AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ 2018-Cİ İLİ - AZƏRBAYCAN XALQ CÜMHURİYYƏTİ İLİ ELAN ETMİŞDİR

 

Şirməmməd HÜSEYNOV

 

Müsəlman Şərqində ilk demokratik respublikanın elan edilməsinin 100 ilinin 23 ayı müstəqillik, 71 ili istila-fasilə dövrüdür. Vətəni tərk edib mühacirət həyatı yaşayan mücahidlər müstəqilliyin yenidən qələbəsi uğrunda mübarizələrini qətiyyətlə davam etdirmişlər. Mühacirət mətbuatı bu, istila-fasilə dövrünün canlı salnaməsidir. Nəzərdən keçirək.

 

Milliyyət məbdəinin (prinsipinin) Avropada qələbəsi

 

Azəri Gənclər Birligi mohzərində (yığıncağında) M.Ə.Rəsulzadənin mühazirəsi*

 

II

 

Milliyyət məsələsində Almaniya məktəbi

 

Şimdiyə qədər biz milliyyət məsələsində fransız və Amerika ixtilalarında hakim olan hüquqi-təbiiyə məbdələrilə Hüquqi-Bəşər Bəyannaməsindən mütəvəllid məfkurə və nəzəriyyələtə işarə etmiş olduq. Fəqət bu məfkurə yalnız fransız inqilabının elan etdigi radikal prinsiplər təsiri ilə degil, ictimai və tarixi digər amillərin də təsiri altında böyümüş və qüvvət bulmuşdur.

 

XIX əsrin ibtidalarında 20-30 sənələrində Avropa çox ciddi bir istihalə (bir haldan başqa hala keçmə) dövrü keçiriyordu. O əsrin adamları kəndilərinin yeni ruh və intibah ərəfəsində olduqlarını seziyorlardı. Bu intibah, çoxdan inqiraza (məhvə) uğrayaraq, tarix səhifəsindən silinmiş olduqları təsəvvür olunan və getdikcə mədəni və harsi qiymətlərini qeyb edən millətlərin yenidən doğmaları, bəsü bədəl (pis ölüləri dəyişmək) mövtləri şəklində təzahür ediyordu.

 

Fransız məktəbinə görə millət, təbiətdən hürr doğmuş əfradın (fərdlərin) sərbəst iradəsilə mövcud idi. Halbuki yeni alman məktəbi milləti, iradə məsələsindən xaric olaraq təbii bir surətdə mütəəzzi (əziyyət çəkən) bir qüvvət olaraq görüyordu. Eyni irqin əfradı, iradələri olmazsa belə, ittihad etdirilməlidir. XIX əsrin 2-ci nisfində hakim bir vəziyyətdə bulunan alman nəzəriyyəsincə milliyyət demək, irq deməkdir. Bu nəzəriyyə o zamankı şərait daxilində milli alman siyasətinə pək müvafiq idi. Bu gün irq nəzəriyyəsi hər nə qədər mövqeini hars nəzəriyyəsinə tərk etmişsə də, milliyyətin fərdi və iradi bir şəkildə degil, kütləvi və ictimai bir təəzzüm (təkəbbürlü) şəklində olması fikri hala nəfy edilməmişdir. Filoloji təhərriyata istinad edən yeni alman məktəbi az zamanda çox böyük nəticələr əldə etdi. Fransız müvərrixlərindən Ernest Renan alman səyi fikrisindən doğan filoloji elminin fransız hürriyyət fikirləri qədər hazırkı mədəniyyət üzərində müəssir olduğunu etiraf edərmiş. XIX əsrin ortalarından sonra Avropa məmləkətlərinin əksərisindən tarix tədqiqatı ilə elmi mədrəsələrin üsul və təşkilatında alman nəzəriyyəsi qəbul edilmişdir. 1828-dən etibarən Bonn Darülfünununda tarix dərsi verən Niebuhr (Barhold Georq Niebuhr) Roma tarixi haqqında nəşr eylədigi tədqiqatını təqdirən, ingilis müvərrixi Makules demişdir ki, “Niebuhrun əsərləri Avropada yeni bir dövr açmışdır”. Fransız müvərrixi Bourgeoisə görə Niebuhrdan sonra, Avropa Fransa fikirlərini tərklə Almaniya filoloji məktəbinin üsul və dərslərini tətbiqə qoyulmuşdur. Alman üləması filoloji üsullarını Yunan və Romadan sonra Germaniyaya da tətbiq eyləmişdir. Bu məsaiyə (işə) bittəbii milli həyəcan qarışmış. Lachmanın Almaniya dastanı Nibelungenin ifadə etdigi mənaları anlatmış, Grimm bəradərlər lisan, əsatir və qədim müəssisələri təhərri eyləmiş və sair bir çox filoloqlar alman folqunun (kövminin) mazisini ehyaya çalışmışlardır. Bu elmi hərəkət alman qövminin pək müztərib (məchul) və mütəhəyyic (həyəcanlı) bir dövrünə təsadüf ediyordu. Napolyon istilaları ilə çeynənən almanlar bu istila sayəsində yekdigərləri ilə danışmış, bir-birlərinə yaxınlaşmışlar idi. Bununla bərabər almanlar düşük bir halda idilər. Bir qisim almanlar, Napaleonla uyuşmuş, millətlərinə xəyanət etmişlərdir, milli vəhdət qalmamışdı. Bundan əvvəl də fransızlar Vestfaliya Müahidəsi ilə almanları parçalamışlardı. XIV Luis zamanında Almaniya, fransız ordusunun cövlanı daha olmuşdu. Buna da səbəb Almaniyanın ədəmi-vəhdəti idi. İştə bu zillət və xəcaləti hiss etməklə başlayan alman milləti təkrar birləşmək duyğusu ilə canlanıyordu. Fəqət, yol bulamıyordu. Alman irqinin əski həşəmət (əzəmət), qüvvət və qüdrətini elmi üsullarla tədqiq edən alman filolojisi bütün bu tədqiqlərində ta əskidən bəri milli düşmən olaraq, almanlar qarşısına tikilən Gaulle-Roman və Velshləri, yəni fransızları bulub çıxarıyorlardı. Qalib və müzəffər dövrləri ehya etməklə bu məktəb milli kin və ədavət ruhunu təqviyə ediyordu. Bu tədqiqatı oxuyan alman, əski vəhdət və əzəmətinə aid əsərləri oxuduqca zövqü-millisi bir növü təsəlli buluyor, kəndisinə siyasi bir fəxr və qürur gəliyordu. Bu surətlə alman ruhunda Almaniyanın müstəqbəl vəhdət və ehtişamı canlanıyordu. Bu məqsədə hizmət etmək üzrə Niebuhrun təşviqi ilə “Monumenta Germani” nəşr edilmişdir. XVIII əsr fransız filosoflarının əksərisi ensiklopediya yazı yazdıqları kibi, alman filosoflarının əksərisi də “Manumenta”ya yazmışlardır.

