"Əsl sənəti saxtakarlıqdan
ayıra bilirəm"
MƏMMƏDƏLİ
AĞAYEV: "AZƏRBAYCANLI OLMAĞIMDAN QÜRUR DUYURAM"
Məmmədəli Ağayev Moskva Akademik Satira Teatrının direktoru, Rusiya Federasiyasının Əməkdar mədəniyyət
işçisi və Əməkdar incəsənət
xadimidir.
Bu ölkənin II dərəcəli
"Vətən qarşısında
xidmətlərinə görə"
ordeninin medalı və "Dostluq" ordeni ilə təltif olunub.
2017-ci ildə Azərbaycan
Prezidenti İlham Əliyevin Sərəncamı
ilə Rusiya Federasiyası ilə Azərbaycan Respublikası
arasında mədəni
əlaqələrin möhkəmləndirilməsində
xidmətlərinə görə
"Dostluq" ordeninə
layiq görülüb.
AZƏRTAC-a müsahibəsində Məmmədəli Ağayev
Moskva teatrında fəaliyyətindən, Rusiya-Azərbaycan
mədəni əlaqələrindən
danışıb.
- Məmmədəli
müəllim, siz Rusiyada incəsənət
sahəsində fəaliyyət
göstərən tanınmış
azərbaycanlılardan birisiniz.
Uzun illərdir Moskva Akademik Satira Teatrının direktoru vəzifəsində çalışırsınız.
Azərbaycanlı olmağınız fəaliyyətinizdə sizə
mane olmur ki?
- Direktor olmaq çətindir. Teatrla bağlı məsələlərdən
tutmuş, yaradıcı
kollektivin məişət
problemlərinədək mühüm
işlərin həlli
mənim öhdəmə
düşür. Ancaq mən
hələ uşaqlıqdan
teatrda böyümüşəm,
əsl sənəti saxtakarlıqdan ayıra bilirəm. Kollektivin hər bir üzvünün
teatrda, qastrol səfərlərində rahat
işləməsi üçün
pərdəarxası, gözəgörünməyən
o qədər məsələ
var ki... Böyüklərə ehtiramla, kiçiklərə
qayğı ilə yanaşmağa çalışıram.
Bu da yəqin
ki, mənim mentalitetimdən, azərbaycanlı
ailəsində böyüməyimdən
irəli gəlir.
Bu baxımdan, deyərdim ki, azərbaycanlı olmağım
mənə kömək
edir. Çünki bizə hələ
uşaqlıqdan böyük-kiçik
yeri bilməyi, ailəyə canıyananlıqla
yanaşmağı aşılayırlar.
Teatr isə böyük bir ailədir.
- Ali məktəbi
bitirdikdən sonra Naxçıvan teatrında
çalışmısınız. Necə oldu ki, Moskvaya gəldiniz?
- Bakıda ali təhsilimi
başa vurub Naxçıvana qayıtdım
və 1975-ci ildə Naxçıvan Musiqili
Dram Teatrında fəaliyyətə
başladım. Oradan məni
Moskvaya, 2 illik təkmilləşdirmə kurslarına
göndərdilər. Elə burada da SSRİ Xalq artisti, görkəmli rejissor, Moskva Akademik Satira Teatrının baş rejissoru Valentin Pluçeklə tanış
oldum. Valentin Nikolayeviç çox müdrik, dünyagörmüş
bir adam
idi. Belə bir insanın
mənə inanıb öz yanında işə götürməsini
taleyin hədiyyəsi
kimi qiymətləndirirəm.
Uzun illər onun rəhbərliyi altında
çalışmağım mənim üçün böyük həyat məktəbidir. Valentin Nikolayeviç
səhhəti ilə əlaqədar teatrdan gedəndən sonra artıq 18 ildir teatra Mixail Şirvindt
rəhbərlik edir.
- Rusiya teatr aləmində
sizi yüksək peşəkar kimi tanıyırlar. Rusiya dövləti sizin
xidmətlərinizi layiqincə
qiymətləndirib.
