Tiflis... Və Mirzə Fətəli Axundzadə...

 

PƏRVİN

 

Tiflis - deyirəm, ona görə ki, niyyətim bu möcüzə şəhərin əsrlər öncəki halından  danışmaqdı. XXI əsrin cilaladığı, yenilədiyi küçələrdə gəzə-gəzə o illəri, Tbilisinin Tiflis vaxtlarını hiss etmək çətin deyil. Çünki burda müxtəlif mədəniyyətlərlə yanaşı, fərqli əsrlərin, illərin izləri də qorunub saxlanıb.

 

Parklarda hündür, ildən-ilə gövdəsini yoğunladıb qucağa sığmayacaq qədər qədim olan, kölgələri asfalt yolları belə səfalı edən ağaclar da, qəmbərlik, darısqal küçələr də, şəhəri ortadan bölüb üzü vətənimizə doğru axan, Araza qovuşmağa tələsən Kür də, qırmızı şərabı buynuz-qədəhdən son damlasına kimi başına çəkən qocalar da, qılınclarını zərblə bir-birinə vurub qığılcımların altında, milli paltarda rəqs edən cavanlar da köhnəlikdən danışır, keçmişdən xəbər verir. Hələ üç-dörd mismarı bir-birinə bağlayıb sənət əsərinə çevirən küçə sənətkarlarından, əlinə hansısa qədim musiqi alətini alıb gedən-gələni qəpik-quruşa əyləndirən “manıs”lardan danışmıram. Burda keçmişlə gələcək arasındakı indiki zaman “suraqat” bir ovqata köklənib. Yəni Kürün üzərindəki modern şüşə körpü bir məhəllə yuxarıdakı meydanın köhnə ab-havasına ziyan edə bilməz. Yaxud da çox müasir geyinmiş və gözəlliyi ilə göz çıxardan gürcü xanım bir oturuma yekə və yağlı xaçapurini yesə,  təəccüblənmə... Əlini qulağının dibinə qoyub unudulmuş bir mahnını zümzümə edə-edə göz yaşı tökən  qoca da beş dəqiqədən sonra cavanlara qoşulub atılıb düşə bilər. Bir neçə dəfə Tbilisidə olan adam kimi bu təzadlı ovqatları şəhərin təbiəti, havası ilə bağlamışdım. Gecənin ortasında birdən elə ildırım çaxır ki, deyirsən indicə qulaqların tutulacaq, yağış elə bil vedrədən tökülür, beş dəqiqədən sonra yağış da kəsir, sakitlik də çökür ətrafa, səssizlikdən vahimələnirsən... Amma arxayınlaşma, elə təzəcə yuxuya getdiyin yerdə iki qonşunun söyüşməyə bənzər söhbətindən dik atılacaqsan... Dava-dalaş eləmirlər, sadəcə hal-əhval tuturlar, vəssalam! Deyilənə görə, insansevərlikdə, qonaqpərvərlikdə, səxavətdə gürcülər həmişə bizlərlə yarışa giriblər. Buna aid çoxlu lətifələr də var: “Azərbaycanlı teatrın qarderobuna yanaşıb qırmızı onluğu uzadır, “qalıq lazım deyil” - deyir... Gürcü bunu görüb pulu uzadır və “qalıq da lazım deyil, palto da” - deyir...” Nədənsə, bu yerdə gürcü rəssamı Pirosmani yadıma düşür. Söhbətlər gəzir ki, “Million alıx roz” mahnısının tarixçəsi onun taleyi ilə bağlıdır. Fransız aktrisası Marqaritaya aşiq olan Pirosmani mahnıdakı kasıb rəssamın proobrazı imiş. Doğrusu, bunun həqiqət olub-olmamasını dəqiq bilmirəm. Amma hadisənin kökündəki fədakarlıq duyğusu məhz gürcü rəssamla bağlıdırsa, elə bircə bu rəvayət millət haqqında fikir söyləməyə əsas verir. Çünki millət kütlə deyil, ayrı-ayrı adamlardı, şəxsiyyətlərdi. Məsələn, heç bir savadı olmayan Pirosmaninin rəsmlərindəki sadədən sadə simalar, yaxud məşhur “Mimino” filmində təsadüfi bir zəngdən təsirlənən, dəstəyin o tərəfində gürcü mahnısı oxuyub kövrələn adam bu xalq haqqında təsəvvür yaratmırmı?! Amma bu xalqın insansevərliyi, istedadı, mərhəməti barəsində real əhvalatlar da çoxdur. Böyüklərimizdən eşitmişəm, deyirlər ki, lap çoxdan görmədiyin dostun Tbilisiyə gəlib oteldə qaldığını bilsə, dünyanı dağıdar, evinə aparar, axırıncı tikəsini yedirtməsə, özünün çəkdiyi şərabdan içirdib əyləndirməsə, əl çəkməz. Bəzən qonağı razı salmaqdan ötrü borca da girər. Elə indi də bu qonaqsevərliyi sadəcə şəhərin küçələrində gəzə-gəzə hiss etmək olur. Hətta ömründə eşitmədiyi dildə danışsan da, gürcü nəzakətlə cavab verməyə, yol göstərməyə çalışacaq, son ana kimi yanında durub köməyi əsirgəməyəcək. Bir sözlə, burda hər şey “doyumluqdu”; iki-üç xinqali yeyib partlayırsan az qala... Xarçonun acılığından ağzının “divarları” yanıb-tökülür və tez-tələsik doyur mədən... Bir qədəh tünd şərab başını gicəlləndirir, qanını qaynadan musiqi yerində oturmağa imkan vermir.  Hər şey istidi - yemək də, musiqi də, münasibətlər də, şəhərin ab-havası da. Hətta qırmızı şərabı da soyuducuya qoymağa icazə vermirlər, Saperavini isti içməlisən, vəssalam, yoxsa küsərlər! Qafqazın adətlərini burda daha çox hiss edirsən elə bil. Bir də qəribə asudəlik, hətta bekarçılıq yağır Tbilisinin üz-gözündən. Görünür, indi bu şəhərin turistlərin cazibə mərkəzinə çevrilməsinin səbəbi həm də budur. Adam heç hara tələsməyən şəhərlə, onun sakinləriylə, simasına hopan tarixlə birgə dincəlir... 

