Könüllü imtina
Hekayə
Şadlıq evlərinin birində toy şənliyi idi. Çox adam
dəvət olunmuşdu. Onlardan biri də hakim idi... Adətən, hakim belə tədbirlərdə
çox da iştirak eləməz, qaçardı. Elə bir xoşagəlməzlik,
qanqaraçılıq olanda diqqət cəlb etməmək
üçün gözə görünməzdi.
Bəzən buna görə onu qınayanlar da
tapılırdı. Hakim xeyrə-şərə çox da yaramır,
görünmür... Görünəndə də
heç nədən cəncələ düşürdü də.
Əslində, buna cəncəl də demək
olmazdı. Qanunun tələbi idi. Hadisə vaxtı orada olmuşdusa, hakimlikdən daha
çox şahid kimi fəallıq göstərməli idi.
Toy sahibi
imkanlı adam idi. Arada ona da
söz verdilər. Səbəbkarları təbrik
elədi, onlara xoşbəxtlik arzuladı. Valideyinlərini də unutmadı. Bu sevincli anların əvəzsiz olduğunu qeyd etdi.
Ev sahibi ona yaxınlaşdı:
- Bəlkə
bir oynayaq...
- Nə
deyirəm
ki...
Çalğı, rəqs havası ürəyincə
olsa, əllərini qaldırsa, ayaqlarını oynatsa da, məclisin
ümumi ahənginə uyğunlaşa bilmədi.
-
Bağışlayın...
-
Buyurun...
Keçib yerində əyləşəndə sanki
üstündən ağır bir yük
götürüldü. Oynadığı rəqs havası hansı
idi? Qaytağı, Tərəkəmə... Heç özü də müəyyənləşdirə
bilmədi. Musiqi sahəsində səriştəsi az idi. Bir qədər kənarda əyləşmiş
stoldan isə sifarişlər verilməkdə idi:
- Əla,
bir muğam...
- Seygah...
Bir andaca beləcə məclisin ümumi ahəngi dəyişdi. Şən,
oynaq havanı, indi müğənninin zildən gələn səsi,
zəngulələri əvəz etdi. Asta
gedişlər də vardı. Hər nə
oxuyurdusa, xoş idi. Sanki musiqinin bu xoş ritmləri
arasında qayalıqlarda at çapır, səhralıqlardan
keçir, düşmənlə qarşılaşır...
Silahlar-qılınclar, qalxanlar, nizələr qalxır,
qarşılaşır... Cəng səsi, cingiltisi hər tərəfi
bürüyür...
- Bu qala
bizim qala!..
Tikmədim
özüm qalam,
Tikdim ki,
izim qala!..
Bu an musiqinin şən akkordları altında
meydana bir qız girdi. Əsl rəqqasə idi.
Elə gözəl rəqs edir, oynayırdı ki... Oturanlar
onun bu qabiliyyətini öyür, əl çalır, onu
alqışlayırdılar...
- Əhsən!
- Bax belə
də!..
-
Yaşa, var ol!..
Sonra yenə bir ritmik mahnı oxudular. Meyxanaçının gəlişi...
Bir başqası ilə deyişməsi məclisə
bir gərginlik gətirdi. Xoşagəlməz
söz-söhbət, narazılıq səsləri eşidildi.
Məclisin ümumi ruhu aşağı
düşdü. Yeyib-içənlər
iştahsızlıqdan gileyləndilər. Yaşlı adamlar işini-gücünü bəhanə
edərək açıq havaya çıxdılar. Sərxoş
birisi isə hələ də yemək paylayan adamla çənə-boğaz
idi:
- Bu
kababın yaxşısından, istisindən gətir də!..
-
İstidi də...
- Sənə
belə gəlir!.. Qabırğa kababı
da olsun!.. Ciyər, böyrək də!..
İndi də oynaq rəqs havası
çalınırdı. Yenə də meydanda
qız-gəlinlər, qadınlar idi. Onların
mahnının ritminə uyğun əl çalıb
oynamaları başqalarını da həvəsə saldı.