 

Alman milliyyətpərvərliginin ən mühəyyic (həyəcan oyadan) müməssili filosof Fixtedir. Fransız işğal orduları altında bulunan almanlara xitab edən Fixte, bu fəlakətin almanların “milli səciyyədən” məhrumiyyətləri nəticəsində gəldiyini qeyd edir, Almaniyanın “milli ruh”la tərbiyəsini tələb edirdi.

 

Fixte xitabələrinin Almaniyanın istixlasındakı təsiri ayrıca bir mövzudur. Nitəkin bugünki Almaniyanın surəti-təşəkkülü dəxi şayanı tədqiq bir hadisədir. Fəqət bu, başlı-başına bir mövzu təşkil edən hadisə üzərində durmağa konfransımızın çərçivəsi müsaid degildir.

 

“Yeni Qafqasiya”, 17 şubat (fevral) 1927, ¹10

 

MİLLİYYƏT MƏBDƏİNİN (PRİNSİPİNİN) AVROPADA QƏLƏBƏSİ

 

Azəri Gənclər Birligi yığıncağında M.Ə.Rəsulzadənin mühazirəsi

 

III

 

Milliyyət məsələsində İtalyan məktəbi

 

Almaniya ittihadının hüsula gəldigi dövrdə, Avropada milli digər mühüm bir hadisə dəxi zühur etmişdi. Bu da İtaliyanın ittihadından (birləşməsindən) ibarət idi. Almaniya əskidən müttəhid ikən, Napalyon müharibəsi əsnasında parçalanmış, bu dəfə təkrar vəhdətini yenidən təmin etdigi halda, İtaliyayı vəhdətə sövq edən amil bizzat Napalyon olmuşdur. Napalyon, İtaliyada süni bir krallıq təsis eyləmiş və 1815 sənəsində, ilk dəfə olaraq Marat italyan xalqına xitabla əcnəbi boyunduruğundan xilas üçün, kəndisini birləşməyə dəvət etmişdir. Halbuki İtalya nə qüruni-vüstada (orta əsrlərdə), nə də yeni tarixdə heç bir zaman vahid bir dövlət təşkil etməmişdir. Daha Dante, Petrarka və Makyavellinin dəvət və təlimatına rəğmən XIX əsrin ortalarına qədər İtaliya milləti, siyasi bir vəhdət vücuda gətirməmiş, hətta bu xüsusda təşəbbüs belə etməmişdir. (Zimmerman. “Beynəlmiləl hüquq”, səh.16) Bunun üçündür ki, 1829 sənəsində Mazzini “ilk dəfə olaraq italyanları birləşmək fikrinə alışdıran bənəm” deyə biliyordu. 1830 sənəsində Mazzini italyanları birləşdirmək məqsədilə gizli “Gənc İtalyanlar Cəmiyyəti” təsis eyləmişdi. Yeni təşəkkül edən bu cəmiyyətin şüarı “Allah və Xalq” idi. O “başqa insanlarla qiyas edərkən, kəndini vətəndən, milli hərəkatdan və təbiiyətən məhrum görüncə, utancımdan üzüm qızarıyor” diyordu. 1848-1849 sənələrində işbu vahid İtalya naminə Sardinya hökuməti Habsburq imperatorluğuna qarşı hərb elan etdiysə də məğlub oldu. Məəmafih digər İtalyan ərazisindən yalnız Sardinya məşruti bir şəkildə baqi qalaraq, milli italyan hərəkatının mərkəzi rolunu oynuyordu. İtaliya yalnız başına milli məqsədini başaramıyordu. Fransa hökuməti kəndisinə yardım etdi. Sardinya hökuməti Napalyonun yardımı ilə Şimali İtalyanı Avstriya əsarətindən qurtardıysa da, bütün İtaliyanın vəhdətini təmin edəmədi. 