Şah İsmayıl Səfəvinin portret
cizgiləri
Azərbaycan xalqının dövlətçilik,
ictimai-siyasi fikir və qəhrəmanlıq tarixində
müstəsna xidmətlərə malik olan, adı hər
zaman qürurla və sonsuz bir maraqla xatırlanan Şah
İsmayıl Səfəvinin Bakıya ilk gəlişi 1501-ci
ilin yazında olmuşdu.
O zaman
İsmayılın yalnız 14 yaşı var idi və
Bakıya da bu şəhəri fəth etmək
üçün gəlmişdi. Gəldi də,
fəth etdi də. Baxmayaraq ki, əvvəlcə
bu şəhərin fəthinə o, Məhəmməd bəy
Ustaclı və İlyas bəy Ustaclı kimi
tanınmış əmirlərinin rəhbərliyi altında
xüsusi qoşun dəstəsi göndərmişdi. Lakin həmin əmirlər Bakı qalasını ələ
keçirməyə müvəffəq olmamışdılar.
Bu təqdirdə Şamaxı
yaxınlığında olan İsmayıl özü Bakı
ətrafına gəldi və bu qalanın fəthinə rəhbərlik
etdi. Məlumdur ki, Bakını qala
divarları altından lağım atmaqla ələ
keçirmək mümkün olmuşdu. Amma
belə bir rəvayət də vardır ki, İsmayıl Mirzə
Bakı qalası ətrafında qazılmış müdafiə
xəndəyinə yaxınlaşanda atdan düşdü və
yerdən bir daş götürərək o dərin xəndəyin
içinə atdı. Sonra da
döyüşçülərinə göstəriş verdi ki, hər kəs gücü miqdarında
daş tapıb həmin xəndəyə atsın. Qızılbaş döyüşçüləri
də böyük həvəslə öz mürşidlərinin
göstərişini yerinə yetirdilər və qısa
zamandan sonra İsmayıl Mirzənin daş atdığı
yerdə böyük bir təpə yarandı. Bu
hündür təpə ona imkan verdi ki,
qala üzərinə uğurlu hücum başlansın və
Bakı şəhəri ələ keçirilsin.
Sonralar Şah İsmayıl Azərbaycanın müxtəlif
bölgələrinə təkrar-təkrar səfərlər
etsə də, onun Bakıya yenidən gəlməsi
haqqında mənbələrdə məlumat mövcud deyil. Bu
böyük tarixi şəxsiyyətin Bakıya ikinci gəlişi
isə yalnız günümüzə təsadüf etdi.
ŞAH
İSMAYILIN BAKIYA “İKİNCİ GƏLİŞ”İ
2018-ci il iyul ayının 18-də İtaliya
prezidentinin Azərbaycana rəsmi səfəri münasibətilə
xalqımızın Ulu öndəri Heydər Əliyevin
adını daşıyan Mərkəzdə
açılmış sərgiyə Şah İsmayıl Səfəvinin
naturadan çəkilən və Florensiyanın Uffizi
qalereyasında saxlanılan portreti də gətirildi. Müəllifi Kristofano Dell'Altissimo olan bu portreti ilk
seyr edənlərdən biri isə Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyev oldu.
Bu portret Şah İsmayılın real təsviridir, bu portretdə
seyr edilən əbədiyyətə dikilmiş
baxışlar da, sakit və aram
çöhrə də, dəniz dalğaları kimi
qırçınlanmış kürən saçlar da
Şah İsmayıla məxsusdur. Bu, Şah
İsmayıl Səfəvidir, bu, Şah Xətaidir. Seyr etdikcə tamaşaçını məftun edən
bu portret yalnız Şah İsmayılın zahiri cizgilərinin
ifadəsi deyildir, həm də bu zərif cizgilər
arasında Şah İsmayılın mənəvi keyfiyyətlərinin
gizli çalarlarını duymaq mümkündür.