Gülüşdülər... Oynamaq
üçün meydana girdilər. Kimsə dilləndi:
- Cənab
hakim, heç içmədiniz?
- Belə
yaxşıdı...
-
Olmadı ki...
O, məclisi
tərk etməyə hazırlaşırdı ki, aləm
qarışdı. Oynamaq, rəqs etmək,
mahnı sifariş vermək üstə mübahisə idi.
Biri əsl mənada həddin aşmışdı:
- Ə, sən
məni itələdin?!.
-
Toxundum... Bağışla...
- Yox, itələdin!..
- Bir səhvdi
olub də...
- Qəsdən
elədin!.. Özünü göstərmək
üçün!.. İndi mən sənə
göstərərəm!
Qadın
səsi eşidildi:
-
Utanmırsınız da!.. Başlarına
papaq qoyublar!.. Özlərinin kişi hesab
edirlər!.. Məclisə hörmətləri
budu da!.. Ağızlarına gələni
danışırlar!..
Əsəbləşmiş
kişi də onun sözlərinə
qüvvət verdi:
- Bunlar
belədi də... Böyük-kiçik bilmirlər.
Belə biabırçılıq olar?
Xısın-xısın
pıçıltılar, gülüş səsləri
eşidildi:
-
Hamısı bu şeytan əməlinin nəticəsidi...
İçkinin, dolaşıq işlərin...
- Yoxsa
burada da çəkən, hallanan var?..
- Nə
bilim... Məni xətaya salma...
Kimsə meyvə atdı. Gərək ki, alma
idi. Yaxşı ki, qızlara dəymədi.
Narazı səslər eşidildi:
- A bərəkallah...
- Konfetdi?..
- Yox, alma...
Elə bu
an dava-dalaş, çığırtı
səsləri eşidildi. Həyəcanlı adamlar
göründü:
- Vurdular!..
-
Bıçaqla?!.
Al
qanı axırdı... Dərhal yaralını
xəstəxanaya apardılar. Ara sakitləşdi.
Heç nədən belə
qanqaraçılıq yarandı. Ev sahibi deyirdi:
-
Yaxşı ki, hakim də burada idi, gördü... İndi o əclafa mən qan udduracağam. Bilsin ki, başqasının toyunda, xeyir işində
qanqaraçılıq salmaq nə deməkdi.
Arvadı
Yetər ağlamsındı:
-
Düşmən düşmənliyi ilə belə hərəkət
etməzdi. Sənin əsabandandı da.
Dedim ki, onu çağırma, elə dedin ki,
çağıracağam...
- Qohum
adamdı da. Mən nə bilim beləcə
sarsaqlayacaq. Heç gözləməzdim,
təmiz zay olub. Heç araq içməmişdi ey, elə
pivə süzüb içirdi...
- Yəqin
hoqqalı olub da...
- Bəlkə
də...
Hakim evə gələndə dilxorçuluq içində
idi. Həyat
yoldaşı Aybəniz hey soruşurdu:
- Sənə
nə olub belə?..
-
Heç nə...
- Mənə
yox da... Gözlərindən görürəm
ki, qüssəli, fikirlisən.
Hakim
mızıldandı:
- Hə,
bir balaca... Qanqaraçılıq oldu toyda...
-
Vuruşdular?!.
-
Bıçaq da işə düşdü...
-
Çox pis...
- Hə də,
yenə şillə-qapazla yola versəydilər, dərd
yarı idi. Bu hərəkət isə
bağışlanmazdı.
- Əsl xuliqanlıqdı da. Xəbərin var, qonşunun oğlu
fərarilik edib, tutublar...
... Toy
sahibinin evində əsl müzakirə gedirdi:
- Maddi
ziyanın da ödənilməsini tələb edəcəyəm.
- Elə
də... Ara qızışdı, toya da pul
atmayıblar.
- Bir
işə bax da...
