Gözüm dağlarda, dağlarda

 

Teymur BÜNYADOV

Xalqşünas       

 

Başı çalmalı dağların qoynunda dünyaya göz açmışam. Əzəmətli, vüqarlı, hikmətli, heyrətli dağlarda gəzmişəm. Dağlar oğluyam. Hamı dağlılar kimi, dağ təbiətliyəm. Dupduru, bəmbəyaz, tərtəmiz. Ləkəsiz, boyasız, saf duyğulu, incə mətləbli. Bir xeyli qürurlu-məğrur. Möhkəm əqidəli, inamlı, israrlı. Bir qədər tutqun, küsəyən, kövrək, tez inciyən. Qərib kimi, kimsiz, əlacsız kimi. Qəlbim qəmli, gözlərim nəmli. Daha bilim, nələr...

 

Artıq dağlara həsrət qalmışam. Doxsan yaşım arxada qalıb, yüzə sarıyam. Ömrümün qürub çağını yaşayıram. Dağdan enib zirvəyə həsrətlə baxır, boylanıram. Lakin qanadlanmaq, pərvazlanmaq, dağlara uçmaq istəyirəm. Alınmır ki, alınmır. Gözlərim yaşarır. Ürəyim sinəmi döyür, çırpınır. Titrək barmaqlarım vərəqlərdə cızığından çıxır, əyri-üyrü yazır, qədər çətin olsa da, qələmə sarılır, dağları misralara düzməklə təsəlli tapıram.

 

Dağları tez-tez yuxumda görürəm. Dünyamı tapmış kimi oluram. Gözümü açanda dünyanı itirmiş kimi ahda, amanda.

 

Tənhalığa qapılıram. Dəli kimi özümlə danışıram. Gah küsür, gah barışır, gah yüz işə qarışıram. Gah yanıram, alışıram. Gah pərvazxəyal oluram, gah qanadı sınmış quş kimi, gah ağılsız bihuş kimi. Qəribə qocalıq, qərib qocalıq.

 

Qoynunda dünyaya gəldim,

Dünyam dağlarda, dağlarda.

 

Layla çala laylalanam,

Anam dağlarda, dağlarda.

 

Qanad açam qanadlanam,

Uçam dağlarda, dağlarda.

İlk eşqimi ağlayıram,

Ağlar dağlarda, dağlarda.

 

Qəm sinəmi dağlayıram,

Yanar dağlarda, dağlarda.

 

Şairlənəm, şeirlənəm

Özüm dağlarda, dağlarda.

 

Şairlər şah əsərini

Yazar dağlarda, dağlarda.

 

İnam yerim, ocaq yerim,

Pirim dağlarda, dağlarda.

 

Qayalarda qalalanam

Səngər dağlarda, dağlarda.

 

Əzəmətli, vüqarlıdı

Vüqar dağlarda, dağlarda.

 

Gəzdiyim yal-yamacdadı

İzim dağlarda, dağlarda.

 

Həsrətində yandı canım,

Gözüm dağlarda, dağlarda.

 

Düz ilqar, inam, etibar,

Vəfa dağlarda, dağlarda.

 

Qəlbi qəmli, gözü yaşlı

Sonam dağlarda, dağlarda.

 

Həm təbibim, həm məlhəmim,

Şəfam dağlarda, dağlarda.

 

Qəlb oxşayan, könül açan

Səfa dağlarda, dağlarda.

 

Meylim, mehrim, sirrim-sehrim,

Ovsun dağlarda, dağlarda.

 

Qurban gedəm, qurban olam,

Yanam dağlarda, dağlarda.

 

Gözlərimə nur ələnə,

Baxam dağlarda, dağlarda.

 

Göy gurlayar, şimşək çaxar,

Cənnət dağlarda, dağlarda.

 

Sellər sulara qərq olar,

Axar dağlarda, dağlarda.

 

Çaylarında qızıl balıq

Tutam dağlarda, dağlarda.

 

Çeşmələri zümzüməli

Həzin dağlarda, dağlarda.