1860 sənəsində Qaribaldi İtalyan hökumətinin rizasına rəğmən Burbonların Sicilya ilə Napolidəki hakimiyyətini atmaya müvəffəq oldu. 1866-da İtalya Venediki də ilhaq etdi, İtalya vəhdəti tamam olmuş, yalnız Roma fransızların əlində qalmışdı. Fransanın 1870 sənəsində Almaniyadan yedigi məğlubiyyət Romanın İtalyaya ilhaqına mucib oldu. İtalyanın vəhdətini təkmil etmək üçün yetişəməyən vilayətlər isə Trentino ilə Triestedən ibarət qalıyordu. “İtalya irredenta” deyilən bu ərazi Avstriya ilə İtalya arasında uzun bir ədavət dövrünə səbəbiyyət vermişdir.

 

Milliyyətpərvərlik, ana xəttində, bütün millətlərdə eyni məqsədə hizmət etməklə bərabər, hər millət, bulunduğu şəraiti-məxsusə təsiri ilə bu cərəyana kəndinə məxsus bir rəng və xüsusiyyət vermişdir. Fransız məktəbi milliyyəti, fərdlərin iradəsi ilə qaim (mövcud olan) bir müəssisə halında görüyor. Almanlar irq nəzəriyyəsini ortaya ataraq qövmi bir milliyyət təsəvvür ediyor. İtalya vəhdətinin mübaşiri Mazzini də təşkil etdiyi “Gənc İtalyanlar Cəmiyyəti”nin proqramını bərvəchiati (uyğun olaraq) təsbit ediyordu: Mazzini “milliyyəti” əhraranə (sərbəstcəsinə) şəkli ilə alıyordu. O, “nasyonalite ruhu məqamına qaim (uyğun) olan daracik nasyonalizm ruhunu” şiddətlə rədd ediyordu. Fəqət bununla bərabər o milliyyət məsələsini fransız inqilabı əsnasında anlaşılan məna ilə anlamıyordu. O milliyyət məbdəini fərdi mənafe və materyalistik mənada alnayan karabinerlərin də əleyhində idi. İrticai mahiyyətindən mücərrəd olmaq şərtilə, milliyyəti romantik bir şəkildə təsəvvür edən Mazzini, milliyyət məsələsini cümhuriyyət və hürriyyət ruhundan mücərrəd olmaqla bərabər, dini və mistik idi. 1834 sənəsində Berndə lehlilər (polyaklar), italyanlar və almanlardan mürəkkəb (ibarət) “Gənc Avropalılar Cəmiyyəti” təşəkkül etmişdi ki, proqram etibarilə “Gənc İtalyanlar Cəmiyyəti”ni təqlid ediyordu. İsveçrədə də təşəkkül edən bu “Gənc Avropalılar Cəmiyyəti”, sonra müstəqil milli firqələrə inşiab (qol-budaq vermə) edərək nəticədə Almaniya ilə İtaliya ittihadlarında çox mühüm rollar oynamışlardır. Eyni zamanda, hərəkatı xalqa bənimsətmək lüzumunu hiss edən Mazzini, məfkurəvi sistemini din ilə rabitə diyordu. Mazzini “Karabiner”lərdəki individualizmə şu surətdə təsis etdigi “milli kollektivizm”i ilə qarşı qoyurdu. Bu kollektivizmi monarşizm və aristokratizm məsələsi ilə təlfiq ediyordu (birləşdirirdi).

