Vətən sevdalı, yurd həsrətli poeziyanın
yeni təntənəsi
ŞAİR NƏSİB
NƏBİOĞLUNUN "SEÇİLMİŞ
ƏSƏRLƏRİ"NİN BİRİNCİ
CİLDİ AZƏRBAYCAN YAZIÇILAR BİRLİYİNDƏ
TƏQDİM EDİLDİ
Dünən Azərbaycan Yazıçılar
Birliyinin "Natəvan"
klubunda Moskvada yaşayan tanınmış
şair Nəsib Nəbioğlunun "Seçilmiş
əsərləri"nin
I cildinin təqdimat mərasimi keçirilib.
Mərasimdə AYB rəhbərliyi, tanınmış
yazıçılar, şairlər,
ziyalılar, ictimaiyyət
nümayəndələri və
jurnalistlər iştirak
ediblər.
Tədbiri giriş sözü ilə açan AYB-nin katibi Rəşad
Məcid Nəsib Nəbioğlunun həyat və yaradıcılığı
haqqında qısa məlumat verib, onunla tanışlığından
bəhs edib. N.Nəbioğlunun
çox uzun illərdir qürbətdə
- Moskva şəhərində
Azərbaycan mədəniyyətini,
ədəbiyyatını layiqincə
təmsil etdiyini deyən R.Məcid onu təvazökar, həlim xasiyyətli dost, insan kimi xarakterizə
edib. Təqdim olunan "Seçilmiş
əsərlər"in birinci
cildinə şairin ömrünün müxtəlif
dövrlərində qələmə
aldığı şeirlərin
toplandığını nəzərə
çatdırıb.
Professor Qəzənfər Paşayev çıxışına
N.Nəbioğlunun kəlbəcərli
olmasını xatırlatmaqla
başlayıb. O, Kəlbəcər
torpağının Azərbaycan
ədəbiyyatına bir-birindən
gözəl şair və yazıçılar
bəxş etdiyini vurğulayıb: "Azərbaycanın
gözəl guşələrindən
olan Kəlbəcərdən
çox gözəl şairlər var. Onların
arasında mənim tələbələrim də
var, dostlarım da. Nəsib də mənim
tələbəm olub.
Sonra isə onunla bizim çox gözəl dostluğumuz yarandı və bu günə kimi də davam
etməkdədir. Nəsib Nəbioğlunun
yaradıcılığı özünəməxsusluğu, özünəxas ifadə
tərzi ilə seçilir. Onun yaradıcılığında
el ədəbiyyatının nəfəsi var. Yaradıcılığının
böyük hissəsini
vətən həsrəti,
el sevgisi, vətəpərvərlik
duyğuları təşkil
edir. Bu hisslər
onda səmimidir, təbiidir. Bu da bəlkə də onun uzun
illərdir vətəndən
uzaq olması ilə əlaqədardır.
O, bu həsrəti ürəyində daşıyır
və şeirdə çox gözəl şəkildə qələmə
alır".
Q.Paşayev qeyd edib ki, Nəsib Nəbioğlunun şeirləri
istedadın, həssas
qəlbin və gərgin zəhmətin nəticəsidir: "Onun
bütün yaradıcılığında
Kəlbəcər nisgilini,
ağrı-acısını görürük. Şeirləri rəssamlar üçün
də çox gözəl materialdır.
Çünki hər bir şeir özü-özlüyündə
canlı tablodur.
Nəsib
Nəbioğlu həmçinin,
qayğıkeş, həssas,
ürəyi insan sevgisi, həyat eşqi ilə dolu olan insan
və şairdir".
N.Nəbioğlu ilə tanışlığından
bəhs edən AYB sədri, Xalq yazıçısı Anar
da çıxışında
şairin poeziyasındakı
vətən nisgilindən
söz açıb. Qeyd edib ki, onun
yaradıcılığında iki motiv var:
vətənin, Azərbaycanın
təbliği və həsrəti: "Nəsib
Nəbioğlu üç
həsrət çəkir.
