Şah İsmayıl Səfəvinin portret
cizgiləri
(Əvvəli
ötən sayımızda)
Zəmanəsinin yetirməsi kimi, Şah
İsmayılın siyasətində dövrün ənənələrindən
irəli gələn güc tətbiqi faktları ilə də
rastlaşmaq mümkündür.
Baxmayaraq ki, belə faktlara istinad etməklə Şah
İsmayılın şəxsiyyəti üzərinə
kölgə salmaq meylində olanlar da vardır. Lakin bu faktlar
Şah İsmayılın fenomenal və möcüzəvi bir
düha olmasını şərtləndirən keyfiyyətlər
qarşısında son dərəcə sönük,
qeyri-xarakterik, ötəri hallardır. Şah
İsmayılı fenomenal və möcüzəvi bir dahiyə
çevirən keyfiyyətləri onun şəxsiyyətindən
qoparmaq mümkün deyil və hansı zaman ötməsindən
asılı olmayaraq o, zəkaları heyrətə salacaq bir
insan kimi qalacaq.
ŞAH İSMAYILIN ÇALDIRAN
MÖCÜZƏSİ
Fiziki və mənəvi keyfiyyətlərin bir-birini
tamamlaması Şah İsmayıl şəxsiyyətinin
mühüm tərəflərindən biridir. Bu
böyük şəxsiyyət soyuq silah dövrünün
son böyük cəngavərlərindən biri sayıla bilər.
O, əfsanəvi güc-qüvvət sahibi idi və onun
döyüşkənliyi də bu fiziki gücdən
qaynaqlanırdı. 12 yaşında ikən
Gilandan başladığı hərəkatının vuran əli
idi. Şah İsmayıl fiziki gücün
hərbi məharətə çevrilməsinin təsəvvüredilməz
bir təcrübəsini yaratmışdı. Döyüşlər zamanı müxtəlif taktiki
fəndlərin tətbiqinə diqqət yetirilsə də,
Şah İsmayıl öz döyüşlərini daha
çox məhz fiziki gücün üzərində qururdu.
İnanılması çətin olsa belə, 12
yaşında bir uşaq yeni bir dövlət qurulması
uğrunda başlanan hərəkatın ideya rəhbəri
olmasından əlavə, həm də hərbi rəhbəri
idi, bu hərəkatın sərkərdəsi idi və
döyüşlərin əsas
ağırlığını da o, öz üzərinə
götürürdü. İstər mənbələr,
istərsə də tədqiqatçılar, hətta Şah
İsmayılın şəxsiyyətinə
qısqanclıqla yanaşan tədqiqatçılar da bu
faktı inkar edə bilmirlər. Kiçik yaşlı
bir uşağın belə fiziki gücə və məharətə
malik olması hər bir insanın heyrətinə səbəb
ola biləcək Şah İsmayıl
möcüzələrindən biridir. 12 yaşından
başlayaraq Təbrizdə Səfəvi dövlətinin əsasını
qurduğu vaxta qədər (o zaman Şah İsmayılın
14 yaşı var idi) və hakimiyyətə gəlməsindən
Çaldıran döyüşünə qədər son dərəcə
ağır, məsuliyyətli döyüşlərə
özü rəhbərlik etmişdi və bu döyüşlərin
hamısını da qələbə ilə başa
vurmuşdu. İştirak etdiyi döyüşlərin
heç birində də Şah İsmayıl qarşı tərəflə
müqayisədə qüvvə üstünlüyünə
malik olmamışdı. Dünya tarixi
üçün 12-13 yaşında uşağın həm
böyük siyasi hərəkata rəhbərlik etməsi, həm
də böyük sayda qoşunlara rəhbərlik etməsi və
bu qoşunların qələbəsinin əsas
ağırlığını öz üzərinə
götürməsi bənzərsiz bir hadisə olaraq Şah
İsmayılın şəxsində təcəlli
etmişdi.
