Misir Mərdanov: “Azərbaycanda
ilk ali təhsil ocağı olan BDU yarandığı gündən
şərəfli ömür yaşayıb”
Ümummilli lider
Heydər Əliyevin “Azərbaycan xalqının milli sərvəti”
adlandırdığı Bakı Dövlət Universiteti Şərqin ilk dünyəvi ali məktəblərindən
biri kimi mənəvi böyüklüyümüzün simvolu
hesab edilir.
Mövcud olduğu illər ərzində universitet ölkədə ziyalı təbəqəsinin, elmin, milli özünüdərkin formalaşmasında, beynəlxalq nüfuzumuzun yüksəlməsində misilsiz xidmətlər göstərib. Bakı Dövlət Universiteti hər bir ölkənin iqtisadi, mədəni və intellektual səviyyəsinin barometri hesab edilən milli niversitet missiyasının öhdəsindən Azərbaycanda şərəflə gəlir.
NÜFUZLU
UNİVERSİTET
AMEA Riyaziyyat və Mexanika İnstitutunun direktoru, fizika-riyaziyyat elmləri doktoru, professor Misir Mərdanov deyir ki, Azərbaycanda ilk ali təhsil və elm ocağı olan Bakı Dövlət Universiteti yarandığı gündən bu günə qədər şərəfli bir ömür yaşayıb, əhəmiyyətli tarixi yol keçib. 100 illik dövr ərzində məşəl kimi Azərbaycan təhsilinin, Azərbaycan elminin yolunu işıqlandıraraq qüdrətli elm ocağına çevrilib. Azərbaycan elminin, təhsilinin, ədəbiyyatının və incəsənətinin inkişafında böyük xidmətləri olan Bakı Dövlət Universiteti öz elmi-intellektual potensialı və tədrisin yüksək keyfiyyəti ilə ölkənin hüdudlarından çox-çox uzaqlarda tanınaraq böyük beynəlxalq nüfuz qazanıb. Yarandığı gündən indiyə qədər BDU-da elm, texnika, iqtisadiyyat və xalq təsərrüfatının müxtəlif sahələri üzrə minlərlə yüksəkixtisaslı kadr hazırlanıb: “Böyük iftixar hissi ilə deyə bilərik ki, universitetin məzunlarına təkcə Azərbaycanda deyil, dünyanın bir çox ölkələrində rast gəlmək olar”.
MÜXTƏLİF
SAHƏLƏRİN İNKİŞAFINDA BDU-nun BÖYÜK
ROLU
M.Mərdanovun sözlərinə görə, Azərbaycan elminin fizika, riyaziyyat, tətbiqi riyaziyyat, informatika, geologiya, biologiya, fiziologiya, kimya, coğrafiya, hüquq, tarix, etnoqrafiya, arxeologiya, regionşünaslıq, psixologiya, pedaqogika, fəlsəfə, sosiologiya, şərqşünaslıq, kitabxanaşünaslıq, biblioqrafiyaşünaslıq, kitabşünaslıq, jurnalistika, filologiya, ədəbiyyatşünaslıq, dilçilik, türkologiya, iqtisadiyyat, beynəlxalq hüquq, beynəlxalq əlaqələr kimi müxtəlif sahələrinin inkişafında BDU-nun böyük rolu var. Göstərilən elmlər haqqında geniş tədqiqatlar aparılıb, namizədlik, doktorluq dissertasiyaları müdafiə edilib, yüzlərlə monoqrafiyalar, dərsliklər, dərs vəsaitləri, minlərlə elmi məqalələr yazılıb çap edilib. BDU alimlərinin yaradıcılığı ölkənin elmi həyatının ayrılmaz tərkib hissəsi olmaqla, xalqımızın qədim tarixinin, mədəniyyətinin araşdırılmasında, milli mədəniyyətimizin, milli dilimizin qorunub-saxlanılmasında, vətənpərvərlik, azərbaycançılıq ideologiyasının təbliğində böyük rol oynayır.
