Ədəbiyyatda azərbaycançılıq
konsepsiyası və dövrləşmə təsnifatı
İsa HƏBİBBƏYLİ
Azərbaycan Milli Elmlər
Akademiyasının vitse-prezidenti, Milli Məclisin Elm və Təhsil
Komitəsinin sədri, akademik
Azərbaycan ədəbiyyatının çoxəsrlik
tarixi inkişaf yolunun tədqiqi proseslərində Zaman və ədəbiyyat
məsələsi həmişə əsas faktorlardan biri
olmuşdur.
Hansı bucaqdan baxılmasından asılı olmayaraq,
Zaman faktoru yazıçı və şairlərin
dünyabaxışında, ədəbi prosesin inkişaf etməsində
mühüm rol oynamışdır. Dövrün
ictimai-siyasi hadisələri, Zamanın meydana
çıxardığı ideallar böyük ədəbiyyatın
inkişaf istiqamətini və əsas hədəflərini
müəyyən edir. Böyük ədəbiyyat
da sadəcə zamanın arxasınca gedərək onu təsvir
və ya tərənnüm etməklə
qalmamışdır. Azərbaycan ədəbiyyatı
həmişə bütün inkişaf mərhələlərində
həm də Zamanın ən aparıcı ideyalarını
formalaşdırmış, proseslərin inkişafında əsas
hərəkətverici qüvvə funksiyasını yerinə
yetirmiş, xalqı və ictimai fikri ümummilli ideallar
uğrunda mübarizəyə doğru aparmışdır.
Zamanın ictimai-siyasi xarakteri və
ayrı-ayrı epoxalarda baş vermiş böyük tarixi-mədəni
hadisələr ədəbi cərəyanları,
mövzuları, janrları, üslubları, hətta qəhrəmanları
meydana çıxarmışdır. Böyük ədəbiyyat
da öz növbəsində Zamanın yeniləşməsinə,
inkişafına və dəyişməsinə təkan vermişdir.
Ədəbiyyatşünaslıq elminin ədəbiyyatın
inkişafında Zaman faktorunun roluna münasibəti qətidir. Hətta
ayrı-ayrı ədəbiyyatşünaslar, məsələn,
Yaşar Qarayev belə hesab edir ki, “Zamanın çöhrəsi
yalnız sənətin güzgüsündə
görünür. ...Zaman öz əbədiyyətini
sənətlə dərk edir”.
Zaman və ədəbiyyat münasibətlərində hər
iki tərəfin rolu və əhəmiyyətinə də ədəbiyyatşünaslıqda
ciddi nəzər salınmışdır. Böyük ədəbiyyat
Zamana münasibətdə çox ciddi tərəf
müqabilidir. Qarşılıqlı
münasibətlərdə ədəbiyyat ağırlıq təşkil
edəndə Zaman irəli gedir. Ədəbiyyatın
idealları Zamanın ictimai-mənəvi təkamülünə
və proseslərin tarixi gedişatının inkişafına
xidmət edir. Yeni Zaman özünün
yeni ədəbi axınlarını və ədəbiyyatını
yaradır.
Lakin sovet ədəbiyyatşünaslıq elmində
Zamana obyektiv elmi münasibət deyil, siyasi-ideoloji yanaşmalar
əsas kimi qəbul olunduğu üçün ədəbiyyat
və dövran münasibətləri dəyərləndirilərkən
gerçəklikdən çox hakim sinfin prinsiplərinə
üstünlük verilmişdir. Elmi fikirdə Zaman
faktoru ictimai-tarixi reallıqlarına görə yox, ideoloji cəhətdən
qazandığı mövqeyə görə diqqət mərkəzinə
çəkilmişdir. Bu da Azərbaycan ədəbiyyatının,
o cümlədən də keçmiş sovet cəmiyyətində
təmsil olunan digər xalqların ədəbiyyatının
tarixi inkişaf yolunun əsl mahiyyətinin şərh edilməsində
və dövrləşdirilməsində əsasən ideoloji
amillərə istinad
edilməsini şərtləndirmişdir. Bundan
başqa, Sovet cəmiyyətinin ideologiyasındakı tarixi
keçmişin unutdurulması, böyük qırğız
yazıçısı Çingiz Aytmatovun yazdığı
kimi, “manqurtlaşdırma” siyasətinin həyata keçirilməsi,
xalqların yalnız bolşevizm dövründən sonra əsl
inkişafa çatması ideyasının geniş təbliğ
olunması çoxəsrlik ədəbiyyat tarixinin elmi cəhətdən
dövrləşdirilməsi məsələsini arxa plana
keçirmişdir. Eyni zamanda, sovet
ideologiyasının geniş mənada insan cəmiyyətinin
dövrləşdirilməsində əsas kimi qəbul etdiyi
ictimai formasiyalar nəzəriyyəsi də Zamanı obyektiv
reallıqlarına görə yox, sinfilik prinsipinə əsaslanan
ideoloji mahiyyətinə əsasən dəyərləndirməyi
diqqət mərkəzinə çevirmişdir. Ona görə də sovet hakimiyyəti illərində
Azərbaycan ədəbiyyatı tarixindən dövrlər
üzrə bəhs olunarkən cəmiyyətin
inkişafına marksist baxış nəzərə
alınmaqla sinfilik və proletar beynəlmiləlçiliyi kimi
ideoloji prinsiplərdən çıxış edilmişdir.
