Ədəbi-pedaqoji və ictimai
mühitimizdə Qurban Musayev izləri
Babək QURBANOV
Professor
Bir
neçə gün bundan əvvəl nəfis bir şəkildə
işıq üzü görmüş bir kitabla tanış oldum.
Sözün düzü, bu kitab məni həyəcanlandırdı. Səbəbi
isə kitabda adı keçən, haqqında söhbət
açılan insanın çox yaxşı
tanıdığım, ailəlikcə bizə yaxın olan
bir şəxsiyyət olması idi. Kitabda
söhbət Qazax, Ağstafa, Tovuz və Gürcüstanda
çox yaxşı tanınan, sevilən Qurban Musayevdən
gedirdi. Bu insanı mən gənc
yaşlarımdan tanıyırdım və onun yaşam tərzi,
xeyirxahlıqla döyünən ürəyi, pedaqoji fəaliyyəti
və şairlik istedadı haqqında müəyyən təsəvvürlərim
vardı. Atam - Xalq şairi Osman Sarıvəlli onu
çox sevirdi, Böyük Vətən Müharibəsindən
alnıaçıq qayıdan, quruculuq işlərinə
başlayan, eyni zamanda, Azərbaycan Pedaqoji İnstitutunda təhsil
alan, o zamanlar çılğın gənc olan Qurbanda atam
nadir insani qabiliyyət və istedadı görə bilmiş və
hələ o zaman onun şairlik istedadına, cəmiyyət
üçün xeyirli ola biləcək pedaqoji qabiliyyətinin
boy göstərməsinə dayaq olmağa
çalışmışdır. Təbii ki, gələcəkdə
də atamın Qurban bəylə olan səmimi söhbətlərində,
eləcə də onun haqqında olan digər söhbətlərdə
mən dəfələrlə iştirak etmiş, onun xoş
niyyətli fikirlərinin şahidi olmuşam. Maraqlıdır ki, kitabda yer almış məqalələrdə
Qurban bəyi şəxsən tanıyan görkəmli sənət
və elm adamları dediklərimizi təsdiq etməkdədirlər.
Məsələn, istedadlı şairimiz, əfsuslar olsun ki,
sıralarımızdan erkən ayrılmış Eldar Nəsibli
"O, yaxşı direktor olmaqla yanaşı, həm də
istedadlı şairdir" məqaləsində Osman Sarıvəlli
ilə söhbətindən ətraflı bəhs edir və
onun Qurban müəllim haqqındakı xoş sözlərindən
birini oxucuları ilə paylaşır, onun xalq şairi tərəfindən
yüksək dəyərləndirilməsi faktını
vurğulayır: "Qurban müəllim ağıllı
adamdır. İşini ehtiyatla tuturdu. Bütün bunlarla yanaşı, o, həm də
istedadlı şairdir. Obrazlı,
işıqlı, lirik şeirlərin müəllifidir?"
Məqalədə
Eldar Nəsibli Qurban bəyi şəxsən
tanıdığı, orta məktəbdə onun tələbəsi
olduğu, Qazax rayonunun İkinci Şıxlı kəndində
onun kənd camaatının sosial-mədəni həyatında
fəal iştirakını, şagirdlərinin yüksək təhsil
və mənəvi dəyərlərə qovuşmasında
göstərdiyi ardıcıl fəaliyyəti, bu sırada
tanınmış ziyalılar və artıq universitetlərdə
təhsil alan tələbələrlə işlədiyi məktəbdə
görüşlər təşkil etməsini ətraflı
bir şəkildə qələmə almışdı. Onun
İkinci Şıxlı kənd yeddiillik məktəbinin 10
illik məktəbə çevrilməsi yolundakı cəhdlərini
Osman Sarıvəlli və Mehdi Hüseyn kimi
tanınmış ədiblərə müraciət etməsini
və nəhayət, məqsədinə çatması
faktını da Qurban bəyin işgüzarlığı və
xeyirxah əməlləri fonunda işıqlandırır. Eldar Qurban bəyin pedaqoji səriştəsindən
söhbət açır, onun istedadlı şagirdləri irəli
çəkməsini, onlara hər zaman dəstək
olmasını da diqqətə çatdırır. Özünün bir şair kimi yetişməsində
onun dəstəyinin olmasını, hətta ilk şeirlərinin
"Pioner" dərgisində yayımlanmasına şəxsən
köməklik göstərməsini də xatırlayır.
