Milli tarixşünaslığımıza
dair konseptual tövsiyələr
Gövhər BAXŞƏLİYEVA
Millət vəkili, AMEA-nın
müxbir üzvü, professor, Şərqşünaslıq
İnstitutunun direktoru
Haqqında söhbət açacağımız kitab -
Maykl Aksvörti “Nadir şah” (Bakı, 2018) “Şərq-Qərb”
nəşriyyatı tərəfindən yenicə nəşr
edilib.
Kitab tanınmış ingilis şərqşünası
Maykl Aksvörtinin “İranın qılıncı. Nadir şah:
tayfa döyüşçüsündən müstəbid
fatehədək” adlı əsərinin Azərbaycan dilinə tərcüməsi,
geniş ön söz, tarixi məlumatlar, qeydlər, şərhlər
və son sözdən ibarətdir. Bu nəşr,
heç şübhəsiz, görkəmli dövlət xadimi,
böyük fateh, Əfşarlar dövlətinin banisi Nadir
şah Əfşar və onun dövrü haqqında milli
tarixşünaslığımızda müəyyən
boşluğu dolduran zəngin faktoloji bazaya malik bir əsər
kimi dəyərləndirilə bilər.
İlk növbədə kitabı ərsəyə gətirmiş
bütün yaradıcı heyətə - başda hörmətli
akademik Ramiz Mehdiyev olmaqla tərcüməçilərə,
tarixi məlumatlar, qeyd və şərhlərin müəlliflərinə
dərin təşəkkürümü bildirmək istərdim. Kitab bir
çox yenilik və məziyyətlərlə fərqlənir.
Müəllif Səfəvi dövlətinin tənəzzülündən
başlayaraq, Nadir şahın həyatı, çoxşaxəli
fəaliyyəti, böyük mübarizəsi,
apardığı müharibələr, saray çəkişmələri
və sairə haqqında elmi-populyar şəkildə
dolğun, maraqlı məlumatlar verir, dövrün həqiqətlərini
real boyalarla təsvir etməyə nail olur.
Eyni zamanda qeyd etməliyik ki, əsər bizim
razılaşa bilmədiyimiz məqamlardan da xali deyil. Müəllif
istər Nadir şaha, istər Azərbaycan türklərinə
(azərbaycanlılara), istərsə də onların
yaşadığı ərazilərə paniranist, panfarsist
mövqedən yanaşır. Səbəb
isə mövcud ədəbiyyatın əsasən həmin
mövqedə duran müəlliflər tərəfindən
yazılmasıdır. Bütün bunlardan kitabın
ideya müəllifi və Azərbaycan nəşrinin elmi
redaktoru, akademik Ramiz Mehdiyev əslində, müstəqil elmi
araşdırma səciyyəsi daşıyan 70 səhifəlik
geniş və dərin məzmunlu ön sözündə ətraflı
bəhs etmiş, milli tarix və mənbəşünaslıq
elmlərimiz üçün son dərəcə vacib
konseptual, proqram xarakterli tövsiyə və mülahizələr
irəli sürmüşdür. O, Nadir şah
Əfşarın fəaliyyətini dövlətçilik
baxımından dəyərləndirmək sahəsində
mühüm addım atmış və azərbaycançılıq
məfkurəsi nöqteyi-nəzərindən Nadir şah
Əfşarın şəxsiyyətinə, eləcə də
Vətən tarixi ilə bağlı bir çox məqamlara
yenidən baxmışdır.
Akademik
Ramiz Mehdiyevin son illər milli tariximizlə bağlı nəşr
etdirdiyi çoxsaylı əsərlər - “Gorus 2010: absurd
teatrı mövsümü”, “Dağlıq Qarabağ: məxəzlərdən
oxunmuş tarix”, “Ermənilərin mif
yaradıcılığı tarixdə ilk xristian dövləti
kontekstində”, “Şah İsmayıl Səfəvi ali məramlı
şəxsiyyət kimi”, “Tarixi idrakın elmiliyinə dair”,
“Şah İsmayıl Səfəvi: hökmdar və
döyüşçü portreti”, “Şah İsmayıl Səfəvi:
tarixi-diplomatik sənədlər toplusu”, “ADR-İran diplomatik
münasibətləri Qafqaz Fövqəladə
Komissiyasının sənədləri işığında
(1919-1920-ci illər)” kitabına ön söz və s. Azərbaycan
tarixinin ətraflı və obyektiv
araşdırılmasına mühüm töhfədir və
bu sahədə mövcud boşluqları aradan qaldırır.
