Vaqif BAYATLI ODƏR
Gürcüstanın
və Türkiyənin ən yüksək ədəbi
mükafatlarını almış Vaqif
Bayatlı Odərin yeni “Bəy Atlı
Şeirlər” kitabı gəlir. Şeirlər türk dünyasının ünlü
və rəngə amansız rəssamı Məzahir Avşarın əsərləriylə
yan-yana, can cana.
İlahi! Tanrım!
Bu dağları bir zamanlar
göyüzünün son qatından
aşağıya çəkdiyintək
sən qalxan göyləri də
bircə anlığa görməkçün
bu göyü də aşağı çək.
O Ruhunur,
İlahinur qalxan
göylər
Tanrım! İlahi!
Bu göyləri bir zamanlar
göyüzünün son qatından
aşağıya çəkdiyintək
söz qalxan göyləri də
bircə anlığa görməkçün
son göyü də aşağı çək.
Sözün insan
şeirindən
Tanrı
Şeirinə aşdığı an
Döz, döz, Sözsüz uçmayan,
Uçmağa hər an, hər zaman
Söz istəyən qanadım, döz,
Söz insan göyündən yox,
Tanrı göyündən qanadlanar,
İnsan göyündən Tanrı göyünə
Aşdığı andan
da Söz
Göyüzü adlanar.
Cəhənnəmdə
də haqq arayanlarçün
odərlər nəğməsi
Dünya, dünya, biz də varıq,
bizi də Tanrı yaradıb,
lap elə cəhənnəmdə də
haqq ararıq, eşq ararıq,
çox da ki, ayaqyalınıq,
ancaq özümüzü heç vaxt
ayaqyalın saymırıq,
baxın, ayaq dərimiz
ayaqlarımızda çarıq,
yeyilir, çarıq azalır,
demək biz varıq, azalır.
Çox ucalardan dönürük,
salavat çevirən əltək
göyün üzündən enirik,
günəş bizimlə qalanır,
yanıb günəşə
dönürük,
hər an, hər an sevinirik,
yanımızda bir-birinə
sarılan dostlar, doğmalar,
yaramızda, canımızda
yanan dost qucağından
sarılan sarıq
azalır,
Daha da bərk qucun,
dostlar!
Biz yandıqca, artır işıq,
baxın qaranlıq
sozalır,
demək, biz varıq,
azalır,
Azərbaycan, sən məni
hamıdan dəli,
hamıdan suçlu, hamıdan
güclü edəli
Sən Allahın ən sevimli,
ən dəli qızı Eşq sözütək,
sən Eşqin hər an yenidən Allaha
bir an öncəkindən
daha gözəl,
daha çiçək
görünən üzütək.
Sən balaca, körpə suların
yumru-yumru axmağıtək,
o yumruların yumrulanıb, açılıb,
hər an bir daha, bir daha
göyə, Allaha
körpə su sevgisiylə baxmağıtək,
Sağ ol, mənim dəlidən də dəli yurdum,
nə
ayağın altındakı
yumru torpağa,
nə başın üstündəki yumru göyə,
məndən başqa
bir kimsəyə
aman vermədin sənə dəli deməyə,
sağ ol, mənim ağıllıdan
ağıllı, dəlidən
dəli,
eşqdən də eşqli yurdum,
ağlamalıdan
ağlamalı,
gülməlidən
gülməli yurdum.
Çünki mən səni elə sevdim, elə sevdim
bu dünyada bir kimsəyə nə dəlilik,
nə ağıl, nə də eşq qaldı sevməyə,
sən beləcə, məni bu dünyada
hamıdan çox
sevməkdə suçlu
etdin hər an,
həm də hamını hamıya sevdirməkdə də
hamıdan dəli,
hamıdan gülməli,
hamıdan güclü
etdin, Azərbaycan.
Tək bir dərəsiz,
dağsız da
Vətən yarım vətən
demək
İllərdi Qarabağ sözünə,
həm də dopdoğmaca Vətənimizi
qoruyan dopdoğmaca əsgərlərimizə, əsgərlərimizin
canındakı muğama,
cəngiyə tez-tez baş çəkən
Aqil Abbasa
Sən hələ sağsan, hələ sağsan, bəylər bəyi a tar,
mən elə bilirdim, Sən də o zaman
Şuşada həlak olmusan?!
Deyirlər, bizimkilər çəkiləndən
sonra
Şuşanı qorumağa qalxan
onlarla tar
hamısı orada döyüşüb həlak
olublar,
düşmən hələ
də qorxuyla yollara baxır,
həm də onlar bizim qayıtmağımızdan
çox,
Tarın
qayıtmağından qorxur
Sən də, sən də hələ
sağsan, sevgililər
sevgilisi,
aşiqlər aşiqi,
dəlilər dəlisi
sultanım saz?
Mən elə bilirdim, sən
də Şuşada şəhid olmusan,
səni döyüşlərdə
neçə yerdə
şəhid olan,
bütün şəhid
ruhlarımıztək elə
vurulan an
yenidən qalxıb
döyüşə atılan
görüblər,
qardaşım saz, hər an, hər zaman
yenidən qılınctək
sıyrıl, eşqtək
şahlan.
Tək Qarabağsız yox, bir dərəsiz, dağsız da
Vətən yarım vətən
demək,
əsgərləri yarım
əsgər, generalları
yarım general,
hətta çiçəkləri
yarım çiçək
demək,
ey əlli milyonun göy, qırmızı, yaşıl
qanı bayraq,
hər an göyünə,
qırmızına, yaşılına
yaraşan
bayraqlar bayrağı əsgər doğ bizə,
qanadlan, tək göydə yox, həm də qanımızda aç, uç,
aç, uç, damarlarımızda bütöv
Azərbaycan doğ,
elə o tay, bu tay, Xəzər
qarışıq Azərbaycan
-
Xəzərbəycan
doğ.
525-ci qəzet.-2018.-22 sentyabr.-S.19.