Qeyd
olunduğu kimi, Sovet hakimiyyəti illərində
yazılmış Azərbaycan ədəbiyyatı tarixi
kitablarında, yaxud dərsliklərdə dövrləşdirməyə
xüsusi maraq göstərilməsə də, ədəbiyyatımızın
çoxəsrlik inkişaf yolu boyu müxtəlif əsrlərdə
yaşayıb-yaratmış yazıçı və şairlərin
əsərləri təhlil edilib qiymətləndirilərkən
sinfilik prinsiplərinə əsaslanan formasiyalar nəzəriyyəsinə
dair ideoloji meyarlar mütləq diqqətə
alınmışdır. Beləliklə,
dövrləşdirmənin sovet dövrü modeli
açıq elan olunmasa da, ədəbiyyat tarixindən bəhs
olunarkən ictimai formasiyaların formalaşması
haqqındakı marksizm təliminə
uyğunlaşdırılmışdır. Ədəbiyyat tarixinin dövrləşdirilməsində
ibtidai icma və ilkin feodal dövlətlərinin yaranması mərhələsi
qədim dövr, feodalizmin inkişafı orta əsrlər
dövrü hesab edilmişdir. XIX əsr və XX əsrin
əvvəllərinin ədəbiyyatı xüsusi mərhələ
hesab edilsə də, həmin dövr sovet hakimiyyətinə
görə əks və zidd sistem kimi qəbul olunan kapitalist
münasibətlərinin formalaşması mərhələsi
olduğu üçün real mahiyyətinə görə
deyil, tarix etibarilə ədəbiyyatın əhatə dairəsini
göstərən əsrləri bildirən rum rəqəmləri
əsasında, məsələn, XIX əsr Azərbaycan ədəbiyyatı
kimi adlandırılmışdır. Sovet ədəbiyyatı
dövrü isə ölkədə sovet hakimiyyətinin qurulmasından
yox, bir qədər də əvvələ çəkilərək
marksizmin və ya bolşevizmin yaranmasından və ya Rusiyada
“sosialist inqilabının qələbəsi” - çarizmin zor
gücünə devrilməsi dövründən
hesablanmışdır. Beləliklə, ədəbiyyat
tarixinin ictimai formasiyalara görə dövrləşdirilməsi
ədəbiyyatda gedən proseslərə müəyyən dərəcədə
uyğun gəlsə də, onu tam və obyektiv ifadə edə
bilməmişdir. Çünki bu qaydada
dövrləşdirmə prosesində yalnız cəmiyyətin
ümumi inkişaf qanunauyğunluqlarına ideoloji yanaşmalar
nəzərə alınmış, xalqın keçdiyi təkamül
proseslərinin fərqli özünəməxsusluqları, hər
dəfə yeniləşməsinin milli ədəbiyyatdan gələn
səbəblərinin müəyyən olunması diqqətdən
kənarda qalmışdır. Bundan
başqa, ictimai formasiyalara dair təlim Qərb ölkələrinin
inkişaf prosesləri əsasında
formalaşdırıldığı üçün Şərq
xalqlarının, o cümlədən, Azərbaycan
xalqının yaşadığı təkamül proseslərini
real ifadə edə bilməmişdir. Ona
görə də ədəbiyyatların formasiyalar üzrə
dövrləşdirilməsi prinsipi Azərbaycan ədəbiyyatının
təcrübəsində heç də hər zaman obyektiv
reallığı ifadə edə etmək imkanında, yaxud
gücündə olmamışdır. Beləliklə,
Azərbaycan ədəbiyyatının dövrləşdirmə
məsələsinə bəslənilən birtərəfli
münasibət çoxəsrlik ədəbiyyat tarixində
gedən real proseslərlə eyni səviyyədə səsləşməmişdir.
Həm də cəmiyyətin
inkişafının marksist təlimi sovet ədəbiyyatı
adı altında təmsil olunan xalqların, o cümlədən,
Azərbaycan xalqının tarixi taleyi, mübarizəsi, təkamülü
ilə heç də həmişə uyğun gəlmədiyi
üçün həmin ədəbi-mədəni prosesin
dialektikasının dəqiq müəyyən olunmasına
maneçilik törətmişdir.
SSRİ-nin dağılması və müstəqil
dövlətlərin yaranması, milli və bəşəri
idealların önə çıxması dövrləşdirməyə
dair ideoloji baxışları tədricən aradan
qaldırmışdır. Müstəqillik
qazanmış ölkələrdən hər biri keçdiyi
tarixi-mədəni inkişaf proseslərinə və
ideya-siyasi hədəflərinə uyğun olaraq
özünün milli dövlətçilik
ideologiyasını formalaşdırmağa
başlamışdır. Bu isə öz
növbəsində Sovetlər İttifaqından
ayrılmış müstəqil ölkələrdə, o
cümlədən, Azərbaycanda çoxəsrlik ədəbiyyat
tarixinin dövrləşdirilməsi probleminə yenidən
qayıtmaq zərurətini elmi fikrin gündəminə gətirmişdir.
Hazırda ədəbiyyat tarixinin dövrləşdirilməsi
istiqamətində ayrı-ayrı ölkələrdə yeni
təşəbbüslərin meydana çıxması, habelə
dövrləşdirmə prinsiplərinin müəyyən
olunmasında fərqli yanaşmaların mövcud olması
müşahidə edilməkdədir. Rus ədəbiyyatşünaslığında
irəli sürülən dövrləşdirmə modelləri
haqqında Maksim Qorki adına Ədəbiyyat İnstitutunun
direktoru, professor Vadim Polonskinin aşağıdakı fikirləri
geniş mənada nəzəri cəhətdən bu problemə
elmi yanaşmanın əsas istiqamətini,
metodologiyasını müəyyən etməyə açar
verir: “Bu gün elə akademik ədəbiyyat tarixi modelini əsl
novator hesab etmək olar ki, burada onun “hədsiz mürəkkəbliyi”
nəzərə alınsın; və bu ədəbiyyat tarixində...
milli söz sənətinin təkamülü... düzxətli
sxem şəklində deyil, çoxvariantlı inkişaf
istiqamətlərinin mərkəzi
kimi təqdim olunsun. Həmçinin,
ağırlıq mərkəzi zəruri olaraq oxşarın bənzərsizliyə,
qonşu sıralarda - ədəbi və ictimai-siyasi
baxımdan baş verənlərin fərqliliyinə
düşməlidir”.
l
Qeyd edildiyi kimi, Azərbaycan ədəbiyyatının
dövrləşdirilməsi məsələsi elmi fikirdə
uzun bir dövr yaşamışdır. Sovet hakimiyyəti
illərində Azərbaycan ədəbiyyatşünaslığında
ədəbiyyatın dövrləşdirilməsi məqsədi
ilə xüsusi bir tədqiqat işi
aparılmamışdır. Azərbaycan ədəbiyyatınn
çoxəsrlik tarixi inkişaf yolundan dövrlər üzrə
söz açılarkən “mərkəzdən” diktə
edilmiş hazır və pərakəndə sxemlərə
istinad olunmuşdur. Məlum olduğu kimi,
mərkəz isə ədəbiyyatın dövrləşdirilməsini
obyektiv elmi əsaslar üzərində deyil, ideoloji prinsiplər
əsasında qurmuşdur. Ona görə
də müstəqillik illərindəki Zamana və ədəbiyyata
obyektiv ədəbi-tarixi baxış Azərbaycan ədəbiyyatının
dövrləşdirilməsi üçün yeni
konsepsiyanın müəyyən olunmasını tələb
etmişdir. XX əsrin axırlarında və müstəqillik
dövrünün əvvəllərində
tanınmış Azərbaycan alimlərindən Yaşar
Qarayev, Nizami Cəfərov, Şirindil Alışanlı, Nazif
Qəhrəmanlı və başqalarının milli ədəbiyyat
tariximizin keçdiyi çoxəsrlik təkamül proseslərini
əks etdirən meyar və prinsip axtarışları
dövrləşdirmə konsepsiyasının
hazırlanması və inkişaf mərhələlərinin
müəyyənləşdirilməsi üçün əhəmiyyətli
elmi baza və əsas təməl yaratmaq ideyasını yerinə
yetirmişdir. Hazırkı şəraitdə Azərbaycan ədəbiyyatı
tarixinin dövrləşdirilməsi haqqında elmi-nəzəri
konsepsiyanın hazırlanması aşağıdakı zərurətdən
yaranmışdır:
1. Azərbaycan
ədəbiyyatı tarixinin keçmiş sovet ideologiyası əsasında
aparılmış dövrləşməsinin ədəbi-tarixi
proseslərin reallıqlarını əks etdirməməsi,
müstəqillik dövrünün prinsiplərinə, milli məfkurəyə
uyğun gəlməməsi;
2.
