Zirvələrə aparan yol: "İdeal
müəllim" kitabı haqqında qeydlər
Elxan YURDOĞLU-MƏMMƏDOV
Filologiya üzrə fəlsəfə
doktoru, AMEA Naxçıvan Bölməsinin
Folklorşünaslıq şöbəsini müdiri
Kitab haqqında danışmazdan əvvəl bir neçə
kəlmə müəllifin özü haqqında söz
açmaq istəyirəm.
Kəngərli
rayonunun Yurdçu kədində anadan olan, ilk təhsilini
burada alan Bəhman Məmmədov Bakı
Dövlət Universitetinin Mexaniki riyaziyyat ixtisasının
bakalavr pilləsinin məzunu olub. Daha sonra Gəncə
Dövlət Universitetində eyni ixtisas üzrə magistratura
və doktorantura təhsili alıb. Hazırda Bakı
Mühəndislik Universitetinin Riyaziyyat-informatika
kafedrasının müəllimi işləyən Bəhman Məmmədov
həmçinin, ölkəmizdəki "Riyaziyyat evi"nin qurucusudur.
"İdeal müəllim" müəllifin sayca
üçüncü kitabı olsa da, digər əsərlərindən
fərqli olaraq burada biz yetkin və peşəkar bir müəllimin
pedaqoji təcrübəsinin şahidi oluruq. "Ekoprint"
nəşriyyatında çapdan çıxan 375 səhifəlik
kitabın rəyçiləri professorlar Əjdər
Ağayev və Azadxan Adıgözəlovdur.
Kitabın ilk səhifəsində Ulu öndər Heydər
Əliyevin "Mən dünyada müəllimdən yüksək
ad tanımıram" fikri yer alıb. Daha sonra ölkə
Prezidenti cənab İlham Əliyevin müasir Azərbaycan gəncliyi
haqqındakı bu sözlərini oxuyuruq: "Bizim gənc nəslimiz
bilikli, dünyada gedən proseslərə bələd
olmalıdır, izləməlidir. Dünyada
uğur qazanmış, inkişaf etmiş ölkələrin
təcrübəsinə baxsaq, görərik ki, o
inkişafın, tərəqqinin əsas səbəbləri təbii
ehtiyatlar deyildir. Məhz bilik, məhz savad,
yeni texnologiyalar - bütün bunlar ölkəyə uğur,
rifah gətirir, inkişaf, müasirlik gətirir".
Ulu
öndərin yüksək dəyər verdiyi müəllimliyin
və həmin müəllimin ölkə prezidenti tərəfindən
vurğulanan gənc nəsli yetişdirməsi
üçün qarşıya qoyulan məqsəd və vəzifələrin
nədən ibarət olduğunu çox aydın şəkildə
açıqlayan "İdeal müəllim" kitabı
sözün bütün mənalarında ideal müəllim
olmaq istəyən pedaqoqlar üçün çox əhəmiyyətli
bir mənbə rolunu oynaya bilər.
Kitaba ön söz yazmış Azərbaycan Təhsil
Şurasının sədri, pedaqogika üzrə elmlər
doktoru, professor Əjdər Ağayevin bildirdiyi kimi, bu kitab
"müəllimlik sənətini özünə peşə
kimi seçən gənc nəslin oxuması vacib olan vəsaitlərdəndir. Kitab təlim
və tədrisin bir çox məsələlərinə
işıq tutaraq qaranlıq olan cəhətləri
aydınlaşdırır".
Millətin gələcəyinin qarantı olan yeniyetmə
və gənc nəslin inkişafında böyük rol oynayan
tədris və təhsilin aktual problemlərinin
qabardıldığı, həlli yollarının göstərildiyi
kitab pedaqoqlar üçün müəllim-şagird-ailə-cəmiyyət-ətraf
mühit münasibətlərinin tənzimlənməsində
kompas rolunu oynayır. Şagirdin yetişdirilməsində nə kimi cəhətlərə
fikir verilməli, müasir təlim prosesində hansı
üsullardan və metodlardan istifadə olunmalı, şagirdin
dərketmə qabiliyyətinin inkişaf etdirilməsi, onun
dünyaya bir şəxsiyyət kimi inteqrasiya olunmasında nə
kimi işlər görməli və s. məsələlərə
burada çox gözəl şəkildə aydınlıq gətirilir.
