Moskvada Qara Qarayevin
100 illiyi qeyd olundu
Moskvada P.İ.Çaykovski adına
konsert zalında Azərbaycanın dahi bəstəkarı, görkəmli
alim-pedaqoq və ictimai xadim, SSRİ Xalq artisti, Sosialist
Əməyi Qəhrəmanı,
akademik Qara Qarayevin 100 illiyinə həsr olunmuş təntənəli yubiley gecəsi keçirilib.
Mədəniyyət Nazirliyindən bildirilib ki, mərasimdə nazir Əbülfəs Qarayev çıxış edərək
Prezident İlham Əliyevin müvafiq Sərəncamına uyğun
olaraq böyük bəstəkar Qara Qarayevin 100 illiyinin Azərbaycanda və xarici ölkələrdə
müxtəlif tədbirlərlə
qeyd edildiyini diqqətə çatdırıb.
Vurğulanıb ki, bu musiqi axşamı təkcə Qara Qarayevin 100 illiyi şərəfinə təşkil
edilən mərasim deyil, eyni zamanda,
Azərbaycan və Rusiyanın tarixində iz qoymuş görkəmli mədəniyyət
xadimlərinin xatirəsinə
ehtiramın nümunəsidir.
Nazir qeyd edib ki,
Qara Qarayevin xatirəsi Rusiyada hər zaman böyük ehtiramla yad edilir. Moskvada onun adını
daşıyan musiqi məktəbi var, bir neçə il öncə
barelyefinin açılışı
olub. Bu il
Rusiyanın böyük
şəhərlərində bəstəkarın 100 illiyi
ilə bağlı konsertlərin keçirilməsi
də onun yaradıcılığına, sənət irsinə, ümumilikdə Azərbaycan
musiqisinə və mədəniyyətinə dərin
hörmətin göstəricisidir.
Bütün bunlar, həmçinin,
Azərbaycanla Rusiya arasında mövcud olan sıx mədəni
əlaqələrin təsdiqidir.
Qeyd olunub ki, Qara Qarayevin
yaradıcılıq irsi
musiqinin bütün janrlarını əhatə
edir və onun əsərləri dünya musiqi mədəniyyətinin xəzinəsinə
daxildir.
Mərasimdə çıxış edən Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu vurğulayıb ki, bu gün Azərbaycanın
və Rusiyanın musiqi tarixində bizim mədəniyyətlərimizin,
mədəniyyətə münasibətimizin
vəhdətinin təsdiqi
kimi qalacaqdır. Bildirib ki, Qara Qarayevin
yaradıcılıq irsi
Azərbaycana və bütün dünyaya məxsusdur. Ancaq qeyd
etmək lazımdır
ki, o, Rusiya ilə çox bağlı idi - Moskvada konservatoriyada oxumuşdu, Dmitri Şostakoviçin
tələbəsi olmuşdu,
SSRİ Bəstəkarlar İttifaqında
fəal çalışırdı.
"Neçə illər
keçsə də,
120, 150, 200 il sonra da dünya Qara
Qarayevin - görkəmli
mədəniyyət xadiminin,
dünya miqyaslı musiqiçinin yubileyini qeyd edəcək", - deyə Polad Bülbüloğlu əlavə
edib.
Rusiya mədəniyyət
nazirinin müavini Pavel Stepanov çıxışında dahi
bəstəkarın geniş
yaradıcılıq diapazonuna
diqqət yetirib. Bildirilib ki,
Qara Qarayev həm Azərbaycanın, həm də Rusiyanın musiqi həyatında nadir şəxsiyyətdir.
O, yaradıcılığının genişliyi - simfonik musiqisi, baletləri, kiçik həcmli əsərləri, filmlərə,
teatr tamaşalarına
yazdığı musiqilərlə
hər kəsi heyran edir. O, yaradıcılığında müxtəlif xalqlara, müxtəlif zamanlara müraciət edib.
Mstislav Rostropoviç Fondunun prezidenti Olqa Rostropoviç bəstəkarın
yüksək insani keyfiyyətlərindən söz
açıb: "Qara
Qarayev fenomenal bəstəkar və çox gözəl insan idi. Mən onu
yaxşı xatırlayıram,
o, bizim evə gəlirdi, atamla birgə çalışırdı".
Yubiley axşamının
prodüseri Yelena Tverdolyub
çıxışında Qara Qarayevin 100 illiyinin Moskvada qeyd olunmasının əhəmiyyətini vurğulayıb.
Sonra konsert proqramı təqdim olunub.
Konsertdə görkəmli dirijor,
Azərbaycanın Xalq
artisti Rauf Abdullayevin bədii rəhbərliyi ilə P.İ.Çaykovski adına
Böyük Simfonik Orkestrin və solist - tanınmış skripkaçı, beynəlxalq
müsabiqələr laureatı
Alyona Bayeva tərəfindən Qara Qarayevin "Don Kixot" simfonik qravürləri, 3 saylı simfoniyası, skripka və orkestr üçün konserti və "İldırımlı yollarla"
baletindən 2 saylı
süitası səsləndirilib.
İştirakçılar konsert
zalının foyesində bəstəkarın həyat və
yaradıcılıq yolunu əks etdirən
sərgi ilə tanış olublar.
525-ci qəzet 2018.- 25 sentyabr.- S.7.