Ayrı-ayrı müəlliflərin və ya müəlliflər
kollektivinin yazıb nəşr etdirdikləri Azərbaycan ədəbiyyatı
tarixinə dair akademik nəşrlərdə, dərsliklərdə,
monoqrafik tədqiqatlarda dövrləşdirilmədə
keçmişdə müəyyən edilmiş mərhələlərdən
uzaqlaşa bilməmək hallarının aşkar nəzərə
çarpması;
3.
Dövrləşmə meyarlarında və mərhələlərin
müəyyən olunmasında pərakəndəliyin
müşahidə olunması;
4.
Dövlət müstəqilliyi ideallarının
işığında Azərbaycan ədəbiyyatı
tarixinin dövrləşdirilməsinin vahid sisteminin
yaradılması zərurətinin meydana çıxması;
5.
Dövrləşdirmə prosesində dünyada gedən ədəbi-tarixi
proseslərin nəzərə alınması zərurəti.
Müstəqillik
dövrü Azərbaycan ədəbiyyatşünaslıq
elmində çoxəsrlik ədəbiyyat tariximiz və
müasir ədəbi proses dövrləşdirilərkən
ilk növbədə təsnifat üçün elmi prinsiplərin,
nəzəri konsepsiyanın müəyyən edilməsi ən
mühüm şərtdir. Bu məqsədlə
müxtəlif coğrafiyalarda yaranan ədəbiyyatşünaslıq
əsərlərində oxşar və fərqli
baxışların meydana çıxması dövrləşmə
prosesində mövcud hazır sxemlərdən yox, dünya təcrübəsindən
yaradıcı şəkildə faydalanmaqla ilk növbədə
xalqın və ölkə ədəbiyyatının
keçdiyi çoxəsrlik inkişaf yolunun
reallıqlarına əsaslanmağı tələb edir.
Ədəbi-tarixi reallıqlar isə yazıçı və
şairlərin ictimai formasiyalar üzrə
qruplaşdırılması kimi deyil, cəmiyyətdə və
ədəbiyyatda baş vermiş mühüm yeniləşmələrin:
siyasi-tarixi və mənəvi proseslərin qabarması və
çəkilməsi, ədəbi cərəyanların,
janrların, üslubların yaranması, dəyişməsi və
inkişaf etdirilməsi mənasında qəbul edilməlidir. Bundan başqa, fikrimizcə, yenidən dövrləşdirmə
zamanı Azərbaycan xalqının milli maraqlarından və
dövlətçilik meyarlarından çıxış etmək
də zəruri tələblərdən biri olmalıdır.
Bütün bunları nəzərə alaraq, Azərbaycan ədəbiyyatı
tarixinin yenidən dövrləşdirilməsi
üçün konseptual baxımdan aşağıdakı
prinsiplərə əsaslanmağı faydalı hesab edirik:
1. Azərbaycançılıq
məfkurəsi
2.
Sivilizasiya faktoru
3. Ədəbi-tarixi
prosesin reallıqları
4. Azərbaycanda
ədəbi cərəyanlar
l
Məlum olduğu kimi, şifahi xalq ədəbiyyatı
Azərbaycan etnosunun milli-mənəvi ruhu və epos təfəkkürünün
möhtəşəmliyini nümayiş etdirmişdir. Azərbaycançılıq
ideyası isə ictimai-ədəbi fikir meydanına ölkəmizdə
XIX əsrin ikinci yarısından etibarən gəlsə də,
bundan əvvəlki dövrlərdəki ümumtürk təfəkkür
tərzi ədəbiyyatın milli zəmində
inkişafını müəyyən etmişdir. XI-XII əsrlərin farsdilli Azərbaycan
poeziyasındakı atalar sözləri və məsəllər,
xalqımıza məxsus sözlər və frazeoloji birləşmələr,
ölkə coğrafiyasını əhatə edən
süjetlər və yer adları, habelə azərbaycanlı
obrazları yazılı ədəbiyyatda azərbaycançılıq
ideyasının təməllərini təşkil edir.
Orta əsrlər poeziyasında “səbki-Azərbaycan”
üslubunun geniş yer tutması Azərbaycan ədəbiyyatını
ümumtürk poeziyası məkanında fərqləndirmiş,
ön mövqeyə, böyük sənət miqyasına
çatdırmışdır. XIII-XVI əsrlərdə
Azərbaycan dilində yaranmış şeir türk
dünyasında örnək kimi qəbul edilmişdir. XVII-XVIII əsrlər Azərbaycan ədəbiyyatında
isə xalq şeiri ilə yazılı şeir dili
arasındakı fərq tədricən aradan qalxmış,
poeziyada ciddi xəlqiləşmə prosesləri getmişdir.
Molla Pənah Vaqifin lirikasındakı “Kür
qırağının əcəb seyrangahı”nın,
Qıraqbasan qışlağının tərənnümünün
timsalında Azərbaycan coğrafiyası şeirdə
qabarıq şəkildə görünməyə
başlamış və tədricən inkişaf
etdirilmişdir. XIX əsrdə və XX əsrin
əvvəllərində realist ədəbiyyatın ön cəbhəni
təmsil etməsi ölkənin geniş coğrafi
bütövlüyü və xalqın isə konkret olaraq
öz adı və dəyərləri ilə ədəbiyyatda
iştirak etməsini zəruri faktora çevirmişdir. XIX əsrin axırlarından etibarən Azərbaycan
dili və Azərbaycan xalqı anlayışlarının mətbuatda
və ədəbiyyatda işlədilməsi ilə konkret
olaraq azərbaycançılıq məfkurəsi formalaşmağa
başlamışdır.