- Tutub
apardılar da...
- İstəyirsən, nəzarətçiyə deyək,
xəbər edək, toy pulunu göndərsin.
- Ağ
eləmə də... İndi o, öz
başının hayındadı.
Qadın
kükrədi:
- Mənə
yox da... Hamısını boğazdan yuxarı,
mənim üçün deyirsən. Sən
ondan nəsə alansan?
-
Alacağam... Canını da
çıxaracağam.
- Görək
də... Heç inanmağım gəlmir.
Kişi
özünü öydü:
- Hakim də
mən deyəni deyəcək də. Maşınını
həmişə yanıma göndərir. Mən
baxıram, ustasıyam...
- Görək
də...
... Cinayət işi isə hələlik istintaqda idi.
Uzun müddət araşdırma getdi. Şahidlər dindirildi. Toy sahibi
lap başını itirən kimi idi. Nə
qədər polisin, prokurorluğun yolunda qalmışdı.
Hətta müstəntiq bəylə-gəlini də
dindirəsi olmuşdu. Onun bu hərəkəti
Zaman kişiyə acıq getmiş, birbaşa prokurorun yanına
gəlmişdi. Prokuror da müstəntiqi
töhmətləmişdi.
- Toyda adam, şahid azlığı idi bəyəm?
Müstəntiq
key-key dilləndi:
- Bəylə-gəlin
elə əsas şahidlərdi də.
Prokuror
mızıldandı:
- Sənin
sözlərində məntiq var. Ancaq onlara toxunmaq, bal aylarını pozmaq olmaz. Cavan
olmamısan heç?
- Hə...
Başa düşdüm.
Bu
söhbət zamanı Zaman kişi
özünü saxlaya bilməyib dilləndi:
- Niyə,
adam azlığıdı bəyəm?
Toyda çox adam vardı. Elə biri
hakim... Hamı gördü də. Necə
bir həyasızlıq elədi o əclaf...
Prokuror, müstəntiq də onun bu sözlərinə
dodaq büzdülər. Prokuror dedi:
- Adam bir
ağaca çıxıb min ağac silkələməz. Hakim hörmətli adamdı. Onu
hər işə cəlb etmək olmaz. Bir də ki, o,
orada olubsa, ancaq şahid ola bilər.
Müstəntiq
də dilləndi:
- Elə
deyir də. Qanun başqa şeydi axı. Belə hallara yol verməz. Sonra
özün pis vəziyyətdə qalacaqsan. Göndərəcəklər
o rayona, bu rayona...
Zaman kişi onlardan ayrılanda lap tutulan kimi oldu.
Öz-özünə mızıldandı:
- Toy eləmişəm
də... Bəlkə bunların da könlündən
bir şey keçir? Puldan kim
qaçar ki...
Bir azdan
müstəntiqin yanında olub, sözünü lap
açıq dedi:
- Bilirəm,
ağacdan yıxılan, bel-qabırğası əzilən mənəm.
Ancaq bu, hər şey deyil axı. Oyunun şərtləri var. Bir də uşaq deyilik
ki. Hər
şeyi bilirik. Süd içən çörək yeyə
də bilər...
Müstəntiq
özünü saxlaya bilməyib dilləndi:
-
Kişi, səni başa düşə bilmədim. Nə qəliz danışdın.
-
Danışaram da... Mənə bir ipucu
vermirsiniz.
Müstəntiq
onun bu sözlərinə gül
dü:
-
İpucu?.. Oyunun olsun... Sözə bax da...
Zaman kişi şelə bığlarını
eşdi:
- Ə, vallah qabaqlar bundan min dəfə yaxşı idi. Kim nə
alıb-verirdi, açıq bir-birinə deyirdi. İndi sənin
bu prokurorun özünü elə çəkib ki, guya birinci
dəfədi məni görür...
- Hə...
O qəzalı maşın məsələsi...