Şahidlər Şah İsmayılın kamil bir
görünüşə malik olduğunu qeyd edirdilər. Məsələn,
venesiyalı tacir Katerino Zeno onun haqqında belə
yazırdı: “Nəcib siması və şahanə rəftarı
var idi. Bilmirəm, onun gözündə və
üzündə nə gizlənmişdi. Hər
nə vardısa, o dərəcədə valehedici və amiranə
idi ki, aydın şəkildə bir gün böyük
padşah olacağından xəbər verirdi. Onun əqli fəzilətləri ilə zahiri gözəlliyi
heç də ziddiyyət təşkil etmirdi. Yüksək dühası və misilsiz ideyaları
onun belə gənc yaşları üçün bəlkə
də qeyri-adi görünürdü”.
Şah
İsmayılı Təbrizdə görmüş və hətta
onunla söhbət etmiş başqa bir venesiyalı tacir isə
onun zahiri və əqli kamilliyə malik olduğunu, öz ətrafındakılardan
bütün cəhətlərinə görə
seçildiyini bildirirdi: “Hal-hazırda Şah
İsmayılın 31 yaşı var. Ahu kimi xoş siması və
cazibəli çöhrəsi vardır... Çox
yaraşıqlıdır, vüqar sahibidir və orta boyludur.
Ürəyəyatan surəti, möhkəm bədəni
və enli kürəkləri var. Saqqalını qırxır
və bığlarını saxlayır. Zahirən
gursaçlı görünür. Gözəlliyinə
görə sevimlidir, gənc ahular kimi çox çevikdir.
Sol əli ilə işləyir. Və bütün əmirlərindən daha
güclüdür”.
Şah İsmayılın fiziki və əqli keyfiyyətləri
haqqında başqa bir venesiyalı tacir - Ancolellonun xatirələrində
də maraqlı qeydlər vardır. Şah
İsmayılın bəzi keyfiyyətləri haqqında
yuxarıdakı istinadlarda olan fikirlər Ancolellonun xatirələrində
də təsdiqlənmişdir. O yazırdı:
“İsmayıl öz yaraşığına və
davranışına görə çox sevimli idi. Kişilik həddinə çatandan sonra o, çox
yaraşıqlı oldu, boyu çox da hündür deyildi,
lakin yüngül və mütənasib, heç də zəif
olmayan möhkəm və enlikürək bədənə
malik idi. Onun saçları bir qədər
kürən idi. Qızılbaş adətlərinə
uyğun olaraq yalnız bığ saxlayır, saqqalını
isə qırxırdı. Solaxay idi.
Hələ gənclik illərində igidliyi və cəsarəti
ilə heyrət yaradırdı...”
Öz fenomenal keyfiyyətləri ilə insan zəkasını
heyrətdə saxlayan bir insan olmaqla Şah İsmayıl
yalnız Azərbaycan xalqının deyil, bütünlükdə
bəşər tarixinin yetişdirdiyi görkəmli şəxsiyyətlərdən
biridir.
Böyük bir imperiyanın yaradıcısı, şərqin,
islam aləminin və bütünlükdə,
dünyanın tarixində silinməz izlər buraxmış Səfəvilər
şah nəsilinin banisi kimi Şah İsmayıl təxminən
beş əsrdir ki, ən müxtəlif salnamələrin, tədqiqatların,
araşdırmaların, elmi və bədii əsərlərin
mövzusu olmuş və bu gün də olmaqdadır. Çünki Şah İsmayıl geniş fəaliyyət
meydanına qədəm qoymaqla bölgənin hərbi, siyasi,
dini tarixində tamamilə yeni bir səhifənin
başlanğıcını qoydu. Onun
dühasının yaratdığı tarixin ümumi mənzərəsinin
işıqlandırılması, mahiyyətinin dərk edilməsi
isə yalnız elm və bilik adamları üçün
deyil, elə xalq kütlələrinin özü
üçün də hər zaman maraq kəsb etmişdir.
Şah İsmayılın adına dastanlar
qoşulması, onun haqqında çoxlu sayda xalq
yaradıcılıq nümunələrinin meydana gəlməsi,
həyat yolu ilə bağlı çoxlu sayda məxəzlər
yaradılması da həmin maraqdan irəli gəlmişdir.