 

Slavlardakı milliyyətçilik

 

Şimdi də Avropa milliyyət cərəyanında nisbətən ən yenisini təşkil edən slav milliyyətpərvərliginin surəti-təşəkkürünü təqib edəlim:

 

Slav milliyyətpərvərliginin cəbhəsi bir tərəfdən almanlığa, digər tərəfdən türklər və macarlar daxil olduğu halda, Turanlğa qarşı təvəccöh etmişdir. Bu nöqteyi-nəzərdən Slav cərəyanı 2 şöbəyə bölünərək bir qolu Avstriya-Macarıstanda, digər qolu da Balkanlarda inkişaf eyləmişdir.

 

Digər məmləkətlərdə olduğu kibi, burada da milliyyət fikri bir tərəfdən Fransa ixtilalının doğurduğu liberal cərəyanlar, digər tərəfdən də Alman filolojisinin ehdas etdigi (meydana gətirdigi) milliyyət məfkurəsi ilə qüvvət buluyor, milli ixtilal və inqilab cərəyanlarının zühuruna səbəb oluyordu.

 

Fransız müvərrixlərindən (tarixçilərindən) Ernest Renan, alman üləmasından Ştraussa yazdığı bir məktubda demişdir ki: “Siz qövmiyyət və ətiqiyyat sancağını qaldırdınız... Siyasət sahəsinə soxduğunuz filolojinin sizə oyun etməsi pək möhtəməl: Slavlar ona çox maraq ediyorlar”. Həqiqətən də Slavlar alman üsulu ilə kəndi tarix, xalqıyat və ətiqiyyatlarını tədqiqə başladılar, tıpkı almanlarda olduğu kibi, həyəcan və hərarətlə idamə (davam) etdirilən bu elmi və milli cərəyan ta XVIII əsrin sonlarına qədər dayanır.

 

Milli Çex hərəkatı:

 

Slav millətləri miyanında milliyyətpərvərligə elmi və məfkurəvi bir şəkildə ən ziyadə hizmət edən millət çexlər olmuşdur. 1620 sənəsində siyasi istiqlallarını qeyb edən çexlər Avstriya imperatorluğunun təbəəliginə düşüyorlar. Əvvəlcə böyük ədəbiyyata malik olan Çex milləti tədricən sönməyə başlıyor. Almanlar Çex hars və ədəbiyyatını təmsil edən böyük adamları türlü yollarla təzyiq ediyorlar. Münəvvərlərdən bir çoxu öldürülüyor, bir qismi də digər məmləkətlərə hicrət etmək məcburiyyətində qalıyorlar. Mühacir çexlər içində tərbiyə aləmində aləmşümul şöhrətə haiz olan Komenius dəxi bulunuyordu. Təbii tərbiyənin ana lisanında olması tezisini (ideyasını) ilk dəfə olaraq meydana qoyan böyük alim iştə bu Komeniusdur. Refermasyondan bəhs edərkən Luterin papalığa qarşı milli intereslərə istinad etdigini qeyd eyləmişdik. Ən əsl çex bulunan Huss Luterdən daha əvvəl dini islahat əsasını müdafiə eyləmiş və tərəfdarlarını katolikligi müdafiə edən German dövlət-lərinə qarşı, dini motiflə də olsa, milli Çex mövcudiyyət və harsını müdafiə eyləmişdir.

 

Latıncalaşdırılmış ismi Komenius olan bu zatın çexcə ismi Komenskidir. Komenski ümuma aid əsərlərini latınca yazmaqla bərabər, çexlərə məxsus olaraq çexcə dəxi mühüm əsərlər buraxmışdır. “Milli çex dilinin xəzinəsi” ismindəki əsəri məşhurdur. Komenski XVI əsr Çex ədəbiyyat və harsının son müməssili idi.

 

“Bəyaz Dağ məğlubiyyəti” namı ilə məşhur milli fəlakətdən sonra çexcə oxumaq, yazmaq məmnu (qadağan) oldu. Şəhərlərdə sakin çexlər almanca qonuşmağa başladılar. Bu təzyiq XVII əsrdə tamamilə və XVIII əsrində son rübünə qədər davam etdi. Daha XVII əsrin ortalarından başlayaraq çexlər sürətlə almanlaşıyorlardı: Çexcə mədəni və kübar lisan olmaqdan çıxmış “qaba və köylü” lisanı dərəcəsinə enmişdi. Zadəgan çex xalqını inkar ediyordu. Çexcə bilmədiklərilə iftixar ediyorlardı. Bir çox zadəgan almana bənzəmək üçün isimlərini belə dəyişdiriyorlardı. Çex xalqı yalnız siyasi təzyiqə degil, dini təqibata da uğruyordu. Çex lisanında bulunan əsərə, heyzəlik (xəstəlik) kimi baxılıyor, əsəri “dəlale” (dəlilik) ədd olunaraq yandırılırdı. Şöyləki XVIII əsrin sonlarına doğru çex harsından həmən heç bir əsər qalmamışdı.

