Məktublarda yaşanan ömür

 

YAXUD NƏSİB BƏY YUSİFBƏYLİ VƏ ŞƏFİQƏ QASPİRALI HƏYATLARININ BİR SIRA VACİB MƏQAMLARI

 

Elman QULİYEV

Filologiya elmləri doktoru, professor, Azərbaycan Dövlət Pedaqoji Universitetinin "Türk araşdırmaları" elmi-tədqiqat mərkəzinin elmi rəhbəri

 

Bu ilin avqust ayının əvvəllərində Türkiyənin Bursa şəhərində olarkən Türk Ocaqları Bursa şöbəsinin rəhbəri, türk dünyasında geniş tanınan, türk ədəbiyyatı və mədəniyyətinin təbliğində müstəsna xidmətləri olan, dəyərli dostum professor Səlçuk Kırlı bu yaxınlarda İstanbulda çapdan çıxmış doktor Minarə Əliyeva Çınarın "Nesip Yusufbeyliden Şefika Qaspiralıya mektuplar" (Ötüken Neşriyyatı A.Ş., İstanbul, 2018) kitabını mənə bağışladı.

 

İlk olaraq kitabın adı və onun üz qabığında təsvir olunan türk dünyamızın iki tanınan şəxsinin şəkilləri bir neçə baxımdan mənim üçün əhəmiyyətli göründü və marağıma səbəb oldu.

 

İlk növbədə bu kitabı Azərbaycan Cümhuriyyətinin 100 illliyini qeyd etdiyimiz bir zamanda həmin dövlətin baş naziri olmuş Nəsib bəy Yusifbəylinin, o cümlədən, geniş milli-ictimai fəaliyyətləri ilə fərqlənən, yaşadığı dövrdə qadın azadlığı hərəkatına liderlik edən Nəsib bəy Yusifbəylinin ömür-gün yoldaşı Şəfiqə xanım Qaspiralının həyatlarının bəzi qaranlıq məqamlarına işıq salacaq bir mənbə kimi oxumağa başladım. Kitabın ideya müəllifi professor Səlçuk Kırlının "Sunuş" və onun müəllifi doktor Minarə Çınarın kitabın əvvəlində yazdıqları "Ön söz" hissələrini oxuduqda burada daha böyük mətləblərdən bəhs edildiyini dərk etdim. Çünki kitabda aparılmış təhlil və çap olunmuş məktublarda adları çəkilən konkret şəxslərin taleləri ilə yanaşı, sözügedən dövrlərdə Azərbaycan ölkəsi, geniş mənada türk dünyası üçün vacib olan məqamların yer alması nəticəsində şəxsi həyat məsələləri fonunda demokratik Azərbaycan Cümhuriyyətində baş vermiş ictimai-siyasi proseslərə də aydınlıq gətirilir. Bu mənada kitabda professor Selçuk Kırlının "söz edilən olayların Azərbaycan ölkəsi və dövlətinin o dönəmdə yaşadığı bir çox siyasi prosesləri" ifadə etmək baxımından əhəmiyyət daşıdığını xüsusi vurğulaması təsadüf səslənmir.

 

Kitab dörd əsas bölümdən ibarətdir. Qeyd edək ki, türk ədəbiyyatı və türk ictimai-siyasi proseslərinə kifayət qədər bələd olan müəllif doktor Minarə Çınar kitabdakı istər təhlillərində, istərsə də məktubların müəyyən sıra ilə düzülüşündə bir dəyərli araşdırmaçı kimi özünü təsdiqləyə bilmişdir. İki illik gərgin axtarış və çalışmaların nəticəsi olaraq çap olunan bu kitabda Nəsib bəy Yusifbəylinin 66 məktubu verilmişdir. Müəllif 46 məktubu Türk Ocaqları Bursa şöbəsinin arxivindən (qeyd edək ki, həmin məktublar professor doktor Şengül Hablemitoğlu tərəfindən Bursa Türk Ocağları şöbəsi arxivinə təqdim olunmuşdur), 3 məktubu Şengül Hablemitoğlu və Necib Hablemitoğlunun "Şəfiqə Qaspiralı və Rusiyada türk qadın hərəkatı" adlı əsərindən əldə etmişdir. Minarə Çınar Nəsib bəy Yusifbəylinin digər məktublarını Azərbaycan Dövlət Arxivində üzə çıxara bilmişdir. O, 2017-ci ilin yanvar ayında Bakıya gəlmiş, dövlət arxivində mərhum yazıçı, professor Əzizə Cəfərzadəyə və mərhum professor Nazif Qəhrəmanlıya məxsus arxiv sənədləri içərisində Nəcib bəy Yusifbəylinin Şəfiqə xanıma yazdığı məktubları aşkarlaya bilmişdir.