“BELƏ BİR
UNİVERSİTETİN MƏZUNU, VAXTİLƏ
MÜƏLLİMİ VƏ REKTORU OLMAQ BÖYÜK
FƏXRDİR”
M.Mərdanov bildirib ki, belə bir universitetin məzunu,
vaxtilə müəllimi və rektoru olmaq onun
üçün də böyük fəxrdir: “Mən
1964-cü il Azərbaycan Dövlət Universitetinin, indiki
Bakı Dövlət Universitetinin Mexanika - riyaziyyat fakültəsinin
riyaziyyat bölməsinə qəbul olunmuşam. O zaman
fakültə iki bölməyə ayrılırdı - riyaziyyat
və mexanika bölməsi. Fakültənin dekanı isə
Azərbaycanda riyaziyyat təhsilinin banilərindən olan
akademik Əşrəf Hüseynov idi. Mən qəbul olan ili
universitetin indiki binasının açılış mərasimi
keçirildi. Ölkə rəhbərliyi və
tanınmış ictimaiyyət nümayəndələri mərasimdə
iştirak etdi. O zaman universitetin rektoru akademik Şəfayət
Mehdiyev idi. Mərasimi universitetin rektoru, akademik
Şəfayət Mehdiyev açıb və sözü həmin
dövrdə universitetin ağsaqallarından biri olan,
böyük müəllim və alim, akademiyanın müxbir
üzvü Maqsud Cavadova verib. Maqsud Cavadov
universitet kollektivini yeni dərs ilinin başlanması və təzə
binanın istifadəyə verilməsi münasibətilə təbrik
edib. Sonralar universitetdə təhsil alarkən
Maqsud müəllimi daha yaxından tanıdıq və öyrəndik
ki, o, Azərbaycanda riyazi təhsilin təməlini qoyan, riyazi
terminlərin yaranmasında və riyaziyyat elminin
inkişafında böyük xidmətləri olan insandır.
O bizə dördüncü kursda “Həndəsə əsasları”
fənnindən mühazirə oxuyurdu. İndi mənim
70-dən çox yaşım var, ancaq onun kimi müəllim
görməmişəm. Maqsud müəllim
öz biliyi, bacarığı, insanlara münasibəti, tələbələrlə
ünsiyyəti, mənəvi cəhətdən
paklığı ilə hamı üçün nümunə
olan bir insan idi. 1965-ci ildə universitetə
yeni rektor, Azərbaycanda fizika-riyaziyyat təhsilinin
qurucularından biri, yüksək səviyyəlı müəllim,
peşəkar təhsil təşkilatçısı, mənəvi
saflığı ilə nümunə olan Mehdi Əliyev təyin
olundu. O, bundan öncə uzun müddət universitetin
fizika- riyaziyyat fakültəsinin dekanı, universitetin tədris
işləri üzrə prorektor və Azərbaycan Dövlət
Pedaqoji Universitetinin rektoru vəzifələrində
çalışmışdı”.
MEXANİKA-RİYAZİYYAT
FAKÜLTƏSİNİN NÜFUZLU
MÜƏLLİMLƏRİ
Misir Mərdanov
vurğulayıb ki, universitetdə təhsil aldığı
dövrdə ona mexanika riyaziyyat fakültəsində çox
nüfuzlu alim və müəllimlər dərs deyib: “Bunlar
akademik Zahid Xəlilov, akademik Əşrəf Hüseynov,
akademik İbrahim İbrahimov, akademik Məcid Rəsulov,
akademik Cəlal Allahverdiyev, AMEA-nın müxbir üzvləri
Qoşqar Əhmədov, Arif Babayev, Yəhya Məmmmədov,
Yusif Əmənzadə, professorlar Əmir Həbibzadə,
Hüseyn Çəndirov, Rüstəm Sultanov, Arif
İsmayılov, Kazım Həsənov, Karlen Xudaverdiyev, Bəylər
Ağayev, Sənubər Qasımova, Bibixanım Salayeva, Maya
Hacıyeva, Tofik Bektaşi, Ələddin Mahmudov, Soltan Zeynalov,
Maarif Əkbərov, Nazim Abbasov, Kəriş Köçərli,
Məmməd Yaqubov, İsak Məmmədov, Yisif Yusifov və
başqaları. Onların hər birinin ö
dövrdə sözügedən fakültənin inkişaf
edib nüfuz qazanmasında böyük xidmətləri olub.
