“Əlimərdan bəy
Topçubaşov. Xalqımızın
müstəqil yaşayacağına inanırdıq” kitabı təqdim olundu
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında (DİA) ölkəmizin Macarıstandakı səfiri, professor Vilayət Quliyevin tərcümə və tərtib etdiyi “Əlimərdan bəy Topçubaşov. …Xalqımızın müstəqil yaşayacağına inanırdıq” kitabının təqdimat mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, təqdimat mərasimində DİA-nın rektoru, akademik Urxan Ələkbərov Prezident İlham Əliyevin Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) 100 illik yubileyinin keçirilməsi haqqında müvafiq Sərəncamının əhəmiyyətini vurğulayıb.
AXC-nin tariximizdəki müstəsna rolunu qeyd edən rektor, Azərbaycanın görkəmli siyasi xadimi, diplomat, Əlimərdan bəy Topçubaşovun Cümhuriyyətin qurulmasındakı xidmətlərindən danışıb.
Akademik U.Ələkbərov təqdim olunan kitab haqqında fikirlərini bildirib, nəşrin tələbələr, mütəxəssislər, bütün oxucular üçün dəyərli vəsait olduğunu diqqətə çatdırıb.
Professor Vilayət Quliyev “Əlimərdan bəy Topçubaşov. …Xalqımızın müstəqil
yaşayacağına inanırdıq”
kitabı barədə
ətraflı məlumat
verib. O, Əlimərdan
bəy Topçubaşovun
siyasi-publisistik irsinin oxuculara təqdim olunmasının əhəmiyyətindən
danışıb.
Nəşrdə AXC-nin ən fəal
xadimlərindən biri,
Azərbaycanın görkəmli
siyasi xadimi, diplomat Əlimərdan bəy Topçubaşovun (1863-1934) siyasi-publisistik
irsi geniş təqdim edilir. Kitabda onun
məqalələri, nitqləri,
səfər qeydləri,
diplomatik yazışmaları,
tarixi araşdırmaları,
bədii publisistikası
və zəngin epistolyar irsindən nümunələr toplanıb.
Bu materiallar AXC-nin “qurucu atalar”ından
birinin böyük fəaliyyətini əhatəli
göstərməklə yanaşı,
Cümhuriyyət idealının
əbədiyaşarlığını da dolğun əks etdirir.
Milli Məclisin deputatı,
professor Elman Nəsirov,
professorlar Elçin
Əhmədov, Solmaz Rüstəmova-Tohidi,
Havva Məmmədova, dosent
Firdovsiyyə Əhmədova və başqaları təqdim edilən
kitabın tariximiz üçün
dəyərli töhfə olduğunu
bildiriblər.
525-ci qəzet 2018.- 27 sentyabr.- S.2.