Şah İsmayıl Səfəvinin portret cizgiləri

 

 (Əvvəli ötən sayımızda)

 

Şah İsmayıl dövrünün əmirləri yaxşı bilirdilər ki, dövlətə sədaqət və yüksək peşəkarlıq keyfiyyətləri ilə hətta saraydan kənar olan adamlar da qısa müddət ərzində ən yüksək vəzifələrə sahib ola bilərdilər.

 

Məsələn, Mirzəşah Hüseyni İsfahaninin səltənətin şahdan sonra ən ali məqamı olan vəkil vəzifəsinə təyin edilməsi buna nümunə ola bilərdi. Bu adam əvvəllər İsfahan hakimi Durmuş xanın yanında çox da yüksək olmayan bir vəzifədə çalışırdı. Amma onun idarəçilik keyfiyyətləri aşkar olunandan sonra Şah İsmayıl onu sarayına gətirmiş və dövlət vəkili vəzifəsini ona həvalə etmişdi.

 

Şah İsmayılın dövlət idarəçilik sistemi, əsasən, Azərbaycan-türk elementləri üzərində qurulmuşdu. Türk tayfaları, Azərbaycan xalqı səfəvilər hərəkatının formalaşmasını və aparıcı qüvvəsini təşkil etdiyi kimi, dövlət idarəetmə kontingentinin də əsasını təşkil edirdi. Azərbaycan-türk əmirləri, əyanları həm qoşunlarda, həm də dövlət idarəetmə aparatında rəhbər rola malik idilər.

 

Şah İsmayıl hərəkatı və onun ideya qaynağını təşkil edən Səfəvi təriqət hərəkatı da Azərbaycan həyatının yetişdirdiyi bir hərəkat idi. Bu mənada bəzi müəlliflərin öz yazılarında istər Səfəvi təriqət hərəkatının, istərsə də Səfəvi dini-siyasi hərəkatının Azərbaycan həyatından qoparmaq cəhdinin elmi-tarixi əsasları yoxdur və bunun sübut edilməsi üçün ortaya atılan iddiaların əsaslandığı dəlillər də etibarlılığı ilə seçilmir. Səfəvi təriqət hərəkatının banisi olan Şeyx Səfiəddin də, onun sələfləri və xələfləri də Azərbaycan türkləri idilər. Şeyx Səfiəddinin Azərbaycan türkcəsində miras qoyduğu əsərlər də onun Azərbaycan həyatı ilə bağlılığının təsdiqi sayıla bilər.

 

Ümumən, Şeyx Səfiəddin tərəfindən əsası qoyulan Səfəvi təriqət hərəkatının Şah İsmayılın bir tarixi şəxsiyyət kimi formalaşmasına olan təsiri də diqqətdən kənarda qalmamalıdır. Səfəvi təriqət hərəkatının əsası XIII əsrdə qoyulsa da, Şah İsmayıl hərəkatının başlandığı vaxta qədər kifayət qədər canlı və kütləvi bir hərəkat olaraq qalmaqda idi. Bu hərəkat dini etiqad birliyi kimi ortaya çıxaraq bəşəriliyi ilə çox böyük coğrafiyaya yayılmış və on minlərlə insanı öz ağuşuna almışdı. Vaxt ötdükcə bu hərəkat ictimai məzmun, Sultan Cüneydin dövründə isə həm də siyasi məzmun kəsb etməyə başlamışdı. Şah İsmayıl həm də Səfəvi təriqətinin mürşidi-kamili idi. Öz hərəkatında dini və siyasi məzmunu vəhdət şəklində birləşdirə bilməsi və bu vəhdəti insanların əqidəsinə çevirə bilməsi də Şah İsmayılın liderlik keyfiyyətinin daha bir parlaq nümayişi idi. Şah İsmayıl hərəkatında dini və siyasi məzmunları bir-birindən ayırmaq mümkün deyil. Bu məzmunlar ayrı-ayrılıqda gözlənilən nəticəni verə də bilməzdi. Amma bu məzmunları bir-birinə qovuşdurmaqla qarşısına qoyduğu ali məqsədə çatmaq üçün Şah İsmayıl daha təsirli və qətiyyətli bir qüvvə və vasitə əldə etmiş oldu.

 

Kiçik yaşlarında olmasına baxmayaraq, kütləvi bir təriqətin və siyasi hərəkatın ideya rəhbəri və təşkilatçısı olması da Şah İsmayılın adına yazılacaq bənzərsiz bir keyfiyyətdir. Bunun nəticəsi idi ki, Şah İsmayıl qonşu dövlətlərlə müqayisədə daha sabit bir dövlət qurmağa və onun daxilində sabit həyatın təmin edilməsinə nail olmuşdu.

 

Şah İsmayıl yalnız təriqət və siyasi hərəkat lideri deyildi. O, həm də Azərbaycan və dünya hərb tarixinin ən yaddaqalan simalarından biridir. Şah İsmayıl dünya tarixinin az-az tanınmış şəxslərindəndir ki, həm siyasi rəhbərliyi, həm hərbi rəhbərliyi, həm də döyüşçülüyü özündə birləşdirmişdi.