 

“TİFLİSLİ OLMAQ”

 

XIX əsr Tiflisin həyatında yeni bir mərhələnin başlanğıcı hesab oluna bilər. Gürcüstan əyalətlərinin Rusiya imperiyası tərəfindən işğalından sonra Tiflis Gürcüstan quberniyasının adminstrativ mərkəzi, həmçinin, rus ordusunun baş komandanlığının iqamətgahına çevrilir. Bununla da şəhərin iqtisadi və mədəni səviyyəsi getdikcə güclənir. Nəşriyyatların çoxalması, qəzetlərin işıq üzü görməsi, teatr binasının tikilməsi, müxtəlif ədəbi tədbirlərin keçirilməsi şəhərin ciddi bir  mədəniyyət mərkəzinə çevrilməsinə səbəb olur.

 

Zamanla Tiflisin mədəniyyət paytaxtı olmasını ifadə etmək üçün Mirzə Cəlil Məmmədquluzadənin “Xatiratım” əsərinə müraciət yerinə düşər. Görkəmli yazıçı “Poçt qutusu” hekayəsinin yaradıcılığındakı rolunu belə şərh edirdi:...” mənim bu hekayəm mənim ədəbi həyatımda bir əhəmiyyətli rol oynayıbdır. Bu da odur ki, bəlkə, bu hekayəmin səbəbindən mən həmin bu müsafirətimdə, Tiflisə azarlını (həyat yoldaşı Həmidə xanım Cavanşiri - P.) apardıqda dəxi İrəvana qayıdıb gəlmədim və Tiflisdə qalıb, sonra da həmişəlik tiflisli oldum”. “Həmişəlik Tiflisli olmaq” o böyük mübarizəyə - hərəkata qoşulmaq demək idi. Hansı ki, təxminən bir əsr əvvəl başlamışdı. Hələ XIX əsrin birinci yarısından Abbasqulu ağa Bakıxanov, Mirzə Şəfi Vazeh, İsmayıl bəy Qutqaşınlı Tiflisdə yaşayan, yaxud tez-tez bu şəhərə gəlib-gedən A.S.Qriboyedov, N.V.Xanıkov, V.Pototski, İ.Slivitski, Q.Qaqarin, Y.Polonski, V.Solloqub, D.Kipiani, Q.Orbeliani, A.Çavçavadze, G.Eristavi, G.Sereteli ilə yaradıcılıq ünsiyyəti qurur, Azərbaycan ədəbiyyatı və mədəniyyəti barədə fikir yaradırdılar. M.Ş.Vazehin “Divani-hikmət” məclisi Tiflisdəki gürcü və rus ədəbi dərnəkləri ilə yaradıcılıq əlaqələri qururdu. Beləliklə, həm Azərbaycan ziyalılarının Tiflis mədəni mühitinə, həm də burdakı ab-havanın onların yaradıcılığına qarşılıqlı təsiri vardı. Və bu təsirdən söz açdıqsa, böyük mütəfəkkir Mirzə Fətəli Axundzadənin haqqında ayrıca danışmalıyıq. Mirzə Cəlil deyirdi ki, “Mirzə Fətəli Axundov barəsində ya çox yazmaq lazımdır, ya heç yazmamaq lazımdır. Mirzə Fətəli Axundov barəsində ya yaxşı yazmaq lazımdır, ya heç yazmamaq lazımdır...” Doğrusu, Mirzə Cəlilin bu ciddi tapşırığı hələ yazıya başlamamış qorxuya salır adamı. Çünki çox   yaxşı yazmaq elə-belə iş deyil. Sadəcə Mirzə Fətəli haqqında yaza-yaza anlamağa, duymağa çalışıram onu. Axı hər şey başqa cür ola bilərdi...

 

“SƏN DƏMİ?”

 

