"Aşıq ədəbiyyatı
yaradıcılığıma böyük
təsir göstərib"
KƏLBƏCƏRLİ
ŞAİR MƏHYƏDDİN MƏHƏRRƏMOĞLU:
"MÜASİR ŞEİR YENİ DÜŞÜNCƏ,
YENİ DEYİM TƏLƏB EDİR"
- Məhyəddin
müəllim, Kəlbəcər
Azərbaycanda aşıq
eli kimi
tanınır. O mühitin
yetişmənizdə hansı
rolu olub?
- Gözümü açandan
saz-söz aləmində,
mahir aşıqların
məclisində olmuşam.
Aşıq Şəmşir,
Aşıq Hüseyin,
Aşıq Qəmkeş,
Aşıq Qardaşxan
kimi sənətkarların
söylədikləri dastanları,
şeirləri heyranlıqla
dinləmişəm, bu
sənət aləminin
ruhuma, qanıma hopması mütləqdir.
Kəlbəcərin Bağlıpəyə kəndində
doğulmuşam. Ağdərə rayonunun Çərəktar
kəndi (Hazırda Kəlbəcər rayonuna daxildir - C.Q.) bizim kəndə yaxındı.
İbtidai məktəbi öz
kəndimizdə bitirdikdən
sonra Çərəktar
kəndində oxumuşam.
Orada 7-ci
sinfi bitirmişəm,
həmin məktəb
Kəlbəcər yolunun
kənarında yerləşirdi.
O vaxt Səməd Vurğun Kəlbəcərə
gəlmişdi. Həmin vaxt
bizim məktəbin qabağında şagirdlərlə
görüşmüşdü. Görüşdən evə qayıdanda
yol boyu ədəbiyyat, yaradıcılıq
barədə düşünürdüm. Bu görüşdən
sonra sanki təbiətə vurulmuşdum.
Təbiət məni özünə
çəkirdi. Yaradıcılığım da elə ordan başladı.
7-ci sinifi bitirdikdən
sonra Kəlbəcər
rayonunun Qılınclı
kənd orta məktəbinə getdik. Kəlbəcər rayonuyla bizim kənd arasında 15 kilometr yol var. Həftə içi orda qalardıq. Bəziləri yataqxanada qalırdılar, biz ev tutmuşduq. El şairi Sücaətlə
bir otaqda qalırdıq. O, məndən
aşağı sinifdə
oxuyurdu. Şair Əli Mirzəyev
ədəbiyyat müəllimimiz
idi. Məktəbdə yaradıcılıq dərnəyi yaratmışdı.
Kim şeir yazmağı
bacarırdısa, onu təşkil etdiyi ədəbiyyat dərnəyinə
yazmışdı. Həmin dərnəyə
ilk dəfə biz üzv
olduq. Məktəbin divar qəzetində
şeirlərimiz çıxırdı.
Sücaət, İmran, Ələsgər,
mən və başqaları fərqlənərdik.
Məktəbi bitirənə qədər,
yəni 8-9-10-cu siniflərdə
oxuyanda Kəlbəcərin
"Yenilik" qəzetində
şeirlərim çıxmağa
başlamışdı. Kəlbəcərin "Yenilik" qəzeti tərkibində "Dəli
Dağın nəğmələri"
ədəbi birliyi vardı. Şair Şamil Əsgərov
(Dəlidağ) bu birliyə rəhbərlik edirdi. Həmin birliyin üzvlərindən
biri də mən idim. Qılınclı orta məktəbini bitirdikdən
sonra şeir məni çəkib apardı həmin qəzetə. Bir müddət orda müxbir işlədikdən
sonra Gəncə şəhərində yerləşən
Həsən bəy Zərdabi adına
Azərbaycan Dövlət
Pedaqoji İnstitutuna daxil oldum. Filologiya
fakültəsinə... İnstitutun orqanı
olan "Kirovabad kommunisti"
qəzetində tez-tez
şeirlərimi dərc
edirdilər. Daha sonra
mərkəzi mətbuata
qədər yol aldım, tanındım (gülür).
- Kimlərdən
dərs almısız?
- Orta məktəbdə Aşıq Şəmşirin
oğlu Ələsgərlə
bir sinifdə oxumuşuq. Tez-tez onlara gedirdim,
Şəmşir əmiylə
çox sıx əlaqəm vardı.
