərbaycan prezidenti cənab
İlham Əliyev özü də
çıxışında bu məqama toxunaraq, bəyan etdi
ki, "bu gün Türkiyə-Azərbaycan əlaqələri
ən yüksək zirvədədir və dünyada ikinci belə
nümunə yoxdur ki, iki ölkə bir-birinə bu qədər
yaxın olsun, bu qədər bir-birinə arxa-dayaq olsun".
Dövlət başçımız sonra
"Bu bayram günündə biz birlikdəyik. Yüz il bundan əvvəl biz bir yerdə idik, bu
gün də biz bir yerdəyik. Yüz il bundan əvvəl
Nuru paşanın komandanlığı altında yeni
yaradılmış Azərbaycan Milli Ordusu könüllülərlə
birlikdə Bakını işğalçılardan azad
etdi..." - deyərək, sözlərinə əlavə
etdi.
Eyni zamanda, qardaş dövlətin
başçısı çıxışında bu fikirlərin
davamı kimi bəyan etdi ki, Türkiyə bu günə qədər
Azərbaycana əlindən gələn yardımı göstərib
və bundan sonra da göstərəcək.
"Qardaşlarımızın torpaqlarının 20 faizini
işğal altında saxlayanların, 1 milyondan artıq
insanımızın öz yurduna qayıtmasına imkan verməyənlərin
bizdən sərhədləri açacağımızı
gözləmələri boş-boşunadır, əbəsdir"-
deyən Türkiyə lideri, həmçinin, Qarabağ
münaqişəsinin nizamlanmasının Ermənistanla
münasibətlərin normallaşması üçün
mütləq şərt olduğunu da vurğuladı... Bu
özü bir daha iki qardaş və dost arasında münasibətlərin
hansı yüksək səviyyədə olduğuna
aydınlıq gətirmiş, işıq salmış
olur".
Z. Səmədzadə
hesab edir ki, ümumiyyətlə, hər iki dövlət
başçısı son dərəcədə səmimi, dərin
məzmunlu, geniş əhatəli çıxış etdi və
bu çıxışlar hələ uzun illər
yaddaşlardan, hafizələrdən silinməyəcək.
"Bütövlükdə
bunlar onu göstərir ki, hər iki dövlət həm
sevinclərini, uğurlarını bərabər
bölüşür, paylaşır, həm də dar gündə
bir-birilərinə arxa-dayaq olur, kədərlərini, dərdlərini,
problemlərini birlikdə yaşayır, bunlardan
çıxmaq üçün həll yollarını də
birlikdə axtarır və
birlikdə tapır, dünyanın qarşısına
daha güclü, daha yenilməz şəkildə
çıxırlar" - deyən Z. Səmədzadə bu
baxımdan inanır və qəti əmindir ki, bu iki dövlətin
birlik və bərabərliyi sayəsində 30 ildən bəri
davam edən və dünyanın ədalətsizliyi
üzündən hələ də həllini tapa bilməyən
Qarabağ münaqişəsinin birdəfəlik çözümünə, ədalətli,
istədiyimiz, arzuladığımız sülhə nail olmaq
mümkünləşəcək: "Buna böyük
ehtiyacımız var. Artıq Azərbaycan insanı 100 il
öncə Bakımızın işğalda azad edildiyi kimi,
Qarabağımızın da işğaldan qurtulmasını,
bu bölgəyə əbədi sülh gəlməsini istəyir.
İnanıram ki, gec-tez buna nail olunacaq, ədalət, zəfər,
qələbə bizimlə olacaq və buna da qardaş
Türkiyəylə birlikdə nail olacağıq. Azərbaycan
da, Türkiyə də həm regionda, həm dünyada
sülhün tərəfdarı, sülhün
carçısıdır. Hər iki
dövlət hər bir məsələdə sülhə,
qarşılıqlı etimad və etibara nail olunmasını
istəyir və bunun üçün də bütün cəhdlərini
ortaya qoyur. Odur ki, bu iki ölkənin birgə cəhdləri
və səyləri sayəsində Qarabağ probleminin də ədalətli
həllinə nail ola biləcəyik. Bir sözlə, Azərbaycanla
Türkiyə hər
zaman birdir, bir olub və bundan sonra da bir olacaq".
Millət vəkili Hüseynbala Mirələmov da öz
növbəsində qeyd edib ki, Türkiyə-Azərbaycan
qardaşlığı və müttəfiqliyi bu və ya digər
siyasi-iqtisadi maraqlarla izah edilə biləcək hadisə deyil,
bu, daha alt qatlarda xalqlarımızın birliyindən, bir millət,
iki dövlət olmanın reallığından doğan hadisədir.
Millət
vəkilinin qeyd etdiyinə görə, bu gün də, elə
yüz il bundan qabaq da beynəlxalq münasibətlər
sistemində xalqlar, millətlər, dövlətlər öz
maraqlarını qorumaq yarışı və rəqabəti
içərisində olsalar da, Türkiyə və Azərbaycan
xalqları isə bir millət olduğu üçün milli
maraqları da daim eyni olub:
"Belə tarixi təbii müttəfiqlik isə həmişə
ölkələrimizin inkişafı və təhlükəsizliyinin
təmin olunmasına mühüm töhfələr verib. Ona görə
də hazırkı mürəkkəb beynəlxalq şərtlər
içərisində də milli maraqlarımızın və
ümumi mənafeyimizin təmin olunması birlikdə
olmağımızdan keçir. Bakının
işğaldan azad olunmasının 100 illiyi ilə
bağlı tədbirlərin belə təntənəli şəkildə
keçirilməsinin bir səbəbi də tarixi
yaddaşımızı yeniləmək və gənc nəslə
bunu bir daha yenidən təbliğ etməkdən ibarət idi.
Çünki tarixi yaddaş milli yaddaşın ən əsas
komponentlərindən biridir..."
H. Mirələmov
əlavə edib ki, doğrudan da bu mühüm tarixi hadisə
əslində, Türkiyə-Azərbaycan münasibətlərinin
həm çoxəsrlik qardaşlığının bir
növ xülasəsi, həm də yeni yüzillikdəki
münasibətlərinin gələcəyinin təməl
daşları idi:
“Ona görə bu münasibətlər tarix durduqca
yaşayacaq və xalqlarımızın birgə gələcəyinin
qardaşlıq əsasında qurulmasına öz böyük
töhfəsini verəcək. Ona görə də cənab
prezident qeyd etdi ki, bu gün, sözün əsl mənasında,
tarixi bir gündür, Türkiyə-Azərbaycan birliyi,
Türkiyə-Azərbaycan qardaşlığı
günüdür. Biz, bu nəslin nümayəndələri
bu günü yaşadırıq, yaşadacağıq. Bu gün bütün dünya görür ki,
Türkiyə və Azərbaycan bir yerdədir, bütün
dünya görür ki, bizim sarsılmaz dostluğumuz,
qardaşlığımız əbədidir. Düşünürəm ki, bu sözlərin
özü də elə tarixi sözlərdir və Türkiyə-Azərbaycan
qardaşlığının gələcəyi
üçün mühüm əhəmiyyətli siyasi tezislərdir.
Bunlar bir daha Azərbaycan-Türkiyə dostluğu və
qardaşlığının əyani ifadəsidir. Bu dostluq, qardaşlıq isə sadəcə sözlərdən
ibarət deyil, daim əməllərdədir və hər zaman
da belə olacaq".
Kamil
HƏMZƏOĞLU
525-ci qəzet 2018.- 20 sentyabr.- S.5.