Aspiranturaya qəbul
Hekayə
AKADEMİK
HƏSƏN ABDULLAYEVİN ƏZİZ XATİRƏSİNƏ
Kamran İMRANOĞLU (ƏLİYEV)
AMEA-nın müxbir üzvü, Əməkdar elm xadimi
Soyuğun insanların canına üşütmə saldığı payız aylarından biri idi. Bu vaxtlar kənddə
canıdildən qışa hazırlıq
görülürdü.
Kimi dəyirmanda
əmək gününə düşən taxılı
üyüdüb gətirir, kimi bəslədiyi heyvanlardan
ən gözəgəlimlisini kəsib qovurma hazırlayır,
kimi od-alovlu təndirin başında lavaş
tədarükü görürür, kimi də dava-dalaşla
dəmiryol stansiyasından aldığı daş
kömürü yağış-qar dəyməsin deyə
örtülü yerə yığırdı. Mən də qış tədarükü
ilə bağlı görəcəyim vacib işləri
qurtarıb aspiranturaya imtahan vermək üçün
Bakıya yollandım.
Düzü, aspirantura
məsələsi beynimdən elə-belə
keçməmişdi. Birincisi, bunu
məndən də çox atam - İmran Salahoğlu
istəyirdi. Bizim kəndimizdə hamının
ayaması vardı - Cücə Cəfər, Kal Qasım, Astar
Həmid, Tıntın Kərim... Amma mənim atamın ayaması yox idi, onu öz
atasının adı ilə "Salahoğlu" - deyə
çağırırdılar. Məsələ bunda deyil, əsas odur ki,
mənim aspiranturada oxumağım atamın ağlına
haradan gəlmişdi, bilmirəm. İnan ki, bu barədə bir dəfə
də olsun ondan soruşmamışam. İkincisi də bu fikir yavaş-yavaş
özümdə yaranmışdı. Belə ki, kəndimizdən 9-10 kilometr
uzaqda yerləşən bir məktəbdə
işləyirdim. Oraya
gedib-gəlmək o qədər də asan deyildi,
çünki kəndimizə avtobus işləmirdi. Səhərlər kolxozun
üstüaçıq QAZ-51 maşınları ilə yolun
bir hissəsini aşırmaq olurdu, qalanını da onbir
nömrəli tramvayla ötüşdürmək
məcburiyyətində qalırdım. Məktəbdən çıxıb
evə gəlmək isə əməlli-başlı
müşkül məsələydi. Belə ki, yolun yarısına qədər
maşın düşərdi, ya düşməzdi,
maşın düşmədisə, deməli, 9-10 kilometri
piyada başa vurmalı idin. Hələ mənim bəxtim
gətirmişdi ki, o vaxtlar "Kamaz" maşınlar bizim
kəndimizin yaxınlığında Arazın yarğanı
döyəclədiyi yerə sal daşlar daşıyıb
tökürdülər. Hamı qorxurdu ki, həmin
yarğan uçsa, kəndi Araz aparacaq, necə ki,
neçə illər qabaq Araz yazda daşanda köhnə
kəndin bir hissəsini yuyub aparmışdı, əlavə
bir yataq yaranmışdı. Uşaq vaxtı həmin yataqdan rahatca balıq tutmaq olurdu. O da
yadımdan çıxmamış deyim ki,
qızılgüllər açılan vaxtı Arazın
nəriltisi dünyanı götürürdü. Hələ
iri-iri ağacları kökündən çıxarıb
diyirlədə-diyirlədə sürüməyi bir yana qalsın, gözlərimizin
qarşısında yekə-yekə camışları
bürmələyib suyun üzündə çay
aşağı aparırdı. Mən bəzən həmin "Kamaz" maşınlarla
gəlib kəndin bir-iki kilometrliyində düşür,
oradan da toza-torpağa, para-palçığa bata-bata
evimizə gəlirdim. Əslində,
bu çətinliklər də bir tərəfdən məni
aspiranturaya getməyə məcbur edirdi.