- Elə
başqası da... Dollar, yüzlük paçkaları ortaya
qoyulanda hər iş yoluna düşürdü...
- İndi zəmanə dəyişib də.
- İndi
mənə cinayət işi başladacaqsan?..
-
Başlada bilərəm...
- Şahid yoxdur.
- İstəsək,
taparıq...
- Hə,
bu başqa... Onda bu olur şərləmə...
Prokurorun
qapı önündə görünməsi ilə bu xoşagəlməz
söhbətə son qoyulsa da, o soruşdu:
- Bu nə
səs-küydü?
Müstəntiq:
- Zaman kişi istilənib. Bizə
hörmət etmək istəyir.
Prokuror
qımışdı:
-
İstilənəcək də... Toyda o boyda hadisə, cinayət
işi... Əməli törədən səbəb
aydınlaşanda ona da söz gələcək də. Bunu bilmir bəyəm? Bir o qədər
adamı bir yerə yığmaq həm də məsuliyyətdi
axı. Onların təhlükəsizliyini təmin etdirmək
onun vəzifə borcu idi...
Zaman kişi istilənmiş halda gülümsədi:
- Hə...
Onu düz deyirsiniz. Toya gəlsəydiniz
belə olmazdı.
Prokuror:
- Sən
nə vaxt pul göndərdin, biz toya getmədik?
- Öz
toyuma da?
- Toy
oğlunun toyu idi.
- Nə fərqi
var.
- Fərqi
çoxdur...
Kişi
hiss elədi ki, yarı yaşına çatsa da, həyatda hələ
onun bilmədiyi mətləblər var. Bu oyun idi, yoxsa zarafat? Heç cürə aydınlaşdıra bilmirdi.
Prokuror
saçına sığal çəkə-çəkə
bildirdi:
-
Bıçaq çox dərinə işləyib.
-
Şikayətçi deyillər...
-
Olmasınlar da... Belə halda qanun güzəşt
eləmir. Düzdü, az-çox nəzərə
alır, amma cəzalandırır...
Zaman kişi yaman yerdə axşamlamışdı.
Sözlərindən belə
çıxırdı ki, silkələnməsə, onun
üçün də çətin olacaq. Cinayət işi də belədi də. Acı bağırsaq tək nə qədər istəsən
uzada bilirlər. Düzdür, müddət
məsələsi var. Ancaq onu da artırmaq olur.
Yuxarı prokurorluğun razılığı ilə...
... Uzun
istintaqdan sonra iş məhkəməyə verildi. Zaman kişi buna lap sevindi də. Ürəyində
fikirləşirdi ki, ibtidai istintaq vaxtı beləcə soyuldu, daha hakim tanış
adamdı da, xərci çıxmayacaq...
Hətta
evdə işi oxuyanda, arada hakim mızıldanmış, həyat
yoldaşı soruşmuşdu:
- Yenə nolub?
- Bu işə mən baxa bilmərəm.
- Ustandı axı, inciyək. Günahdı.
- İncisin də. Bu qanunun tələbidi. Mən o işdə ancaq şahid olaram. Ən böyük günahı toyu dağıdan edib...
Məhkəmə baxışına hazırlıq iclasında da bu söhbət təzələndi. Daha doğrusu, elə tərəflər arasında giley-güzar, qalmaqal başlayanda zərərçəkmiş Yaşarın anası dedi:
- Hakim ki, orada idi. Hər şeyi öz gözləri ilə gördü:
Hakim bir
yüngüllük hiss etmiş adam kimi
dedi:
- Elə
bu səbəbdən də mən bu işə baxa bilmərəm.
Könüllü imtina etməliyəm. Orada olmuşam. Bu işdə ancaq şahid ola bilərəm...
Bu
sözləri eşitcək, Zaman kişinin sanki ürəyi
sıxıldı, zarıdı:
- Axı
nə üçün?! Bu da sizin etibarınız...
Əlisəfa
AZAYEV
525-ci qəzet 2018.- 27 sentyabr.- S.8.