Qurban bəy klassik şeirimizə, həmçinin,
aşıq poeziyamıza, onun görkəmli nümayəndələrindən
olan Vaqif, Vidadi, eyni zamanda, Qurbani, Aşıq Ələsgər,
Xəstə Qasım kimi sənətkarlarımızın
yaradıcılığına yaxından bələd idi və
təbii ki, onların təsiri altında
yaradıcılığını davam etdirirdi. Lakin yeni həyat, həyati gerçəkliklər
onu yeni-yeni mövzulara və əslində, poeziyada öz dəst-xəttini
aramağa sövq edirdi. Maraqlıdır
ki, bu meyli kitabda yazıları yer almış bəzi müəlliflər,
onu şəxsən tanıyan və ya tanımayan, yalnız
şeirlərini oxuyaraq fikir söyləyən mütəxəssislər
də etiraf etməkdədirlər. Qurban bəyin
şeirlərində onun mənəvi mədəniyyət
tariximizə, poeziya sənətimizə, klassik mədəni
irsimizə nə qədər dərindən bağlı
olması özünü aydın bir şəkildə biruzə
verir. Eyni zamanda, onun ustadlara olan minnətdarlıq
və şükran borcu da bir daha misralarından əks olunur.
Qurban bəyin Xalq şairi Osman Sarıvəlliyə həsr
etdiyi bu misralar söylədiklərimizin əyani ifadəsidir:
Şerindən
həzz aldıq, bağça-bağ kimi,
Yandın
ürəklərdə şam, çıraq kimi,
Durdun
arxamızda Dəlidağ kimi,
Üzündən-gözündən
nur yağa-yağa,
Ay Osman
qağa!
Sən
yatalı bil bəxtim də yatıbdı,
Yelkənim hardasa itib-batıbdı.
Həyatda
nəyim var, sizdən çatıbdı,
Malım-mülküm,
canım sənə sadağa,
Ay Osman
qağa!
Qurban Musayevin əcdadlarına, onun ruhunu, mənəviyyatını
formalaşdıran zənginliklərə xüsusi bir sevgi ilə
yanaşmasını bir çox görkəmli elm və sənət
adamlarımız da etiraf etmişlər. Onların arasında akademik
Teymur Bünyadov, Xalq şairləri Nəriman Həsənzadə,
Zəlimxan Yaqub, yazıçı Gəray Fəzli, Nəriman
Qocaoğlu, şairlər Eldar Nəsibli, şair Avdı
Qoşqar və bir çoxlarının adlarını qeyd etmək
olar. Qurban Musayev haqqında daha dolğun məlumatları
övladı, hal-hazırda tanınmış
iqtisadçı və təcrübəli bank işçisi
olan Məmməd Musayev verməkdədir. Onun
kitabda yer almış xatirə yazısı bu baxımdan
olduqca maraqlıdır və Qurban bəyin bir şəxsiyyət
kimi, bir şair kimi nələri
düşündüyünü, övladlarına verdiyi tərbiyə
və tövsiyələri əyani detallarla yada salır.
Yuxarıda söylədiklərimizlə birlikdə Qurban
müəllimin ölkədə baş verən hadisələrdən,
xüsusilə də, Ermənistan-Azərbaycan münaqişəsindən
rahatsız olmasını, xalqımızı, gənclərimizi
vətəni qorumağa, bir qarış
torpağımızı belə düşmənə verməməyə
çağırmasını, bu yöndə bir çox
alovlu çıxışlarını və şeirlərində
dilə gətirməsini bir oğul kimi qürurla yada
salır. Bu baxımdan onun Qarabağa,
Şuşaya həsr edilmiş şeirlərini
xatırladır və bir şeirinə sevimli bəstəkarımız
Süleyman Ələskərovun mahnı bəstələməsini
xüsusi olaraq vurğulayır. Bu mahnı
vaxtilə səngərdəki əsgərlərimiz
qarşısında səsləndirilmiş və onların
ruh yüksəkliyi və vətənə olan sonsuz məhəbbətinin
ifadəsi kimi geniş əks-səda yaratmışdır.
Bu qəbildən olan şeirlər və marş üslubunda
yazılmış mahnı, elə düşünürük
ki, bu gün də öz aktuallığını
saxlamaqdadır. Məmməd Musayev yazır ki, atası Qurban
müəllim əslində, ailədə çox sərt
olub, övladlarını bəziləri kimi həddən
artıq əzizləyən, onların nazı ilə oynayan adam olmayıb. "O, bizləri adilliyə,
saflığa, zəhmətkeşliyə, müstəqilliyə,
yaradıcı olmağa səsləməkdə idi. Qəribədir
ki, bu qəbildən olan öyüd-nəsihətlərində
o, Xalq şairi Osman Sarıvəllinin "Gətir oğlum, gətir"
poemasından alınmış bu misraları həmişə
örnək gətirirdi:
Oğul,
fayda yoxdur mən qoyan addan,
Özün
hünər göstər, özün ad qazan
- deyirdi".