 

Əlbəttə, Minarə Çınarı Nəsib bəy Yusifbəylinin məktublarının toplayıcısı və çap etdirən bir müəllifi kimi təqdim etmək, dəyərləndirmək mənə elə gəlir ki, ədalətsiz görünərdi. Çünki bu kitabda Minarə Cınar araşdırmaçı kimi daha çox öndə dayanır. Düzdür, Nəsib bəy Yusifbəylinin məktublarını müxtəlif arxiv və müxtəlif ölkələrdən toplamağın özü də ağır bir iş olsa da, Minarə xanımın kitabdakı tədqiqatçılığı elmi, siyasi baxımdan daha önəmlidir və əhəmiyyətli dəyərə malikdir. Əvvəla, müəllif bu məktubların hər biri üzərində işləmiş, onları tərcümə etmiş və tarixləri bilinməyən məktublar onun tərəfindən məqsəddən asılı olaraq, məzmun ardıcıllığı nəzərə alınaraq müəyyən sıra ilə düzülmüşdür. İkinci tərəfdən, kitabda müəllifin sıraladığı dörd əsas bölümün biri, yəni dördüncü bölümü məktublardan ibarət olsa da, digər üç bölümü Nəsib bəy Yusifbəylinin və Şəfiqə Qaspiralının həyatını, ictimai-siyasi fəaliyyətlərini, milli ideallar uğrunda mübarizələrini, o cümlədən, N.Yusifbəyliyə məxsus məktubların mahiyyətini əks etdirmək baxımından xarakterikdir. Onu deməyi də lazım bilirəm ki, Minarə xanım kitabda yuxarıda sadaladığımız məsələləri təhlilə cəlb edərkən heç bir təhrifə yol verməmiş, problemi konkret tarixi şəraitə uyğun dəyərləndirmiş, məsələlərə milli-tarixi kontekstdə müdaxilə etmişdir. Bu mənada kitab yalnız Azərbaycan, Türkiyə və Krım-tatar bölgələri üçün deyil, təxminən 300 milyonluq türkün yaşadığı digər bölgələr üçün də əhəmiyyətlidir.

 

Kitabın birinci bölümündə türkçülük hərəkatının, o cümlədən, Azərbaycanda milli-demokratik mübarizənin mərkəzində dayanan Nəsib bəy Yusifbəylinin həyatı, dövrü, mühiti, siyasi fəaliyyəti və s. məsələlər tarixi-milli zəmində təhlil obyektinə çevrilir.

 

Maraqlı odur ki, kitab müəllifi bu hissədə Nəsib bəy Yusifbəylinin həyatı, mühiti, fəaliyyət dairəsi, təhsili, dünyagörüşü ilə bağlı fikir söyləyərkən onunla əlaqədar indiyəqədərki araşdırmalara hörmətlə yanaşmışdır. Lakin Nəsib bəy Yusifbəyli ilə əlaqədar söylənmiş fikirləri eyni ilə təkrar etməmiş, bəzi məsələlərdə polemikaya girmiş, bir sıra məqamlara isə məktublardan sətirlər vermək vasitəsilə aydınlıq gətirməyə çalışmışdır. Bildiyimiz kimi, Nəsib bəy Yusifbəyli 1902-ci ildə Novorasiya Universitetinin tibb fakültəsinə daxil olmuşdur. Müəllif eyni zamanda, Şəfiqə xanım Qaspiralının fikirlərinə əsasən onun 1900-cü ildə Peterburq Texnoloji İnstitutunda da qeydiyyatdan keçdiyini diqqətə çatdırır. Lakin Novorasiya Universitetinin tibb fakültəsində oxumasına baxmayaraq, Nəsib bəy Yusifbəyli 1903-cü ilin sentyabr ayından etibarən həmin universitetin hüquq fakültəsində təhsilini davam etdirir. Onun tibb fakültəsindən hüquq fakültəsinə öz ərizəsi əsasında keçməsinin səbəblərini araşdıran müəllif sözsüz ki, elmi mənbələrlə yanaşı, Nəsib bəy Yusifbəylinin məktublarını da əsas istinad mənbəyi kimi götürür. Minarə xanım bu məqamı doğru olaraq daha çox gənc Nəsibin milli ruhu, mənsub olduğu millətin gələcək taleyi barədə düşüncələri və sairə ilə bağlayır. Kitabda göstərilir ki, Nəsib bəy Yusifbəyli türk millətinin uzun illər boyu rus işğalı altında əzilməsindən daxili narahatçılıqlar keçirmiş və milli şüurun yüksəlməsinə kömək edəcək ziyalılara, hüquqi baxımdan millətinə yardım göstərə biləcək savadlı insanlara olan ehtiyacı ödəmək səbəbindən hüquqşünas olmaq istəmişdir. Nəsib bəy Yusifbəylinin həyat yoldaşı Şəfiqə xanıma ünvanlanan bir neçə məktubunda bu məsələ barədə aydın fikirlər diqqəti cəlb edir. Müəllif Yusifbəylinin hüquq fakültəsinə keçidinin səbəblərini bu məktublar əsasında dəqiqləşdirir, heç bir mübahisəyə yer saxlamır və istinad olunmuş məktublardan sətirlər verməklə faktı təsdiqləyir. "Bana niçin tıp fakültəsini bıraktığımı soruyorsunuz. Siz halkımızın ne durumda olduğunu qayet iyi biliyorsunuz... Bu konuda halkına bir fayda sağlaya bilmek için, daha doğrusu, faydalı ola bilmek için öncelikle kendini yetişdireceksin... Ancak böyle bir hazırlıkla (ki bu hazırlıkı ancak hukuk fakültesinde okuyarak elde ede bilirsen) bir şeyler yapa bilirsen".