Fiziki gücünə görə də Şah
İsmayıl bütün döyüşçülərindən,
qarşı tərəfin döyüşçülərindən
kəskin şəkildə fərqlənən bir sərkərdə
idi. Məlumdur ki, Çaldıran döyüşündə
Şah İsmayıl qılıncının gücü ilə
Osmanlı toplarını bir-birinə bağlamış
qalın zənciri də vurub parçalamışdı.
Onun qılıncının hədəfinə
çevrilən düşmən
döyüşçüsünün sağ qalması
mümkün deyildi. Mənbələrdə
də dəfələrlə göstərilmişdir ki,
Şah İsmayılın qılıncı hətta zirehli
paltara malik olan düşmən
döyüşçüsünü başından kəmərinə
qədər parçalayardı.
"Əhsənüt-tarix"
əsərinin müəllifi Həsən Rumlu onun haqqında
belə yazırdı: "Döyüş meydanında
Şah İsmayıl əlində qılınc tutmuş
şirə bənzəyirdi. ... Şir və bəbir
ovunu dəlicəsinə sevirdi. Kim şiri
təqib edib Şah İsmayıl tərəfə qova bilsəydi,
hədiyyə olaraq yəhərli at alırdı. Bəbiri onun tərəfə qovan isə yəhərsiz
at hədiyyə alırdı".
Çevikliyi, qorxmazlığı, qolunun gücü ilə
Şah İsmayıl bütün qoşunu da ən gərgin
döyüşə ilhamlandırırdı. Şah
İsmayıl dövrünün tədqiqatçıları
da qeyd edirlər ki, Səfəvi qoşunlarının
saysız-hesabsız tarixi qələbələrində
Şah İsmayılın fərdi keyfiyyətlərinin
çox böyük rolu var idi. Belə ki,
o, möhkəm iradəsi və cəsurluğu ilə
başladığı hərəkatın uğurla sona
çatdırılması üçün hər cürə
çətinliyi və təhlükəni qorxmadan
qarşılayırdı və onun vücudunda qorxu və
ürkü yox idi. Şah İsmayıl
döyüşçü kimi hünərlilərin ən
hünərlisi idi və bu hünəri ilə də o,
qatıldığı döyüşlərdə
möcüzələr yaradırdı. Belə
möcüzələrdən birini də Şah İsmayıl
Çaldıran döyüşündə
yaratmışdı
Çaldıran döyüşü dünya hərb sənətinin
və döyüş məharətinin nadir nümunələrindən
biridir. Xüsusilə, Şah İsmayılın bu
döyüşün gedişində nümayiş etdirdiyi məharət
insan gücünün və məharətinin
hüdudsuzluğunun təsdiqi sayıla bilər. Səfəvi
şahı bu döyüşün gedişində öz
fiziki imkanları ilə bu gün də insan zəkasının
təəccübünə səbəb olacaq bir məharət,
şücaət, enerji və döyüşkənlik ortaya
qoydu, anlaşılması ənənəvi normalardan və təcrübi
qənaətlərdən kənara çıxan bir
bacarıqla qəhrəmanlıq göstərdi, çox
böyük say üstünlüyünə malik olan
qarşı tərəfin qüvvələrini
parça-parça edib sağ-salamat döyüşdən
çıxa bildi. Qolunun gücündən qaynaq alan qılıncının zərbi ilə
Şah İsmayıl yalnız zireh geyimdə olan
döyüşçüləri deyil, top zəncirlərini də
iki parça etməyə qadir oldu və dünya
döyüş məharəti tarixində özünə məxsus
olan bir səhifə açdı. Məhz buna
görə, Çaldıran döyüşü təkrar-təkrar
elmi araşdırmaya cəlb edilir və onun nəticələri
ilə bağlı yeni-yeni fikirlər ortaya qoyulur.