Eyni
zamanda, Məmməd Musayev şairin ona həsr etdiyi bir
şeiri də misal çəkir və burada bir daha Qurban
müəllimin əslində, yalnız onunla bağlı
deyil, bütün gəncliyə arzularının, istəklərinin,
gələcəyə olan ümidlərinin poetik ifadəsindən
söz açır. İrihəcmli bu şeir
öz səmimiliyi, emosionallığı, hikmətliliyi ilə
olduqca təsirlidir, öz tərbiyəvi-dəyişdirici
funksiyasını yüksək bədiiliklə ifadə
etmişdir. Şeirdə demək olar ki, şair adil, vətənini,
onun şəhərlərini, kəndlərini, mənəvi
nemətlərini, dilini, dinini sevən, söz-söhbətlərində,
qəti və lakonik olan ahəngdar, kamil bir insan tipi kimi
çıxış edir, arzuladığı fikirləri
aydın bir şəkildə oxucusuna çatdırır. Eyni zamanda, bu şeirdə nəsillər arasında
varislik, mütərəqqi dəyərlərin tarixən
inkişaf etdirilməsi fikri də poetik bir ucalıqdan səslənir.
Şeirin hər bəndi müdrik və tərbiyəedici
duyğularla zəngindir. Şeirdən alınmış
bir-iki bənd ilə oxucularımızı tanış
etmək ehtiyacı duydum:
Sözün
olsun yığcam, qəti,
Doğru danış, al xələti.
Eylədiyin
bir hörməti
Dönüb
qaxma başa, oğul!
Böyük
dinsə, dayan, dinlə,
Qarşılama
onu kinlə,
İnamınla,
məsləkinlə
Müdam
tanın qoşa, oğul!
İti
olur elin gözü,
O tez
seçir əyri-düzü.
Layiq
olsan, xalqın özü
Çəkər
səni başa, oğul!
Oğru-əyri
gördün, susma,
Öz fikrini söylə, qısma.
Yıxılanın
üstdən basma,
Çalma
daşdan-daşa, oğul!
Bu misralardan bir daha şairin ləyaqətli, xalqına,
onun mənəvi-etik dəyərlərinə bağlı
olduğunu hiss etməkdəyik və o, özü də
yaşam müddətində bu prinsiplərə sadiq
qalmasını dəfələrcə sübut etmişdir. Yuxarıda
örnək seçdiyimiz misallarda və Məmməd Musayevin
geniş xatirəsində bu fikrimizin həqiqət olmasına
şübhə yeri qalmır. Məsələn, Qurban
Musayevin İkinci Şıxlı kəndinin sosial-mədəni
həyatı, təsərrüfatı, hətta dram dərnəyi
kimi məsələlərinə vaxt ayırması, burada xalq
rəssamı Mikayıl Abdulayev, Xalq şairi Osman Sarıvəlli,
Əməkdar elm xadimi Zəlimxan Qarayev, Xalq şairi Nəriman
Həsənzadə, Xalq yazıçısı İsmail
Şıxlı, məşhur saz ifaçısı
aşıq Ədalət Nəsibov, Sosialist Əməyi Qəhrəmanı
metalluq Cahangir Mustafayev və başqa görkəmli şəxslərlə
görüşlər keçirməsi kimi ardıcıl fəaliyyəti
ilə birlikdə, kəndin müdafiəsi ilə əlaqədar
məsələləri də unutmaması bir həqiqət
idi. Əslində, geniş düşüncə tərzinə
sahib Qurban müəllim erməni təcavüzkarlarının
hər an kəndə hücum edə biləcəkləri təhlükəsini
görərək kəndin sərhədlərini davamlı
müdafiə etmək üçün gənclərdən
ibarət özünümüdafiə dəstələri
yaratdı və gələcəkdə sərhədə
nizamlı ordunun yerləşdirilməsinə nail ola bildi.
Məmməd Musayev atasının istedadlı bir təsərrüfatçı
olması, kənd həyatı və mal-qara iqtisadiyyatından
məharətlə baş çıxara bilməsindən də
ətraflı söz açır. Bununla birlikdə onun,
məsələn, İkinci Dünya müharibəsindən
sonra Qazax Dilboz atlarının nəslinin tükənməsi təhlükəsinin
qarşısının alınması yolundaki rolundan da
danışıb. Dilboz
Atçılıq təsərrüfatının Ağstafa
rayonuna - Ceyrançölə, öz qədim məkanına
qaytarılması yolundaki səylərini də oxucularına
çatdırmağı lazım bilir.
