Türk Dünyasına işıq tutan abidə-nəşr

 

MİLLƏT VƏKİLİ CAVANŞİR FEYZİYEVİN “TÜRK DÜNYASI” BEŞCİLDLİYİ HAQQINDA QEYDLƏR

 

Şahanə MÜŞFİQ

 

Böyük Türk dünyasının ən dəyərli beş kitabından biri - Mahmud KaşğarlınınDivani-lüğət-it-Türk” əsəri belə başlayır:

 

“Əsirgəyən, qoruyan Allahın adıyla.

 

Allahın dövlət günəşini Türk bürclərindən doğmuş olduğunu və Türklərin ölkələri üzərində göylərin bütün dairələrini döndərmiş olduğunu gördüm. Allah onlara Türk adını verdiVə yer üzünə hakim qoydu. Cihan imperatorları türk irqindən çıxdı. Dünya millətlərinin yuları Türklərin əlinə verildi. Türklər Allah tərəfindən bütün millətlərə üstün qılındı. Haqdan ayrılmayan türklər, Allah tərəfindən haqq üzərinə qiymətləndirildi. Türklər ilə birliktə olan millətlər əziz oldu. Belə millətlər, Türklər tərəfindən hər arzularına çatdılar. Türklər, himayələrinə aldıqları millətləri, pislərin şərindən qorudular. Cihad hakimi olan türklərə hər kəs möhtacdır, onlara dərdini dinlətmək, bu surətlə hər cür arzuya nail ola bilmək üçün Türkcə öyrənmək lazımdır...”

 

Türk dünyası dedikdə böyük, sonsuz ərazilər, türklər dedikdə tarix boyunca bir-birindən həm məsafə, həm də siyasi baxımdan ayrı düşməklərinə baxmayaraq, ürəkləri daim bir-biriylə atan, öz soyköklərini unutmayan, ortaq dillərini müəyyən qədər yaşatmağı bacaran 210 milyon insanın aid olduğu çox böyük bir ulus yada düşür.

 

Müasir dövrdə türklər Saxadan Balkanlara qədər-təxminən 12 milyon kvadrat kilometr ərazidə yayılıblar. Türklərin yayıldığı ərazinin ilk xəritəsini isə M.Kaşğari “Divani-lüğəti-it-Türk” əsərində verib.

 

Türkün tarixi də, mədəniyyəti də çox qədim dövrlərə gedib çıxır. Ən qədim türk yazısı 2500 il bundan əvvələ aid edilən, Qazaxıstanda, Eşik kurqanından tapılan gümüş kasa üzərindəki yazıdır. Bu kurqanda tapılan altun geyimli adamın zinət əşyaları zənginliyinə görə yalnız Misir ehramlarından geri qalır.

 

Türklər haqqında ilk qədim və etibarlı mənbə Çin mənbələri sayılır. Çünki türklər hər zaman at üstündə müharibələrdə, qovğalarda olduğundan tarixi qılıncla yazıblar, qələmlə deyil. M.Kaşğarinin dili ilə desək: “Türklər yerlə göy arasında qalmaqdan öz tarixlərini yazmağa fürsətləri olmayıb”.

 

Təbii ki, sonrakı dövrlərdə bu şanlı tarix çox yazıldı, yaddaşlardan yazıya köçürüldü, ulu babalarımız tərəfindən bizə əmanət olara ötürülüb, bizdən isə gələcək nəsillərə miras kimi qalacaq.