 

Çəmən, çiçək sırğalana,

Sırğa dağlarda, dağlarda.

Gül yanaqlı gözəlləri

Yardı dağlarda, dağlarda.

 

Kəklikləri qaqqıldaşar

Yuva dağlarda, dağlarda.

 

Quzuqulaq, kığ baldırğan

Dərəm dağlarda, dağlarda.

 

Boğça çiçək, qaymaq çiçək

Yığam dağlarda, dağlarda.

 

Çiçək üstə arıları

Baldı dağlarda, dağlarda.

 

Nehrə yağı, üz qaymağı

Qaldı dağlarda, dağlarda.

 

Gözəllər çeşmə başında

Süzər dağlarda, dağlarda.

 

Ürəklənəm, ürək açam

Gözəl dağlarda, dağlarda.

 

Haray çəkəm haraylayam

Yarı dağlarda, dağlarda.

 

Ovçu maral bərəsində

Pusar dağlarda, dağlarda.

 

Çobanların tütək səsi,

Heyrət dağlarda, dağlarda.

 

Pələş, Güləş, qoyun iti

Hürər dağlarda, dağlarda.

 

Aşıqların telli sazı,

Hikmət dağlarda, dağlarda.

 

Tar, kamandı, toy-düyündü

Büsat dağlarda, dağlarda.

 

Günəş səhər yuxusundan

Qalxar dağlarda, dağlarda.

 

Ay aylanar, ulduz yanar

Gecə dağlarda, dağlarda.

 

Bəyaz bulud öpər, qucar

Yatar dağlarda, dağlarda.

 

Dağ keçilər kəllə-kəllə

Gələr dağlarda, dağlarda.

 

Aslanları yorğun-yorğun

Gəzər dağlarda, dağlarda.

 

Şaxə buynuz maralları,

Orman dağlarda, dağlarda.

 

Qeyrət, ismət, bir qüdrət,

Hünər dağlarda, dağlarda.

Yallı gedən, qurşaq tutan

Oyun dağlarda, dağlarda.

 

Dirədöymə, çilik dəstə

Güləş dağlarda, dağlarda.

 

Qoyun, quzu mələşməsi

Arxac dağlarda, dağlarda.

 

Qartallarım qanad aça

Qəlbi dağlarda, dağlarda.

 

Cıdıra çıxan, nəmər alan

Şaldı dağlarda, dağlarda.

 

Koroğlunun dəliləri,

Nigar dağlarda, dağlarda.

 

Qaçaq Kərəm, İsrafili

Görəm dağlarda, dağlarda.

 

Dünya durduqca duracaq

Əzəl dağlarda, dağlarda.

 

Dilboz atın kişnərtisi

Səda dağlarda, dağlarda.

 

Əlim çata, ünüm yetə

Ötəm dağlarda, dağlarda.

 

Yurd yeridi alaçıqlar

Eldi dağlarda, dağlarda.

 

Yurd yerimiz, ocağımız

Qaldı dağlarda, dağlarda.

 

Alışmanı pay-pay elə,

Payla dağlarda, dağlarda.

 

Elat arana köçəndə

Ağlar dağlarda, dağlarda.

 

Al geyinər, şal geyinər

Gözəl dağlarda, dağlarda.

 

Göylər dil deyə ağlaya

Öləm dağlarda, dağlarda.

 

Gələnlər baxıb görələr

Qəbrim dağlarda, dağlarda,

Ruhum dağlarda, dağlarda.

 

Dağlar sinədəftərlərin ilham pərisi, təkrarsız, bənzərsiz şah əsərləridi. Mənim dağlarım könül həmdəmim, qaynar qanım, canımda canımdı.

 

Əzizlərim, qəlbinizə yol tapıb arzuma çatdımsa, nə yaxşı, nə gözəl... Şükür olsun. Ürəyinizcə dağlarımızı vəsf eləyə bilmədimsə, ruhunuzu oxşaya bilmədimsə, keçin günahımdan, ixtiyarlığıma bağışlayın. Yaxşımı?!

 

525-ci qəzet  2018.- 25 sentyabr.- S.19.