Üzeyir Hacıbəyli irsi
haqqında elmi məruzələr dinlənildi
Dünən Azərbaycan Bəstəkarlar
İttifaqında Üzeyir
Hacıbəyli X Beynəlxalq
Musiqi Festivalı çərçivəsində "Üzeyir Hacıbəyli və Azərbaycan Xalq Cümhuriyyəti"
mövzusunda elmi konfrans təşkil edilib.
Tədbirdə Bəstəkarlar İttifaqının
sədri, AMEA-nın müxbir üzvü, Xalq artisti, professor Firəngiz Əlizadə dahi bəstəkarın zəngin həyat və yaradıcılığından
söhbət açıb,
milli musiqimizin inkişafındakı xidmətlərindən
danışıb. Bildirib ki,
2009-cu ildən başlayaraq
Milli Musiqi günündə dahi Üzeyir bəyə həsr olunan ənənəvi Beynəlxalq
Musiqi Festivalı keçirilir. Azərbaycan
Bəstəkarlar İttifaqı
da hər il olduğu
kimi, bu il də bu
musiqi bayramının
həm təşkilatçısı,
həm də iştirakçısı olaraq
çıxış edir.
Festival çərçivəsində bir sıra mədəniyyət
müəssisələrində silsilə tədbirlərin
keçirildiyini deyən
F.Əlizadə dünyanın
müxtəlif ölkələrindən
gələn musiqiçilərin,
tamaşaçıların dahi bəstəkarın yaratdığı zəngin
musiqi irsi ilə daha yaxından
tanış olduğunu qeyd edib. Bildirib ki, Üzeyir bəyin yaradıcılığı
tükənməz bir
xəzinədir, onun əsərlərinin coğrafiyası
gündən-günə genişlənir,
yeni tədqiqat işləri aparılır
və bu iş hər zaman aktual olaraq
qalacaq.
Ölkəmizdə Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi ilə bağlı silsilə tədbirlərin keçirildiyini də vurğulayan F.Əlizadə deyib: "Prezident İlham Əliyev 2018-ci ili ölkəmizdə "Azərbaycan Xalq Cümhuriyyəti İli" elan edib. Dahi Üzeyir Hacıbəylinin dövrünün tanınmış ziyalısı və ictimai xadimi kimi Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasında, onun fəaliyyəti illərində əvəzsiz xidmətlər göstərib. Bəstəkarlar İttifaqında reallaşan elmi konfransda Üzeyir bəyin Azərbaycan Xalq Cümhuriyyətinin yaranması və inkişafı istiqamətində gördüyü işlərdən bəhs olunur".
Tədbirdə daha sonra dahi bəstəkarın zəngin irsinə dair Bəstəkarlar İttifaqının katibi, Əməkdar incəsənət xadimi, professor Zemfira Qafarova "Azərbaycan bəstəkarlarının opera yaradıcılığında "Koroğlu" operasının ənənələri", Bəstəkarlar İttifaqının katibi, Əməkdar incəsənət xadimi Sərdar Fərəcov "Üzeyir Hacıbəylinin əsərlərinə edilən təcavüzlər", musiqişünaslar Səadət Qarabağlı "Üzeyir Hacıbəyli və Azərbaycan Xalq Cümhuriyyəti", Raya Abbasova "Leyli və Məcnun" operası Bakı Marionet Teatrının quruluşunda", Sənətşünaslıq üzrə fəlsəfə doktoru Leyla Zöhrabova "Üzeyir Hacıbəylinin "Azərbaycan xalq musiqisinin əsasları" elmi işinin milli musiqişünaslığın inkişafında rolu" və Əməkdar incəsənət xadimi Nərgiz Şəfiyevanın "Üzeyir Hacıbəylinin təhsil dövründə cümhuriyyət ideyalarının təşəkkülü" mövzusunda məruzələri dinlənilib.
Konfransda, həmçinin, Bəstəkarlar İttifaqına qəbul edilən yeni üzvlər ictimaiyyətə təqdim edilib və onlara üzvlük vəsiqələri verilib.
525-ci qəzet 2018.- 26 sentyabr.- S.7.