 

Son dövrlərdə türkün əzəmətli, vüqarlı tarixini, dünya sivilizasiyana birbaşa təsir gücünə malik mədəniyyətini, ümumbəşəri türk ideyalarını özündə əks etdirən ən əhatəli və fundamental əsər Türk dünyasının tanınmış tədqiqatçılarından biri, Millət vəkili Cavanşir Feyziyevin “Mütərcim” nəşriyyatında işıq üzü görən “Türk dünyası” beşcildliyidir. Ortaq türk bayrağına bürünmüş nəfis tərtibatlı əsəri ilk dəfə görəndə yadıma dahi Nizami Gəncəvinin əxlaqi-didaktik məzmunlu əsərlərindən ibarət “Xəmsə”si - beşcildliyi düşmüşdü. Düşünmüşdüm ki, əgər əsrlərin o tayında yaşayıb-yaratmış Nizami öz əsərlərində bəşəri ideyaları, əxlaqı təbliğ edirdisə, fəlsəfə doktoru Cavanşir Feyziyev heç də ondan geri qalmayan müqəddəs bir missiyanı həyata keçirərək Türk sivilizasiyanı yazıya köçürüb. O sivilizasiya ki, böyük Nizaminin özü də onun bir tərkib hissəsidir. O sivilizasiya ki, tarix boyunca bütün dünya mədəniyyətinə, dövlətçiliyinə, siyasətinə, məişətinə birbaşa təsir göstərib. O sivilizasiya ki, zaman-zaman təzyiqlərə, hücumlara məruz qalıb, yox olmaq, parçalanmaq təhlükəsi yaşayıb. Amma heç zaman əyilməyib, sınmayıb, düşmənin arzusunu yerinə yetirərək parçalanmayıb. Buna görədir ki, bir-birindən yüzlərlə, minlərlə kilometrlər uzaqda yaşayan türk xalqları öz dillərində ortaq sözlər tapır, az müddət sonra bir-birini anlayacaq dərəcədə asanlıqla danışıqlarını qavrayırlar. Çünki budaqlar bir-birindən nə qədər çox ayrılsa, nə qədər çox uzansa da kökləri birdir.

 

Sonradan bu böyük və sanballı əsər haqqında yazılmış məqalələrə göz atarkən dəyərli şair, ziyalı, Turan sevdalı Əkbər Qoşalının da öz məqaləsində bu iki “Xəmsə”ni qarşılaşdırdığını gördüm.

 

Çox geniş, saysız-hesabsız, yerli və xarici mənbələrdən, qaynaqlardan yararlanaraq araya-ərsəyə gətirilmiş kitabın elə təkcə ədəbiyyat siyahısı, üzərində nə qədər böyük, gərgin iş getdiyini, əmək sərf olunduğunu göstərir. Cavanşir müəllim heç bir yerdə ifrat müəllif təxəyyülünə, şişirtmələrə yol verməyib. Türklüyü, onun bütün nəsillərə örnək tarixini tamamilə gerçək, real faktlar əsasında, zəngin məlumatlarla qələmə alıb.

 

Beş müxtəlif mövzu və başlıq altında təqdim olunan kitablardan ibarət “Türk dünyası”- dünya türklüyünün bütövlük gerçəkliyini, eyni zamanda, onun diferensial və inteqral xüsusiyyətlərini real faktlar əsasında, dolğun və zəngin məlumat spektri ilə özündə əks etdirir”.

 

Məncə, əsərin yaranma səbəbini müəllifin bu sözləri ilə şərh edə bilərik: “Bu gün aktuallaşdırılması zəruri olan əsas məsələ - ümumtürk qurumlarının koordinasiyasını daha da optimallaşdırmaqdan və suveren türk dövlətləri arasındakı hərtərəfli münasibətlərin dərinləşdirilməsi şərtləri daxilində onların sıx humanitar əməkdaşlığını və siyasi müttəfiqliyini həyata keçirəcək proseslərin inkişafına nail olmaqdan ibarətdir”.

 

AMEA Bakıxanov adına Tarix İnstitutunun Elmi Şurasının qərarı ilə çap olunan beşcildliyin elmi redaktorları tarix elmləri doktoru, professor Yaqub Mahmudov və fəlsəfə elmləri doktoru, professor Fərman İsmayılovdur.