Nüfuzlu dilçi alimlərin gəldikləri qənaət
bundan ibarətdir ki, “eradan əvvəl Azərbaycanda artıq
türk etnosları yaşamış, bü dövrdə Azərbaycan
ərazisində türk etnoslarının dilinə məxsus
toponimlər və şəxs adları meydana gəlmişdir”
(Q.Kazımov).
Azərbaycan dili Ön Asiyada şumerlərin
qonşuluğunda yaşayan protoazərbaycanlıların dili əsasında
formalaşmışdır. Uzun əsrlər
ərzində ümumxalq danışıq dili vasitəsilə
Azərbaycan dili yaranmış və inkişaf etmişdir.
Nəhayət, XIII əsrdən etibarən anadilli
poeziyanın yaranması və geniş vüsət tapması
ilə Azərbaycan ədəbi dili təşəkkül
tapmışdır. XVIII əsrdə Molla Pənah Vaqif Azərbaycanda
“ədəbi-bədii dilinin milli əsasda inkişafını
mütləqləşdirmişdir” (N.Cəfərov). Azərbaycan dili artıq XIX əsrdə sabit inkişaf
mərhələsinə qədəm qoymuşdur
(T.Hacıyev). Bütün bunlara baxmayaraq, XIX əsrin sonlarına qədər
rəsmi şəkildə Azərbaycan dili və buna uyğun
olaraq Azərbaycan xalqı ifadələri işlədilməmişdir.
Azərbaycançılıq anlayışı
üçün mühüm şərt olan xalqın və
dilin neçə adlandırılması XIX əsrin
axırlarında meydana çıxmışdır.
İlk dəfə Məhəmməd ağa Şahtaxtlı
1882-ci ildə “Qafqaz” qəzetində çap etdirdiyi “Müsəlmanlarda
məktəb həyatı” adlı məqaləsində “Bizi
necə adlandırmalı” sualına geniş və əsaslı
cavab verməklə Azərbaycan dilinin leksikasına “azərbaycanlı”
anlayışını gətirmişdir. Məqalədə
deyilir: “Bizdə Qafqazda bu sözün (xalqın adının
- İ.H.) mənası bir qədər dəyişikliyə
uğramışdır. Biz bu adla məşhur irqə aid olan
müsəlmanları,
məhz Zaqafqaziya tatarlarını bilirik. Məsələn, bizdə deyilir ki, Yelizavetpol,
Yerevan və Bakı quberniyalarının daxil olduğu müsəlman
əyalətləri türk-tatar irqinə aid olan müsəlmanların
məskunlaşdığı əraziyə daxil deyil. Ruslar bizi təkrar edərək bizləri müsəlman
adlandırır. Necə olubsa bir şəkildə
milliyyət anlayışımızı itirərək
özümüzü milliyyətimizlə yox, müxtəlif
millətlər və dillərin də aid olduqları dinimizlə
adlandırmağa başlamışıq.
Yaxşı olardı ki, bizim özümüz kimi
başqa xalqlar da bizi dinimizdən gələn yox, milli mənsubiyyətimizdən
gələn bir adla çağırsınlar. Beləliklə
də bir “müsəlman” sözü sadəcə dini anlamda
istifadə olunar və din və millət kimi iki fərqli
anlayışın qarışdırılmasına son qoyular.
Onda bizi necə adlandırsınlar? Bizim dilimizdən
söhbət gedəndə biz onu ya türk dili, ya da türkcə
adlandırırıq - ikisi də eyni şeydir, belə ki, hər
ikisi türk ismindən yaranmış sifətdir, türklər
özü bu sözü bilmir. Bizim
qonşularımız farslar və ermənilər də bizi
türk adlandırır. Bu mənada biz
türk adlana bilərdik, lakin bu sözün ictimaiyyət tərəfindən
qəbul edilməsi üçün lazımdır ki, ruslar da
bizləri belə çağırsınlar. Amma
böyük ehtimalla ruslar onu qəbul etməyəcək,
çünki bizi tanıyana qədər onlar və
bütün avropalılar bu adla osmanlı
türklərini adlandırmağa öyrəşmişlər. Biz tatar adlanmayacağıq,
çünki bu söz bizi vəhşi adlandırmaq
üçün istifadə olunur. Xalqı
zorla milliyyətimizi müəyyənləşdirmək və
hazırda etnoqrafiya və linqvistikada istifadə olunan azərbaycanlı
sözü ilə adlandırmaq olmaz ki? Ola
bilsin ki, nə vaxtsa ədəbiyyatda və rəsmi cəmiyyətdə
bu söz qəbul edildi. Bu və ya digər
məqalələrdə qeyd etdiyimiz kimi, “müsəlman”
sözü bütün dünya müsəlmanlarına yox,
fikrimcə, Azərbaycan türklərinə, Qafqaz və
İran tatarlarına aid edilir”.
Görkəmli
maarifçi-publisist Məhəmməd ağa Şahtaxtlı
1891-ci ildə “Kaspi” qəzetindəki “Zaqafqaziya müsəlmanlarını
necə adlandırmalı” məqaləsində dövrün
müxtəlif baxışlarına nəzər salınmaqla
Azərbaycançılıq məsələsinə daha
aydın və konkret mövqedən yanaşmışdır:
“Hansı xalqa məxsusdurlar və hansı dildə
danışırlar sualına Zaqafqaziya müsəlmanı başqa cavab vermir, yalnız deyir
ki, o, müsəlmandır və müsəlmanca
danışır.
Son vaxtlar
Zaqafqaziya müsəlmanlarına, onların dillərinə
görə yox, xalqlarına görə ad verməyə
çalışaraq, Zaqafqaziya islam əhlini
Qafqazda rus dilində tatar adlandırmağa
başlamışlar. Amma bu yeniliyi heç
cür uğurlu hesab etmək olmaz. Zaqafqaziya müsəlmanlarının
danışdığı dil tatar dili deyil, türk dilidir ki,
o da öz növbəsində əsas dialektlərə
ayrılır: osmanlı, səlcuq və azərbaycanlı
türkcələri.
Zaqafqaziya müsəlmanlarını azərbaycanlılar,
onun dilini isə Azərbaycan dili adlandırmaq çox yerinə
düşərdi. Böyük bir hissəsinin İranın
və Rusiyanın payına düşmüş Adərbeydjan
(Azərbaycan) mahalı - indiki Zaqafqaziyadır, əhalisi də
türk xalqıdır. Onları həm Şərq
yazıçıları, eləcə də Avropa
coğrafiyaçıları və etnoqrafları başqa adla
yox, ancaq Azərbaycan türkləri adlandırırlar.