Tarixdə, ədəbiyyatda sloqana, simvola çevrilən suallar çoxdur. Şekspirin, daha doğrusu Yuli Sezarın “Sən dəmi Brut?” sualının özü ayrıca bir “xarakter” elementidir, satqınlığı ifadə edir, yaxud elə Hamletin “Olum, ya ölüm?” tərəddüdü nələri-nələri demir?! Bu mənada müəllimi Mirzə Şəfi Vazehin Mirzə Fətəlinin dini təhsil almaq arzusunu eşidəndə verdiyi sual təkcə gənc Fətəlinin yox, bütöv bir dövrün, ədəbiyyatın, mübaliğədən çəkinmədən demək olar ki, Azərbaycanın yönünü dəyişdi. “Sən dəmi məğmun olmaq istəyirsən?” - soruşdu Mirzə Şəfi və şagirdinin taleyini dəyişdi bununla. Çünki Mirzə Fətəli fikrindən daşınmasaydı, ona atalıq edən Axund Hacı Ələskər onu savadını artırmaqdan, çalışmaqdan ötrü Tiflisə aparmasaydı, hər şey başqa cür ola bilərdi. Axı Tiflis vurğuladığım kimi, mədəniyyət beşiyi idi, mərkəzdən ardıcıl şəkildə qəzet və dərgilər alırdı, 40-cı illərdən başlayaraq gürcü knyazlarının evlərində, yay vaxtı isə açıq havada rus ziyalıları üçün konsertlər, tamaşalar təşkil edilirdi... Bütün bu mühitlə qaynayıb qarışmaq, burda bişmək, yetişmək tamam başqa nəticə verdi. Əbdürrəhim bəy Haqverdiyev “Mirzə Fətəlinin faciəsi” adlı məqaləsində yazır: “1849-cu ildə canişin Vorontsovun əmri ilə Tiflisdə teatr binası tikilmişdi. Erməni, gürcü və Azərbaycan dillərində teatr əsərləri yazmaq üçün canişin üç komisyon təşkilinə əmr verdi. Azərbaycan komisyonunda işləmək üçün Mirzə Fətəlidən başqa bir adam tapılmadı. Axırda Mirzə Fətəli özü təklikdə komediyalar yazmağa başladı...”Mirzə Fətəli hesab edirdi ki, artıq yeni dövrdə “millət üçün faydalı və oxucular üçün rəğbətli olan əsərlər drama və romandır”. 1850-1855-ci illər arasında özünün məşhur altı komediyasını yaratmaqla nəinki Azərbaycan ədəbiyyatında, türk-müsəlman dünyasında dramaturgiyanın əsasını qoydu. “Hekayəti molla İbrahimxəlil kimyagər” (1850), “Hekayəti-Müsyö Jordan həkimi-nəbatat və Dərviş Məstəli şah cadküni - məşhur” (1850), “Hekayəti-xırs quldurbasan” (1851), “Sərgüzəşti-vəziri-xani Lənkəran” (1851), “Sərgüzəşti-mərdi-xəsis və ya Hacı Qara” (1852), “Mürafiə vəkillərinin hekayəti” (1855) adlı komediyaları ilə Mirzə Fətəli xalqın bəlalarını, problemlərini aktuallaşdırdı. Həm də necə, hansı üsulla? Hər kəsin anlayacağı dildə, üslubda və tərzdə... Axı o zamana kimi ədəbiyyat deyəndə ağıla yalnız şeir gəlirdi. Elə Mirzə Fətəli də yaradıcılığa şeirlə başlamışdı, “Zəmanədən şikayət”ini nəzmlə etmişdi... Dahi rus şairinin, Puşkinin ölümünə “Şərq poeması” da yazmışdı. Amma elə bircə “Nəzm və nəsr” məqaləsini oxumaq yetər ki, onun ədəbiyyatın xilasedici missiyasına inamını və şeirə aid bir az da “qəribə” tələbkarlığını anlayasan. Füzuliyə münasibəti nə qədər mübahisəli və söylədiyim kimi, qəribə olsa da, bu məqamı yalnız zövq məsələsiylə bağlaya bilərik. Məsələn, Tolstoyun Şekspiri bəyənməməsi kimi... Bu faktla nə Tolstoyun, nə də Şekspirin dəyəri azalır. Füzulinin və Axundzadənin dəyəri azalmadığı kimi!!!