Mən aspiranturaya imtahan
verməyə gələndə atam demişdi ki,
sənədlərini qiyabi verərsən və aspirantura
məsələsində mənimlə atam arasındakı
fikir ayrılığı yalnız bunda idi, mən isə
əyani oxumaq istəyirdim.
İxtisas imtahanı
verəcəyimiz gün, səhər-səhər direktorun
otağının qabağına toplanmışdıq. Yeddi nəfər idik. Əyaniyə bir yer
ayrılmışdı. İmtahan
verəcəyimizə baxmayaraq, əhvali-ruhiyyəmiz çox
yaxşıydı. Vaxtımız
maraqlı keçsin deyə, bir-birimizə
yüngülvarı suallar da verirdik. Bizim aramızda, səhv etmirəmsə,
Afət adında bir akademik qızı da var idi. Oraya toplanmağımızdan yarım saat
keçərdi ki, birdən Afət sıramızdan
ayrılıb qapısı açıq olan elmi katibliyə
doğru getdi. Azsonra əlində qovluq
geri qayıtdı və: "Uşaqlar, mən
sənədlərimi geri götürdüm, sizə uğurlar
arzulayıram", - deyib uzaqlaşdı. Rəqiblərimizdən birinin azalmasına
baxmayaraq, hamımız təəssüf hissi keçirdik.
İxtisas imtahanı
çox gərgin oldu. Komissiyanın
üzvləri elə bil boş-bekar idilər. Adama nə qədər sual vermək olar?! Düzü,
indi biletimdə yazılan və əlavə verilən sualların
əksəriyyəti yadımdan çıxıb. Bir onu xatırlayıram ki, suallardan
hansınasa cavab verərkən Çingiz Aytmatovun
"Voprosı literatura" jurnalında dərc edilmiş
müsahibəsindən bir sitat gətirdim. Sitat
gətirərkən jurnalın adı ilə bərabər, Çingizin atasının
adını da dedim, əslində, jurnalda elə
yazılmışdı: "Çingiz Terequloviç
Aytmatov". Məqsədim
"Voprosı literatura" jurnalını kənddə
ikən oxuduğumu nəzərə çarpdırmaq idi. Jurnala, həqiqətən, abunə
yazılmışdım. Hər halda bu da mənim xeyrimə oldu. Cavablarıma "beş" yazdılar. Məndən başqa bir nəfər
"beş", bir nəfər isə "dörd"
qiymət aldı. Qalanları
növbəti imtahanlara buraxılmadılar.
Partiya tarixindən
imtahan vermək mənim üçün o qədər də
çətin deyildi. Universitetdə
yaxşı oxumuşdum, həm də neçə ay idi ki,
hazırlaşmışdım. Hətta yadımdadır ki, universitetdə
oxuyanda tarix müəllimimiz iki qrupda yalnız mənə
"beş" vermişdi. Özü də deyirdi ki, neçə
illər qabaq bir dəfə də belə olmuşdu, onda da
yalnız Bəkir Nəbiyevə "əla"
yazmışdım. Sözümün
qaravəllisi odur ki, partiya tarixindən "beş" və
ya "dörd" almaq mənim üçün problem
olmamalıydı. Amma
mənə "üç" yazdılar, aspiranturaya
qəbul olmaq şansımı xeyli itirdim. Ona görə ki, mənimlə imtahan
verənlərdən birinin 9, digərinin 10, mənim isə 8
balım vardı. Yalnız
möcüzə məni bu vəziyyətdən qurtara
bilərdi və qarşıda fransız dilindən imtahan
qalırdı.