 

XVIII əsrin sonları və XIX əsrin ibtidalarında çex milləti təkrar oyanmağa başlıyor. Bu oyanıqlıq almanlaşmış aristokrasi ilə şəhər əhalisindən ziyadə köylülərə istinad ediyor. Bir zamanlar tamamilə mən edilmiş bulunan çexcə, sonra məmləkəti idarə məqsədilə alman hökuməti tərəfindən qismən təlimə başlıyor, bundan çex milliyyətçiləri istifadə ediyorlardı. Çexlərin bu intibahı Napolyon müharibəsinə təsadüf ediyor. Bu sənələrdə çex ərazisindən rus əskərləri keçiyorlardı. Böyük bir Slav dövlətinin mövcudiyyəti məzlum slav millətlərinə ümid veriyordu. Əksəriyyətlə xalqdan yetişmə köy müəllimləri və papazlardan ibarət olan bu dəfəki çex münəvvərləri xalqdakı milli intibah və həyəcanı körüklüyorlardı. Bunlar arasında yetişən mütəxəssis alimlər və idealist mütəfəkkirlər alman üsulunu tətbiq ilə əski çex harsını öyrənməgə başlıyorlardı. Dubrovski nam çex alimi 1809-da “Çex lisanının müfəssəl qəvaidi”ni, 1822-də “Əski Slav şivələrinin qəvaidi”ni yazıyor, 1832-də böyük çex müvərrixi Palasku “Çex xalqıın tarixi”ni, 1837-də lisaniyyət mütəxəssisi Safariq “Slav ətiqiyyatı” nam kitabını yazıyor ki, bu əsər bütün Slav millətlərinin ən əski harsı əsərini meydana çıxaran bir kitab olmuşdur. Bu əsərdən yalnız çexlər degil, digər Slav millətləri də milli məfkurələrini təqviyə üçün istifadə etmiş və ilham almışlardır.

 

Çex alimlərini istila edən bu hiss eyni zamanda çex şairlərini də tutmuş, münəvvərlər miyanından böyük şairlər çıxmağa başlamışdır. Məşhur şair Kollar “Slava qızı” ünvanlı mənzum dastanı ilə yalnız çexlərin degil, bütün Slav millətlərinin ruhunu yüksəltmiş, “şanlı tarixlərini” oxşamışdır. Bu əsər, Slav hiss və ruhunu pək ziyadə təqviyə etmiş, müvəffəqiyyətli bir əsər olmuşdur. Bunlar bu kibi, əksəriyyətlə avam qismindən yetişən və bütün ömürlərini fəqir və zərurət içərisində keçirən məfkurə xadimi alim, mühərrir və şairlər sayəsində, yeni bir ədəbiyyat yapılmış, milliyyət məfkurəsi bütün qüvvət və həyəcanı ilə vəz edilmişdir. İbtida münəvvərlər arasında doğan bu ruh get-gedə genişləyərək bütün çex xalqını istila eyləmiş, milli cərəyan, eyni zamanda qüvvətli bir xalq cərəyanı şəklini almış, nihayət bugünki müvəffəqiyyətini ehraz eyləmişdir (əldə etmişdir). Fransız alimlərindən məşhur çex dostu Ernest Renan XIX əsr çex hərəkatı-milliyyəsində fikri 3 dövrə təsbit ediyor. Bunlardan XIX əsr ibtidasında yetişənlər fransız rasyonalizminin təsiri altında olaraq çex hars və lisanının tamamilə mədəni və müstəqil bir hala gələ bilmək ehtimalına pək də inanamıyor, çex lisanı, hars tarixini ehyaya çalışmaqla bərabər, kəndiləri almanca yazmaq və oxumaqda davam ediyorlardı. 1815-1840 sənələri arasında yetişən digər nəsil isə alman filoloji məktəbinin təsirinə qapılaraq, milliyyət cərəyanına romantik bir ruh aşılayaraq milliyyət prinsipinin mütləqa təhəqqüq edəcəginə (üzə çıxacağına) aid dərin bir iman bəsliyor, ümumi Slav düşməni almanlığa qarşı mücadiləyə fanatik bir şəkil veriyor; fəqət Çex xalqının yalnız başına xilas olacağı ümidi o zamanlar daha az olduğundan, bu dövrün adamları, ümum slavlıq fikrinə istinad ediyorlar, “Panslavizmə” inanıyor və ümidlərini Rusiyaya bağlıyorlardı. “Şan Qızı” (Slavu Dcera) şairi Kollar “Slav ruhunu və ürəginizdə o zaman tarixin daha qeyd etmədigi bir milləti sizə göstərəyim” diyor. “Slavların kitabı kainata yazacaqları parlaq səhifələr”in xəyalilə sevincinə payan bulunuyordu.