Ən vacibi isə hörmətli akademik tərəfindən
Vətənimizin keçmişinin tarixi reallıqlar əsasında
və azərbaycançılıq ideologiyası
işığında araşdırılmasıdır.
Bu gün xalqımızın hələ də ərazi
bütövlüyünü bərpa etmək
üçün bədnam qonşularımızla bütün
cəbhə boyu gərgin mübarizə
apardığını, 70 illik sovetlər dönəmində
tarix elmimizin güclü ideoloji təzyiq altında olduğunu
və tariximizin bir çox şanlı səhifələrinin
qonşu xalqlara mənsub alimlər tərəfindən
özününküləşdirildiyini nəzərə
alsaq, bu araşdırmaların əhəmiyyəti daha
aydın dərk edilər və onların əslində, milli
təəssübkeşlikdən qaynaqlandığı
aydın olar.
Əsrlər boyu indi İran adlanan ərazidə
soydaşlarımız böyük dövlətlər
yaradıb, onları parçalanmaqdan qoruyub, yadellilərə
sinə gərərək yaşadıb, ərazisini xeyli
genişləndirib, dövlətçiliyini inkişaf etdirib. Bu mənada akademikin
aşağıdakı fikirləri tamamilə haqlıdır və
real tarixi faktlara əsaslanır: “Görünən odur ki,
“İran” anlayışının etnik yox, sırf coğrafi məfhum
olması faktını, bu məkanın ərəb əsarətinin
bitməsindən 1925-ci ilə qədər, təxminən 1000
illik dövr ərzində türklər, o cümlədən,
Azərbaycan türkləri tərəfindən idarə
edildiyi həqiqətini dünyaya hələ çox
xatırlatmalı olacağıq. Maraqlısı budur ki,
İrana XI əsrdən bəri hökm edən Qəznəvilərin
(962-1186), Səlcuqların (1038-1157), Elxanilərin (1256-1353), Cəlairilərin
(1336-1432), Teymurilərin (1370-1506), Qaraqoyunluların (1380-1468),
Ağqoyunluların (1378-1503), Səfəvilərin (1501-1736),
Əfşarların (1736-1795), Qacarların (1795-1925) türk mənşəli
olduqları nüfuzlu Qərb tarixçiləri tərəfindən
əsla şübhə altına alınmır. Lakin söhbət
ümumilikdə İranın dövlətçilik tarixindən
düşdükdə, şərqşünasların əksəriyyəti
nədənsə həmin sülalələrin qurduqları
dövlətləri farsların adına
çıxırlar!”
Əlavə etmək istərdim ki, eyni farslaşdırma
siyasətinə əsrlərlə bu ərazidə azərbaycanlılar
tərəfindən yaradılan maddi və qeyri-maddi mədəni
sərvətlər də məruz qalıb. Bu gün
dünyanın bir çox muzeylərini bəzəyən qədim
sənət əsərləri, o cümlədən, məşhur
Təbriz xalçaları “Persiya” adı altında
nümayiş etdirilir.
Beləliklə, kitab eyni zamanda tariximizi təhrif edənlərə
tutarlı cavab kimi səslənməsi baxımından diqqətəlayiqdir. Məlumdur ki, Azərbaycan
tarixi bir sıra konyukturaya uymuş, müxtəlif ideoloji təsirlərə
məruz qalmış “tarixçilər”, “alimlər” və
“siyasətçilər” tərəfindən kobud şəkildə
təhrif edilib və edilir, falsifikasiyaya məruz qalır, bəzən
isə şərəfli tariximizin bütöv dövrləri
inkar edilir, bədxahlarımız tərəfindən
özününküləşdirilir. Fars salnaməçiləri
və tarixşünasları, onların ardınca isə digərləri
İran ərazisində qeyri-farsların yaratdıqları
dövlətləri İran dövləti və ya
iranlıların dövləti kimi təqdim etməyə
xüsusi əhəmiyyət vermişlər və verməkdə
davam edirlər.