Bunlardan ikisi tezliklə həll oluna biləndir, üçüncüsünün
isə həlli üçün zaman lazımdır. Birincisi, Bakının
həsrətidir ki, o,
Moskvada ikən Bakının həsrətini
çəkir. Bu, tez həll olur.
Çünki istədiyi zaman
durub Bakıya gəlir. İkincisi, Moskvanın həsrətidir
ki, Bakıda ikən ora üçün
darıxır və bu da ora
qayıtmağı ilə
həll olunur. Üçüncü, ən vacib
həsrət isə Kəlbəcərin həsrətidir.
Təəssüf ki, bu həsrətin öhdəsindən
hazırkı durumda gəlmək mümkün
deyil. Amma biz inanırıq. İnanırıq ki, tezliklə
bu həsrət də bitəcək.
Mən onun "Seçilmiş əsərləri"nin ikinci
cildinin təqdimatının
Kəlbəcərdə keçirilməsini
arzu edirəm".
Şair üçün, yazıçı
üçün ən
vacib şeylərdən
birinin məhz kitab olduğunu deyən AYB-nin katibi, Xalq şairi
Fikrət Qoca N.Nəbioğlunu yeni kitabı münasibətilə
təbrik edib. O, çıxışında
qeyd edib ki, N.Nəbioğlu şəxsiyyəti ilə
poeziyası səsləşən
şairdir, onu hər kəsə sevdirən də məhz bu uyğunluqdur.
Şair
Ramiz Rövşən
də çıxışında
Kəlbəcər ədəbi
mühitinin özünəməxsusluğundan
söz açıb, N.Nəbioğlunun bu ədəbi mühitin seçilən imzalarından
olduğunu vurğulayıb:
"Nəsib Nəbioğlunun
şeirlərində Kəlbəcərin
havası, suyu, ətri var. O dağların
əzəməti çöküb
sanki bu şeirlərə. Şairin özünün
xasiyyətindəki vüqar,
əzəmət poeziyasına
da xasdır. Ona görə də onun şeirləri tez əzbərlənir, ayrı-ayrı misralar insanın yaddaşına hopub qalır".
Şairi yeni kitabı münasibətilə təbrik
edən AYB katibi, Xalq yazıçısı
Çingiz Abdullayev də N.Nəbioğlu yaradıcılığının fərdiliyindən söz açıb, ona olan sevgidən, hörmətdən bəhs
edib.
Professor Şirindil Alışanlı
N.Nəbioğlunu milli
şair adlandırıb,
qeyd edib ki, o, ölkəmizdən kənarda Azərbaycanı
həmişə layiqincə
təmsil edir.
Yazıçı Seyran Səxavət müəllifin əsəri
ilə şəxsiyyətinin
uzlaşmasından danışıb. O deyib ki, gözəl xasiyyətə, əxlaqa,
yüksək intellektə
malik insanın əsəri də özü kimi olur: "Buna ən bariz nümunələrdən
biri Nəsib Nəbioğlunun şeirləridir.
O, hər misrasında
səmimidir, özüdür.
Heç
bir pafosa, şişirtməyə yol
vermir, saxta hissləri poeziyasına daşımır. Ona görə
də oxucu onun şeirlərində özünü, öz hisslərini tapır.
Sanki bu poeziya
ona doğmalaşır".
Professor Şahlar Əsgərov
N.Nəbioğlunun Moskvadakı
şərəfli fəaliyyətindən
söz açıb. O, AYB-nin
Moskva filialının
rəhbərlərindən biri kimi yad
torpaqlarda Azərbaycanın
adını təmsil
edən, ona layiq fəaliyyəti ilə seçilən şairin Moskvada Kəlbəcər izləri
qoymağı bacardığını
da deyib: "Nəsib müəllimin Moskvada çap olunan kitabının oradakı təqdimatı zamanı bir rus qiraətçi onun şeirlərindən birini rus dilindən
çox gözəl bəlağətlə ifa
edir. Bu şeirdən təsirlənən rus şairlərindən biri çox həyəcanlanır
və ayağa qalxaraq: "Mən ermənilərdən tələb
edirəm ki, Nəsib Nəbioğlunun Kəlbəcərini onun özünə qaytarsınlar"
- deyir. Bu hadisə
özü də o deməkdir ki, Nəsib müəllim yaradıcılığı, fəaliyyəti
ilə Azərbaycan gerçəklərini, Qarabağ
həqiqətlərini yad
ellərdə diqqətə
çatdıra bilib".