 

1838 ixtilalını mütaqib zühur edən yeni Avropa təbəddülatı və həyati təcrübələr sayəsində milliyyətpərvər Çex romantizmi təbdil olunaraq Havliçek kibi nəzəriyyəçilər ədəbiyyata bir məcra veriyorlardı. Havliçekə görə çexlər hər şeydən əvvəl kəndi kəndilərini bulmalıydılar. O, “Rusiyanın gəlib də bizi qurtaraca-ğını bəkləyib oturmaq qədər qolay və faydalı bir şey olamaz” diyordu. Fəqət bunun nə qədər şanlı bir şey olacağında şübhə ediyordu. “Milli bənligimizi təhkim etmək və qayəmizi irəlilətmək üçün kəndimiz də bir şey yapmalıyız” deyə vətəndaşlarını bizzat hərəkət və fəaliyyətə dəvət ediyordu. Havliçeqə görə “Slavyanlıq bir realitedir, fəqət Slav elləri realitesindən mütəşəkkil bir realite”. 1848 ixtilalını mütəaqib yetişən çex nəslində Havliçeqin təyin etdigi istiqamət üzərində yürüyənlər çoğalmış və bu nəsil bugünkü Rəisi Cümhur Masarik kibi pişvalar yetişdirmişdir.

 

Rəsulzadə Məhəmməd Əmin

“Yeni Qafqasiya”, 18 mart 1927, ¹11-12

 

MİLLİYYƏT MƏBDƏİNİN (PRİNSİPİNİN) AVROPADA QƏLƏBƏSİ

 

Azəri Gənclər Birligi mohzərində (yığıncağında) M.Ə.Rəsulzadənin mühazirəsi

 

IV

 

Cənub Slavlarında milliyyətçilik

 

“Çexya”da təkəvvün edən (yaranan) Slavlıq fikir və qayəsi buradan digər Slav ellərinə sirayət eyləmiş, Şimalda alman nifrət və ədavətini cəbhə və taktik ittixaz edən bu cərəyan, Cənubda türk düşmanlığı manivelası üzərinə dönmüşdür. Çexlik də tətbiq olunan məfkurəvi sistemlər az-çox fərqlə Serbiya, Bolqarıstan və Makedo-niya kibi Slav məmləkətlərində dəxi tətbiq olunmuş, alman filoloji məktəbindən müqtəbəs (götürülmüş) üsul ilə burada da əskiyi xatırlamaqla yeniyi qurmaq əməliyyası icra edilmişdir.

 

Mədəni müəssisat və əsri təchizat ilə qüvvətli bulunan germanlığa qarşı intizar taktikini ixtiyar etmək (bəyənmək, seçmək) zərurətində bulunan Çex xalqı milli məqsədinə ermək üçün daha ziyadə elm, hars və iqtisadi təşkilat yolundan getməgi tərcih etmişkən, Rusiya imperatorluğunun, bu tarixi düşmənin Türkiyəyə qarşı tətbiq etdigi təərrüz siyasəti üçün iyi vasitə təşkil edən Balkan slavları isə, Slavlığın böyük dövlətindən aldıqları direktiv və ümid üzərinə daha cəncguyanə bir yol ittixazı ilə istiqlallarına doğru mütəmadi üsyanlar və qan tökmələrlə yürümüşlərdir.

 

Lehistan faciəsi

 

Slav ədavətinin bir cəbhəsi almanlığa, digər cəbhəsi də türklügə mütəvəccöh olduğunu söylədik. Fəqət Slavf olaraq bir millət də var ki, ədavətini bir tərəfdən qismən almanlığa tövcih etməklə bərabər, digər tərəfdən türklügə deyil, rusluğa tövcih etmişdir. Bu, Lehistan millətidir. Lehistan Slav millətlərinin ən mədənisi ədd olunmaqdadır. Ruslar Varyaklara gedərək kəndilərinə nizam və asayişi təmin üçün rəis aradıqları bir zamanda katolik Lehistan yüksək bir mədəniyyət və səltənətə malik idi. Bu məmləkət cahan ədəbiyyatına, musiqisinə, elm və fənninə Mütskeviç kibi, Şopen kibi, Madam Kuri kibi məşahir (məşhurlar) vermişdir. 20 milyon nüfusa mailk böylə mədəni bir dövlətin XIX əsr ibtidalarında Rusiya, Almaniya və Avstriya arasında inqisama (bölünməyə) uğraması Lehistan xalqı üçün dərin bir faciə təşkil eyləmişdir. Lehistanın qismi-mühümmü Slav imperatorluğu Rusiyanın əlinə keçmişdi. Rusiya kəndinə xas olan vəhşət və qabalıqla Lehistan kültürünə qarşı çox şiddətli davranıyor, rusdan dəfələrlə mədəni olan Lehistan xalqı cəbrlə ruslaşdırılmaq istəniyordu.