Çaldıran döyüşü istər Şah
İsmayılın həyatında və hakimiyyətində,
istərsə də Səfəvi təriqətinin tarixində
bir dönüş nöqtəsi sayıla bilər. Təriqət
və dövlət həyatına təsirsiz ötüşməyən
bu döyüşün tarixi, xüsusilə, Səfəvi
qoşunlarının uğursuzluğu davamlı şəkildə
araşdırmaçıların tədqiqat obyekti olmuş və
bu gün də tədqiqat obyekti olaraq qalmaqdadır.
Bu
döyüşə də Şah İsmayıl qarşı tərəflə
müqayisədə daha az sayda olan
qoşunla çıxmışdı. Hətta
qüvvələr nisbətindəki fərq o dərəcədə
böyük idi ki, belə bir fərqin olduğu halda Səfəvi
qoşunlarının döyüşü qəbul etməsi
müəyyən bir təəccüb doğurur. Həmin döyüşdə iştirak edən Səfəvi
qoşunlarının sayı haqqında bir-birindən
çox da fərqlənməyən rəqəmlər
göstərilsə də, tədqiqatçıların əksəriyyəti
onun 20-27 min nəfər arasında olduğunu qeyd edirlər.
Bəzi mənbələrə görə isə
Çaldıran döyüşü ərəfəsində
Şah İsmayılın keçirdiyi müşavirədə
Səfəvi qoşunlarınını sayının cəmi
18 min olması barədə söhbət
açılmışdı. Sultan Səlim
tərəfindən rəhbərlik edilən Osmanlı
qoşunlarının sayı isə 100 min nəfərdən
artıq idi. Osmanlı mənbələri
və türk tədqiqatçıları da bu rəqəmin
doğruluğunu qəbul edirlər. Yəni
Çaldıran döyüşündə Osmanlı
qoşunlarının ümumi sayı Səfəvi
qoşunlarının sayından ən azı dörd dəfə
çox idi. Texniki təchizat
baxımından da Osmanlı qoşunları çox
güclü zərbə üstünlüyünə malik idi.
Belə ki, Osmanlı qoşunlarında əlavə
olaraq 200 ədəd top və çoxlu sayda tüfəng də
var idi. Səfəvi qoşunları isə
hər hansı bir odlu silaha malik deyildi.
Belə fərqə baxmayaraq, Səfəvi
qoşunlarının Çaldıran düzündə
uğur qazanması üçün çox ciddi imkanlar
mövcud idi.
Döyüşdən bir gün əvvəl
Şah İsmayılın öz əmirləri ilə
keçirdiyi müşa-virədə təcrübəli sərkərdə
olan Diyarbəkr hakimi Məhəmməd xan Ustaclı uğurun
əldə edilməsi üçün bir neçə təklif
irəli sürdü. Onun təkliflərinə
qoşunların geri çəkilməsi və əlavə
qoşun toplanandan sonra döyüşün iki aydan sonra
başlanması, Osmanlı qoşunları üzərinə qəfil
hücumun təşkil edilməsi, ya da Osmanlı
qoşunları üzərinə gecə hücumlarının
təşkil edilməsi kimi təkliflər daxil idi. Hadisələrin sonrakı gedişi göstərdi
ki, Məhəmməd xan Ustaclının bu təkliflərinin
hər biri real və düşünülmüş təkliflər
idi və onları hər birinin düzgün həyata
keçirilməsi Osmanlı qoşunlarını son dərəcə
ağır duruma sala bilərdi. Amma Şah
İsmayılın yanındakı müşavirənin digər
üzvləri bu təkliflərlə razılaşmadılar.