Professor Qulu Məhərrəmli
deyib ki, N.Nəbioğluda şəxsiyyətlə
yaradıcılıq vəhdət
halındadır və
bu, sənətkar üçün çox vacib cəhətdir.
Şairin yaradıcılığına dərin
sevgisini dilə gətirən aktyor-qiraətçi
Şirzad Pirallahi onun "Ayrılmasın könül candan" şeirini səsləndirib.
Aşıq Ədalət Dəlidağlı
şairin şeirlərini
saz havalarıyla oxuyub, onun müşayiətilə
müəllif özü
"Nənəmin cəhrəsi"
şeirini ifa edib.
Kitabin nəşriyyat redaktoru Əlövsət Ağalarov
Nəsib Nəbioğlunun
təqdim edilən
"Seçilmiş əsərləri"nin birinci cildinin onun yaradıcılığının
çox kiçik bir hissəsi olduğunu deyib və tezliklə əsərlərin yeni nəşrinin təqdim olunacağına ümid etdiyini deyib.
Şairin
tələbə yoldaşları
Sabir Mahmudov və İslam Sadıq onunla uzun illərdir dostluq etdiklərini, şairliyindən əlavə,
bir insan, şəxsiyyət, dost kimi
çox gözəl tanıdıqlarını qeyd
ediblər. N.Nəbioğlunun hələ gənclik
illərindən ədəbiyyata,
şeirə, sözə
vurğunluğunu deyərək,
bu sevginin, fitri istedadın və yüksək şəxsi keyfiyyətlərin
nəticəsində Azərbaycan
ədəbiyyatına Nəsib
Nəbioğlu imzasının
uğurla yazıldığını
deyiblər.
Daha sonra qonaqlardan Ramiz Qusarçaylı, Ayaz Arabaçı, Sahib Əkbərov, Maşallah Məftun, Əhməd Əsfun, Hacı İlham, Fazil Hacıyev, Mirsəyyaf Zamanlı, Ələmdar Keştəkli və başqaları söz alaraq Nəsib Nəbioğlun yaradıcılığı
və şəxsiyyəti
haqqında fikirlərini
bölüşüb, onu
yeni kitabı münasibətilə təbrik
ediblər.
Qeyd edilib ki, onun əsərləri
qürbətdə göynəyə-göynəyə
qalan, yuxusu ərşə çəkilən,
ürəyində Qarabağ
boyda dərd gəzdirən, torpaq, yurd sevgisi aşılayan
şairin ürək çırpıntılarıdır. Onun yaradıcılığının
başlıca mövzuları
insan və zaman, Vətən sevgisi, xeyir və şər, milli-mənəvi dəyərlərimizə
sadiqlik, ülvi məhəbbət, yurd təəssübkeşliyi, doğma
vətənimiz Azərbaycana
əsl oğul məhəbbətidir. Bu şeirlərin mündəricəsində
Qarabağımızın işğalı,
qaçqın və köçkünlərimizin acı
taleyi, vətəndaşlıq
mövqeyi, torpaq, yurd sevgisi dayanır.
Aşıq Şəmşir Ocağının
nümayəndəsi Həbib
Misirov ədəbiyyatdakı
fəaliyyətinə, vətənpərvərlik
hisslərinin uğurlu
təbliğinə görə
Nəsib Nəbioğlunu
diplomla təltif edib.
Sonda çıxış edən
şair yaradıcılığına
göstərilən diqqət
və qayğıya görə, başda AYB-nin sədri Anar və Birliyin
rəhbərliyi olmaqla,
tədbirdə iştirak
edən, haqqında fikir söyləyən hər kəsə təşəkkürünü bildirib və qonaqlar üçün kitablarını imzalayıb.
Şahanə MÜŞFİQ
525-ci qəzet 2018.- 28 sentyabr.- S.7.