 

Şah İsmayılın rəhbərliyi altında Səfəvi dövlətinin əsasının qoyulması ilə bölgədə Azərbaycan dilinin inkişafının da yeni bir dövrü başlandı. Azərbaycan dili ədəbiyyat və yaradıcılıq dili kimi hələ Səfəvi dövlətinin əsasının qoyulmasından əvvəl də artıq özünü təsdiq etmişdi. Bunun nəticəsi kimi istər yazılı ədəbiyyatda, istərsə də şifahi ədəbiyyatda bu gün də ədəbi və tarixi əhəmiyyətini itirməyən əsərlər yaranmışdı. Hətta Şah İsmayılın ulu əcdadı olan Şeyx Səfiəddin də fars və gilək dillərindən başqa, Azərbaycan dilində həm ədəbi, həm də elmi əsərlər yazmışdı. Şeyx Səfiəddin tərəfindən Azərbaycan dilində yazılmış ədəbi əsərlər yeddi əsrdən çox keçməsinə baxmayaraq, bu gün də çox anlaşıqlı bir dildədir.

 

Azərbaycan ədəbi dilinin inkişaf etdirilməsi, əslində, Şah İsmayılın əcdadlarından miras qalmış bir ənənənin davam etdirilməsi və mənsub olduğu xalqın dəyərlərinin yaşadılması istəkləri ilə bağlı idi. Şah İsmayıl saray daxilində Azərbaycan dilini rəsmiləşdirdi, qoşunlar daxilində və bütünlükdə səltənət daxilində Azərbaycan dilini ünsiyyət dilinə çevirdi.

 

Şah İsmayılın azərbaycanca ifadə dili xalq dilinə son dərəcə yaxındır. Onun istifadə etdiyi Azərbaycan ədəbi dili XV-XVI əsrdə Azərbaycan dilində yaradılmış ədəbi nümunələr içərisində öz təmizliyinə və saflığına görə meyar sayıla bilər. Bu da daha çox Şah İsmayılın xalq dilinə yaxınlığından, xalq həyatına bağlılığından irəli gələ bilərdi. Şah İsmayıl özündən əvvəl Nəsimi ilə kifayət qədər zənginləşmiş Azərbaycan ədəbi dilini yeni bir səviyyəyə qaldırdı və Azərbaycan ədəbiyyatının çox gözəl nümunələrini yaratdı. Təsadüfi deyil ki, Azərbaycanın XX əsr ictimai-siyasi xadimləri tərəfindən də Səfəvi sarayı Azərbaycan ədəbiyyatının yaradıcılıq akademiyası kimi dəyərləndirilirdi.

 

Şah İsmayıl istər əyan və əmirləri arasında, istərsə də qoşunlar və əhali arasında böyük hörmət və ehtirama malik idi. Bu hörmət və ehtiramı şərtləndirən səbəblərdən biri də onun kifayət qədər səxavətli bir insan və şah olması idi. Şah İsmayıl var-dövlət hərisi olmadığı kimi, onun toplanmasında ifratçılığı da qəbul etmirdi və onun bu keyfiyyəti ətrafındakılar tərəfindən də layiqincə qiymətləndirilirdi. Şah İsmayıl tarixinin tədqiqatçıları da, ümumən, onun bu keyfiyyətinin mövcudluğunu etiraf edir və onun təsdiq üçün çoxlu sayda faktlara da müraciət edirdilər. Şah İsmayılın həyatının ciddi tədqiqatçılarından biri olan İran tarixçisi Mənuçehr Parsadust hətta Şah İsmayılın bu keyfiyyətini onun şücaəti ilə müqayisə edir və yazırdı ki, Şah İsmayıl döyüş meydanında necə şücaətli idisə, insanlara münasibətində də o dərəcədə səxavətli idi. Əlavə edilirdi ki, məhz bu cəhətinə görə Şah İsmayıl ümumun sevimlisinə çevrilmişdi.

 

Qərb müəllifləri də Şah İsmayılın əhaliyə qarşı səxavətlilik göstərməsini təqdir edirdilər: "Şiələrin padşahı vaxtını müharibələrdə keçirdiyindən ölkənin abadlaşmasına diqqət yetirirdi və 24 illik hakimiyyəti dövründə altı dəfə (yəni orta hesabla hər dörd ildə bir dəfə) bütün səltənət hüdudunda əkinçilərin vergilərini onlara bağışladı. Ona dedilər ki, əgər vergilər daxil olmasa, xəzinə boşalacaqdır. Şah İsmayıl isə cavabında dedi ki, əkinçi öz mövcudluğunu itirməkdənsə mənim xəzinəmin boş qalması daha yaxşıdır".