 

Rus məzaliminin bu icraatı vaxtilə beynəlmiləl Avropa münasibati-rəsmiyyəsində belə əkslər oyandırmış Knyaz Karçakov, rus çarizminin diplomatik vəziyyətini qurtarmaq üçün az mürəkkəb sərf eyləməmişdir. Bu münasibətlə təati (mübadilə) edilən diplomatik notalardan rus məzalimini təsvir və təsbit etmək nöqteyi-nəzərindən ən şayani-diqqət olan o zamankı İngilis xariciyyə naziri Palmers-tonun notasını gözdən keçirəlim: Palmerston notasında diyordu ki; “.... Rus hökuməti milləti təşkil edən sifətləri Lehistan milliyyətindən söküb atmaq üzərədir. Milli leh boyalarının məni, rəsmi münasibatda uscanın tətbiqi, Lehistan məktəb və maarif müəssisələrinin ilğası (aradan qaldırılması), leh çocuqlarının ruslaşdırılmaq məqsədi ilə Rusiyaya nəqli bir çox leh ailələrinin daxili Rusiyaya təbidi, qura (qoruq) nəfəsi toplanışındakı şiddətlər, rus məmurlarının təyini, kilisə əmlakı üzərinə vəz olunan kontrol, bütün bunlar Lehistan avtonomisinin ilğası ilə burasının ələladə bir rus vilayətinə çevrilmək istədigini göstərir”.

 

Bu nota 1832 sənəsində göndərilmişdir. O zaman Lehistan Vyana konqresinin qərarı ilə hüquqən Rusiya təhdi himayəsinə verilməklə bərabər, daxili avtonomisini mehafizə edəcəkdi. Rusiya isə ixtilalı bəhanə edərək, beynəlmiləl mühədata müstənid bu avtonomiyi kəndi zoruna ilğa ediyordu. Bu nota daha 1832 sənələrində milliyyət məfhumunun beynəl-düvəl nə kibi şəkil və mahiyyətdə anlaşıldığını göstərməsi nöqteyi-nəzərindən mühümdür.

 

Bittəbii bütün bu zülümlərə qarşı Lehistan münəvvərləri laqeyd qalmıyor, tarixdə nadir görülən bir əzim və cəladətlə (igidliklə) istiqlallarının istirdadı (geri alınması) üçün çalışıyorlardı. Lehistan 3 dəfə üsyan eyləmiş, 3 dəfə parçalanmışdır. Hər dəfəsində şiddətlə və məzalimlə bastırılan bu üsyanlardan sonra Lehistan xalqına bir növi dini mistisizm ruhu gəlmişdir. Əksəriyyətlə Parisə iltica edən Lehistan milliyyətçilərindən bir qismi Lehistanın haləsini bütün Avropa demokrasisinin haləsindən bəkləyərək sosyalistligə meyl eyləımiş və buna görədir ki, 1848 ixtilalında Lehistan soialistlərinin şüarı sosialist internasyolanının milliyyət məsələsindəki əməli və rəmzi şüarını təşkil eyləmişdir.

 

Lehistan mühacirlərinin digər qismi isə milliyyətpərvər və təsəvvüfkar qarib (yaxınlaşdıran) bir məslək və ya məzhəbə saliq (yolçu) olmuşlardı. Bu məslək Lehistan tarixi-fikri və siyasisində məssiyanizm (Məsihçilik) namı ilə mərufdur. Bu məsələyə aid fikirlərin ilk naşiri Voronskidir. Voronskiyə görə bəşəriyyət xəstədir. Bu xəstəlik mühafizəkarlıqla hürriyyətpərvərligin hala mücadilədə olmasından irəli gəlir. Mühafizəkarlar xeyri, liberallar da haqqı təmsil edərlər. Xeyir ilə həqq təlif edilirsə (onlar haqqında əsər yazılarsa) bəşəriyyəti xəstəlikdən qurtarır.

