"Şur" muğamında rəng və təsniflər" təqdim olundu

 

Sentyabrın 25-də Beynəlxalq Muğam Mərkəzində Şərq ölkələrinin musiqisi poeziyası ilə yaxından tanış olan muğam bilicisi, xanəndə ud ifaçısı Fəramərz Gərmrudinin "Şur  muğamında rəng təsniflər" kitabının təqdimat mərasimi keçirilib.

 

Notlaşdırılmış musiqilər Fəramərz Gərmrudinin "Könül" ansamblının ifasında həmçinin,  CD olaraq əlavə hər bir alət üçün öz tonallığına uyğunlaşdırılmış not kitabçaları şəklində tədbirin iştirakçılarına təqdim olunub.

 

Keçən 10 il ərzində Fəramərz Gərmrudi tərəfindən yaradılan "Könül" ansamblı Avstriyanın, Almaniyanın, İranın və əlbəttə, Azərbaycanın ən məşhur konsert salonlarında dəfələrlə çıxış edib. Son illərdə ansamblın heyəti genişlənib. Azərbaycanın məşhur xanəndələri F.Gərmrudinin bəstələdiyi təsnifləri konsert salonlarında və televiziya proqramlarında ifa edirlər. Xalq artistləri Səkinə İsmayılova, Nəzakət Teymurova, Gülyanaq Məmmədova, Aygün Bayramova, Əməkdar artistlər Almaz Orucova, Ehtiram Hüseynov, televiziya muğam müsabiqəsinin qalibi Kamilə Nəbiyeva mütəmadi olaraq öz repertuarında bu təsniflərə müraciət edirlər. Fəramərz Gərmrudinin Azərbaycan Televiziyası - "Mədəniyyət" kanalındakı "Muğam və mənəviyyat" proqramının da teleməkanda özünəməxsus yeri var.

 

Hazırda təqdim olunan "Şur  muğamında rəng və təsniflər" kitabı onun bu qəbildən ilk işidir. Ön sözün müəllifi Azərbaycan Yazıçılar birliyinin sədri İlqar Fəhmi kitabdakı mahnı və təsniflərin yaranmasında poeziyanın, şeirin aparıcı rolundan, kitabın özəlliklərindən bəhs edərək, rəng və təsniflərin partitura şəklində yazılaraq, xalq çalğı alətlərində ifa edən sazəndə heyətləri tərəfindən də istifadə oluna biləcəyini qeyd edir.

 

Bəstələri nota köçürən tanınmış kamançaçı, Əməkdar artist Elşən Mansurovdur.

 

Fəramərz Gərmrudi tədbirin sonunda çıxış edərək iştirakçılara təşəkkür edib  "Şur  muğamında rəng və təsniflər" kitabının rəğbətlə qarşılanacağına, dinləyicilərin zövqünü oxşayacağına ümid etdiyini bildirib.

 

Saminə HİDAYƏTQIZI

yazıçı-publisist

 

525-ci qəzet  2018.- 27 sentyabr.- S.7.