- Rusiya Prezidenti
Vladimir Putinin fərmanları
ilə II dərəcəli
"Vətən qarşısında
xidmətlərinə görə"
ordeninin medalı və "Dostluq" ordeni ilə təltif olunmuşam. "Dostluq" ordenini mənə Kremldə Prezident Vladimir Putin şəxsən
təqdim edib. Bu, mənim üçün
çox qürurverici
idi. Bir azərbaycanlı kimi fəxr edirdim ki, böyük
bir dövlətin rəhbəri mənim xidmətlərimi belə yüksək qiymətləndirib.
- Gənclik illərindən Rusiyada yaşamağınıza baxmayaraq,
Azərbaycan ilə, xüsusən də kiçik Vətəniniz olan Naxçıvanla əlaqələrinizi davam
etdirirsinizmi?
- Azərbaycanlı olmağımdan
qürur duyuram. Ötən il
Azərbaycan Prezidenti İlham Əliyev 65 illik yubileyim münasibətilə "Dostluq"
ordeni ilə təltif olunmağım barədə Sərəncam
imzaladı və bu yüksək mükafatı mənə
şəxsən təqdim
etdi. Əlbəttə, bu, mənim
üçün həm
sonsuz xoşbəxtlik,
həm də böyük məsuliyyətdir.
Azərbaycan və Rusiya
mədəniyyət və
incəsənəti illərlə
qoşa addımlayıb.
Azərbaycan incəsənətinin bir çox məşhur nümayəndələri
Rusiyada, Moskvada təhsil alıblar. Prezident İlham Əliyevlə görüşüm mənim
xatirəmdə əbədi
qalacaq. Onun əsl ziyalı,
Vətənini, xalqını
sonsuz məhəbbətlə
sevən bir insan olduğunun şəxsən şahidi
oldum.
Teatrımızın aktrisaları Natalya Seleznyovanın
və Zoya Zelinskayanın oğulları
Moskva Dövlət Beynəlxalq Münasibətlər
İnstitutunda (MDBMİ) təhsil
alıblar. Prezident İlham Əliyev
MDBMİ-nin müəllimi
olduğu dövrlərdə
onlara dərs deyib. Hazırda hər ikisi
diplomatik fəaliyyətini
davam etdirirlər.
Onlar danışırlar ki, İlham Əliyevin mühazirələri zamanı
digər fakültələrin
tələbələri də
gəlib onu dinləyirdilər. Şəxsi görüşümüzdən
sonra mən bir daha əmin
oldum ki, Azərbaycan xalqı xoşbəxtdır ki, İlham Əliyev kimi Prezidenti var.
- Ulu öndər Heydər Əliyevlə Moskvada görüşləriniz olubmu?
- Ulu öndər Heydər Əliyev dahi şəxsiyyətdir.
Onun Moskvada nə qədər böyük nüfuz sahibi olmasının, sevilməsinin
dəfələrlə şahidi
olmuşam. Ulu Öndər
bizim teatra tez-tez gəlirdi, tamaşalarımıza baxırdı.
Teatr sənətinin incəliklərinə
bələd olması
hər zaman kollektivimizdə heyranlıqla
qarşılanırdı. Görüşlərimizin birində
ona atam haqqında danışdım,
hələ gənclik
illərində Naxçıvanda
tanış olduqlarını dedim. O vaxtlardan 60 il
keçməsinə baxmayaraq,
atamı dərhal xatırladı. Həqiqətən dahi insan, böyük azərbaycanlı
idi.
- Bu illər ərzində, sözsüz
ki, bir çox
məşhur sənət
adamları ilə dostluq əlaqələriniz
olub?
- Andrey Mironov ilə yaxın dost idik. Olduqca xeyirxah
və ürəyiaçıq
adam idi.
Əsl sənət fədaisi kimi ömrünün son anınadək teatrda oldu, mənim qollarım üstündə
dünyasını dəyişdi.
