Azərbaycan parlamentinin 100
ili: müstəqil dövlətçiliyin əvəzedilməz
dayağı
Milli Məclis özünün yubileyini qeyd
etdi. Azərbaycan müsəlman Şərqində ilk dəfə
olaraq bir əsr bundan öncə demokratik parlament yarada bildi.
Qısa müddətdə fəaliyyət göstərməsinə
baxmayaraq, parlament bir sıra demokratik qanunlar qəbul edə
bildi. Prezident İlham Əliyevin vurğuladığı kimi,
müstəqil dövlətin atributlarını məhz həmin
dövrdəki parlament qəbul edib. Azərbaycanın gerbi,
bayrağı, bayraqdakı rənglərin mənası 100 il
bundan öncənin bizə verilən qiymətli əmanətləridir.
Çox yaxşı ki, indi müstəqil dövlətçiliyimiz
əmin əllərdədir. Ölkə rəhbərliyi
öz səmərəli və milli maraqlara tam uyğun olan
siyasəti ilə Azərbaycanın suverenliyini qoruyur və
inkişaf etdirir. Milli Məclisin 100 illik yubileyinə həsr
edilmiş təntənəli iclasda Prezident İlham
Əliyevin söylədiyi nitq olduqca dərin və əhatəli
olub. Yuxarıda vurğulanan məqamlar kontekstində həmin
nitqin bir sıra məqamları üzərində geniş
dayanmağı lazım bildik.
Möhtəşəm qanunvericilik tarixi: Ulu
öndərin uzaqgörənliyi
Parlament hər bir demokratik müstəqil
dövlətin simasıdır. Qanunvericilik prosesi müstəqil
dövlətçilik aspektində son dərəcə
böyük əhəmiyyət kəsb edir. İndi beynəlxalq
aləmdə parlamentlərin fəaliyyəti diqqət mərkəzindədir.
Azərbaycan parlamentinin 100 illiyi tamam olur. Keçən əsrin
əvvəllərində müsəlman aləmində ilk
demokratik respublika Azərbaycanda yarandı. Onun parlamenti də həmin
dövrdə formalaşdırıldı. Bu parlament qısa
müddət ərzində demokratiklik baxımından
çox mühüm qanunlar qəbul etdi. Azərbaycanlılar
haqlı olaraq Şərqdə ilk demokratik parlament
yaratmaları ilə fəxr edə bilərlər.
Azərbaycan parlamentinin tarixi rolunun başqa
vacib bir aspekti bütövlükdə Cənubi Qafqaz regionuna
qanun qəbulunda demokratik ruh gətirməkdən ibarətdir.
Yəni bu parlamentin formalaşması yalnız Azərbaycanın
sərhədləri ilə məhdudlaşmır. Geniş
geosiyasi məkanda demokratik qaydalara uyğun işləyə
bilən parlamentin yaradılması baxımından əhəmiyyətli
bir təcrübə idi.
Azərbaycan parlamenti milli demokratik və
hüquqi dövlət quruculuğu prosesində aktiv iştirak
edir. Prezident İlham Əliyev Azərbaycan parlamentinin 100 illiyi
münasibəti ilə Milli Məclisdə keçirilən
iclasda bununla bağlı ifadə edib: "Bu gün Azərbaycan
uğurla inkişaf edir və mən bu inkişafda Azərbaycan
parlamentinin rolunu xüsusilə qeyd etmək istəyirəm. Azərbaycan
parlamenti həm Heydər Əliyevin dövründə, həm
də bu gün öz fəaliyyəti ilə ölkəmizin
müstəqilliyini möhkəmləndirir, sürətli
inkişafını təmin edir, bu inkişafa öz töhfəsini
verir. Bir çox qanunlar qəbul edilmişdir. Demək olar ki,
bu qanunlar həyatımızın bütün sahələrini
əhatə edir. Bizim qanunvericilik bazamız ən yüksək
meyarlara cavab verir" (bax: Milli Məclisdə Azərbaycan
parlamentinin 100 illiyi münasibətilə təntənəli
iclas keçirilib. Prezident İlham Əliyev iclasda iştirak
edib / AZƏRTAC, 21 sentyabr 2018).