 

PARİS DAĞILIR...

 

Akademik İsa Həbibbəyli “Xoş gördük, Mirzə Fətəli Axundzadə” məqaləsində yazır: “Məhz M.F.Axundzadənin xidmətləri sayəsində Azərbaycan ədəbiyyatında ilk dəfə idi ki, Ağcabədi bazarında, Nuxa şəhərində Hacı Kərim Zərgərin evində, Xaçmaz dağlarında, Qarabağ vilayətində Təklə-Muğan qışlağında, Şəmsəddin mahalındakı obalarda, Arazın kənarındakı Qızılbaş kəndində baş verən əhvalatlardan, yalançı kimyagərlərdən, cadukün dərvişlərdən, xırs quldurbasanların aqibətindən, xəsislik mövzusundan bəhs edən əsərlər yazılmışdı. Bunlar Azərbaycan maarifçi realist ədəbiyyatının dürrü-yeganələri idi”.

 

Bu dəqiq qənaətləri oxuduqca yadıma üsyankar gənc dostlarımızdan birinin elə yaşına və imicinə uyğun sözü düşürdü. Bir dəfə maarifçilik məsələsindən danışanda “gör o cür sənətkarlar nəyə zamanlarını sərf ediblər, o istedadı ayrı cür əsərlər yaratmağa yönəldə bilərdilər” - dedi. Yəni əgər xalqı maarifləndirməyə ehtiyac olmasaydı, daha yaxşı əsərlər yazılardı - demək istəyirdi dostumuz. Mirzə Fətəlini daha yaxşı və dərindən oxuduqca bu fikrin yanlışlığına yenidən əmin oldum. Axı məsələ təkcə maariflənmədə deyildi, Mirzə Fətəli nəsihət vermirdi, sadəcə düşünməyə çağırırdı, bu isə ən inkişaf etmiş, ən savadlı cəmiyyətdə belə mühümdür. Yadımdadı, bir neçə il öncə Tbilisidə Mirzə Fətəlinin ev-muzeyini ziyarət edəndə divardan asılmış tablo diqqətimi çəkmişdi. Dramaturqla bağlı kiçik bir əhvalat əks olunmuşdu tabloda... Deyilənə görə, bir gün Mirzə Fətəli həyat yoldaşı Tubu xanımın eyvandan asdığı xalçanın oğurlandığını görür. Heç halını pozmadan oğrunun dalınca gedir. Düz bazara kimi gəlir. Oğru xalçanı satmağa gətiribmiş. Pulunu verib alır gəbəni və xahiş edir ki, “satıcı” ona evə qədər aparmağa kömək eləsin. Mənzilbaşına çatanda oğruya hər şey aydın olur və o, Fətəlinin ayaqlarına düşüb yalvarır.  Mirzənin onu həbs etdirmək niyyəti yox idi, şübhəsiz, amma bir şərtlə oğru söz verməliydi ki, daha heç vaxt belə iş tutmayacaq...