Şah
İsmayılın qəzəllərinin birində özü
haqqında yazdığı belə bir beyt vardır:
Mənim
tək gövhəri, nadan nə bilsin
Məni
bilməgə danalər
(biliklilər - M.S.) gərəkdir.
Şah İsmayıl bununla ona işarə edirdi ki, onun zəngin
fəaliyyətinin mahiyyətinə varmaq, ondan düzgün və
müfəssəl nəticə çıxarmaq elə də
asan deyildir. Əslində, tarix də bunu sübut edir. Neçə əsrdir ki, Şah İsmayılın
həyat yolu öyrənilir, bu həyatın gizlinlərinə
nüfuz edilməsinə cəhd göstərilir. Bununla belə, yenə də bir-birindən fərqli
olan müxtəlif nəticələr və elmi-tarixi qənaətlər
ortaya qoyulur. Çünki Şah
İsmayılın həyat və fəaliyyətinə
müraciət edən müəlliflərin hər birinin
öz bilik və təfəkkür səviyyəsi var,
onların hər biri öz qarşısına fərqli məqsədlər
qoyurlar, hər birinin dünyabaxışı, həyat
mövqeyi, dini-milli mənsubiyyəti, əqidəsi, dəyərləri,
məlumatlılıq səviyyəsi eyni deyildir. Belə fərqli müəlliflərin hansı nəticələrə
gəlməsindən asılı olmayaraq isə Şah
İsmayıl Səfəvi fenomeninin dəyərini
şübhə altına almaq mümkün deyildir və o,
çox işıqlı bir ulduz kimi tarix səmasında
özünə əbədi bir yer tutmuşdur.
Şah İsmayılın dövlətçilik zəkası
və təşkilatçılıq qabiliyyəti onun tarixi dəyərini
təsdiq edə biləcək ən mühüm keyfiyyətlərdən
biridir. Dünya təcrübəsində belə bir hal
yoxdur ki, 12-13 yaşlarında bir yeniyetmə ətrafındakı
7 nəfərlik hamisi ilə ayağa qalxsın və dünya
mənzərəsini dəyişdirəcək yeni bir dövlət
yaratmaq uğrunda hərəkata başlasın və qısa müddətdən
sonra da kifayət qədər mürəkkəb və
qeyri-münasib bir şəraitdə qarşısına
qoyduğu nəhəng vəzifələrin həllinə nail
olsun. Doğrudur, dünya təcrübəsində
daha erkən yaşlarda da hakimiyyətə yiyələnmək
halları ilə rastlaşmaq mümkündür. Lakin belələri irsən və özü də
hazır olan bir hakimiyyətə yiyələnmişdilər.
Elə Şah İsmayılın oğlu Şah
Təhmasib də atasına nisbətən daha erkən
yaşında hakimiyyətə yiyələnmişdi. Lakin o bu hakimiyyətə vərəsəlik yolu ilə
sahib olmuşdu. Bu mənada Şah
İsmayılın dövlətçilik nümunəsi
dünya tarixində bənzəri olmayan və yəqin ki, bir
daha təkrarlanmayacaq bir nümunədir. Bununla,
Azərbaycan və türk dövlətçilik tarixinə də
əhəmiyyəti heç zaman sönməyəcək bir səhifə
yazılmışdır. Belə bir zirvənin
fəth edilməsi isə fiziki keyfiyyətlərlə bərabər,
Şah İsmayılın həm də yenilməz iradəyə,
mübariz əqidəyə, misilsiz təşkilatçılıq
istedadına malik olması ilə mümkün olmuşdu.
Şah İsmayıl kiçik yaşlarında valideyn və
ətrafındakıların qayğısına möhtac
olmalı olduğu halda, bölgədə fırtına qoparan
bir hərəkatın lideri, ideya-siyasi ilhamvericisi, on minlərlə
insanı öz ətrafında birləşdirən rəhbər
olaraq mübarizə meydanına atıldı, bölgənin
kifayət qədər güclü dövlətlərini
qarşısında diz çökməyə məcbur etdi. 1501-ci ildə
Şah İsmayıl Azərbaycan ərazisində mərkəzləşdirilmiş
dövlət yaratdı, Səfəvi dövləti kimi
böyük bir imperiyanın əsasını qoydu və Azərbaycan
dövlətçiliyini keyfiyyət baxımından yeni bir səviyyəyə
qaldırdı.