 

Kitabda N.Yusifbəyliyə həsr edilmiş bölümün digər hissələrində onun siyasət, dövlət işləri ilə əlaqələri, dövlət quruculuğu ilə bağlı toplumsal düzənləmələr etməsi diqqətə çatdırılır. Müəllif 1905-ci ildə Rusiyada gedən siyasi proseslərə xüsusi diqqət ayırır və bu dövrü Rusiya türklərinin oyanışında mühüm mərhələ hesab edir. Məhz buna görə N.Yusifbəylinin 1905-1907-ci illərdəki siyasi və cədidçilik fəaliyyətlərinin bəzi məqamlarını təhlil edir, mahiyyətlərini açıqlamağa çalışır. Nəsib bəy Yusifbəylinin ictimai-siyasi və təhsil sahəsində düşüncələrinə hakim kəsilən yenilikçilik ideyalarının kökündə bir sıra təsirlərlə yanaşı, İsmayıl Qaspiralı ideyalarının da dayandığını iddia edən kitab müəllifi bir növ şəxsiyyət, cəmiyyət və mühit problemlərini düzgün qiymətləndirə bilmişdir. Kitabda bu barədə belə yazılır: "Yusifbəyli İsmayıl Qaspiralı ilə tanışlıqdan sonra onun yaydığı türkçülük düşüncəsinin təsiri altında qalır və ideoloji baxışlarını dəyişdirərək milliyyətçilik görüşlərini müdafiə etməyə başlayır".

 

Onu da qeyd edək ki, 1954-cü ilin yanvar ayında Şəfiqə xanım bu faktı təsdiqləyərək Nəsib bəy Yusifbəylinin İ.Qaspiralının təsiri ilə 2-3 il ərzində dəyişərək qatı millətçi olmasını xüsusi vurğulamışdır.

 

Kitabın 2-ci bölümündə Şəfiqə xanım Qaspiralının həyat və fəaliyyəti geniş təhlil olunur. Bu bölüm ayrı-ayrılıqda 9 müxtəlif problem daxilində araşdırılır. Təbii olaraq araşdırmanın mərkəzində Şəfiqə xanım saxlanılsa da, bir çox məsələlər onun həyat yoldaşı N. Yusifbəyli ilə əlaqəli təqdim edilir. Biz burada Şəfiqə xanımın "Tərcüman" qəzetindəki fəaliyyəti, Nəsib bəylə ilk tanışlığı, onunla nişan və evliliyi, aralarında yaşanan ailə dramı, türk qadın hərəkatındakı xidmətləri, doğma Krımdan ayrılması, Türkiyə həyatı və oradakı fəaliyyəti haqqında geniş məlumatlar əldə edə bilirik. Şəfiqə xanım Qaspiralının həyat və fəaliyyəti ilə bağlı digər mənbələr olsa da, kitabdakı orijinallıq ondan ibarətdir ki, burada daha çox məktublara istinad olunur, bir çox mətləblər rəsmi məktublara əsasən nəzərə çatdırılır.