 

Beşcildliyin birinci cildi “Türk dünyasının təməl dəyərləri” adlanır. Bu hissədə müəllif aydın məsələdir ki, mövzuya ən qədimdən, ta kökündən giriş edir, türk sivilizasiyasının tarixi təkamülü və təməl dəyərləri, türk dilləri ailəsi, ümumtürk tarixi və mədəniyyəti, siyasət və diplomatiyası, türklərin spesifik həyat tərzi, adət-ənənələri, universal-multikulturalist dünyagörüşü və onların müasir dünyadakı mövqeyi haqqında geniş məlumat verir. O, ilkin olaraq Türk sivilizasiyası anlayışı əsaslandırılır, türk etnocoğrafiyasının hüdudları, türklərin tarixi geopolitikası, dövlətçilik ənənələri və digər məsələləri oxucuya sistemli şəkildə elmi faktlarla təqdim edir.

 

2-ci kitab “Türk xalqları”ndan bəhs edir. Adından da göründüyü kimi, burada türk etnocoğrafiyası, əski türk ulusları və boyları, müasir türk xalqları və toplumları, türk diasporu və onun təşkilatlanması problemləri, ümumtürk qurumları və onların inteqrasiya prosesindəki rolundan danışılır. Hunlar, göytürklər, saqlar, avarlar, qıpçaqlar, səlcuqlular və s. kimi əski türk ulusları və boylarından başlayaraq  müasir türk dövlət və xalqları haqqında əhatəli məlumat verən müəllif daha sonra hazırda fəaliyyət göstərən türk diaspor təşkilatları və ümumtürk qurumları, onların fəaliyyət istiqamətlərini də bu başlıq altında şərh edir.

 

3-cü kitab türklərin dövlətçilik tarixi və genealogiyası, qədim türk dövlətləri və imperiyaları, dövrümüzün müstəqil türk respublikaları və onların əlaqələri, başqa dövlətlərin tərkibindəki muxtar türk respublikalari və vilayətləri, türk dövlətlərinin qarşılıqlı əlaqələri və inteqrasiyasından bəhs edir. “Türk dövlətçiliyi tarixi” adlandırılan bu hissədə böyük Türk imperiya və dövlətlərinin bəşər tarixindəki yeri,  dövlətçilik ənənələri, çağdaş dövrümüzdə bu ənənələrin necə davam etdirilməsi kimi məsələlərlə bağlı əhatəli məlumatlar oxucuya təqdim olunur.

 

“Türkşünaslıq” adlı 4-cü cilddə  türkşünaslığın aktual problemləri, türkçülük ideologiyası və onun nümayəndələri, türkçülüyü təhrif edən yanaşma və nəzəriyyələrin tənqidi analizi, türklərin kimliyinə münasibət, müasir türk dünyasının inkişaf potensialı və perspektivləri haqqında konkret informasiyalar yer alır.

 

Müəllif bu kitabda türkçülük ideologiyasının yaranması, əsas hədəfləri və xüsusiyyətləri, dünya elmindəki türkçü alimlər və onların elmi fəaliyyəti üzərində xüsusi dayanır. Bunun da əsas səbəbi müəyyən dövrlərdə türkçülük ideologiyasını fiaskoya uğratmaq cəhdləri, türkçülüyün şüurlu şəkildə təhrif edilməsinə çalışılmasıdır. Pantürkizm, panislamizim, panturanizm kim əsk cəhbələr çox çalışsalar da bu cəhdləri heç bir uğurlu nəticə vermədi. Çünki P.Tomsen, V.Radlov, V.Bartold, L.Qumilyov, A.Kononov, P.Qolden, K.Findli, D.Kıdırəli və bu kimi məşhur dünya türkşünasları, onların elmi fəaliyyəti, tədqiqatları, Ə.Vefiq Paşa, M.Cəlaləddin Paşa, H.Zərdabi, V.Çələbi, Y.Akçura, Ə.Hüseynzadə, Ə.Ağaoğlu, O.Süleymenov kimi türkçülüyün ustad nümayəndələri bu ideologiyanı ən yüksək şəkildə yaşadır və təbliğ edirdilər. Eləcə də 4-cü kitaba türk ruhu, türk əzmkarlığı, tarixi, dövlətçiliyi, mədəniyyəti haqqında dünyanın məşhur dövlət və mədəniyyət xadimlərinin fikirləri də daxil edilib.