Partiya tarixi
imtahanından sonra xeyli gözlədim. Akademiyanın birinci
mərtəbəsindəki dar pəncərədən
bayırı seyr edirdim. Gözlərimin
qarşısına yenə kənd, yenə 9-10 kilometrlik yol,
yenə sal daşları daşıyan "Kamaz"
maşınları gəlirdi.Dəqiq bilirdim ki, aspiranturaya
qəbul olmasam, həyatımı heç cür
dəyişdirə bilməyəcəyəm. Düzü, rayonda
əməlli-başlı hörmətim vardı və
yaxşı müəllim kimi tanınırdım. Məsələn, heç bir
müəllimin dərsinə gəlməyən Utaridə
adlı bir qız yalnız mənim dərsimdə olurdu. Hətta pedaqoji şuraların birində
həmkarlar təşkilatının sədri məni ittiham
etdi ki, sən məktəbə gəlməyən
uşağa qiymət yazırsan, özü də vaxt
itirmədən Utaridənin adını çəkib
nümunə göstərdi. Mən də sakitcə ona cavab verdim ki,
Utaridə ədəbiyyat dərsinə gəlir. O biri
müəllimlər mat-məəttəl
qalmışdılar, fikirləşirdilər ki, axı
Utaridə onların da dərsində iştirak etmir. Növbəti rübdə direktorun
müşahidəsindən sonra aydın oldu ki, Utaridə
məhz mənim dərsimə gəlirmiş. Rayonda
hörmət qazanmağımın bir səbəbi də o idi
ki, imtahan verdiyim il məni
rayon komsomol komitəsinin birinci katibi seçmək
istəyirdilər. Nədənsə, bu iş baş
tutmadı.
Akademiyanın dar pəncərəsindən bayırdakı
iri sütunlara baxa-baxa həm də maaş məsələsini düşünürdüm. Çünki rayon maarif
şöbəsinin baş inspektoru Murtuz müəllim
demişdi ki, imtahanlardan kəsilsən, sənin bir aylıq
maaşını verməyəcəyik, yox, hamısından
qiymət alıb müsabiqədən keçə
bilməsən, maaşını tam alacaqsan. Buna görə də aspiranturaya qəbul
olub-olmamağımdan asılı olmayaraq, fransız dili
imtahanını verməliydim.
Partiya tarixi imtahanı
qurtarmışdı. Mən birinci
mərtəbədə gəzişir, narahat-narahat beynimə
gələn hər bir şey haqqında
düşünürdüm. Hava da əməlli-başlı qaranlıqlaşırdı. Elə havanın qaralması haqqında
düşünürdüm ki, Səttar müəllim
əlində çanta imtahan olan otaqdan çıxdı. Dəhlizdə yalnız ikimiz idik. Mən ona yaxınlaşdım, o, məni
görüb dayandı. Birbaşa sual
verdim ki, axı mən "üç" almamalıydım,
siz mənə niyə "üç" verdiniz. O isə
bu sualı gözləyirmiş kimi birbaşa cavab verdi: "Oldu da, ay bala, gərək
olmayaydı". Bu,
müəllimin etirafı idi, mən isə bununla
kifayətlənib heç bir söz demədən
uzaqlaşdım. Görünür,
mənim müəllimliyim Səttar müəllimin də
xeyrinə işlədi. Amma burada
nəsə bir əmmanın olduğunu da anladım.