 

Yəhudilərdə olduğu kibi, Lehistan Məsihçiləri də xilası ümid və intizarda buluyorlardı. Voronskinin bu mistik nəzəriyyəsi getdikə işləndi və Lehistanın istiqlalını fəda etməsiylə, bütün bəni növi-bəşərin bir növü bəsübədəl mövtünə (ən pis ölümünə) hizmət etmiş olduğu əqidəsi təhəddüs etdi (üzə çıxdı). Bu əqidəyi böyük bir bəlağət və həyəcanla nəşr edən Adam Mitskeviçdir. XIX əsrin ən böyük şair və ədibi ədd olunan Mitskeviç, dini və mistik fikir və qayələrini mütəsəvviflərdən (sufilərdən) Novoyanskidən almışdı. Novoyanski isə peyğəmbəranə təbşiratda (şad xəbər gətirməkdə) buluyordu. Bu təbşirata görə Cənabi-Həqq Lehistanı qurban verməklə bəni bəşəri qurtarmaq istəmişdi. Bəni-bəşərin ümumiyyətlə yeni həyata girəcəgi sırada Lehistan da hürriyyət və istiqlalına qovuçacaqdır.

 

Qayət dindar olan Lehistan xalqının ruhunda bu kibi nəşriyyat sayəsində dərin bir etiqad kökləşmişdi. Onlar İsa Məsih ilə Lehistan vətənini bir görüyor. İsa Məsih öldükdən 3 gün sonra nasıl tabutundan qalqdısa, Lehistanın da parçalanmış əqsamı (hissələri) birləşib diriləcəkdir. Başlarında tarixi ən böyük faciə bulunan və bu faciənin amilləri miyanında Rusiya kibi Slav bir dövlət bulunduğu halda təbii idi ki, Lehistan mütəfəkkir və mübarizləri bütün fikir və imkanlarını Lehistan istixlasına sərf eyləmiş bulunuyorlardı. Slav ittihadı fikri ilə işğal edilməmişdi. Gərçi bəzi mühərrir və mütəfəkkirlər kəndi nəşriyyatlarında ara-sıra bu fikrə dəxi hissəsini veriyorlardı. Lehistan milliyyətçiliginin ən böyük nifrəti bittəbii Rusiyaya təvəccöh etmişdi. Rus lisanı, rus adəti, rus yeməkləri, rusluğa aid nə varsa həpsinə şiddətli bir nifrət vardı. Bu kin Lehistan istiqlalçılığının ən böyük keyfiyyəti idi.

 

Slav millətlərindən Türkiyə ədavəti ilə məlul olmayan bir millət varsa, o da Lehistandır. Lehistanda Türkiyə və türklərə qarşı ədavət degil, məhəbbət vardır. Lehlilər, məmləkətlərinin inqisamını protesto edən Türkiyəyə qarşı hissən minnətdar olduqlarını daima zikr edərlər. Lehistan millətçilərindən  mütəşəkkil legionların Krım müharibəsi əsnasında Türkiyə ordusu ilə bərabər Rusiya əleyhinə hərb etdikləri məlumdur. Bu müharibələrin qardaş məzarı İstanbuldadır. Şair Adam Mitskeviç də burada mədfundur (dəfn olunmuşdur). Osmanlı saraylarında ta son zamanlara qədər təşrifat (rəsmi) mərasimində Lehistan səfiri çağrılıyor, cavabında “qayıpdır” deniliyordu.

 

Baltik sahilindəki milliyyətlər

 

Hərbi-Ümumi və Rusiya ixtilalı nəticəsində hürriyyət və istiqlalını iqtisab edən Lehistandan başqa və başda Finlandiya olmaq üzrə Baltik sahillərində elani-istiqlal edən cümhuriyyətlərə dəxi milliyyət məbdəi, digər Avropa milliyyətpərvərligində gördügü amilin təsiri və imtizacı (uyğunluğu) ilə demokrasi ümdələri ilə milliyyət məfkurəsinin təlifi sayəsində, nəşvü-nüma bulmuş; Hərbi-Ümumi əsnasında aktual bir mahiyyət alan təyini-müqəddərat haqqından bil-istifadə elani-istiqlal eyləmişlərdir. İşbu cümhuriyyətlərdəki milliyyət fikrinin nə surətdə hüsula gəldigini keçən sənə ərz etdigim konferansda təfsili ilə anlatıldığından təkrarına lüzum yoxdur zənn edərim. Bu xüsusda bənim “İstiqlal Məfkurəsi” nam risaləmə müraciət oluna.

 

Rəsulzadə Məhəmməd Əmin

“Yeni Qafqasiya”, 1 nisan (aprel) 1927, ¹13

 

(Ardı var)

 

525-ci qəzet.-2018.-22 sentyabr.-S.20.