Ona görə də Zaqafqaziya müsəlmanlarını
azərbaycanlı, Zaqafqaziya türk dilini isə tatar dili əvəzinə
Azərbaycan dili adlandırmaq məqsədəuyğun
olardı.
“Kəşkül”
qəzetindəki 1890-cı ildə çap edilmiş “Azərbaycanlı”
imzalı müəllifin “Əvam gəzmək - yuxu yatmaqmı
dedin?” məqaləsindəki “Azərbaycan milləti”
sözü ilə milli özünüdərk proseslərinin
xalqın dilində çap olunan mətbuatın da müzakirə
mövzusuna çevrildiyini göstərir: - “Siz nə millətdənsiniz?”
- Müsəlmanam.
... -
Əfəndim, millət
ayrı,
din ayrı.
- Ancaq eyb
olsa da, gərək dürüst ərz edəm. Mən bilmirəm ki, nə millətdənəm.
- Siz tatar
deyilsiniz. Tatar Krımda, Kazanda olan müsəlmanlardır. Sizin millət azərbaycanlıdır”.
Böyük
demokrat ədib Cəlil Məmmədquluzadənin “Azərbaycan”
məqaləsi (1917) milli-mənəvi özünüdərk
dərsliyi qədər konkret, anlaşıqlı və əhəmiyyətlidir:
“Bəzi vaxt otururam və papağımı qabağıma
qoyub fikrə gedirəm, xəyalata cumuram və özümdən
soruşuram ki:
- Mənim
anam kimdir?
Öz-özümə
cavab verirəm ki:
- Mənim
anam rəhmətlik Zöhrabanu bacı idi.
- Dilim nə
dilidir?
- Azərbaycan
dilidir.
- Yəni Vətənim haradır?
- Azərbaycan vilayətidir”.
Ədəbiyyatda azərbaycançılıq ideyası
XX əsrin əvvəllərində ədəbiyyat
konsepsiyası səviyyəsinə
çatdırılmışdır. Cəlil Məmmədquluzadənin
məşhur “Anamın kitabı” dramı (1920) azərbaycançılıq
idealının manifesti kimi meydana
çıxmışdır. Sovet hakimiyyəti
illərində azərbaycançılıq vətənpərvərlik
adı ilə yaşadılmışdır. Müstəqillik dövründə isə azərbaycançılıq
ilk dəfə olaraq milli dövlət ideologiyasına
çevrilmişdir. Beləliklə, azərbaycançılıq
uzun əsrlər ərzində ölkə ədəbiyyatının
ideya əsası kimi mövcud olmuş və ədəbi
fikirdə milli maraqların ifadə olunmasına meydan
açmışdır.
l
Azərbaycançılıq
- milli düşüncənin və Vətən
anlayışının bir yerdə qavranılması təlimi
olaraq, xalqın və ölkənin milli maraqlarının,
maarifçilikdən milli azadlıq ideyalarına, istiqlal
mübarizəsi düşüncəsinə, dövlət
müstəqilliyi şüuruna qədərki bütün
ideallarının ədəbiyyatın canında və
qanında olmasını qaçılmaz həyati tələbat
səviyyəsinə qaldıran ümummilli məfkurədir. Azərbaycançılıq - milli ədəbiyyatın
axarını ölkə maraqlarına doğru istiqamətləndirən
mühüm ədəbi-ictimai təlimdir. Azərbaycançılıq - ədəbiyyatın əsas
hədəfi olan milli-mənəvi özünüdərk və
vətənpərvərlik ideyalarının bədii əsərlərdə
parlaq bədii təcəssüm olunması deməkdir. Azərbaycançılıq - ədəbiyyatda Azərbaycan
xalqının hərtərəfli inkişafının əks
etdirilməsini tələb edən ümummilli məfkurədir.
Nəhayət, Azərbaycançılıq - ədəbiyyatda
milli istiqlal və müstəqil dövlətçilik
ideallarının təcəssümü olan əbədiyaşar
təlimdir. Azərbaycanda milli istiqal ideyası
XX əsrin əvvəllərində ictimai fikrin gündəmində
mühüm yer tutmuşdur. Cəlil Məmmədquluzadənin
başçılıq etdiyi “Molla Nəsrəddin” hərəkatı
milli istiqlal uğrunda mübarizə ideyasının
formalaşdırılması və xalqa
çatdırılması yolunda bir ordudan çox xidmət
göstərmişdir. Hətta azərbaycançılıq
baxımından liberal mövqe tutan, türkçülük
və islamçılıq ideyalarını təbliğ edən
füyuzatçılar da Azərbaycanda milli istiqlalın
qaçılmazlığını bəyan etmişlər.
Əlibəy Hüseynzadənin aşağıdakı fikirləri
XX əsrin əvvəllərində ölkədə milli
istiqlalçılığın real vəziyyətini
dolğun şəkildə ifadə edir: “Qafqaz türkləri
(azərbaycanlılar - İ.H.) türklərin ən
hürriyyətpərvərləridir. ...Bu məmləkətdə
(Azərbaycanda - İ.H.) heç bir qüvvə hürriyyət
arzusunu məhv edə bilməz. Heç bir səbr və təzyiq, ...heç bir zülm və sitəm
hürriyyət odunu söndürə bilməz. Qafqaz hürriyyət aləminin tarixində
mühüm rol oynayacaqdır. Bu
rolların ən böyüyü Qafqaz və Azərbaycan
türklərinə aiddir”.
“Azərbaycan
istiqlal mübarizəsi tarixi” kitabını yazmış
Hüseyn Baykaranın aşağıdakı fikirləri azərbaycançılığın
milli istiqlal ideyasının aparıcı qayəsini təşkil
etdiyini nümayiş etdirir: “Qafqaz hadisələri onları
(istiqlal mücahidlərini - İ.H.) özlərinin öncədən
uzaq məqsəd olaraq planlaşdırdıqları Azərbaycan
istiqlalı yoluna tez sürükləndirdi. Bu
vaxtadək Azərbaycan istiqlalına nə rast gəlinmiş,
nə də baş verən digər siyasi hadisə
olmamışdır. Azərbaycan
xalqının ruhundan doğan bu istiqlal hadisəsi tarixin
axarı içində öz yerini tapmışdır”. Və beləliklə, XX əsrin əvvəllərindən
etibarən azərbaycançılıq milli ədəbi-ictimai
fikrin gündəmində artıq əsas yer tutmuşdur.