Qarşıda fransız
dili imtahanı vardı. Fransız
dilini az-çox bilirdim, amma alacağım hər hansı bir
qiymətin mənə xeyiri olmayacağını
düşünüb bu imtahana xüsusilə
əhəmiyyət vermək istəmirdim. Məni
yalnız maaş düşündürürdü
və fransız dili imtahanından hər hansı bir
müsbət qiymət ala biləcəyimə də heç
bir şübhəm yox idi. Özüm üçün daxilən yaratdığım
bu rahatlığa baxmayaraq, imtahan çox gərgin keçdi. İmtahanın mənim üçün o
qədər də həlledici olmadığını bildiyim
üçün müəllimə təklif etdim ki, mən
maksimum proqramla imtahan vermək istəyirəm. Özümlə fransız dilində kitab
aparmamışdım, kafedrada da
ədəbiyyatşünaslığa aid belə bir kitab yox
idi. Açığı,
bununla bağlı sonralar xeyli peşmançılıq
çəkdim və indi də onu xatırlayanda
birtəhər oluram. Ona görə
ki, kitab olmadığından kafedra müdiri cavan fransız
dili müəlliməsini xeyli danladı. Sonralar müəllimədən
üzrxahlıq etmək üçün ona bir şeir
yazdım. İndi deyim ki, heç
şeiri də müəlliməyə vermədim. Sonra fransız dili müəlliməsi
minimum proqramla imtahan verməyimə şərait yaratdı
və biletdəki suallara insafla yaxşı cavab verdim. Müəllimə
mənə yavaşca dedi ki, bayaqkı hay-küy olmasaydı,
elə sənə "dörd" qiyməti də vermək
olardı, amma "üç" yazıram. Mən də
yavaşca dedim ki, "üç" bəsimdir, istədim,
maaşımı alacağım barədə ona nəsə
danışım, amma vaz keçdim.
Sənədlərimi
götürüb rayona getmək üçün liftlə
instituta qalxdım, institut 5-ci mərtəbədə
yerləşirdi. Liftin
qarşısında direktorla rastlaşdım. Direktor
dedi ki, fasiləyə gedirəm, məni gözlə, sən
aspiranturaya qəbul olmusan. Öz-özümə düşündüm ki, bu
nədir, möcüzəmi baş verir? Direktordan heç nə soruşa
bilmədim, o, liftlə aşağı düşdü. Qapısı açıq olan elmi
katibliyə getdim. İçəri girən kimi elmi
katib uca səslə dedi ki, təbrik edirəm, qəbul olmusan.
Mən də soruşdum ki, bu, necə baş verdi? Elmi katib bildirdi ki, akademik Həmid
Araslı imtahan verəcək iki nəfərdən fars dilindən imtahan
götürəcəkdi. Onların cavablarını dinləyəndən sonra
birinə üzünü tutaraq deyib ki, sən mənə
xahiş elətdirmişdin ki, ona "iki" yazım. Sənin arzunu yerinə yetirirəm. Sonra da üzünü o birinə tutaraq
deyib ki, oğul, sən də xahiş etdirmişdin ki, buna
"iki" yazım, sənin də arzunu yerinə
yetirirəm. Vəssalam! Onların
hər ikisi xarici dildən "iki" aldıqları
üçün sən qəbul olursan.Ürəyimdə
Səttar müəllimin sözlərini təkrar etdim:
"Oldu da, ay bala, gərək olmayaydı".
Amma aspiranturaya qəbul
bununla qurtarmırdı. Bir
mərhələ də vardı ki, ona "rəyasət
heyəti" mərhələsi deyirdilər. O
mərhələdə QB bütün aspirantları bir-bir
dinləyir, onlara ixtisasları ilə bağlı suallar verir,
müəyyən nəticəyə gəlirdi. QB, yəni
Qasan Baqirovuç, yəni Həsən Abdullayev, o, Akademiyanın prezidenti
idi.
Hamı - institut
direktorları, müavinlər, şöbə
müdirləri, elmi rəhbərlər, aspiranturaya imtahan
verənlər dairəvi zala toplaşmışdılar. Kimin adı çəkilirdisə,
irəliyə çıxır, onun üçün
nəzərdə tutulmuş kürsüyə
yaxınlaşır. Ondan bir az kənarda isə direktor başqa bir kürsünün
qarşısında dayanır. QB rəyasət
heyətində bəzən əyləşərək,
bəzən də ayaqüstə duraraq suallar verir, - öz
aramızdır, daha çox ayaq üstə dayanırdı, -
vəziyyətlə tanış olurdu.