Məhz onların sayəsində o zaman
universitetdə elmi tutumuna, professorların sayına və tədrisin
keyfiyyətinə görə Mexanika - riyaziyyat fakültəsi
digər fakültələrdən öndə gedirdi.
Eyni zamanda, onların fakültədə təhsil alan tələbələrin yüksəkixtisaslı
kadr kimi yetişməsində də böyük rolu olub.
Universitetdə təhsil aldığım 5 il
ərzində oxuduğum qrupun sinif nümayəndəsi, əlaçı
və fəal tələbəsi olmuşam. 1969-cu
ildə isə universiteti fərqlənmə diplomu ilə
bitirmişəm. Universitetdə
seçdiyim sahəni mənə sevdirən və özümə,
sənətimə inam, hörmət yaradan müəllimlərim
çox oldu. Amma bütün bu müəllimlərin
içərisində riyaziyyat sahəsinin ulduzu hesab etdiyim
alim-müəllimin həyatımda çox böyük rolu
olub. Bu da Azərbaycan Elmlər
Akademiyasının müxbir üzvü, professor Qoşqar
Əhmədov idi. O, həm ali məktəbi
bitirərkən diplom işimin, həm də namizədlik
dissertasiyamın elmi rəhbəri olmuşdu. Həm
də bizə “Differensial tənliklər” fənnindən
mühazirələr oxumuşdu. Onun
mühazirələrindən etdiyim qeydləri çox qiymətli
bir vəsait kimi bu günədək saxlayıram. Qoşqar Əhmədov sözün bütün mənalarında
müəllim idi. Mən ondan
riyaziyyatın sirləri ilə yanaşı, insanlara
münasibəti, ətrafındakıların sevincinə
şərik olmağı, dar günündə dayaq
durmağı, elmin zirvəsində də xarakterdəki sadəliyi
qorumağı öyrənməyə
çalışdım”.
“PİLLƏ-PİLLƏ UCALDIM”
M.Mərdanovun
söylədiyinə görə, universiteti bitirdikdən sonra
təyinatını Gəncə Dövlət Pedaqoji
İnstitutuna (Həmin dövürdə Azərbaycanda bir
universitet var idi, qalan ali məktəblər
institut adlanırdı) veriblər: “Bir neçə ay bu
universitetin riyazi analiz kafedrasında laborant işlədim. Orada riyazi analiz kafedrasının müdiri Hidayət
Abdullayev bizi öz övladı kimi qarşıladı. Hidayət müəllim dövrün sanballı
kişilərindən biri idi. Həmin ilin
payızında Bakı Dövlət Universitetinin
aspiranturasına qəbul oldum. Üç
illik aspirantura dövründə ikinci elmi rəhbərim
Kazım Həsənovla tez-tez görüşürdüm.
Aldığım elmi nəticələri bəzən
onun evində müzakirə etməli olurduq. Professor Kazım Həsənov uzun illər Mexanika
riyaziyyat fakültəsində diferrensial tənliklər, riyazi
fizika tənlikləri, həqiqi dəyişənli funksiyalar nəzəriyyəsi,
variyasiya hesabı, optimallaşdırma üsulları fənlərindən
yüksək səviyyəlı mühazirələr oxuyurdu.
O, çox ciddi alim idi və gözündən heç nə
yayınmazdı. 1973-cü ildə namizədlik
dissertasiyası müdafiə etdikdən sonra Həndəsə
kafedrasında müəllim vəzifəsinə təyin olundum və o
vaxtdan həyatımı universitetlə bağladım. 1970-1989-cu illərdə Universitetdə müəllim,
dekan müavini, qəbul komissiyasında məsul katibin
müavini, sonralar məsul katib kimi məsul vəzifələrdə
çalışdım. Pillə-pillə
ucaldım. 1970-ci ildə Uviversitetin rektoru
vəzifəsinə akademik Faiq Bağırzadə
seçildi. Onun
Universitetə 17 il rəhbərliyi dövründə
elmin və təhsilin inkişafı baxımından çox
işlər görüldü, kollektivdə daha sağlam
mühit yarandı. Həmin dövrdə tanınmış
alim və müəllimlər Qədir Sultanov, Yəhya Məmmədov,
Əlövsət Abdullayev, Teymur Vəliyev Universitetin
prorektorları, Qurban Bayramov isə partiya komitəsinin katibi vəzifəsində
çalışırdılar. Faiq müəllim
bu şərəfli və məsul vəzifədə 1987-ci
ilin yayına qədər işlədi”.