Bütün bunlara və bir çox digər məsələlərə
akademik Ramiz Mehdiyev “Azərbaycan nəşrinin elmi redaktorundan”
adlı analitik yazısında münasibət bildirir. Yazı
üç hissəyə bölünür və onların hər
birində müasir elmimiz üçün son dərəcə
vacib məsələlər qaldırılır, eyni zamanda,
onların həlli yolları göstərilir.
Birinci hissədə - “Qərb
tarixşünaslığında Nadir şah mövzusu (tarixə
bir nəzər)” - Avropa müəlliflərinin Nadir şah
haqqında əsərləri nəzərdən keçirilir,
onların dolğun icmalı verilir. Müəllif ürək
ağrısı ilə vurğulayır ki, həmin Avropa
qaynaqları dilimizə tərcümə edilməyib və hətta
məsləhət verir ki, əgər onları bu gün əldə
etmək problemdirsə, onların fars dilinə
tərcümələrinə üz tutulmalıdır. Daha
sonra akademik yazır: “Mövcud boşluğun intensiv və
keyfiyyətli şəkildə doldurulması, problemin ildən
ilə, nəsildən-nəslə ötürülməməsi
üçün tarixçilərimiz və mənbəşünaslarımız
fəaliyyətlərini koordinasiya etməli, real nəticəyə
hesablanan addımlar haqqında ciddi şəkildə
düşünməlidirlər”.
Bununla əlaqədar AMEA-nın İctimai Elmlər
bölməsinin nəzdində müvafiq Koordinasiya
Şurasının yaradılmasını təklif edərdim. Eyni zamanda,
artıq 40 ildən çox Şərqşünaslıq
İnstitutunda çalışan bir mütəxəssis kimi
problem barədə mülahizələrimi bölüşmək
istərdim.
İndiyə qədər xalqımızın tarixinə
və mədəniyyətinə dair tarixçi və mənbəşünas
alimlərimiz tərəfindən çoxsaylı mənbələr
tərcümə edilərək araşdırılıb, nəşr
edilib, onların əsasında dissertasiyalar müdafiə
edilib. Şərqşünaslıq İnstitutu olaraq, biz
daim çalışmışıq ki, əməkdaşlarımızı
məhz bu istiqamətə yönəldək. Onlar
xalqımızın tarixi, mədəniyyəti, ədəbiyyatı,
dili və s. ilə bağlı ərəb, fars
və türk mənbələri üzərində davamlı
araşdırmalar aparırlar. Bu mənbələrin
təkcə adların çəksək, çox
böyük siyahı alınar. Problem ondan ibarətdir
ki, bu əsərlər əksər halda geniş oxucu kütləsi
üçün naməlum qalır, onlarla yalnız mütəxəssislər
tanış olur. Çox təəssüf
ki, bugünkü informasiya bolluğunda ölkə KİV-ləri
ciddi elmi əsərlərə kifayət qədər diqqət
yetirmirlər, onları daha çox bayağı, əyləncə
xarakterli informasiya cəlb edir. Odur ki, elmi
institutların apardıqları çox dəyərli tədqiqatlar,
böyük zəhmət bahasına hazırlanan monoqrafiya və
kitablar haqqında ictimaiyyətin bir çox hallarda xəbəri
olmur.
“Nadir şah Əfşar irsi Maykl Aksvörti qələmindən”
adlanan ikinci hissədə əsərin özü təhlil
edilir. Öncə
müəllif haqqında arayış verilir, daha sonra əsərin
müsbət cəhətlərinə nəzər yetirilir:
farsdilli və qərbdilli qaynaqlardan, müasir
tarixşünaslığın nailiyyətlərindən
geniş istifadə, Nadir şahın siyasi və psixoloji
portretinin yaradılması, əsərin üslub xüsusiyyətləri
vurğulanır. Bu yerdə akademik yazır: “Etiraf etməliyik
ki, Azərbaycan tarixşünaslığında eyni zamanda,
bir neçə dildən sərbəst şəkildə
istifadə edə bilən, apardığı elmi
axtarışları peşəkar həmkarları ilə
qarşılıqlı əlaqə şəklində həyata
keçirən tədqiqatçıların sayı olduqca məhduddur.
M.Aksvörtinin əsəri bu mənada, yəni müasir elmin
tələb etdiyi iş üslubunun mənimsənilməsi,
öyrənilməsi baxımından da tədqiqatçılarımız
üçün yaxşı örnək, gözəl bir
nümunədir”.