Kitabda Qurban müəllimin o dönəmin ədəbi-bədii
mühiti ilə olan təmasları, bu yolda daima
özünü təkmilləşdirmə səyləri də
öz ifadəsini tapmışdır. Zənnimizcə, Qurban
Musayevin bir çox sənət və elm adamlarımıza həsr
etdiyi şeirlər və misralar söylədiklərimin əyani
sübutudur. Məsələn, Səməd Vurğuna,
Osman Sarıvəlliyə, Mehdi Hüseynə, Dədə
Şəmşirə, Nəriman Həsənzadəyə, Vəli
Xramçaylıya və başqalarına həsr etdiyi
şeirlər öz bədii gücü və təsir dairəsinə
görə fərqli olsa da, burada ifadə olunmuş bədii
obrazlara - şəxslərə xas əsas xüsusiyyətlər,
onların sosial-mədəni həyatımızda tutduğu
mövqe, xalqımızın mənəvi həyatındakı
rolu sənətkarlıqla qələmə alınıb. Maraqlıdır ki, adlarını çəkdiyimiz
simalar da öz növbəsində Qurban müəllimin
müsbət məziyyətlərindən söz
açmış, onun bir şair, bir pedaqoq kimi yüksək məharətindən,
o dönəmin sənət və elm adamları ilə daima təmas
saxlamaq istəyindən yazmışlar. Onların qələmə
aldığı bir neçə kəlmə ilə
oxucularımızı da tanış etmək
istərdik. Akademik Teymur Bünyadov: "Qurban Musayevin qoşa
qanadının biri şeirdisə, sazdısa, sözdüsə,
digər qanadı müqəddəs saydığımız,
xalqımızın müraciət forması olan müəllimlik
sənətidi. Təlim keçdiyi, tərbiyə verdiyi
müəllimlik sənəti yüzlərlə, minlərlə
gənclərə təhsil verən, kamala yetirən, gələcəyə
uğurlayan Qurban Musayev..." Xalq şairi Zəlimxan Yaqub isə
Qurban müəllimin təvazökarlığını,
dostluq anlayışını yüksək qiymətləndirərək,
"Sözün mənasını dərindən anlayan,
şeirin gücü nədir, onu dərindən dərk edən
bir ziyalı sadəlik, təvazökarlıq yolu ilə gedib,
Osman Sarıvəlli kimi böyük bir şairlə dostluq edən
Qurban müəllim heç vaxt bu dostluqdan sui-istifadə etməyib".
Nəriman Həsənzadə Qurban müəllimin
yaradıcılıq dəst-xəttinə toxunaraq bir daha qeyd
edir ki, "Şairin çox rəvan, xalq dilində
yazılmış bir silsilə satirik şeirləri də var
ki, bunlar da gözəl istedadı ilə seçilən, xalq
içində yaşayan qələm əhlinin həyatda
gördüyü yaramazlıqlara biganə
qalmadığını, onları sərrast nişan
aldığını göstərir".
Azərbaycan
Yazıçılar Birliyi Qazax filialının sədri, Qurban
Musayevi bir şəxsiyyət kimi yaxından tanıyan,
yaradıcılığına dərindən bələd olan
istedadlı şair və təşkilatçı Barat
Vüsal isə Qurban müəllimin
yaradıcılığına ümumi bir nəzər salaraq
qeyd edir ki: "Doğrudan da şeir, şair hər şeyi
sonadək məhv olmağa qoymur. Qurban Musayevin özündə
də, sözündə də Kür üstünün, qədim
elimizin, obamızın, kəndlərimizin ab-havası,
vüqarı, nəfəsi yaşayırdı"
.
Kitaba yazılmış geniş bir ön
sözündə də biz Qurban Musayevin əsərlərinin
professional təhlili, bədii-estetik məziyyətləri, təsnifatı,
ideya-məzmun və poetik forma xüsusiyyətləri
haqqında bir çox dəyərli fikirlərlə
rastlaşırıq. Kitabda yer alan neçə-neçə
sənət və elm adamlarının Qurban Musayev haqqında
yazdıqları xatirələri oxuduqca bir daha bu nadir
insanın, istedadlı şairin canlı və
çoxyönlü surəti gözümüzdə
canlanır, onun nə qədər zəngin bir mənəvi aləmə
sahib olması, xalqımızın qaynar həyatında
nə qədər böyük bir yeri olduğu, elimizin,
obamızın sevimlisinə çevrilməsi fikri qətiləşir.
Beləcə, Qurban Musayev kimi simaların mənəvi mədəniyyətimizdəki
danılmaz rolu qədirşünaslıqla bir daha yada
salınır.
525-ci qəzet 2018.-
21 sentyabr.- S.6.