 

Nəhayət, sonuncu - 5-ci kitabda isə “Türk dünyasının tarixi şəxsiyyətləri” yad edilir. Müəllif burada qətiyyən öz mənsub olduğu xalqın tarixindəki, ya da özünün sevimli şəxsiyyətlərini qabartmır, Türk dünyasının tərəqqisində, azadlığında, birliyində misilsiz xidmətləri olmuş şəxsiyyətləri və onların dövlətçilik, siyasət, elm, mədəniyyət, ədəbiyyat sahəsindəki xidmətləri sistemləşdirərək təqdim edir. Türkün tarixində ən qədim zamanlardan müasir dövrümüzədək dünya sivilizasiyasına böyük töhfələr verən şəxsiyyətlər, dünyanın siyasi düzənini dəyişən fatehlər, bəşəriyyət həyatında yeni istiqamətlər açan insanlar, universal biliklərə malik zəkalar o qədər çoxdur ki, təbii olaraq, C.Feyziyev bu kitabında onların yalnız bir qismi haqqında yığcam, lakonik məlumatlar verir, Türk birliyi adına gördüyü xidmətlərdən söz açır.

 

Bu yerdə Ə.Qoşalının öz üslubuna, şirin danışıq tərzinə xas sadəlik və doğmalıqla qələmə aldığı, mənim də hər sözü ilə razılaşdığım fikirləri xatırlatmaq yerinə düşərdi: “Heç kəsə sirr deyil ki, qardaş ölkə və topluluqlarda çıxan türk dünyası ünvanlı bir çox nəşrlərdə hansısa xalqın, ölkənin, liderin daha ön plana çıxarılması halları mövcuddur; Cavanşir Feyziyevin beş cildliyinin ana xəttini isə türkün şanlı ortaq keçmişi və o keçmişin ortaq gələcəyə dönüşdürülməsi potenisalının özü təşkil edir; müəllif özününküləşdirmir, ötələşdirmir; müəllif nə pafosa varıb, nə də bədbinliyə qapılıb - məhz alim kimliyi ilə yazıb”.

 

“Türk dünyası” ilkin olaraq böyük bir sevginin məhsuludur. Uzun illərdən bəridir C.Feyziyevin həm bir alim, tədqiqatçı, həm də bir siyasətçi kimi bütöv Türk dünyası uğrunda çalışmalarına hər birimiz yaxından şahidik. “Türk” adı çəkilən hər yerdə ilk xatırlananlardan biridir artıq Cavanşir müəllim. Buna görə də hər türk dövlətini, topluluğunu şərh edərkən hamısına eyni məhəbbətlə, diqqətlə yanaşır, heç birini bir-birindən ayırmır.

 

Sevgi şərt olsa da, ondan əlavə böyük peşəkarlıq, zəhmət, araşdırma bu çətin və məsuliyyətli işin təməl qaynaqlarıdır.

 

Fikrimcə, böyük Türk dünyasının “Divan”, “Xəmsə”si hesab olunacaq sanbalda Cavanşir müəllimin bir institutun bir neçə illik işi səviyyəsində hazırladığı kitab türkoloqlar, bu sahənin mütəxəssisləri, filologiya, tarix, şərqşünaslıq fakültələrinin tələbələrindən əlavə, hər bir türksoylunun evində stolüstü kitabı olacaq dəyərdə əsərdir. Çünki kitab hər səhifəsi ilə türkün milliliyini özünə qaytarır, onun əsrlərdən bəri toz basmış yaddaşını yenidən “təmizləyir”, sanki 210 milyonluq böyük bir Türk ulusunun hər birinin qulağına tək-tək “Sən türksən” deyə pıçıldayır.

  

525-ci qəzet.-2018.-22 sentyabr.-S.23.