 

Bu cür mifləri, əfsanələri xalq yaradır çox vaxt, yəni həqiqətən real olmasını dəqiq bilmirəm. Amma bu kiçik rəvayət Mirzə Fətəlinin böyük ideyasının ifadəsidir sanki. Xərcləyərək öyrətmək - özünü, zamanını, ömrünü xərcləyərək maarifləndirmək. Həm də yormadan, incitmədən, bir az gülüş, bir az sarkazm qataraq... Bu mənada dərvişin Parisi partlatması əhvalatı dahiyanədir. Deməli, Qərbdə insanların inqilab etdiyi bir vaxtda Şərqdə qadınlar bir zirzəmidə gizlənib cadu-pitiylə şəhər “dağıdırlarmış”... Həm də nə qədər “böyük təsadüf” ki, bu hadisələr üst-üstə düşübmüş. Və bu məqamda günümüzdə də sosial şəbəkələrin, hətta televiziyaların təbliğ, reklam etdiyi modern “dərviş”ləri, ekstrasensləri yada salıb düşünürəm, axı indi hamımız yazmağı, oxumağı bacarırıqsa, Qərb mədəniyyətindən geri qalmırıqsa, Mirzə Fətəlinin arzuladığı məktəb, maarif və s. ən yüksək səviyyədədirsə, amma “Məstəli şah”lar da aktuallığını itirməyibsə, bu, böyük mütəfəkkirin dahiliyinin daha bir nümunəsidir... Görürmüş, bilirmiş ki, bu xəmir hələ çox su aparacaq. Məsələn, Mirzə Fətəlinin 1850-ci ildə yazdığı problemə illər sonra Nəcəf bəy Vəzirov “Müsibəti Fəxrəddin”, ondan da xeyli sonra Mirzə Cəlil Məmmədquluzadə “Ölülər” əsərində toxunacaq. Burda zamanla dəyişilən ovqata diqqət çəkmək istərdim... Deməli, Mirzə Fətəli bu problemə gülür, Şahbaz oxumaq istəyir, qoymurlar, Nəcəf bəy Vəzirov bunu faicə kimi görür - Fəxrəddin oxuyub gəlib artıq, amma nadanlar arasında yaşaya bilmir, ömrü faciə ilə bitir. Mirzə Cəlil isə çıxılmazlığı göstərir. İskəndərin timsalında Avropada oxuyub gələn, düşünən, naqislikləri görən, amma təkcə canı ilə mübarizə aparmağa gücü çatmayıb içkiyə qurşanan adamı göstərməklə əslində, həll yolunu görmədiyini deyir yazıçı. Axı hələ əsrlər öncə Füzuli də demişdi “Saqi, gətir ol meyi-muğani... Kim, unudalım qəmi-cəhani!”

 

Bəli, Şahbaz oxumağa gedə bilmədi, Fəxrəddin öldü, İskəndərin gücü ancaq “Tfu sizin üzünüzə” deməyə çatdı.. Nə qədər kədərli olsa da, bütün bu detallar müəlliflərin ümidsizliyini göstərir. Amma təslim olmaq qadağan idi... Zərdabi də bunu deyirdi!

 

BİR GÜLLƏ BAHAR...

 

Mirzə Fətəli “Əkinçi”yə, Həsən bəy Zərdabiyə yazdığı məktubunda bu ümidsizliyini birbaşa və açıq etiraf edirdi:

 

“Əgər külli şəhər xalqı padşahlıq məktəbxanalarda oxusalar, yer tapılmaz. Deyəcəksən ki, özümüz şəhərlərdə məktəbxanalar bina edək, çox yaxşı, hansı istitaət ilə (maliyyə)? Bərfərüz ki, etdik, müəllimləri haradan alaq? Türki və farsi və ərəbi dillərində   elm  bilən  müəllimlər yoxdur və bu dillərdə elm kitabları yoxdur, bəs necə edək? Deyəcəksən ki, rus dilində oxuyun, öyrənin. Çox yaxşı, şəhərlərdə məktəbxanalar açdıq, rus dilində elm öyrənməyə başladıq. Kənd əhlimiz necə etsinlər, kəndlərdə də məktəbxanalar açaq və müəllimlər gətirdək, ya yox? Əgər deyirsən açın, insaf elə, hansı istitaət ilə və hansı qüdrət ilə?”