Şah
İsmayıl tərəfindən qurulmuş Səfəvi
dövlətinin fərqləndirici və tarixi əhəmiyyət
kəsb edən məqamlarından biri o idi ki, o, Azərbaycanın
bütün torpaqlarını bir dövlət daxilində birləşdirdi
və Azərbaycanın ictimai-siyasi qüvvələrinə
dayaqlanmaqla güclü bir idarəçilik sistemi yaratdı. Şirvan, Qarabağ, Çuxursəəd və Azərbaycanın
digər vilayətləri vahid bir dövlət idarəçiliyi
altına gətirildi və bununla Azərbaycanın sürətli
inkişafına da münbit bir zəmin yaradıldı. Şah İsmayıl hərəkatı ərəfəsində
Azərbaycan ərazisində və eləcə də bölgədə
mövcud olan siyasi parçalanmalar, daxili çəkişmələr,
dağınıqlıq və qeyri-sabitlik nəticəsində
həyat çətinlikləri ilə qarşılaşan
insanlar Şah İsmayılın hərəkatında daha
istiqrarlı bir həyatın işığını
gördülər və onun ətrafında səfərbər
oldular.
Şah İsmayılın yaratdığı dövlət
idarəçilik sistemi özündən əvvəl mövcud
olmuş təcrübəyə dayanmaqla daha da təkmilləşdirdi,
Azərbaycan dövlətçiliyinin daha səbatlı bir təcrübəsini
yaratdı və kifayət qədər işlək və səmərəli
bir idarəçilik sistemi təşkilatlandırdı və
özündən sonrakı nəsillərə miras qoydu.
Dövlət idarəçilik sistemində Şah İsmayıl peşəkarlığa böyük dəyər verirdi. Baxmayaraq ki, Şah İsmayıl mühüm dövlət vəzifələrinə etibar etdiyi adamların təyinatına daha çox üstünlük verirdi, bununla belə, idarəçilik təcrübəsi və məharəti təyinatlar zamanı əsas tutulurdu. Məsələn, məlumdur ki, Şah İsmayıl vəzifəsinin öhdəsindən gələ bilməyən əmirlərini başqaları ilə əvəz edirdi. Dövlət idarəçiliyində pəşəkarlığa nail olunması üçün Şah İsmayıl süquta uğratdığı Ağqoyunlu sarayında vəzir olmuş Mirzə Zəkəryə Keçəçini də öz sarayına dəvət etmiş və onu vəzir vəzifəsinə təyin etmişdi. Peşəkarlığın artırılması üçün Şah İsmayılın başqa təyinatlar aparması da məlumdur.
Şah İsmayılın idarəçilik sistemində rüşvətxorluğu da görmək mümkün deyil. Doğrudur, bu bəlanın hansısa konkret hallarının olması istisna edilə bilməz. Amma Səfəvi dövlətinin, xüsusən, səfəvilərin son dövrünə xas olan rüşvətxorluq Şah İsmayılın sarayında mövcud deyildi. Vəzifə sahibləri rüşvət əvəzində həmin vəzifələrə təyin edilmirdilər. Şah İsmayılın özündə də bu bəlaya meyilliliyi görmək mümkün deyildi. Rüşvəti əvəz edə biləcək qiymətli hədiyyələrin şaha bağışlanması mərasimləri də Şah İsmayılın hakimiyyəti dövründə rəvac tapmamışdı. Yəni Şah İsmayıl özü bu məsələdə bir nümunə idi və onun əyanları da Şah İsmayılın bu mövqeyindən xəbərdar idilər.
(Ardı var)
Mehman
SÜLEYMANOV
Tarix elmləri
doktoru, ehtiyatda olan polkovnik
525-ci qəzet 2018.- 25 sentyabr.- S.6.