Kimya ixtisası üzrə aspiranturaya daxil olan Namiqə
belə bir sual verdi: "Suyun
neçə formulu var?" Namiq isə bir an belə gözləmədən
söylədi ki, doqquz. Zalın bir
tərəfindən gülüşmə səsi eşidildi,
- yəqin onlar kimyaçı idilər, - zaldakıların
əksəriyyəti də onlara baxıb
gülüşdülər. Gülüşmə səngiyəndən
sonra tam sakitlik yarandı. QB xeyli pauza verdi. Hamı nəsə olacağını gözləyirdi. Doğrudan
da, oldu, QB gülüşün başladığı
tərəfə üzünü tutub dedi: "Ayıb olsun
sizə, suyun 9 formulu var". Zalda ağır bir sükut və təəccüb
yarandı, hiss olunurdu ki, çoxları suyun 9 formulunun
olmasını bilməməkdən başqa, heç ona inanmırdılar. Bu zaman QB
Namiqə tərəf dönüb: "Qəbul olursan,
gedə bilərsən", - dedi.
Universiteti
fərqlənmə diplomu ilə təzəcə
qurtarmış Nazilə ilə, - o, sonralar bizimlə
qonşuluqda qalan Barat Nuriyevin həyat yoldaşıdır, -
sual-cavab da maraqlı oldu. QB bir məsələ söyləyib ondan
həllini soruşdu. Nazilə
barmağı ilə havada nəsə yazmağa
başladı. Onun havada
yazı yazmağına hamı heyrətlə baxırdı. Bir
dəqiqə keçməmiş Nazilə cavabı dedi. Zalda yenə sükut yarandı. Əslində,
QB də xeyli fasilə verdi. Sonra direktora
üzünü tutub dedi ki, xatırlayırsan, mən bu
məsələni bir nəfər şöbə müdiri
keçərkən ona vermişdim, həmin adam da bu məsələni həll
edə bilmədi. Düşünürəm
ki, bu qız ilyarıma, iki ilə dissertasiya müdafiə
edəcəkdir. Direktor başını
yuxarı-aşağı hərəkət etdirib
"bəli, bəli" dedi. QB azca fasilə verib birdən
səsini yuxarı qaldırdı: - "Yox, müdafiə
eləyə bilməyəcək. Ona görə ki, siz və o şöbə müdiri
qoymayacaqsınız". Zalın üstünə elə bil su
ələdilər, heç kəsin cınqırı
çıxmadı. Həm də
insanların üzündə bir heyrət var idi. Sükutu
yenə QB pozdu: "Gedə bilərsən, sən qəbul
olursan".
Biologiya ixtisası üzrə aspiranturaya imtahan verən bir
qızla bağlı isə qəribə hadisə baş verdi. Buna maraqlı, qeyri-adi, ya da tarixi hadisə demək
olardı. Amma dəqiq
hansını demək olardı, düzü, onu bilmirəm. Gənc
qız 15 bal toplamışdı,
yəni hər üç imtahandan "beş"
almışdı. QB qızın
adının və familiyasının təkrarlanmasını
istədi. Təkrardan sonra ona da,
zalda əyləşənlərə də
açıq-aydın bəlli oldu ki, həmin qız
nazirlərdən birinin övladıdır və üç
"beş" alması da yəqin təbiidir. QB soruşdu ki, onun konkurenti olubmu? Dedilər ki, olub. Yenə soruşdu
ki, konkurenti neçə bal yığıb? Dedilər ki, 14 bal. Xeyli
düşündü və soruşdu ki, həmin qız harada
yaşayır? Dedilər ki,
Razın qəsəbəsində. Birbaşa
göstəriş verdi ki,
mənim maşınımla gedib onu evindən buraya
gətirin. Hamı
həmin qıza əlavə yer ayrılacağını
düşünürdü. Təxminən bir-iki saatdan sonra məlumat
verdilər ki, qızı gətirmişik. Qızı kürsüyə dəvət
etdi və soruşdu ki, imtahandan neçə almısan? O da
hansı fəndən neçə aldığını rus
dilində dedi. Sonra soruşdu
ki, adın, familiyan necədir? Səhv
etmirəmsə, o da Olqa Timofeyevna, yaxud Timofeyeva dedi. QB bir az düşündü, sonra:
"Qiymətlərin yaxşıdır, sən də
qəbul olursan", - söylədi.