Şeirlərimi oxuyurdu, təhlil
edirdi. Sonra elə oldu ki, Gəncədə oxuduğum illərdə ədəbi mühitə qovuşdum. Yazıçı
Qərib Mehdiyev, Aslan Məmmədov, Məmməd Alim və başqaları ilə tanış
oldum. 1965-ci ildən
pedaqoji fəaliyyətə
başladım, Ağdaban
kəndində 7 illik məktəbə ədəbiyyat
müəllimi təyin
edildim. Bakıya getdim, Məmməd
Aslanla görüşdüm.
O zaman Məmməd Aslan Məmməd Arazla birlikdə "Azərbaycan təbiəti"
jurnalında işləyirdilər.
Bütün Azərbaycanda yayımlanan
ilk şeirim həmin jurnalda nəşr olundu. Sonra "Azərbaycan müəllimi"ndə çap
edilməyə başladım.
Beləliklə, Bakının ədəbi
mühitiylə tanışlığım
başladı. Şəmşir əmi hər Bakıya gələndə
mənimlə görüşər,
sənət barədə
danışardıq. "Azərbaycan gəncləri"
qəzetində şeirlərim
çıxdı. Elə təxmini
həmin vaxtlardan sonra mərkəzi mətbuatda nəşr olunmağa başladım.
Sonra elə alındı ki, kitab nəşr etdirə bilmədim, imkan olmadı. Daha doğrusu,
necə deyərlər,
qolumdan tutan olmadı. Bayaq dediyim kimi, hələ Kəlbəcərdə
olanda "Dəlidağın
nəğmələri" ədəbi birliyinin fəal üzvü idim. Elə bu dərnək
vasitəsilə ədəbi
mətnlərin yazılma
formasını öyrəndik,
nəzəri cəhətdən
zənginləşdik, müəyyən
qaydalardan xəbərimiz
oldu, yaradıcılığımızda
xeyli dönüş yarandı. Sonra yavaş-yavaş yazılarımız oxucuların
xoşlarına gəlməyə
başladı. Ardınca
da köçkünlük...
Yerimiz-yurdumuz dəyişdi...
Kəlbəcərli illərim məktəbli uşaqlarla
keçdi: Ağdaban,
Laçın, Şurtan kəndlərində
müəllim işlədim.
1970-ci ildən Şorbulaq orta məktəbinə direktor
təyin edildim. 1993-cü ilə qədər
orada işlədim, sonra köçkünlük
həyatı başladı.
- Yaradıcılığınıza
ən çox yön verən nədir?
- Yaradıcılığıma ən
çox təsir edən təbiət gözəllikləridir. Elə
insanlarla dost idim ki, o şairlər özləri təbiət
gözəllikləriydi. Məmməd
Aslan, Xudu Məmmədov, Məmməd
Araz, Şahmar Əkbərzadə və başqaları... Mingəçevirə gələndən sonra Azərbaycan Yazıçılar
Birliyinin filialını
yaratdıq. Çox gözəl
fəaliyyət göstəririk,
jurnal nəşr edirik. Filialın rəhbəri İsmayıl
Mərcanlıdır, jurnalın
adı da "Bənövşə". Əvvəl qəzet buraxırdıq, sonra keçdik jurnala. Bundan əlavə, almanaxlar
da nəşr edirik.
- İlk kitabınız
çox gec nəşr olunub.
- Başımıza o qədər
müsibət gəldi
ki... Kitab hayında deyildik.
Nəhayət, 1999-cu ildə ilk şeirlər kitabım nəşr olundu. 2006-cı ildən Yazıçılar Birliyinin
üzvüyəm. "Qızıl Qələm"
mükafatçısıyam.
2007-ci ildə ikinci
kitabım nəşr
olundu. Ardınca üçüncü, dördüncü
gəldi... İndi də beşinci
kitabı çapa hazırlayıram. Birinci kitabım
kiril əlifbasıyla
buraxılmışdı. İstəyirəm onu yeniləyib latın
qrafikasıyla nəşr
etdirim. Bundan əlavə, yeni
şeirlərimi kitab halına salmaq fikrindəyəm.
- Kəlbəcərin
işğalı bir yaradıcı insan kimi sizə necə təsir etdi?
- Bu təsiri kitablarımı
kim oxusa,
görər. Şəhidlər haqqında şeirim çoxdur. Kəlbəcər dağı, Kəlbəcər
həsrəti, necə
deyim, bütün həyatım orayla bağlıdır. Kəlbəcərsiz nəfəs almaq çətindir.
- Kimlərdən
təsirlənirsiz?
- Aşıq ədəbiyyatı
yaradıcılığıma böyük təsir göstərib. Aşıq Ələsgəri bəlkə 20 dəfə
oxumuşam. Bir ədəbiyyatçı
kimi aşıq ədəbiyyatına meylliyəm.