Sovet dövründə Azərbaycan dilində
yaranan böyük ədəbiyyat azərbaycançılıq
adlandırılmasa da, vətənpərvərlik ruhunu qoruyub
saxlamaq və inkişaf etdirməklə bu ümummilli təlimi
zamandan zamana çatdırmaq vəzifəsini yerinə
yetirmişdir. XX əsrin 60-80-ci illərində Mirzə
İbrahimov, Rəsul Rza, Süleyman Rəhimov, Süleyman
Rüstəm, Mir Cəlal, Mehdi Hüseyn, İsmayıl
Şıxlı, İlyas Əfəndiyev, İsa Hüseynov,
Hüseyn İbrahimov, Nəriman Həsənzadə və
başqaları əsərlərində Azərbaycan həyatının
reallıqlarını və azərbaycançı
düşüncənin geniş imkanlarını
nümayiş etdirmişlər. Yazıçı
və şairlərin ana dili uğrunda apardıqları
mübarizə əslində, real olaraq milli istiqlal mübarizəsinin
parolu idi. Xalq şairi Səməd
Vurğunun məşhur “Azərbaycan” şeiri ədəbiyyatda
doğma vətənin tərənnümü əsasında
azərbaycançılıq ideyasının
yaşadılması və xalqa aşılanması
baxımından nə qədər böyük imkanlara malik
olduğunu nümayiş etdirir. Azərbaycan
xalqının Ümummilli lideri Heydər Əliyevin ölkəmizə
rəhbərlik etdiyi 1969-1982-ci illərdə sovet
ideologiyasına dəyib-toxunmadan respublikamızda milli-mənəvi
dəyərlərin yaşadılması və inkişaf
etdirilməsi, ədəbiyyatın, mədəniyyətin və
ictimai fikrin meydanının genişləndirilməsi, ən
başlıcası isə milli ziyalılığın qorunub
saxlanılması və dəstəklənməsi siyasətinin
uğurla həyata keçirilməsi əsasında azərbaycançılıq
ümummilli hərəkat səviyyəsinə
qaldırılmışdır. Hələ
1978-ci ildə sovet hakimiyyəti illərində ulu öndər
Heydər Əliyevin siyasi iradəsi ilə Azərbaycan respublikasının
Konstitusiyasında ana dilinə dövlət dili statusu
qazandırılması azərbaycançılıq
idealına doğru mübarizənin mühüm nailiyyəti
kimi qiymətləndirilməyə layiq olan böyük tarixi
hadisədir. Məhz belə münbit ictimai-siyasi şəraitdə
Azərbaycanda Bəxtiyar Vahabzadə, Məmməd Araz, Xəlil
Rza Ulutürk kimi istiqlal şairləri yetişib
formalaşmış, azərbaycançılıq
ideyasının carçısı olmaq missiyasını
uğurla həyata keçirmişlər.
Azərbaycan
“altmışıncıları” ədəbi nəsli: Anar,
Elçin, Sabir Əhmədov, Əli Kərim, Fikrət Qoca,
Yusif və Vaqif Səmədoğlular, Musa Yaqub və
başqaları hakim ideologiyanın maneələrini qıraraq
xalqın gerçək həyatının və milli
ideallarının təsvir və tərənnümünü
ədəbi-ictimai mühitin ön cəbhəsinə
çıxarmışlar. Yetmişincilər: Sabir Rüstəmxanlı,
Çingiz Abdullayev, Kamal Abdulla, Mövlud Süleymanlı,
Vahid Əziz, Ramiz Rövşən, Aqil Abbas, Çingiz
Əlioğlu, Elman Həbib, Vaqif Məmmədov, Məmməd
Alim, Firuzə Məmmədli, Ramiz Qusarçaylı, Xanəli
Kərimli, İltifat Saleh və başqa yazıçı və
şairlər ədəbiyyatda azərbaycançılığın
mövqelərini daha da möhkəmləndirərək milli
istiqlal ideyasına qədər qaldırmışlar. Bundan
sonra gələn nəsil, yəni səksənincilər məsələn
məşhur “Dar ağacı” şerinin müəllifi
Rüstəm Behrudi kimi artıq istiqlal düşüncəsi
ilə milli ədəbiyyat və azadlıq meydanlarında
söz demək imkanları ilə birlikdə
addımlamışlar.
Rəşad
Məcid, İlqar Fəhmi, Elçin Hüseynbəyli, Yunus
Oğuz, Əjdər Ol, Vaqif Bayatlı, Asim Yadigar və
başqaları yeni tipli müasir ədəbiyyatı qiymətli
əsərlərlə zənginləşdirmişlər. Beləliklə,
Azərbaycan ədəbiyyatı təxminən bir əsr ərzində
azərbaycançılıq məfkurəsini milli mənsubiyyəti
bildirən terminoloji
anlayışların formalaşdırılmasından istiqlal
uğrunda mübarizə idealına qədər yaşadıb
inkişaf etdirməsidir. Azərbaycançılıq - ədəbiyyatda
milli
düşüncənin yaşadılması ilə milli istiqlal ideyasının
doğulması və həyata keçirilməsinədək
olan təkamül proseslərinin əsas hərəkətverici
qüvvəsidir. Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyevin apardığı ardıcıl və
müdrik siyasət nəticəsində azərbaycançılıq
dünya azərbaycanlılarını və ölkəmizdə
yaşayan xalqları birləşdirən multikultural sabit həyat
tərzini inkişaf etdirərək daha da möhkəmləndirən
ən mühüm
faktora çevrilmişdir. Müstəqillik
dövrünün çoxmetodlu Azərbaycan ədəbiyyatında
azərbaycançılıq tərənnüm intonasiyası
və tempindən dərk və şərh olunma prosesləri
istiqamətinə doğru inkişaf etməkdə davam edir.
Yeni tarixi epoxanın Azərbaycan ədəbiyyatı milli bədii
təfəkkürün çoxsəsli simfonik orkestri kimi müasir
dövrün gerçəkliklərini və
romantikasını inamla və ilhamla vəsf edir. Dövlət
ideologiyası səviyyəsinə qaldırılan azərbaycançılıq müstəqillik dövrü
Azərbaycan ədəbiyyatının inkişaf
strategiyası, əsas sənət, həyat və hərəkət
konsepsiyasıdır. Azərbaycan ədəbiyyatı
azərbaycançılıq konsepsiyasının nəinki
üzvi tərkib hissəsi, sözün gerçək və
böyük mənasında hərəkətverici qüvvəsidir.
l
Azərbaycançılıq konsepsiyası geniş
anlayış olub, özündə azərbaycançılıq
məfkurəsini, Azərbaycan xalqı və Azərbaycan
dövlətçiliyi anlayışlarını, milli-mənəvi
dəyərləri, Azərbaycan dili və Azərbaycan ədəbiyyatını,
azərbaycanşünaslıq prinsiplərini cəmləşdirir.