 

Suallar, suallar, suallar... Bax bu suallar içində itib-batırdı ziyalılarımız və çıxış yolunu bəzən görməyəndə acı bir kinayə ilə “əl çək yaxamızdan” deməli olurdular... Və Həsən bəyin cavabı...

 

“Tiflis və ya başqa şəhərdə  bir məktəbxana açmaq olar ki, hər 300 ev o məktəbxanada  öz xərci ilə  bir uşaq oxutsun. Həmin uşaqlar təhsil aldıqdan sonra onları şəhərlərə və ya kəndlərə aparıb  evə 1 manat vermək ilə  məktəbxana aça bilər. Bu halda Qafqazın şəhərlərində  və kəndlərində  məktəbxana aça bilərik ki, orada öz dilimizdə uşaqlarımız təlim olunsun və yəqin ki o vaxt indikindən yaxşı müsəlman olarıq”.

 

Etiraf edirəm ki, utanıram! Bu böyük ziyalıların belə quru yerdə, çətinlik və məhrumiyyətlər içərisində, heç nədən hər şey yaratmaq üçün çalışmalarını dərk edib xəcalət çəkirəm. Axı auditoriyada bircə tələbənin etinasızlığından ruhdan düşməyim də, oxumaq istəməyən gənclərə dərsi həvəssiz deməyim də olub... Və Mirzə Cəlil demiş, “sözünü qulaq asmayanlara” söyləməyə çalışan adamların qabağında necə günahkarıq, bunu dərk edirəm... Bəli, Həsən bəy Mirzə Fətəliyə deyirdi ki, “Bir güllə bahar olar”...Və Mirzə Fətəli bəlkə heç özü də bilmədən o böyük baharın ilk müjdəçisi idi! Sadəcə mübarizəsi çətin idi, az qala hamı ilə idi... Hətta xanımı Tubu ilə də...

 

Mirzə Fətəli Axundzadə ömrünü əks etdirən, Anarın ssenarisi əsasında rejissor Ramiz Həsənoğlunun ekranlaşdırdığı “Sübhün səfiri” filmində ikicə detala diqqət çəkməklə bu mübarizənin nə qədər mürəkkəb olduğunu qeyd etmək istərdim. Filmdə Mirzə Fətəlinin oğlu Rəşid namaz qılır, “Misyo Jordan və Dərviş Məstəli şah” əsərindəki falçıya getmək, oğlunu oxumağa qoymamaq məsələsini müəlliflər Tubunun dilindən verirlər. Bilirik ki, Rəşid Brüsseldə təhsil alıb və filmdə Tubu xanım pyesdəki məşhur sualları verir: “Şərab içəcək, donuz əti yeyəcək?” Hələ bir falçı Sənəmin parisli qızlar haqqında dediklərini də quran ayəsi kimi danışır... Müəlliflər bununla nəyisə dəyişməyə çalışan adamın faciəsini göstərirlər. Axı bir qayda olaraq çox zaman böyük mübarizələr elə evin içərisindən, ən doğma adamlardan başlanır. “Düşmən ocaq başında imiş” ifadəsi elə-belə düşməyib xalqın dilinə və Tubu xanım Mirzə Fətəlinin qan qohumu olduğu üçün tələf olan uşaqlarının da günahını ərinin dinsizliyində görür. 13 övladından 11-ini itirən qadının üzü gülmür heç və ərini Allahsızlığına görə hey ittiham edir. Bu isə son dərəcə mübahisəli ittihamdır...

 

PUÇ VƏ ƏFSANƏ...

