Doktor Qarayev
Səlim BABULLAOĞLU
İşlə bağlı təqvimə
baxanda yadıma düşür ki, sentyabrın 26-sı görkəmli
cərrah Mürsəl
Əbülfəs oğlu
Qarayevin anım günüdür, düz
43 il əvvəl bu gün doktor
Qarayev vəfat edib. Və onu
da xatırlayıram ki, görkəmli tərcüməçi, şair,
Azərbaycan-Finlandiya ədəbi
əlaqələri üçün
xeyli dəyərli işlər görmüş
Tahirə Cəfərovanın
"Əski Bakının
rəvayətləri və
Suomiyə uzanan yol" adlı xatiratının "Tamara xanım"
bölümünün Qara
və Mürsəl Qarayevlərdən bəhs
edən hissəsini tərcümə etmişəm:
"... Bir neçə ay bundan əvvəl idi… Yenə də özünəməxsus
enerji ilə bərabər görə biləcəyimiz ədəbi
layihələrdən, fin dostlarından,
onların xarakterindən
və poeziyasından danışırdı. Qəfil
masamın üstündəki
bir kitaba gözü sataşdı:
- Nə kitabdı o?
- Doktor Qarayev haqqında kitabdı. Çoxdan yazmışam.
Necə ki...? - sualı verirəm
və hiss eləyirəm
ki, davam eləməsəm, nəsə
qiymətli bir şey itirəcəm. - Tanıyırdız onu?
- Hə, uşaqlıqda məni müalicə eləmişdi.
- Doğurdan?
- Hə... Bizim ailələrimiz yaxın idilər.
- Ətraflı danışın,
xahiş edirəm.
- Mən onda Ədəbiyyat
İnstitutunun tələbəsi
idim. Rəfiqəmlə, o vaxtı "ermənikənd"
deyirdilər, ordan qayıdırdıq. Qonaq getmişdik.
Möhkəm qar yağmışdı,
yolları buz tutmuşdu. Hə, bax, onda xuliqanlar, yəqin ki, ermənilər idi, bizə içinə buz qoyulmuş qar topaları atdılar.
Rəfiqəmə dəydi. Mənə isə
badalaq vurdular, yıxıldım. Evə pis
vəziyyətdə gəlib
çıxdım. Bir neçə
gün müalicəsiz,
həkimsiz yatdım, amma Tamara-xanım, bibim, nədənsə, vəziyyətimin ağırlığına
inanmırdı. Deyirdi ki,
yekə qızsan, özünü bu qədər xəstəliyə
vurma. Qalx... Sonra mənə doktor Mürsəl Qarayev baxdı və məhz o, Tamara xanımda başa saldı ki, o, səhv edir, mənim vəziyyətim ciddidir, beynim silkələnib və mənə hərəkət eləmək
olmaz. Müalicə kursu yazdı.
İynələr... O müalicədən
sonra düzəldim...
Özü də diaqnozu mənə həmən baxan kimi qoydu...
... Bilirsiz, biz ailəvi yaxın idik, Mürsəl müəllim
bibilərimlə dost idi,
onlara çox şeyləri danışırdı.
Bir dəfə şöbə
müdiri işləyəndə
onun şöbəsində
çalışan rüşvətxor
cərrahı necə
döyüdüyünü danışdığını da eşitmişdim. Demək, həmin o rüşvətxor
həkim doktor Qarayevə bir xəstənin qohumlarına
necə kələk gəldiyini, onlardan pul aldığını lovğalanaraq danşırmış.
Sən demə, hər iki ayağı qanqrena eləyən bir xəstəni gətirirlər xəstəxanaya
və həkim xəstənin qohumundan pul alıb xəstənin
bir ayağını kəsir. Qohumu bəs o biri
ayağı niyə kəsmədiyini soruşanda,
deyir ki, çünki bir ayağın pulunu alıb. İkincisi üçün pul alanda, o biri
ayağı da kəsər. Əlbəttə ki, sinikin bu
söhbəti Mürsəl
müəllimi möhkəm
qəzəbləndirir və
həmin həkimi adamsız bir yerə aparıb o ki var döyür.
Əlbəttə, Mürsəl
müəllim müharibənin
od-alovunu görmüş,
hələ gənc ikən Kursk hərbi eşalonunun baş həkimi işləmiş,
necə deyərlər,
həqiqi kişiydi və öz həkim andına belə laqeyd münasibət göstərən
o şərəfsiz rüşvətxorla
başqa cür davrana bilməzdi. Bu, onun xarakterindən danışırdı... Mürsəl
müəllim öz peşəsinə müqəddəs
iş kimi yanaşırdı. Onun atası
Əbülfəz Qarayev
də böyük həkim, səhiyyə xadimi idi. Odessa Tibb Universitetinin məzunu idi..."
lll
Bir vaxtlar tərtib etdiyim "Doktor Qarayev" kitabının yanında,
ayrı-ayrı qovluqlarda
Mürsəl Qarayevlə
bağlı həm tərcümə etdiyim, həm hazırladığım
çoxlu materiallar var indi. Kitabı
rəfdən götürüb
vərəqləyirəm: "Mürsəl Qarayev ləyaqətli və faydalı, əsl kişi ömrü yaşadı" - bunu
professor Yevgeniy Gelfqant
yazırdı. "Mənə elə gəlir ki, məhz Mürsəl kimi adamlar Azərbaycanın
genofondunu təşkil
edirlər" - bu isə bəstəkar Xəyyam Mirzəzadənin
sözüdür. Professor Cəmil Əliyev onu "adamlar üçün yaşamağı
bacaran adam"
sayırdı.