Daha sonra Nadir şahın şəxsiyyəti və fəaliyyəti
təhlil edilərək, onun öz dövrünün,
mühitinin, gərgin mübarizəsinin yetirməsi olduğu
vurğulanır. Bu zaman mövcud ədəbiyyat nəzərdən
keçirilir və qiymətləndirilir. Akademik Ramiz
Mehdiyev bir sıra konkret nümunə əsasında tarix
elmimizin çağdaş dünya elminin inkişaf səviyyəsinə
qalxması zərurətindən yazır və bu sahədə
mövcud nöqsanları göstərir: “... Bizim
tarixçilərin axsadıqları əsas istiqamət məhz
faktların hərtərəfli təhlilinə, müqayisə
və qarşılaşdırılmaya əsaslanan təqdimetmə,
çatdırılma tərzidir. Əgər
sözügedən qüsurun bir hissəsi, artıq
vurğuladığım kimi, şəxsiyyətlərə bəslənən
subyektiv rəğbətdən, yaxud qərəzdən
qaynaqlanırsa, digər bir qismi əksər tədqiqatçılarımızın
hələ də salnaməçilikdən təhlilə,
analitik tarixə keçid edə bilməməsindən irəli
gəlir”.
“Azərbaycanın tarixi irsinə yanaşmada bəzi Qərb
müəlliflərinin mühüm xətası haqqında”
adlandırılan sonuncu hissədə müəllif bu sahədə
mövcud olan çox ciddi problemlər haqqında mövqeyini
bildirir.
Akademik yazır: “Nadirin Azərbaycan tarixindəki müstəsna
yerini şərtləndirən və Qərb şərqşünaslarının
göz yumduqları həqiqətlərdən biri də onun azərbaycanlıların
yaşadıqları torpaqları ilk dəfə “Azərbaycan”
adlanan inzibati vahiddə birləşdirməsi faktıdır”.
Və əlavə edir: “Əgər biz hal-hazırda 1813-cü
ilin Gülüstan və 1828-ci ilin Türkmənçay
müqavilələri əsasında iki yerə
parçalanmış vahid, tarixi Azərbaycandan, onun konkret
hüdudlarından, əyalət və şəhərlərindən
əminliklə söhbət aça biliriksə, bunu ilk
növbədə Nadir şaha, onun yaratdığı inzibati
vahidə borcluyuq”.
Daha sonra
görkəmli alim milli tariximizə bəzi xarici tədqiqatçılar,
eləcə də yerli müəlliflər tərəfindən
nümayiş olunan ədalətsiz, obyektivlikdən uzaq
münasibəti qeyd edir: “Bir sıra əcnəbi tədqiqatçılar,
həmçinin, bəzi Azərbaycan müəllifləri
siyasi mərkəzləri İranın qeyri-türklər
yaşadığı bölgələrində qurulan, yaxud
sonradan hərbi-siyasi reallıqların diktəsi ilə
paytaxtlarını İranın mərkəzi vilayətlərinə
köçürmək məcburiyyətində qalan türk
dövlətlərini heç bir tutarlı əsas gətirmədən
milli tariximizin ayrılmaz tərkib hissəsi kimi qəbul etməkdən
boyun qaçırırlar”.
Akademik
Ramiz Mehdiyev bütün bunları nəzərdən
keçirərək, ürək yanğısı ilə
yazır: “Niyə Azərbaycanın öz dövlətçilik
və mədəniyyət tarixi ilə öyünməsinə
etiraz edilir, müxtəlif adlar altında buna maneələr
yaradılır? Azərbaycan tarixçiləri
haqqında danışdığımız mətləbləri
daim diqqətdə saxlamalı, tariximizlə bağlı bu həqiqətlərin
xaricdə akademik səviyyədə təbliğini əsas mənəvi
vəzifələrdən biri kimi görməlidirlər”.
Məlumdur ki, Qərb tarixşünaslığında və
ictimai fikrində indiki İran ərazisini “Persiya”
adlandırmaq ənənəsi özünə möhkəm
yer eləyib.
Bununla yanaşı, Qərb tarixçilərinin
antitürk, ariyasentrizm mövqeyi də məlumdur. Digər bir səbəb isə milli Azərbaycan
tarixşünaslığının nisbətən gec
formalaşmasıdır. Odur ki, milli
tarixşünaslığımızın müasir tələblər
əsasında inkişafı bu sahədə Qərb
tarixçilərinin mövqeyinin dəyişməsinə
şərait yarada bilər.