B.Məmmədov
kitabının girişindəki "Mən bir müəlliməm"
yazısında çox həssas bir məsələyə
toxunur: "Mən bir müəlliməm! Səhv
atdığım hər bir addımın şagirdlərimin
dünyalarında bir sütunun yıxılmasına səbəb
olduğunun fərqində olmalıyam". Doğrudan da müəllimin hər bir səhvi, onun
"əsər"i olan şagirdlərin gələcək həyatında
özünü pis mənada mütləq büruzə verəcəkdir.
Məhz buna görə də hər bir müəllim
dərs dediyi şagirdinə ideal bir şəxsiyyət kimi
baxmalı, onu nəinki ölkənin, həmçinin,
dünyanın gələcək taleyində vacib bir rol
alması üçün yetişdirməlidir.
"İdeal
müəllim" kitabında təhsilin mahiyyəti, təlimin
vəzifələri, öyrətmə metodu, şagirdlərlə
tanışlıq, müəllimin xarakteri göstərilir,
sevgi insanı olmaq, nümunəvi insan olmaq, əxlaqlı, səbrli,
təvazökar, fədakar, səmimi, fərasətli, ədalətli,
ümidli olmaq kimi anlayışlar ayır-ayrı
başlıqlarda təhlil olunur. Bu zaman geyimə, jest və
mimikalara necə diqqət edilməli, şagirdlər tərəfindən
sevilməyən müəllim davranışlarından necə
qaçmalı, sinifdə necə və harada durmalı, təsirli
danışma yolları, pedaqoji texnika, ünsiyyət və
sair kimi məsələlər də geniş şəkildə
izah olunur.
Müəllif qeyd edir ki, ideal müəllim şagirdindən
şikayətlənməyən, onu bezdirməyən,
şagirdini utandırmayan biri olmalıdır. Həmçinin,
öyrətdiyi kimi, öyrənməyə də daim
maraqlı olmalıdır. Bu yerdə Bəhman
Məmmədov qeyd edir ki, "Müəllim həmişə
şagird olmalıdır".
Kitabda diqqəti cəlb edən məqamlardan biri də kitab oxuma vərdişinin şagirdlərə necə aşılanması sualı ətrafında qurulub. Eyni zamanda, öyrətmə metodu və ev tapşırığı metodu şəxsi təcrübə və məşhur müəllimlərin metodları əsasında şərh olunub. Kitabda elm mövzusuna da toxunan müəllif yazır ki, "Elm son dayanacağı olmayan yol, müəllim isə o yolun yolçusudur".
Bugünümüzdə müəllim mövzusunun da ələ alındığı kitabda məşhur filosof Siseronun bu fikirləri xatırladılır: "Dövlət üçün böyük və müqəddəs xidmət onun gəncliyinin təlim, təhsili ilə məşğul olmaqdır". Bu zaman təhsil texnologiyalarından, müasir texniki avadanlıqlardan, dünyanın qabaqcıl ölkələrinin təcrübəsindən yola çıxaraq onu ölkəmizdəki təhsil sistemində necə tətbiq etmə yolları ətraflı şəkildə izah olunur.
Bəhman Məmmədov kitabında öyrətmədə bütün müəllimlərin diqqət etməsi vacib olan amillər - prinsiplərdən də danışılır. Belə ki, təlimdə əyanilik, tələblərdə vahidlik, təlimdə biliyin möhkəmləndirilməsi, sistemlilik və ardıcıllıq, fərdi yanaşma, şüurluluq və fəallıq, yaşa uyğunluq, nikbinlik, məqsədyönlülük, həyatla əlaqələndirmə, fənlərarası əlaqə, hörmət və tələbkarlıq, bəzi şagird problemləri və həlli yolları, cəza və mükafat, şagirdlərdə yaradıcı düşünmənin inkişaf etdirilməsi kimi prinsiplər fərqli maddələr şəklində şərh edilir.
Ümumiyyətlə, "İdeal müəllim" kitabında Bəhman Məmmədovun müəllimin dərsdən əvvəl, dərsdə və dərsdən sonra edəcəyi və etməli olduğu, həmçinin, etməməli olduğu bütün cəhətlərə toxunulub.
Yazımızın başlığını təsadüfən "Zirvələrə aparan yol" qoymamışıq. Belə ki, bu fikir Bəhman Məmmədovun "İdeal müəllim" kitabı üçün müəyyənləşdirdiyi devizdir. Biz də inanırıq ki, hər bir müəllim bu kitabı oxumaqla həm özünü, həm də dərs dediyi şəxsləri zirvələrə apara biləcək gücə yiyələnəcək.
525-ci qəzet 2018.- 27 sentyabr.- S.7.