İlk şeirlərim də heca vəznində aşıq ədəbiyyatı
stilində - qoşma,
gəraylı və
s. olub. Ancaq Nizamini, Səməd
Vurğunu, Süleyman
Rüstəmi, Rəsul
Rzanı, dünya ədəbiyyatını da
oxuyandan sonra istiqaməti dəyişdim.
Əruzda, sərbəst vəzndə
yazmağa başladım.
İndi nə qədər bacarmışam, onu oxucular deyər. Sərbəst vəzndə özümü
daha yaxşı ifadə edirəm. Son kitabımda da
bu cür şeirlər çoxdur.
- İstisnalar
qaydaları dəyişmir
deyə, misal var. Amma həmişə bütün qaydaları istisnalar pozub. Ədəbiyyat da praktikayla
zənginləşir. Sizcə, növbəti yeniliklər
üçün keçmişdən
aralanmaq lazım deyilmi?
- Müasir şeir yeni düşüncə,
yeni deyim tələb edir. Bu faktdır. Amma bir məsələ var ki, Azərbaycan
xalqının nümayəndəsiyik,
Azərbaycan ədəbiyyatını
yaradırıq. Bu nöqteyi-nəzərdən dilimizdəki
musiqi janrı, musiqi axını ədəbiyyatımızdakı şeir ritmi gərək xalqın qəlbinə uyğun olsun.
- Anton Çexov
deyir ki, milli vurma cədvəli
olmadığı kimi,
milli ədəbiyyat da yoxdur. Yəni ədəbiyyat bəşəri
anlayışdır, "bu,
Azərbaycan ədəbiyyatıdır,
biz bu cür yazmalıyıq" deməklə
onu məhəlliləşdirmirik?
- Bəli, elədir, məhəlliləşdirmək lazım deyil ədəbiyyatı. Ancaq insan
insandır. İnsan ruhu
elədir ki, hansı millətdən olmasının heç fərqi yoxdur. Görürsünüzmü bizim
hansısa incəsənət
nümunəmiz xaricdə
nə qədər sevilir... Niyə sevilir? Çünki ritmi, axarı, qəlbə yatımlılığı
xalqı özünə
cəlb edir. Xarici musiqilər var ki, bəziləri xoşuma gəlmir. Ürəyimə yatmır. Amma elə
xarici musiqilər var, başa düşməsəm də,
mənə zövq verir. Musiqi o demək deyil
ki, ritmi yüksək olsun. Söhbət
ritmdən getmir.
Düzdür, ritm də lazımdır. Ancaq elə musiqilər var, insanın daxilinə hopur, yağ kimi
yayılır...
- Daha çox nələri mütaliə edirsiniz, kimləri oxuyursunuz?
- Rus dilini bilmədiyim üçün tərcümələri oxuyuram. Əsasən, poeziya nümunələrini, böyük şairləri. Şekspir, Yesenin, Puşkin, Krılov, Cek London. Onlardan başqa da oxuduqlarım var, adları yadımda qalmayıb. Ümumiyyətlə, hansı əlimə keçirsə, xoşuma gələndə yerə qoymuram.
- Bəs bizim gənclərdən kimlərisə oxuyursunuz?
- Bizim Kəlbəcər şairlərindən Elşən Əzim, Əlövsət Məmmədov, Yusif Hüseyn. Yaddaşım daha əl vermir, adlarını xatırlamıram, amma çoxdular. Adları yadımda qalmasa da, bilirəm, kim necə yazır.
- Bəzi ədiblər
yazdıqca tükənirlər. Bəs sizdə elə olub ki, nəsə mövzu qıtlığı
yaşamısınız, yazmağa heç nə tapa bilməmisiniz?
- O məndə yoxdu. Məndə belə olur ki, məsələn, harasa gedirəm, xüsusən, tək olanda, bir də görürsən, fikir girdi beynimə, yapışdı yaxamdan. Yazmasam, əl götürmür (gülür).
- Daha
çox hansı mövzulara
toxunursuz?
- Vətən həsrəti... Bundan uzaq dura bilmirəm. İkinci mövzu məhəbbətdir. Xüsusilə, keçmiş məhəbbətin tərənnümü, etiraflar... Üçüncü mövzu vətənpərvərlik, əsasən, dövlətimizin gördüyü işlərdir. Şəhərlərimizin böyüməsi, ölkəmizin güclənməsi, inkişafı... Yazmaq istədiyim mövzular lap çoxdur. Ömür vəfa etsə, hamısını həyata keçirəcəm.
Cavid QƏDİR
525-ci qəzet 2018.- 21 sentyabr.-
S.8.