Bu, əlbəttə, əvəzolunmaz itki idi. Böyük aktyor Georgi Menqlet
öz xatirələrində
məni də yada salıb və yazıb ki, mənim qismimdə ahıl çağlarında özünə
əsl, səmimi dost tapıb. Ümumiyyətlə, hər tamaşa
öncəsi mən aktyorların otaqlarına gedirəm, söhbət edirəm, kefin soruşuram. Bu bir qanundur, məndən
əvvəlki direktor da belə edirdi.
Odur ki, mən bütün
aktyorlarla dostam.
- Teatrınızın
tamaşaçıları arasında dövlət adamları, yüksək vəzifəli məmurlar da olur. Onları siz qarşılayırsınız?
- Bu qəbildən olan tamaşaçılar arasında yeganə qarşılamadığım şəxs Mixail Qorbaçov olub. Məlum hadisələrdən sonra bu adamla üzbəüz gəlmək belə mənim üçün mümkünsüz idi. Digər dövlət məmurlarının hamısını şəxsən qarşılayıram, tamaşadan sonra aktyorlarla görüş təşkil edirik. Ancaq bir yazılmamış qanun tətbiq etmişəm və bununla fəxr edirəm ki, teatrda vəzifəli şəxsə xahişlə müraciət etmək olmaz. Moskvanın keçmiş meri Yuri Lujkov teatrımıza gələndə, mən onun köməkçisi vasitəsilə qəbula yazıldım. Aktyorlarımızdan bəzilərinin mənzil problemini həll etməli idim. Bir neçə gündən sonra merin qəbuluna gələndə Lujkov çox təəccübləndi. Mən ona dedim ki, teatr sənət ocağıdır. Burada yalnız sənətdən danışmaq olar. Onu da deyim ki, şəxsi dostluq əlaqələrim sayəsində 27 illik fəaliyyətim dövründə teatrda çalışan 78 əməkdaşın mənzil problemini həll edə bilmişəm.
- Rusiya
teatrlarında azərbaycanlı aktyorların sayı çox azdır. Gənclərimizi Rusiya teatrlarına cəlb etmək üçün nə etmək
lazımdır?
- Çox istərdim ki, Moskva Satira Teatrında bir neçə azərbaycanlı aktyor işləsin. Nəsibə Zeynalova, Siyavuş Aslan, Əliağa Ağayev kimi dahi komik artistlər bizim səhnəmizdə maraqlı rollar yarada bilərdilər. Təəssüf ki, gənc aktyorlar indi daha çox kinoya çəkilməyi üstün tuturlar. Ancaq indi Azərbaycan dövlətinin dəstəyi ilə gənc aktyorlar Moskva teatr məktəblərində təhsil almaq üçün Rusiyaya göndərilir. Bu, məni çox sevindirir. Onları teatrımıza dəvət edirəm ki, tamaşalarımızı izləsinlər. Boris Şukin adına Teatr İnstitutu artıq ilk addımları atıb. Mən onların kurslarında oluram. Yaxın vaxtlarda azərbaycanlı gəncləri teatrımızda yaradıcılıq prosesinə cəlb etmək niyyətindəyəm.
- Uzun
illər Rusiyada yaşayan
azərbaycanlı kimi diaspor
problemlərimiz, sözsüz ki, sizi də narahat edir. Bu
böhrandan çıxış
yollarını nədə görürsünüz?
- Əlbəttə, bu məni də çox narahat edir. Rusiyada yaşayan azərbaycanlıları birləşdirən güclü diaspor təşkilatına çox ehtiyac var. Ayrı-ayrı cəmiyyətlərin və qurumların bir araya gəlməsi, ünsiyyəti qurması, birgə fəaliyyəti üçün Azərbaycan evi yaradılsa, çox yaxşı olar. Bizim toplaşıb ünsiyyət qurmağımız üçün bir məkana ehtiyacımız var. Akademik, tanınmış ziyalımız Fazil Qurbanovun diasporumuzu böhranlı vəziyyətdən çıxaracağına, Rusiya azərbaycanlılarını ətrafında birləşdirə biləcəyinə əminəm. Ümid edirəm ki, bu məsələ tezliklə müsbət həll olunacaq.
525-ci qəzet.-2018.-21 sentyabr.-S.7.