Misir Mərdanov qeyd edib ki, 1987-ci ilin payızında
universitetdə o dövrün tələblərinə
uyğun rektor seçkiləri keçirildi. Akademiyanın müxbir
üzvü, professor Yəhya Məmmədov
Universitetin rektoru vəzifəsinə seçilib: “1989-cu ilin
iyununda Kiyevdə doktorluq dissertasiyasını müdafiə
edib Bakıya qayıtdıqdan sonra təhsil nazirliyinə dəvət
olundum. Burada Ali təhsil şöbəsinin
müdiri və nazir müavini vəsifəsində
çalışdım. 1990-cı ildən
1992-ci ilə qədər məşhur riyaziyyatçı,
akademik Mirabbas Qasımov rektor vəzifəsində
çalışdı”.
TƏHSİLİN
KEYFİYYƏTİNİN YÜKSƏLDİLMƏSİ
İSTİQAMƏTİNDƏ GÖRÜLƏN
İŞLƏR
Misir Mərdanovun
söylədiyinə görə, 1992-ci ilin payızında
universitetin tədris işləri üzrə prorektoru vəzifəsinə
təyin edilib: “Həmin dövrdə universitetin rektoru,
tanınmış hüquqşünas, səmimi və vətənpərvərinsan
Firudin Səməndərov idi. Azərbaycanın
müstəqilliyinin ilk illəri olan həmin illər
universitetin həyatında da ən çətin illər kimi
yaddaşımda qalıb. 1993-cü ilin payızında professor Murtuz Ələsgərov
universitetə rektor təyin edildi. Onunla
rektorluğu dövründə üç ilə yaxın
müddətdə tədris işləri üzrə prorektor vəzifəsində
çalışdım. Murtuz müəllimin
tanınmış alim, səriştəli siyasətçi olmaqla yanaşı, böyük
elm və təhsil təşkilatçılığı məharətinə,
rəhbər keyfiyyətlərinə malik kamil mütəxəssis,
səmimi insan olduğunun şahidi oldum. Onunla birgə təhsilin
keyfiyyətinin yüksəlməsi istiqamətində xeyli
iş görə bildik”.
BAKI DÖVLƏT
UNİVERSİTETİNİN 75 İLLİK
YUBİLEYİNİN KEÇİRİLMƏSİ İLƏ
BAĞLI XÜSUSİ SƏRƏNCAM
Misir Mərdanovun dediyinə görə, həmin dövr
Azərbaycanın müstəqillik tarixinin ən ağır
illəri idi.
Xalqın tələbi ilə hakimiyyətə
yenicə gəlmiş ulu öndər ölkədə siyasi
stabillik yaratmaq, öz tərəfdarlarının,
havadarlarının köməyi ilə
torpaqlarımızı işğal etməkdə davam edən
erməni silahlı qüvvələrinin
qarşısını almaq üçün səfərbərlik
elan etmişdi. Bütövlükdə
ölkədə olduğu kimi, Bakı Dövlət
Universitetində də vəziyyət gərgin olaraq
qalırdı. Qısa müddət ərzində
ümummilli liderin uzaqgörən və müdrik siyasəti nəticəsində
ölkədə vətəndaş qarşıdurması
dayandırıldı, erməni hərbi hissələrinin
davamlı hücumlarının qarşısı
alındı, siyasi stabillik bərpa edildi, iqtisadi
inkişafın təməli qoyuldu. Bütün
sahələrdə həyata keçirilən ciddi tədbirlər
vəziyyətin kökündən dəyişdirilməsinə
səbəb oldu. Azərbaycanın ən mötəbər
ali məktəbinin əvvəlki nüfuzu
özünə qayıtdı. Tədris intizamı möhkəmləndirildi,
yaradıcılıq mühiti bərpa edildi: “Yaxşı
xatırlayıram, 1994-cü ildə Bakı Dövlət
Universitetinin 75 illik yubileyini keçirməyə hazırlaşırdıq.