Şah İsmayılın xanımı Taclı
bəyimin qardaşı Durmuş xanın fikrincə,
Osmanlı sultanı elə bir vücuda malik deyildi ki, ona arxa
çevrilsin, qoşunlar geri çəkilsin və ya onun
üzərinə oğru kimi hücum edilsin. Durmuş
xan sonra da əlavə etdi ki, gərək biz Osmanlı
qoşunlarına qarşı mərdi-mərdanə
vuruşaq, onların rüzgarını qara edək, tale onlara
qismət edərsə, qələbə onların olsun, yox, əgər
inşallah Allah bizim mürşidi-kamilə qismət edərsə,
onda qələbə bizim olar. Şah İsmayıl da bu təklifə
tərəfdar çıxdı və Osmanlı
qoşunlarına qarşı döyüş qərarını
verdi.
Məlumata görə, Şah İsmayıl qoşun
başçılarının və əmirlərin
toplantısında onları əzmkarlıqla vuruşmağa
çağırdı. Elmi dövriyyəyə
çıxarılmış bir məlumata görə,
Şah İsmayıl bildirdi ki, Sultan Səlimlə müharibənin
aparılması mütləqdir və həyati əhəmiyyət
kəsb edir. Onun sözlərinə görə,
Səfəvi qoşunları Osmanlı qoşunları
qarşısında zəif görünə bilərdi. Şah İsmayıl qeyd etdi ki, bizim hamımızda
iman və Vətəni müdafiə hissləri çox
güclüdür, bununla ən güclü dövlətləri
belə diz çökdürmək mümkündür. Şah İsmayıl sonra əlavə etdi ki, biz gərək
ya fəth olunaq, ya da məmləkətin müdafiəsi
üçün son nəfəsədək mübarizə
aparaq. Əgər bu müharibədə
süstlük etsək, onda həm vətənimizi, həm də
həyatımızı itirəcəyik. Sonra
da bizləri bişərəf və biqeyrət kimi
tanıyacaqlar. Mürşidi-kamil
şübhə etmirdi ki, ölüm bir anlıqdırsa,
şərəfsizlik və bədnamlıq bütün
ömürlükdür.
Döyüşün aparılması üçün hər
iki tərəf qoşunları sağ, sol cinahlarda və mərkəzdə
qruplaşdırmışdılar. Osmanlı
qoşunlarının cinahlarının hər birində 50 min
nəfərə yaxın qoşun var idi və cinahların hər
birinə də 100-ə yaxın top verilmişdi. Bundan başqa, hər cinahda tüfəngçilər
dəstəsi yerləşdirilmişdi ki, onlar da topların atəş
qüdrətini daha da möhkəmləndirməli idilər.
Şah İsmayıl döyüş
düzülüşünün mərkəzində qərar
tutsa da, döyüşün gedişində sağ cinaha
meyilləndi və bu istiqamətdə döyüşə
girdi. Mənbə məlumatlarına görə, bu cinahda
Səfəvi qoşunları 6-7 min süvaridən artıq
deyildi. Döyüşün əvvəlində
Şah İsmayıl təcrübəli əmiri Məhəmməd
xan Ustaclıya sol cinahda Osmanlı qoşunlarına
qarşı böyük sürətlə döyüşə
girməyi tapşırdı. Çünki yüksək
sürət sonsuz dərəcədə üstün olan
qarşı tərəfə üstün gəlməyin
başlıca zəmini ola bilərdi.
Şah İsmayılın özünə gəldikdə isə,
o, sağ cinahda hücumu elə bir sürətlə həyata
keçirdi ki, orada bir fırtına yaratdı. Şah
İsmayıl bu hücum zamanı ona xas olan sürət, qətiyyət,
əzmkarlıq, fədakarlıq, mübarizlik və digər
döyüş keyfiyyətlərini nümayiş etdirdi. Nəticədə Osmanlı
qoşunları sərəncamlarında olan top və tüfəngləri
hərəkətə gətirməyə macal tapa bilmədilər
və onlar bir göz qırpımında məhv edildilər.
(Ardı var)
Mehman
SÜLEYMANOV
Tarix elmləri doktoru, ehtiyatda olan
polkovnik
525-ci qəzet 2018.- 27 sentyabr.- S.6.