 

2014-cü ildə akademik Ramiz Mehdiyevin elmi redaktorluğu və ön sözü ilə işıq üzü görmüş "Şah İsmayıl. Tarixi-diplomatik sənədlər toplusu"nda da Şah İsmayıl tərəfindən müxtəlif vergilərin bağışlanması ilə bağlı maraqlı faktlarla rastlaşmaq mümkündür.

 

Böyük bir səltənətin şahı olmasına baxmayaraq, Şah İsmayıl sadə həyat keçirməyə daha çox meyilli idi. Onun hakimiyyəti illərində qərbdə və şərqdə mövcud olmuş saray dəbdəbəsi və təntənəsi hələ rəvac tapmamışdı. Yuxarıda qeyd edildiyi kimi, hərbi yürüşlərdə olmadığı vaxtlar Şah İsmayıl vaxtının ço-xunu səltənət vilayələrində keçirirdi. Bu zaman o, çox vaxt çöllərdə, səhralarda qurulmuş düşərgədə yaşayırdı. Geyimi ilə də çox fərqlənməyi xoşlamazdı. Səfəvilər dövlətinin sonrakı dövrlərinə aid olan zərlə, daş-qaşla bəzədilmiş taxt, tac, əlvan paltarlar Şah İsmayıl dövrü üçün rəvac deyildi. Onun sadə geyinməsi və bəzən öz geyiminə görə hətta döyüşçülərindən də fərqlənməməsi haqqında mənbələrdə məlumatlar mövcuddur. Yeməyində də Şah İsmayıl sadə bir tərz tutardı. Doğrudur, Şah İsmayıl böyük ziyafətlər də təşkil edirdi. Amma bu ziyafətlər daha çox əmir və əyanları, Səfəvi döyüşçüləri, qonaqları üçün təşkil edilərdi. Özlüyündə isə Şah İsmayılı sadə yeməklərlə kifayətlənərdi və elmi-tarixi ədəbiyyat da təsdiq edir ki, yeməklərinin sadəliyinə görə Şah İsmayıl şikayətlər etməz və buna görə kimsəni də məzəmmət etməzdi. Mövcud məlumatlara görə, Şah İsmayıl Çaldıran döyüşündən əvvəl süfrəçisinə onun üçün yemək hazırlamaq tapşırığı verdi. Şah süfrəçisi də onun qarşısına bir parça çörək, bir qədər göyərti və bir parça da pendir qoydu. Şah İsmayıl da onun qarşısına qoyulanla kifayətləndi və yeməyini yedikdən sonra qarşıdakı döyüşə hazırlaşan Səfəvi qoşunlarının düşərgəsinə yollandı.

 

Şah İsmayılın sadəliyində və mehribanlığında da bir hədd var idi. Bu keyfiyyətlərə üstünlük verirdisə də, razı deyildi ki, onun mehriban münasibəti başqalarının öz hərəkətlərində sui-istifadəyə yol verməsinə zəmin yaratsın. Hətta əmir və əyanlarına qarşı da Şah İsmayılın çox mehribanlıq göstərməsinə baxmayaraq, onlar Şah İsmayılın yanında icazəsiz danışmağa cürət etməzdilər. Yəni Şah İsmayılın mülayimliyi, sadəliyi onun idarəçilik qətiyyəti ilə müşayiət olunurdu və bununla, idarəçilik işlərində də kimsənin sui-istifadə hallarına yol verilmirdi.

 

Dövlətin möhkəmləndirilməsi və dövlət daxilində sabitliyin qorunması üçün Şah İsmayıl cinayətkar qüvvələrə qarşı da amansız münasibət nümayiş etdirirdi. O, hətta Azərbaycan ərazisində peyda olmuş cinayətkar dəstələrdən birinin ləğv edilməsi üçün göndərilən qoşun dəstəsinə də rəhbərlik etmişdi. Səltənət daxilində əmin-amanlığı pozmağa çalışanlar da davamlı şəkildə Şah İsmayılın qətiyyətli amansızlığı ilə qarşılaşırdılar və bunun nəticəsi idi ki, səltənət daxilində kifayət qədər təhlükəsiz bir durum təmin edilmişdi. Şah İsmayıl möhtəkirlərə, insafsız tacirlərə qarşı da ciddi cəzaların verilməsini məqsədəuyğun sayırdı. Məsələn, tarixdən məlumdur ki, 1504-cü ildə İsfahanda ərzaq qıtlığı yaranmışdı və bəzi sövdəgərlər də bundan sui-istifadə edərək varlanmağa çalışırdılar. Şah İsmayıl bundan xəbərdar olanda möhtəkirliyə yol verənləri məhşər ayağına çəkdi və anbarlarda gizlədilmiş ərzağın ucuz qiymətə əhaliyə satılmasını təmin etdi.

 

(Ardı var)

 

Mehman SÜLEYMANOV

Tarix elmləri doktoru, ehtiyatda olan polkovnik

 

525-ci qəzet  2018.- 26 sentyabr.- S.6.