Onda ölkədə siyasi stabillik hələ
tam təmin olunmamışdı. Belə
bir mürəkkəb dövrdə Prezident Heydər Əliyev
Universitetin 75 illik yubileyini keçirməklə bağlı
xüsusi sərəncam imzaladı. Sərərəncama
əsasən, yubiley komissiyasına Prezident özü rəhbərlik
edirdi. Bu müdrik ölkə rəhbərinin
Universitet kollektivinə olan münasibətinin nəticəsi
idi. Yubiley tədbiri indiki Heydər Əliyev adına sarayda Prezidentin iştirakı ilə
keçirildi”.
“UNİVERSİTETİN REKTORU OLMAQDAN
BÖYÜK VƏ ŞƏRƏFLİ VƏZİFƏ
YOXDUR”
Misir Mərdanov
deyir ki, 1996-cı ilin payızında Murtuz Ələsgərov
parlamentə sədr seçilib və o, bir müddət rektor
vəzifəsini icra edib: “1997-cı ilin fevralında isə
Ümumilli lider Heydər Əliyevin müvafiq sərəncamı
ilə universitetə rektor vəzifəsinə təyin olundum.
Düşünürəm ki, professor, alim
üçün universitetin rektoru olmaqdan böyük və
şərəfli vəzifə yoxdur. Universitet
həmişə mənim üçün ən müqəddəs
məkan olub. Bakı Dövlət
Universitetində işlədiyim vaxtları həyatımın
ən xoşbəxt çağları hesab edirəm. Adi müəllimdən, dekan müavini, məsul
katib, prorektor və ən nəhayət rektor vəzifəsinə
kimi yüksəlmişəm orada. Ulu
öndər Bakı Dövlət Universitetini Azərbaycan
xalqının milli sərvəti adlandırmışdı.
Universitetin necə deyərlər, hər divarı mənə
tanış idi, bu böyük kollektivin hər
bir üzvünü yaxşı tanıyırdım və
onlar mənim üçün ən doğma adamlardı. Bu məbəd xalqımızın tarixində əvəzsiz
xidmətlər göstərmiş, millətimizin
taleyüklü problemlərinin həllində müstəsna
xidmətləri olmuş böyük şəxsiyyətlər
yetişdirmişdir. Bakı Dövlət Universitetinin
rektoru vəzifəsini karyeramın zirvə nöqtəsi hesab
edirəm. Mənim üçün rektoruluğumu, vəzifəmi
şərəfli edən başqa bir səbəb də var: məni,
adi bir professoru bu vəzifəyə Ümummilli liderimiz Heydər
Əliyev 1997-ci ilin 16 fevralında xüsusi sərəncamla təyin
etdi. Həmin vaxta qədər ali məktəb
rektorları ölkə başçısının
razılığına əsasən nazirin əmri ilə təyin
olunurdu. Mən ilk rektor idim ki, bu vəzifəyə
prezidentin sərəncamı ilə təyin olundum”.
HEYDƏR ƏLİYEVLƏ İLK
GÖRÜŞ
M.Mərdanovun
sözlərinə əsasən, BDU-nun rektoru təyin olunana qədər
Heydər Əliyevlə birbaşa görüşü
olmamışdı: “Amma AXC hakimiyyəti dövründə həyatımda
Heydər Əliyevlə bağlı maraqlı bir hadisə
baş verdi ki, sonralar rektor təyinatında
da ola bilər, həmin hadisənin müəyyən rolu olmuşdu.
1992-ci ilin sonları idi. Bir
neçə ay idi, BDU-nun prorektoru vəzifəsində işləyirdim.