 

Kitabda Şəfiqə xanımla bağlı qoyulan bütün problemlər əhəmiyyətli səciyyə daşıyır. Bu təqdimatlarda onun şəxsi taleyi, ictimai fəaliyyəti, türk milli qadın keyfiyyətləri və s. cəhətlər oxucu marağını özünə cəlb edir. Lakin bütün hallarda Şəfiqə xanım Qaspiralı XIX əsrin sonu, XX əsrin əvvəlləri Krım-tatar ədəbiyyatının görkəmli nümayəndəsi, Rusiya müsəlmanlarının lideri, türk millətinin atası və müəllimi, xalq maarifi islahatçısı, "üsuli-cədid" hərəkatının, tatar milli mətbuatının banisi, "Tərcüman" qəzetinin baş redaktoru, türkçülük hərəkatının mərkəzi siması İsmayıl Qaspiralının qızı, onun ideyalarının davamçısı, türk qadın hərəkatının lideri, eyni zamanda, Azərbaycan Cümhuriyyətinin Baş naziri, türkçülük ideyalarının , milli məfkurənin yorulmaz təbliğatçısı Nəsib bəy Yusifbəylinin həyat yoldaşı kimi diqqət mərkəzində saxlanılır. Şübhə yoxdur ki, bu səbəbdən kitabda Şəfiqə xanım bütün təhlil prosesində "ömrünü milli mücadiləyə həsr edən, millətin və ölkənin azadlığı üçün özünü fəda edən" mübariz bir türk qadını obrazında canlandırılır.

 

Məlum olduğu kimi, təpədən-dırnağa qədər milli ideyalarla silahlanan bu qadın ona doğma olan iki məkanda - ata ocağı Krımda və ər ocağı Azərbaycanda yaşamaq, çalışmaq istəsə də, Sovet işğalı nəticəsində üçüncü doğma diyar olan Türkiyəyə köçmək məcburiyyətində qalmış, ömrünün sonuna qədər (31 avqust, 1975-ci il) burada yaşamışdır. Lakin o, əslən krımlı olsa da, nə Azərbaycanda, nə də Türkiyədə qəribçilik hissləri keçirmişdir. Çünki Şəfiqə xanım Krım türkü olmasına baxmayaraq, böyük türk idi, bu mənada o, Azərbaycan və Türkiyə torpaqlarını da özü üçün doğma yurd, doğma ocaq hesab edirdi.

 

Kitabın üçüncü bölümü "Nəsib bəy Yusifbəylinin məktublarının mahiyyəti" adlanır. Bu bölümdə təhlillər daha çox Nəsib bəylə Şəfiqə xanımın qarşılıqlı münasibətləri, ailə dramları, ortaq fikirləri və s. üzərində qurulur. Bu bölümdə müəllif məktublar əsasında onlara məxsus şəxsiyyət amillərini, xarakterlərini, milli məfkurələrini üzə çıxarır və haqlı olaraq hər iki türk aydınını belə dəyərləndirir: "Milləti üçün mücadilə edən, milləti üçün narahatlıq duyan iki əqidə adamı. Ortaq iş, ortaq qayə, ortaq fikirlər". Tədqiqatçı hər iki millət fədaisini bu kontekstdə dəyərləndirməklə həm onlara olan yüksək ehtiramını nümayiş etdirir, həm də araşdırma boyu onları milli-ictimai xətdə saxlayır.

 

Ona görə də, kitabda Nəsib bəy Yusifbəyli və Şəfiqə xanım Qaspiralının ailə həyatları, ictimai-siyasi baxış və fəaliyyətləri haqqında nə qədər danışılsa da, rəftar və baxışlarındakı oxşarlıq və fərqlərdən söhbət açılsa da, bütün hallarda onlar vətən, millət, azadlıq aşiqləri olaraq seçilir, hörmətlə yad olunurlar.

 

Əlbəttə, kitabın məziyyətləri kifayət qədər çox və əhəmiyyətlidir. Lakin bir sıra tarixi mətləbləri ortalığa qoyan bu kitabın əhəmiyyətini kiçik bir məqalədə əhatə etmək imkan xaricindədir. Hesab edirəm ki, doktor Minarə Çınarın çətinliklə, ağır zəhmət hesabına ərsəyə gətirmiş olduğu "Nasip Yusufbeyliden Şefika Qaspiralıya mektuplar" kitabı ilk növbədə hər iki şəxsin timsalında vətən, millət, azadlıq aşiqlərinə ucaldılmış abidə və Azərbaycan, geniş mənada türk dünyamızın ictimai-siyasi şərəf tarixinə işıq tutan əhəmiyyətli mənbədir.

 

525-ci qəzet  2018.- 26 sentyabr.- S.7.