Azərbaycançılıq - müstəqil Azərbaycan
Respublikasının dövlət ideologiyasıdır. Azərbaycan
xalqının Ümummilli Lideri Heydər Əliyev müstəqil
Azərbaycan dövlətinin banisi və qurucusu, Azərbaycançılıq
dövlət ideologiyasının yaradıcısı və
banisidir.
Azərbaycançılıq
konsepsiyası aşağıdakı prinsipləri əhatə
edir:
I. Azərbaycançılıq
məfkurəsi
1. Azərbaycançılıq
- ümumtürk mənşəli milli məfkurədir.
2. Azərbaycançılıq
- Azərbaycanın ərazi bütövlüyünün,
vahid Vətən və milli birlik ideyasının təcəssümüdür.
3. Milli
iftixar və Vətənçilik Azərbaycançılıq
məfkurəsinin əsas ideya mənbəyidir.
4. Azərbaycançılıq
- müstəqil Azərbaycanda ölkənin
bütövlüyünün, birlik və həmrəyliyinin
ümumiləşmiş ifadəsidir.
5.
Ümummilli birlik və vətəndaş həmrəyliyi Azərbaycançılığın
əsas mahiyyətini ifadə edir.
6. Azərbaycançılıq
bəşəri dəyərləri özündə əks
etdirən ümummilli məfkurədir.
7. Radikal
millətçilik, dini ayrı-seçkilik,
separatçılıq Azərbaycançılıq məfkurəsinə
ziddir.
8. “Bizim
bir ümumxalq ideologiyamız var - Azərbaycançılıq
məfkurəsi!” (İlham Əliyev, Azərbaycan
Respublikasının Prezidenti).
II. Azərbaycan
xalqı
9. Azərbaycan
xalqı müstəqil Azərbaycan dövlətinin
yaradıcısı, sahibi, daşıyıcısı və
qoruyucusudur.
10. Azərbaycan
xalqı - tarixən və mənşə etibarilə Azərbaycanda
yaşayıb formalaşmış və ölkəni qoruyub
saxlayan və inkişaf etdirən əsas hərəkətverici
qüvvədir.
11.
Etibarlı olmaq, bütövlük, Vətən və torpaq
sevgisi Azərbaycan xalqının xarakteridir.
12. Azərbaycançılıq
- ölkədə hüquqi-demokratik dövlətin
daşıyıcısı olan Azərbaycan xalqının
dövlətçilk ideologiyasının ana xəttidir.
13. Azərbaycançılıq
- Azərbaycanı özünə Vətən hesab edən
bütün xalqları birləşdirən ideologiyadır.
14. Azərbaycançılıq
- dünya azərbaycanlılarının milli-mənəvi
birliyinin rəmzidir.
15. Azərbaycançılıq
- ölkədə hüquqi-demokratik dövlətin
daşıyıcısı olan Azərbaycan xalqının
dövlətçilik ideologiyasının ana xəttidir.
16.
“Hamımızın bir Vətəni var. Bu, Azərbaycandır”
(Heydər Əliyev Azərbaycan xalqının Ümummilli
Lideri).
“Vətən birdir, hamı Vətən uğrunda
çalışmalıdır” (Heydər Əliyev,
Ümummilli lider).
III. Azərbaycan
dövlətçiliyi
17. Azərbaycan
dövləti - Azərbaycan xalqının çoxəsrlik ənənələri
və tarixi ərazisi olan, ölkənin ərazi
bütövlüyünü yaşadan, qoruyub möhkəmləndirən
idarəetmə sistemidir.
18.
Güclü dövlət, demokratik prinsiplər, milli sərvət,
iqtisadi inkişaf və hərbi qüdrət Azərbaycan
Respublikasının hərtərəfli inkişafının əsasıdır.
19.
“Müstəqil Azərbaycan dövlətinin ideya əsası
Azərbaycançılıqdır”(Heydər
Əliyev, Ümummilli lider).
20. Hərtərəfli
dinamik və davamlı inkişaf, birlik, möhkəm ictimai-siyasi
sabitlik və modernləşmə Azərbaycan dövlətinin
hədəfləridir.
21. Azərbaycan
Respublikasının dövlət rəmzləri: himni, dövlət
bayrağı və gerbi Azərbaycan vətəndaşı
üçün müqəddəsdir.
22. Azərbaycan Respublikasının dövlət rəmzlərini
uca tutmaq və qorumaq Azərbaycan vətəndaşının
müqəddəs borcudur.
23. Azərbaycanın
dövlət himni - Azərbaycan xalqının milli manifesti, səfərbərlik
və birlik marşıdır.
24. Azərbaycanın
dövlət bayrağı - Azərbaycan xalqının milli
istiqlalının rəmzi və müstəqil Azərbaycan dövlətinin
ideya əsaslarını əks etdirən əbədi
simvoludur.
25. Azərbaycan Respublikasının dövlət gerbi -
müstəqil dövlətin varlığını təsdiq
edən möhürdür.
IV. Azərbaycan
dili
26. Azərbaycan
xalqının ana dili olan Azərbaycan dili - Azərbaycan
Respublikasının dövlət dilidir.
27. Azərbaycan
dili türk mənşəli qədim və zəngin dildir.
28. Azərbaycan
dili - Azərbaycan xalqının ana dili və ölkədə
yaşayan bütün etnosların - azsaylı xalqların
vahid ünsiyyət dilidir.
29. “Ana
dilimiz - Azərbaycanın, Azərbaycan xalqının ən
böyük milli sərvətidir” (Heydər Əliyev,
Ümummilli lider).
V. Milli-mənəvi
dəyərlər
30. Azərbaycançılıq
- xalqın milli-mənəvi özünüdərketmə təlimidir.
31.
Əsrlər boyu formalaşıb inkişaf etmiş dayanıqlı
adət və ənənələr Azərbaycan
xalqının milli sərvətidir.
32. Milli
adət və ənənələri qoruyub saxlamaq və
yaradıcılıqla inkişaf etdirib möhkəmləndirmək
Azərbaycançılıq məfkurəsinin əbədiyaşarlığını
təmin etməyin əsas şərtlərindəndir.
33.
İslam dini dəyərləri - Azərbaycan xalqının
dini mənsubiyyətinin əsasını təşkil edir.
34.
Tolerantlıq - Azərbaycanda dinlərarası münasibətlərin
və dialoqun dayaq nöqtəsidir.
35.
Multikulturalizm - Azərbaycançılığın üzvi
tərkib hissəsi və hərəkətverici qüvvəsidir.