Adını, təəssüf ki, unutduğum, soyadı isə
Qafulova olan, universitetin arxivində işləyən bir əməkdaşımız
günlərin birində ehtiyatla mənə
yaxınlaşıb, arxivdə Heydər Əliyevlə
bağlı bir qovluğun olduğunu və AXC hakimiyyəti təmsilçilərindən
kimlərinsə o qovluğu axtardıqlarını dedi. Qadın qovluğu heç kimə verməyib seyfdə
gizlətmişdi, amma hiss olunurdu ki, möhkəm qorxur və
bu qovluqla bağlı nə edəcəyini bilmir. Dərhal sürücümü Qafulova ilə arxivə
göndərib həmin qovluğu gətirməsini
tapşırdım. Düzü, özüm də ehtiyat
edirdim ki, görəsən, orada hansı sənədlər ola bilər. Amma onu axtaranların
da xoş niyyət güdmədikləri bəri başdan məlum
idi. Çünki ölkədə Heydər
Əliyev tərəfdarlarının sayı getdikcə
artırdı. AXC hakimiyyəti Ulu öndərin
hakimiyyətə doğru yolunu müxtəlif üsullarla əngəlləməyə
çalışırdı. Ola bilsin,
qovluqdan Heydər Əliyevə qarşı istifadə edə
biləcəkləri hansısa sənədin
çıxacağına ümid edirdilər. Bir neçə dəqiqədən sonra qovluq
artıq məndə idi. Axşam işdən
gedəndə onu özümlə evə apardım.
Burada Heydər Əliyevin Naxçıvan Pedaqoji Məktəbini
bitirməsi haqqında attestat, universitetə qəbulla
bağlı rektorun adına
yazdığı ərizə, bütün yazılı
işləri və imtahanlardan aldığı qiymətlər
haqqında sənədlər toplanmışdı. Başqa bir maraqlı sənəd isə Heydər
Əliyevin apellyasiya imtahanı tələbi idi. O,
universitetin tarix fakültəsinə qəbul zamanı
bütün fənlərdən “əla” qiymət alır. Yalnız rus dilindən yazdığı inşaya
“yaxşı” qiymət verdiklərinə görə
etirazını bildirir. O zaman Heydər Əliyev artıq
DTK-nın mayoru idi, görkəmli ədəbiyyatşünas
alim Cəfər Xəndan isə universitetin rektoru vəzifəsində
çalışırdı. Məsələ
rektora da çatır. Cəfər Xəndan
onu qəbul edir, məsələni aydınlaşdırmaq
üçün qəbul komissiyasının məsul katibini
yanına çağırır. Rektor
öyrənir ki, Heydər Əliyev artıq universitetə qəbul
olunub. Yəni qiymətin “əla” və ya
“yaxşı” olmasının nəticəyə heç bir təsiri
yoxdur. Belə olanda Heydər Əliyevin
apellyasiya tələbinə təəccüblənir. Amma Heydər Əliyev xahiş edir ki, verilmiş qiymətin
apellyasiya olunmasına şərait yaradılsın. Nəticədə apellyasiya komisiyası həmin
imtahandan “yaxşı” qiyməti “əla” ilə əvəz
etməli olur. Heydər Əliyev ömrü boyu hər
işdə mükəmməlliyə, haqqın-ədalətin
bərpa olunmasına ən yüksək səviyyədə
can atan və ona nail olan dahi bir şəxsiyyət idi. Qovluqdakı sənədləri vərəqlədikcə
buna bir daha əmin olurdum.
1997-ci ilin 17 fevralında rektor vəzifəsinə təsdiq
edilmək üçün mən Prezidentin qəbuluna dəvət
olundum. Ulu
öndər söhbətə birinci o qovluqdan başladı:
- Necə
olub ki, bu sənədləri qoruyub saxlaya bilmisən. Mən onları neçə illər
axtarmışam. Xüsusən,
Naxçıvanda aldığım attestatın bu qovluqda
olması məni çox sevindirdi.