Tədqiqatına yekun vuraraq, görkəmli alim bu cür
təşəbbüslərin davam edəcəyinə
ümidvar olduğunu bildirir və belə bir inam ifadə edir
ki, tariximizlə, mədəniyyətimizlə bağlı
sanballı elmi araşdırmaların aparılması “milli
kimliyimizi dərk etmək yolundakı işimizi xeyli
asanlaşdıracaqdır”.
Düşünürəm ki, akademik Ramiz Mehdiyevin
tariximizlə bağlı sanballı əsərlərindən
sonra Azərbaycan tarixinə, onunla bağlı ayrı-ayrı
hadisələrə azərbaycançılıq mövqeyindən
yanaşılması prosesi daha da genişlənəcək, dərinləşəcək
və ümumiyyətlə, intensiv xarakter alacaqdır. 70 il məhdud
ideoloji-sinfi çərçivədə inkişaf edən
tarix elmimiz hazırda milli tarixşünaslığa
keçid mərhələsini yaşayır. Hörmətli
akademikin son illər göstərdiyi səylər milli
tarixşünaslığımızın obyektiv elmi-metodoloji
prinsiplər əsasında formalaşması prosesinin sürətlənməsinə
xidmət edir.
Yuxarıda qeyd olunduğu kimi, kitabda bir sıra digər
məsələlərə də toxunulur. Müəllif
tariximizin araşdırılmasına hərtərəfli
dövlət dəstəyini nümayiş etdirərək, bu
irsi yenidən xalqımıza qaytara biləcək, tarixi həqiqətlərin
təhrifinə tutarlı cavab verəcək peşəkar
mütəxəssislərin qarşısında konkret vəzifələr
qoyur.
Bu gün xalqımızın çoxəsrlik tarixini, mədəniyyətini,
elmini, ədəbiyyatını, vahid xalq kimi
formalaşması prosesini əks etdirən mənbələri
tərcümə və tədqiq edərək xalqımıza
çatdırmaq alimlərimizin müqəddəs borcudur. Bu sahədə,
deyildiyi kimi, bir çox işlər görülüb və
görülməkdədir. Bununla belə, yeni mənbələrin
axtarışı və surətlərinin ölkəmizə
gətirilərək elmi dövriyyəyə daxil edilməsi
istiqamətində müntəzəm, məqsədyönlü
iş aparılmalıdır. Eyni zamanda, Şərqin
və Qərbin bir çox kitabxanalarında orta əsrlər
azərbaycanlı müəlliflərinin qələminə məxsus,
elmin və ədəbiyyatın müxtəlif sahələrinə
aid yüzlərlə əlyazmalar saxlanılır. Bu əsərləri ölkəmizə gətirmək
üçün uzun müddətli ezamiyyətlər təşkil
olunmalıdır.
Son olaraq bir daha vurğulamaq istərdim ki, akademik Ramiz
Mehdiyevin haqqında danışdığımız tədqiqatı
bugünkü və gələcək nəsil tədqiqatçılara
ünvanlanmış çox ciddi və dərin elmi
araşdırmadır. Akademik R.Mehdiyev bu sahədə gələcək
elmi fəaliyyətin nəzəri-metodoloji bazasını
müəyyən etmiş və ayrı-ayrı istiqamətlərini
göstərmişdir, alimlərimizə çox qiymətli
tövsiyələr vermiş, strateji əhəmiyyətli gələcək
tədqiqatların çərçivəsini müəyyənləşdirmişdir.
Alimin milli dövlətçilik ənənələrinə
dair mülahizələri, gəldiyi nəticələr elmi-nəzəri
ümumiləşdirmə gücünə, mühüm
ideoloji-siyasi əhəmiyyətə malikdir.
Düşünürəm ki,
haqqında bəhs etdiyimiz kitabın giriş hissəsi
tarixçilərimiz və mənbəşünaslarımız
tərəfindən çox ciddi şəkildə öyrənilməli,
qavranmalı, müzakirə edilməli, orada qaldırılan məsələlər,
irəli sürülən tövsiyələr təhlil
olunmalı və gələcək işlərdə rəhbər
tutulmalıdır.
525-ci qəzet.-2018.-22 sentyabr.-S.8.