 

Mirzə Fətəlinin “dinsizliyi”, hətta ölümündən sonra belə din xadimlərinin onu bağışlamaması məsələsi artıq bir mifə çevrilib. Hörmətli alim Vilayət Quliyev “Bir daha Mirzə Fətəli Axundovun dəfni haqqında” məqaləsində bu məsələləri qeyri-adi məntiqi və gətirdiyi sənədlərlə aydınlaşdırır. Əlbəttə, “Kəmalüddövlə məktubları” traktatında bütün dinləri puç və əfsanə saydığını deyən müəllif dindar deyildi və hətta o dünyada həyatın davamı  “vədi” belə islamı, daha doğrusu, xurafatı xilas etmirdi onun düşüncəsində. Amma bununla belə, “Sübhün səfiri” filmində Rəşidin namaz qılması və atasının bunu sakit qarşılaması müəllif fantaziyası deyil. Mirzə Fətəli oğlu haqqında yazırdı: “Renanın, Boklun əsərlərini oxumuş Rəşid fəlsəfəni məndən pis bilmir, fizikanı, təbiətşünaslığı məndən daha yaxşı anlayır. Lakin o, bu Ramazan ayını - bütün şərtləri və əməlləri yerinə yetirməklə - oruc tutdu. Deyir ki, istəyirəm hamı məni təmiz müsəlman və xalis şiə kimi tanısın. Mən də mane olmurdum. Ramazan ayında hər gün namaz qılır, dua oxuyurdu”. Bu məktub ədibin dini görüşləri haqqında çox şeyi deyir, hələ üstəgəl, Şeyxülislamla dostluq etməsi də ciddi faktdır. Vilayət Quliyevin məqaləsində bütün bunlar dəqiq təhlil olunduğu üçün şərh etmirəm, sadəcə böyük mütəfəkkirin ömrünün son günlərini, dəfni ilə bağlı həqiqətləri öyrənmək baxımından bu məqaləni oxumağın vacibliyini vurğulayıram. 2013-cü ildə Mirzə Fətəlinin qəbrini ziyarət edəndə ordakı azərbaycanlılardan da bu məqamı soruşmuşdum. Yaşlı adamlar bunlar hamısı (guya müsəlmanlar Mirzənin namazını qılıb “yerdən götürməyiblər” və yalnız üç gün sonra gürcülər hamballara pul verib dəfn etdiriblər onu) Sovet ideologiyasına görə, o zaman uydurulmuş məsələlərdir - demişdilər.

 

Təbii ki, Mirzə Fətəlinin gördüyü işlərin dəyərləndirilməsi üçün zaman lazım idi. İllər sonra dahi mütəfəkkirin yüz illik yubileyi keçiriləndə Şeyxülislam Pişnamazzadənin matəm duası oxuması, Firudin bəy Köçərlinin məşhur çıxışı tarixi ədalətin bərpası idi. Mirzə Fətəli Həsən bəy Zərdabinin şagirdlərlə pyesini səhnələşdirməsindən təsirlənib “ömrümü on il uzatdınız” demişdisə, indi teatrlarımızın repertuarından düşməyən tamaşalarla ömrü uzandıqca, uzanır...

 

P.S. PARADOKS

 

Dostoyevski “İnsan çox geniş məhfumdu” - deyirdi.   Mirzə Fətəli dramaturgiyasında, “Aldanmış kəvakib” kimi çoxqatlı nəsrində yaratdığı insanlar bu genişliyi göstərirlər əslində. Amma “genişliyin” daha bir nümunəsi də elə Mirzə Fətəlinin özüdür. Ərəb əlifbasıyla razılaşmayıb yeni əlifba  yaratmaq uğrunda mübarizə aparan, dini xurafatla barışmayıb gizlətməyə məcbur olduğu “Kəmalüddövlə məktubları” yazan, islamın qadağalarına, çərçivələrinə qarşı çıxıb xalqı maariflənməyə çağıran adam ikinci dəfə evlənibmiş... Tubu xanımla eyni vaxtda ikinci xanımı varmış... Axı ikinci xanımı almaq, siğə etdirmək dinin icazəsi idi! Amma, amma, amma... Sevgiydimi səbəb, bilmirəm! Mirzə Fətəlini axıracan anlamaq üçün daha çox zamana ehtiyac var, görünür.

 

Doğulduğu Şəkini, bir neçə il yaşadığı Xamnəni, ömrünü sürdüyü, dəfn olunduğu Tiflisi öyrənmək, əsərlərini öyrənmək, özümüzü, milli kimliyimizi öyrənmək, hətta Füzulini öyrənmək lazımdır...     

 

525-ci qəzet.-2018.-22 sentyabr.-S.14.