Kimi böyük cərrah, kimi böyük dost, kimi böyük musiqiçi, kimi ovçu sayırdı onu. Fakt isə belədir
ki, İkinci Dünya müharibəsinin
qanlı illərini yaşamış görkəmli
Azərbaycan cərrrahı
Mürsəl Qarayev
5000-dən artıq uğurlu
cərrahiyyə əməliyyatı
eləmişdi. Səhiyyə Nazirliyinin baş cərrahına qədər
yüksəlmiş, elmi
fəaliyyətlə məşğul
olmuş, tibb elmləri doktoru adını almışdı.
Mürsəl Qarayev 1919-cu ildə anadan olmuşdu. Bu həmin dövr idi ki, Azərbaycan
yüz illərdən
sonra ilk dəfə müstəqil dövlətə
çevrilmişdi. Bu tarixdən 11 gün sonra Bakı Dövlət Universitetinin təsis olunmuşdu ki, sonradan onun
azərbaycanlı rektorlarından
birinin doktor Qarayevin yaxın qohumu, Qarayevlər soyunun görkəmli nümayəndəsi Abdulla Qarayevin
təyin olunması nədənsə məndə
təsadüf hissi yaratmır. Deyirlər ki, hələ anası Sona xanımın qucağındaykən
hərbi marş oxuya-oxuya addımlayan milli ordu əsgərlərinə
tamaşa edən, sonradan böyük bəstəkara çevriləcək
Qara Qarayev, o vaxtlar balaca Qara, həmin marşı özünəməxsus
şəkildə zümzümə
edirmiş. XX əsrdə taleyinə paytaxt olmaq yazılmış
Bakının məhz
"insani planda salınmasında və memarlığında" bu
soyun və bu soyun bir
nümayəndəsi Mürsəl
Qarayevin də sonradan şəksiz əhəmiyyətli rolu olmuşdu.
lll
Mürsəl Qarayev virtuoz cərrahlıq texnikasına
malik idi. Hətta deyirlər
ki, sağ əli möhkəm əzildiyinə görə
əməliyyatlardan birini
tək əllə etməli olmuşdu. Ümumiyyətlə, həmin gün
çox maraqlı və sirli gün
imiş. Gecə növbəsində
əhəmiyyətsiz travma
ilə xəstəxanaya
düşən bir xəstəni əməliyyat
etdikdən sonra onu diqqətlə müşahidə edən
doktor Qarayev, həmin xəstəyə
"ehtiyatlı olun, siz bura yenə
düşə bilərsiniz"
deyib. 2 saatdan sonra həmin adam ağır
bıçaq yarası
ilə geri gətirilib.
lll
Daha bir qovluğa baxıram. Mürsəl
Qarayevin oğlu Əbülfəs Qarayevin tərcümə etdiyim
"Vspominaə otüa"
xatirə yazısı:
"Tale elə gətirib
ki, mən babalarımın heç birini görməmişəm,
amma formalaşma dövrümüzdə valideynlərimiz
vasitəsilə bizdə
onların şəxsiyyətinə
dərin hörmət
aşılanıb, cəmiyyət,
ailə və çevrələri üçün
əhəmiyyətli insanlar
olması anladılıb. Atam həmişə qürur hissi keçirirdi ki, o, böyük bir həkimin oğludur, qaynatası da böyük həkimdir, qardaşı,
musiqisi hər bir evdə səslənən
Qara Qarayev, onun özü isə "dosent Qarayev"dir; dost çevrəsində
28 yaşından onu belə çağırırdılar,
çünki namizədlik
dissertasiyasını hamıdan
əvvəl müdafiə
eləmişdi (elmlər
doktoru adının
AAK tərəfindən təsdiqi
yalnız ölümündən
sonra gəldi)....
...Atam bir çox siyasi xadimlərlə dostluq etmiş, yaxından ünsiyyət qurmuş, uğurlarına sevinmiş, çətinliklərinə görə narahat olmuşdu; onları böyük məmnuniyyətlə, öz gənclik dostları kimi xatırlayır, o qayğısız illərdəki dostluğu, həyatın qarşıda, hamının isə ümid və arzularla dolu olduğu həmin illəri tez-tez yada salırdı. Atam həmişə deyirdi ki, onun dostları həmişə arxalana biləcəyi insanlardır. Nümunə kimi Tahir Salahov və Kamil Əliyevlə birlikdə avtomobil qəzasına düşmələrini, köməyə ilk olaraq o vaxtlar hələ yalnız general olan Heydər Əliyevin gəldiyini, onları xəstəxanaya yerləşdirdiyini tez-tez xatırlayırdı. Bu hadisəni sonralar Kamil Əliyevin yubileyində çıxış edən Heydər Əliyev də xatırlayırdı, onun sözlərində də həmin o gənclik və optimizm dolu illərə hörmət, rəğbət açıqca sezilirdi...
... Bir cəhəti dəqiq bilirəm: atam əsl kişi, böyük hərflə, İnsan idi. Dostları çox, düşmənləri az oldu, heç kim onun haqqında övladlarına xoşagəlməz bir fikir demədi. Və mən indi, yaş baxımından, onu bir il geridə qoysam da, atamla, atamın adı və əməlləri ilə yenə də uşaq kimi qürur duyuram..."
525-ci qəzet 2018.- 25 sentyabr. - S.4.