Gənc Tamaşaçılar Teatrında
91-ci mövsüm “Leyli
və Məcnun”la başlandı
Sentyabrın 22-də Gənc Tamaşaçılar
Teatrı 91-ci mövsümünə
qədəm qoyub. Həmin
gün saat 14.00-da balaca tamaşaçılara
üçün “Şirinlər”,
saat 19-da isə dahi Azərbaycan şairi Məhəmməd
Füzulinin "Leyli və Məcnun" poemasının motivləri
əsasında hazırlanmış
eyniadlı tamaşa təqdim olunub.
“Şirinlər” tamaşasından
öncə Teatrın
uşaqlar və yeniyetmələrlə iş
üzrə əməkdaşı,
Əməkdar artist Ötkəm
İskəndərov balaca
tamaşaçıları salamlayıb, teatrın onlar üçün hazırladığı maraqlı
səhnə əsərlərindən
söz açıb. Daha sonra tamaşanın quruluşçu rejissoru Elşad Rəhimzadə uşaqlarla kiçik viktorina keçirib, qalib teatrın növbəti tamaşasına
dəvətnamə ilə
mükafatlandırılıb.
Uşaqlar “Şirinlər”i böyük
sevgiylə qarşılayıblar,
rəqslər və şən zarafatlar balacaları xeyli əyləndirib.
“Leyli və Məcnun”
tamaşasından öncə
isə Gənc Tamaşaçılar Teatrının
baş rejissoru, Əməkdar incəsənət
xadimi Bəhram Osmanov çıxış
edərək bu mövsümün teatrın
həyatında xüsusi
əhəmiyyət daşıdığını
vurğulayıb: “Bilirsiniz
ki, bu il
teatrımızın 90 illik
yubileyini qeyd edəcəyik. Ölkə
Prezidentinin bununla bağlı sərəncamı
var və ilin
sonuna yubiley tədbiri planlaşdırılır.
Həmçinin bu yeni mövsümdə tamaşaçıların
qarşısına yeni
səhnə əsərləri
ilə də çıxacayıq. Bu gün dahi Məhəmməd
Füzulinin “Leyli və Məcnun” əsərini sizlərə
yeni və müasir bir quruluşda təqdim edirik. Klassik əsərlərə tamaşaçının maraq
göstərməsi son dərəcə
sevindiricidir”.
“Leyli və Məcnun” tamaşaçıların
böyük marağına
səbəb olub. Tamaşanın quruluşçu rejissoru və səhnələşdirmənin
müəllifi Əməkdar
artist Nicat Kazımovdur.
Quruluşçu rəssamı
Elnur Axundov, musiqi tərtibatçsı
Həmid Kazımzadə,
tryukların quruluşçusu
İsa Əsədov, rejissoru Müşviq Əliyev, rejissor assistenti Günay Qasımovadır.
Qeyd edək ki, “Şirinlər” tamaşasında rol alan aktyorlar Asya Atakişiyeva və Bəhram Həsənov axşam tamaşasında Leyli və Məcnun obrazlarını canlandırıblar. Aktyorlar eyni gündə həm balacaları əyləndirməyin, həm də faciəvi rol oynamağın məsuliyyətli olduğunu qeyd ediblər. Asya Atakişiyeva Leyli obrazına xüsusi yanaşdığını söyləyib: “Məzuniyyətdən sonra ilk tamaşamızdır, ona görə təbii ki, həyəcanlıyam. Həm uşaqların qarşısında Şirinə olaraq çıxış etmək, həm də Leyli kimi faciəvi bir qadını yaratmaq sadə deyil əlbəttə. Amma bütün hallarda sevincliyəm və böyük məsuliyyət hissi ilə yanaşıram bu işə.” Bəhram Həsənov isə sevgi mövzusunun bütün zamanlar üçün aktual olduğunu söyləyib: “Hansı əsr, hansı zaman olur olsun, sevgi, eşq mövzusu öz aktuallığını itirmir. Ona görə də Qeysi oynamaq mənim üçün xüsusi hadisədir. Amma onu da qeyd edim ki, uşaqların qarşısında çıxış etmək daha böyük məsuliyyətdir, çünki balacalar hər şeyi həssaslıqla duyurlar. Akyorluq sənəti bizim işimizdir və bu işə son dərəcə ciddi yanaşıb qarşıya qoyduğumuz məqsədə nail olmağa çalışırıq”.
Növbəti gün, sentyabrın 23-də teatr “Tənbəl Əhməd” və “Romeo və Culyetta” səhnə əsərlərini tamaşaçılarına təqdim edib.
NƏZRİN
525-ci qəzet 2018.- 26 sentyabr.- S.7.