İspaniya - düşüncələr və
unudulmaz xatirələr
Telman ORUCOV
Əvvəli ötən şənbə
sayımızda
“Bütün böyük səyahətçilər
kimi, mən xatırladığımdan çox
şeyi görmüşəm
və gördüklərimdən
çox şeyi xatırlayıram”.
Bencamin Dizraeli
Böyük Britaniyanın 1868-1874-cü illərdəki baş naziri
Andalusiyadakı Əməvi sülaləsi
(751-1031-ci illər) İspaniyada
ərəb sivilizasiyasının
zeniti kimi qiymətləndirilir. Onun tarixi iki dövrə bölünür
- müstəqil əmirlik
dövrü (756-929-cu illər)
və xilafət dövrü (929-1031-ci illər).
Dövlətin vəziyyəti üç
eyni adlı şəxsiyyət - I Əbd
ər-Rəhman (751-788-ci illər),
II Əbd ər-Rəhman
(822-852-ci illər) və
III Əbd ər-Rəhman
(891-961-ci illər) ətrafındakı
dəyişikliklərlə izah oluna bilərdi.
I Əbd ər-Rəhman
yeni ərəb dövlətinin təşkilatçısı
idi. Cəsur və qəddar
olmaqla, o, yarımadadakı
bütün müxalif
elementləri yoxlayırdı.
Kimlər ki, bir qiyam əlaməti göstərsəydi, o, həmin
adamlara çox rəhmsizliklə yanaşırdı.
O, dini hakimiyyətləri
himayə edirdi. Şimalda o, Qərbin imperatoru Şarlamandan (Böyük
Karldan) təhlükə
gözləyirdi, axırıncı
isə nəzərlərini
Ebro çayı vadisinə
dikmişdi. Frankların irəliləməsinə
isə yalnız müsəlmanların 801-ci ildə
Barselonanı və Köhnə Kataloniyanı
tutması ilə son qoyuldu.
I Əbd ər-Rəhmanın
varisləri I Hişama
və II Əl-Hakama qarşı ərəb kübarları arasında
daxili müxalifət meydana gəldi. Toledada qalxan
qiyam vəhşicəsinə
yatırıldı.
II Əbd ər-Rəhman
müsəlman İspaniyası
üçün böyük
siyasi və mədəni yüksəliş
dövründə taxt-taca
çıxdı. Bu vaxt bir sıra
texniki irəliləyişlər
tətbiq edildi.
O, ölüm cəzasından
istifadə edirdi, şəhərdəki gələcək
xristian qurbanlarının
siyahısını tutdurmuşdu.
Bu, b.e.ə. I əsrin başlanğıcında
diktator Sullanın Qədim Romada tətbiq etdiyi bədnam proskripsiya siyahısını yada salırdı.
Xarici siyasətdə
isə o, diplomatik fəallıq nümayiş
etdirirdi. Bizans imperatoru ilə,
Frank kralı Şarlla
səfirlər mübadiləsi
etmiş və onlarla dostluq münasibəti saxlayırdı.
Vikinq müdaxiləsinə qarşı
daimi müdafiə zonası qurmuşdu.
III Əbd ər-Rəhmanın
ən birinci siyasi problemi beynəlxalq məsələyə
aid idi. O, Bağdaddakı
Abbasilər sülaləsindən
hüquqi status almalı
idi. İspaniyadakı Əməvilər Bağdadın dini liderliyini tanımağa razılıq vermişdilər.
Qurtuba (Kordoba) xilafəti kimi tanınan yeni müsəlman dövləti bir əsrdən çox müddətdə İspaniyanı
idarə etdi. III Əbd ər-Rəhman
tərəddüd etmədən
özünü xəlifə
elan etdi və əl-Naşir titulu altında 929-cu ildə xəlifəliyi qəbul etdi. On il sonra
o, xristian ispanların
tərəfindən ağır
məğlubiyyətə uğradıldı.
Lakin onun himayəsi ilə müsəlman dəniz quldurları Cənubi Fransada baza qurdular.
Əl-Naşirin oğlu II əl-Hakam taxt-taca çıxdıqda
o, əl-Mustanşir xəlifə
titulunu qəbul etdi. Onun hökmranlığı sülhsevər idi, Mərakeş prorbleminin həllində də uğur qazanmışdı.
Əl-Mustanşir öləndən sonra oğlu II Hişam taxt-taca çıxdı. Sonra hökmranlığa
gələn əl-Manşur
(o, general Əbu Amir əl-Maarifi
idi) Mərakeş üzərində tam nəzarət
əldə etdi və onu Kordoba
vitse-krallığına daxil
etdi. O, həmçinin,
ölkədəki bütün
xristian paytaxtlarını
qarət etdi. Afrikadan gələn berber qoşunları
ona kor-koranə tabe olurdular. Ərəb kübarlığı, berberlər
və qullar onun güclü əli tərəfindən
idarə olunurdu.
1002-ci ilə qədər
26 il ərzində
hökmranlıq edən
əl-Manşur şairləri
və alimləri himayə edirdi, o, öz ratsionalizmini möminlik pərdəsi altında gizlədirdi.
Onun ölümündən
sonra oğlu əl-Müzəffər taxt-taca
çıxdı. O, xristianlara
qarşı mübarizə
aparırdı. XI əsrin əvvəllərində
narazılıqlar, hətta
ərəblər, berberlər
və qullar arasında toqquşmalar baş verirdi. Nəticədə bu anarxiya illəri bir neçə müstəqil
krallıqların meydana
gəlməsinə səbəb
oldu.