VI. Azərbaycan
ədəbiyyatı
36. Azərbaycanda
və dünyanın müxtəlif ölkələrində
yaşayan azərbaycanlıların yaratdıqları ədəbiyyatdır.
37.
Millilik və bəşərilik, azərbaycançılıq
və birlik idealları, habelə yüksək bədiilik Azərbaycan
ədəbiyyatının əsas xüsusiyyətləridir.
38. Azərbaycan
ədəbiyyatı - Azərbaycan xalqının dilində
yaranan böyük ədəbiyyatdır.
39.
Hansı dildə yazılmasından asılı olmayaraq, azərbaycanlıların
ölkənin milli dəyərlərinə və dövlətçilik
maraqlarına xidmət edən bədii əsərləri Azərbaycan
ədəbiyyatıdır.
40. Azərbaycan
ədəbiyyatı davamlı tarixi-ədəbi ənənəsi
olan və daim inkişaf edib müasirləşən
dayanıqlı ədəbiyyatdır.
41. Azərbaycan
xalqının ədəbiyyatı dünya ədəbiyyatının
tərkib hissəsidir.
VII. Azərbaycanşünaslıq
42. Azərbaycanı
öyrənmək - Azərbaycanşünaslıqdır.
43. Azərbaycan
- ana Vətən və ümummilli ideal; Azərbaycançılıq
- milli ideologiya; Azərbaycanşünaslıq - elmdir.
Azərbaycan
ədəbiyyatının çoxəsrlik inkişafında
böyük ənənələrə malik olan türk və
islam sivilizasiyaları, sufizm və hürufizm
dünyabaxışı, maarifçilik hərəkatı, ədəbi
cərəyanlar: erkən realizm (XVIII əsr), maarifçi
realizm (XIX əsr), tənqidi realizm və romantizm (XX əsrin əvvəlləri),
ekzisentializm, dekadentizm, postmodernizm, magik realizm (XX-XXI əsrlər)
kimi ədəbi cərəyanlar çox mühüm rol
oynamış, hər biri yeni ədəbi-tarixi mərhələ,
yaxud istiqamət yaratmışdır.
l
Azərbaycan
ədəbiyyatı tarixinin dövrləşdirilməsinin
müasir konsepsiyası üçün müəyyən
edilmiş meyarlar ədəbiyyatımızın çoxəsrlik
tarixində baş vermiş ictimai-mədəni və ədəbi-tarixi
proseslərin reallıqlarını, keçilmiş
inkişaf yolunun özünəməxsusluqlarını
obyektiv şəkildə özündə əks etdirməyə
imkan yaradır. Ədəbi-tarixi proseslərin
reallıqları dedikdə ayrı-ayrı inkişaf mərhələlərində
Azərbaycan ədəbiyyatının təbii məntiqindən,
daxili təkamülündən doğan sənət
idealları ilə xalqın müxtəlif dövrlərdəki
ümummilli ideallarının dialektik əlaqəsi, sintezi və
vəhdəti nəzərdə tutulur. Qeyd olunan prinsiplər:
azərbaycançılıq, sivilizasiya amili, ədəbi cərəyanlar
və ədəbi-tarixi prosesin reallıqları Azərbaycan
ictimai-mədəni fikrinin və ədəbiyyatının əsrlər
boyu keçdiyi inkişaf yolunun ana xətlərini və
başlıca məzmununu, əsas inkişaf istiqamətlərini
müəyyən etməyə imkan yaradır.
Azərbaycan ədəbiyyatının çoxəsrlik
tarixinin dövrləşdirilməsi üçün zəruri
olan bu prinsiplər müəyyən olunarkən ölkə ədəbi-ictimai
fikrinin reallıqları və dünya elmi-nəzəri təlimlərinin
təcrübəsi yaradıcı şəkildə öyrənilərək
nəzərə alınmışdır. Adı çəkilən
prinsiplərdən hər biri Azərbaycan ədəbiyyatı
və ictimai fikrinin əsas istiqamətverici faktorları, azərbaycançılıq
isə baş meyarıdır.
Azərbaycan
ədəbiyyatı tarixinin aşağıdakı yenidən
dövrləşdirilməsi ilk növbədə ölkəmizin
və milli ədəbiyyatın reallıqları və
dünya ədəbiyyatında gedən proseslərin əsasında
formalaşdırılmışdır:
1. Qədim
dövr Azərbaycan ədəbiyyatı. Etnosdan - eposa
2. Azərbaycan
yazılı ədəbiyyatının ortaq
başlanğıc dövrü (VII-X əsrlər).
3.
İntibah dövrü Azərbaycan ədəbiyyatı (XI-XII əsrlər).
4. Orta əsrlər
Azərbaycan ədəbiyyatı (XIII-XVI əsrlər).
5. Azərbaycan
ədəbiyyatında erkən realizm dövrü (XVII-XVIII əsrlər).
6. Azərbaycan
ədəbiyyatında maarifçilik hərəkatı və
maarifçi realizm dövrü (XIX əsr).
7. Tənqidi
realizm və romantizm epoxası (XIX əsrin 90-cı illərindən
1920-ci ilə qədər).
8. Azərbaycan
ədəbiyyatında sosialist realizm mərhələsi
(1920-1960).
9. Milli-mənəvi
özünüdərk və istiqlalçılıq
dövrü (1960-1991).
10. Müstəqillik dövrü çoxmetodlu Azərbaycan ədəbiyyatı (1991-ci ildən).
Azərbaycan ədəbiyyatının dövrləşmə konsepsiyasının hazırlanması və inkişaf mərhələlərinin müəyyən edilməsi məsələləri Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin (23 sentyabr 2015-ci il), Humanitar Elmlər Bölməsinin (18 may 2015-ci il) iclaslarında, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Elmi şurasında (18 mart 2015-ci il və 13 oktyabr 2017-ci il) ölkəmizin elmi ictimaiyyəti ilə, Beynəlxalq Türk Akademiyasının seminarında (Astana, 5 oktyabr 2015-ci il) Türk Dünyası Elmlər Akademiyaları Ədəbiyyat İnstitutlarının direktorları ilə birlikdə geniş müzakirə olunmuş, təkmilləşdirilərək dəqiqləşdirilmişdir.
Yekun qənaət: Azərbaycan ədəbiyyatının
dövrləşdirmə konsepsiyasının və inkişaf
mərhələlərinin yeni təsnifatının meydana
çıxması ölkəmizdə bərqərar olmuş
və inkişaf edən dövlət müstəqilliyinin
yaratdığı obyektiv elmi-ictimai şəraitin və
doğurduğu idealların nəticəsidir.
525-ci qəzet.-2018.-22
sentyabr.-S.16;18.