Zaldakı sükutu
mənim ad-familiyamın çəkilməsi pozdu. Hamı kimi mən də aspirantlara aid olan
kürsüyə yaxınlaşdım. QB-nin ilk sualı bu oldu ki, Cəfər
Cabbarlıdan bir şeir de. Düzü, mən də
çaşıb qaldım. Ağlıma gəldi ki, bəlkə,
monoloq demək istəyir, axı Cabbarlı dramaturqdur. Ürəyimdən
keçəni hiss edirmiş kimi direktor birdən yavaşca
mənə pıçıldadı ki, "Şiş
ucları buludlarla döyüşən, Dağlarında buzları var
ölkəmin". O dəqiqə başa düşdüm ki,
bu misralar Cabbarlının "Ölkəm"
şeirindəndir və Azəf Zeynallı ona eyni adlı romans
da yazıb. Bu barədə fikirləşirdim ki, birdən
Cabbarlının "Ana" şeiri yadıma
düşdü və qəribədir ki, həmin
şeirdən yalnız bir bənd bilirdim:
Ana, ana, o adın qarşısında bir qultək,
Həmişə
səcdədə olmaq mənə fəxarətdir.
Onun əliylə bəla bəhrinə yuvarlansam,
Yenə xəyal
edərəm bəzmi-istirahətdir.
Son dərəcə ağır
ahənglə həmin bəndi söylədim. Ona görə
ağır ahənglə ki, vaxt getsin və digər
bəndləri məndən soruşmasın. Bənd qurtaran
kimi QB yavaşca əl çaldı, zal da ona qoşuldu. Bu
alqışdan sonra öz-özümə fikirləşdim ki,
daha mənimlə işi olmayacaq. Elə bu dəm mənə
dedi ki, evimizi təmir elətdirirdim. Bir də gəlib
gördüm ki, ustalar bütün kitablarımı alt-üst
eləyiblər. Elə qarışdırıblar ki, heç
nə tapmaq olmur. İndi evimiz təmirdən yenicə
çıxıb, evə təzə kitab rəfi
almışam. Səni bizə aparacağam. Kitabların
arasındakı romanlardan yuxarıdan aşağıya
doğru hansını birinci, hansını ikinci,
hansını üçüncü gözdə
yerləşdirəcəksən? Artıq sual mənə
aydın idi. Əvvəlcə, elə
düşünürdüm ki, məni evlərinə
işləməyə aparacaq, sonra gördüm ki, yox, sual
ciddi sualdır. Mən üç əsər seçib o
dediyi qaydaya uyğun düzdüm. İndi xatırlayıram
ki, axırıncı əsər povest idi. Ardınca başqa
sual gəldi: "Bəs "Qılınc və
qələm"i hara qoyacaqsan?" Məsələ xeyli
ciddiləşdi. Qəfil ağlıma gələn fikri
cəsarətlə dedim: "Həsən müəllim,
mən rəfə müasir romanları
düzmüşəm, əgər tarixi romanlardan
söhbət gedirsə, onda "Qılınc və qələm"i
rəfin lap üstünə qoyaram". O, yüngülvari
gülümsədi və dedi: "Qəbul olursan, gedə
bilərsən".
Bundan sonra həyatımın
aspirantura illəri başladı. Həə, o da yadıma
düşdü ki, bir il sonra kimyaçı Qafur aspirantura
təhsilini yarımçıq qoyub öz rayonlarına -
Astaraya getdi. İndi ondan heç bir xəbər yoxdur.
525-ci qəzet 2018.-
25 sentyabr.- S.7.