Bu bölünmə şimalda
xristian dövlətlərini
genişlənməyə qadir
etdi. Xristian dövlətləri tayfalar adlanan həmin müsəlman sakinlərin üzərinə
ağır iqtisadi yük qoyurdu.
Kastiliyalılar 1085-ci ildə Toledonu işğal etdikdə, Andalusiya artıq xarici müdaxilə üçün yetişmişdi. Fraksiya başçıları
xristianların irəliləməsindən
təşvişə düşmüşdüldər,
almoravidlərdən kömək
xahiş edirdilər.
Müsəlman İspaniyasının dəvət
etdiyi almoravidlər
1086-cı ildə xristian
ordusunu məğlub etdi.
Sid adlanan Redriqo Dias (Sid - “Ağa” demək idi, ona bu
adı ərəblər
vermişdilər) - vuruşmağı
sevirdi. O, Valensiyanı
almoravidlərdən uğurla
qorumuşdu, 1099-cu ildə
o öləndən sonra
ardıcılları şəhəri
tərk etdilər. Bu ispan qəhrəmanı
barədə “Sid haqqında
nəğmə” eposu
geniş məlumat verir.
Bir qədər
sonra səhnəyə
Almohadlar gəldilər. Onlar müsəlman
vətəndaş müharibələrində
irəli çıxmışdılar.
Qranadada Naşri sülaləsi əsr yarım ağalıq etdi. Lakin buradakı
müsəlmanlar daim yerli xristianların təhlükəsi altına
düşürdülər. Xristianlarla vuruşmaq üçün
Afrika könüllülərinin
öz ordularına gəlmələrinə icazə
verdilər. XIV əsrin birinci yarısında vəziyyət
mürəkkəb olaraq
qalırdı. Mərakeş və Kastiliya Qranadanın iki limanını ələ keçirməyə göz
dikmişdi. Kataloniya
da Rekonkistadan daha böyük pay almaq istəyirdi.
Kral XI
Alfonso berber ordusu üzərində qələbə çaldı
və bu, Qranada üçün əlverişli iqlim yaratdı. XIV əsrin
ortasından son onilliyinə
qədər Qranada özünün ən böyük yüksəlişinə
çatdı. Şair-kral III Yusifin (1408-1447-ci illər)
şərti şeirləri
və ya analoji ərəb şairinin “Abenemar” romansı həmin dövrün tarixini, azacıq da olsa, işıqlandırırdı.
Qara Ölüm - taun xəstəliyi (1348-1351-ci illər)
və daxili müharibələr xristian
Kastiliyasını zəiflətdi.
Rekonkista 1435-1462-ci illərdə
bir sıra şəhərləri tutduqdan
sonra Qranada əhalisi xristianlara qarşı daha az tolerant oldu,
Qranada ilahiyyat alimləri isə daha yüksək ksenofobiya nümayiş etdirdilər. Rekonkistanı sonuncu zəfərə
aparan kampaniya üçün Qranada
casus belli - müharibəni başlamaq üçün
formal bəhanə rolunu
oynadı.
Qranada sultanı muley Hasan (Əbu əl-Şasan Ali) katolik krallarına illik təzminatı ödəməkdən imtina etdi və 1481-ci ildə bir istehkamlanmış şəhəri tutduqda, düşmənçilik yenidən başlandı. Lakin Qranadaya qarşı kampaniya çətin olaraq qalırdı. Kral Ferdinand Katolik, Makiavelli qaydasında hərəkət etdi. Muley Hasanın oğlu Boabdil (ərəbcə: Məhəmməd Əbu Əbd-Allah) öz atasına qarşı qiyam qaldırdı. Düşmənçiliklə əhatə olunmuş Qranada üçün bu, əsl xəyanət idi. Lakin Muley Hasan paytaxtı yenidən tuta bildi, sonra isə bu dəfə artıq öz qardaşı tərəfindən devrildi.
Xristian kralları Boabdili əsir götürdü və o, azadlıq əldə etmək naminə Kordoba paktını imzaladı, bu müqavilə Qranadanın geri qaytarılmasında kastiliyalılara kömək edəcəkdi. Çünki Alhambra sarayı hələ də Muley Hasanın əlində idi. Mavr krallarının saray-istehkamı olan Alhambra XIII-XIV əsrlərdə tikilmişdir, hazırda dünya irsi siyahısına daxildir. Saray Orta əsrlər İslam arxitekturasını xarakterizə edən çox sayda salonlara və bağlara malikdir.
Krallığın bir hissəsini tabeliyində saxlayan Zaqal Boabdilə qarşı ittifaqa qoşulduqda, o, qaçıb Katolik kralın sarayında sığınacaq tapdı. Muley Hasan 1435-ci ildə öldükdə Boabdil Alhambranı işğal edə bildi. El Zaqal müqavimət göstərə bilməyib, öz dövlətini katolik krallara təslim etdi. Xrstianlar Qranadanı mühasirəyə aldılar, lakin şəhər əhalisi qızğın müqavimət göstərirdi.
1491-ci ilin axırında vəziyyət ümidsiz hala düşdü. Rəsmi təslim olma və yarımadanın müsəlman işğalına son qoyulması 2 yanvar 1492-ci ildə baş verdi; 10 gün sonra isə Kastiliya qoşunları Alhambraya girdi.
(Ardı var)
525-ci qəzet.-2018.-22
sentyabr.-S.22.