Həmin
qovluqdakı sənədlər əsasında sonralar biz
professor Əli Əhmədovla “Heydər Əliyev və
Bakı Dövlət Universiteti” kitabını nəşr
etdirdik.
Rektor vəzifəsində qısa müddət
çalışsam da, bu müddətdə Ulu öndərlə
mütəmadi əlaqələrimiz vardı. Bir neçə dəfə
qəbulunda olmuşdum, Heydər Əliyev bir il
ərzində dörd dəfə universitetə gəlmişdi.
1997-1998-ci illərdə Azərbaycanda rəsmi səfərdə
olan bir neçə ölkənin prezidentinə BDU-nun fəxri
doktoru diplomunun və fəxri adının verilməsi mərasimində
şəxsən iştirak etmişdi.
Qəbulunda olarkən, eləcə də BDU-ya gələrkən Prezidenti universitetlə bağlı hər şey maraqlandırırdı: universitetdəki vəziyyət, müəllim və tələbələrin əhval-ruhiyyəsi, şəxsən tanıdığı ayrı-ayrı alimlərin nə işlə məşğul olması. Əsas tapşırığı isə o idi ki, kadrların xaricə axınının qarşısını mümkün qədər alaq. Universitetdə bir ildən çox rektor işlədiyim vaxtda o dövrün imkanları daxilində xeyli iş görüldü. Hər şeydən öncə mənə son dərəcə doğma kollektivlə daha yaxından tanış oldum. Bundan əlavə, maddi-texniki bazanın möhkəmlənməsində, yeni çox pilləli təhsil sisteminə keçid istiqamətində, idarəetmədə demokratik prinsiplərin həyata keçirilməsində irəliyə doğru ciddi addımlar atıldı. Ölkədə ilk dəfə olaraq Heydər Əliyev məktəbi və Heydər Əliyev muzeyi yaratdıq. Bu müddətdə ulu öndər Gürcüstan, Qırğızıstan və Moldova prezidentləri ilə universitetə təşrif buyurdu. Həmin illərdə onun həyata keçirdiyi müdrik daxili və xarici siyasət nəticəsində ölkədə siyasi stabillik bərpa olundu, iqtisadi inkişafın əsasları qoyuldu, ilk milli konstitusiyamız qəbul edildi, Azərbaycan dünyada daha yaxşı tanındı.Təbii ki, bütün bu uğurlar elm, təhsil sahəsinə də təsir edirdi”.
Hazırda Bakı Dövlət Universiteti özünün müasir inkişaf mərhələsini yaşayır və inkişaf edir. 1999-cu ilin əvvəlindən universitetə akademik Abel Məhərrəmov rəhbərlik edir. Universitetdə 20 mindən çox tələbə təhsil alır, 3 minə yaxın müəllim çalışır ki, onların da 300-dən çoxu elmlər doktoru-professordur.
BDU-nun 100
İLLİYİ
M.Mərdanov bildirib ki, Prezident İlham Əliyev bu ali təhsil ocağının cəmiyyət həyatındakı yerini və müstəsna rolunu yüksək dəyərləndirərək Bakı Dövlət Universitetinin 100 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalayıb. Sərəncamda Bakı Dövlət Universitetinin müsəlman Şərqində yeni tipli ilk ali məktəb kimi yarandığı vaxtdan etibarən nailiyyətlərlə zəngin şərəfli bir yol keçdiyi qeyd olunur. Daim azərbaycançılıq məfkurəsinə sadiqlik nümayiş etdirərək ölkədə ali təhsil sisteminin qurulmasında, elmi tədqiqatların son texnologiyaların tətbiqi ilə müasir standartlara uyğun aparılmasında və ümumən milli özünüdərk prosesinin sürətləndirilməsindəki böyük xidmətləri xüsusi vurğulanır: “Prezident İlham Əliyevin Bakı Dövlət Universitetinin 100 illik yubileyinin keçirilməsi haqqında imzaladığı sərəncam onu göstərir ki, bütün sahələr kimi, təhsil sahəsi də daim dövlət başçısının xüsusi diqqətindədir”.
S.QARAYEVA
525-ci qəzet.-2018.-22
sentyabr.-S.10-11.