Milli Məclis ölkənin müstəqilliyinin
möhkəmləndirilməsində müstəsna rol
oynayır. Məsələ ondan ibarətdir ki, müasir tarixi
mərhələdə hüquqi dövlətin qurulması
birinci dərəcəli vəzifədir. Yalnız hüququn
aliliyinin təmin olunduğu yerdə demokratiyadan
danışmaq olar. Ancaq hər bir ölkənin özünəməxsus
təkamül tarixi vardır. Qanunvericilikdə bu məqam
mütləq nəzərə alınmalıdır. Əks
halda, ən demokratik qanun belə yerli şəraitlə ziddiyyət
təşkil edirsə, cəmiyyətdə müxtəlif fəsadlara
yol aça bilər.
Azərbaycan parlamenti məhz bu məqama
xüsusi diqqət yetirərək fəaliyyət göstərir.
Şübhəsiz ki, parlamentin işinin düzgün
qurulmasında Ulu öndər Heydər Əliyevin əvəzedilməz
xidmətləri olub. Prezident İlham Əliyev məhz bu məqamı
nəzərə alaraq, nitqində ayrıca vurğulayıb:
"Bütün dövrlərdə Heydər Əliyev xalqla
birlikdə idi. Məhz buna görə ağır günlərdə,
faciəvi günlərdə Azərbaycan xalqı ona müraciət
etmişdir. 1993-cü il iyunun 15-də bu salonda parlamentin
iclasında Heydər Əliyev Azərbaycan parlamentinin sədri
vəzifəsinə seçilmişdir. Bir daha demək istəyirəm
ki, müasir tariximizdə bu, dönüş nöqtəsi
idi" (bax: əvvəlki mənbəyə).
Heydər Əliyev müasir tələblərə
cavab verəcək qanunvericilik bazasının yaradılmasını
parlamentarlar qarşısında mühüm bir vəzifə
kimi qoymuşdu. Ulu öndər çox gözəl bilirdi ki,
hüquqi dövlət zəruridir, ölkə ancaq qanunlarla
idarə olunmalıdır. Təcrübə Ümummilli liderin
tam haqlı olduğunu göstərdi. Azərbaycan məhz qəbul
etdiyi qanunlara əsaslanaraq daxili və xarici siyasət kursunu
çağdaş dövrün tələbləri səviyyəsində
qura bildi və dövlətçiliyi daimi inkişaf etdirir.
100-cü il: uğurlar davam edir...
Onu da vurğulayaq ki, bu gün Azərbaycan parlamentində müşahidə edilən mövqe birliyinin yaranmasında Heydər Əliyevin və sonrakı mərhələdə Prezident İlham Əliyevin böyük rolu vardır. Keçən əsrin 90-cı illərinin əvvəllərində Milli Məclisdə tez-tez qanunvericilərə yaraşmayan hərəkətlər olurdu, deputatların demokratik müzakirə səviyyəsi lazımi dərəcədə deyildi. Ancaq Heydər Əliyev parlamentə sədr seçiləndən sonra vəziyyət kəskin surətdə dəyişdi. Qarşılıqlı hörmətə əsaslanan müzakirələr üstünlük təşkil etdi. İndi Milli Məclisdə müxtəlif partiyaların təmsilçiləri fəaliyyət göstərirlər. Lakin onlar milli məsələlərdə eyni mövqedən çıxış edirlər. Bu birliyi Heydər Əliyevin əsasını qoyduğu siyasət yaratdı.
Prezident İlham Əliyevin
aşağıdakı fikirləri bu baxımdan çox
maraqlı və dolğundur: "Azərbaycan parlamenti ölkəmizdə
çoxpartiyalı sistemin təkmilləşdirilməsində
önəmli rol oynayır. Parlamentdə bir çox
partiyaların nümayəndələri fəaliyyət
göstərir və əlbəttə ki, onların müxtəlif
məsələlərə fərqli baxışları var.
Ancaq mən çox şadam ki, milli maraqlarla bağlı məsələlərdə
bizim deputatlar bir nöqtəyə vurur və vətənpərvərlik
göstərərək Azərbaycan dövlətinin
maraqlarını beynəlxalq müstəvidə müdafiə
edirlər. Parlament diplomatiyası Azərbaycanda diplomatik sahədə
önəmli rol oynayır" (bax: əvvəlki mənbəyə).
Bəli, parlament diplomatiyasının
bugünkü yüksək səviyyəyə
çatmasında Prezident İlham Əliyevin də
böyük rolu danılmazdır. İlham Əliyev AŞPA-da
Azərbaycan nümayəndə heyətinin
başçısı kimi olduqca böyük fəallıq
göstərdi. Qısa müddətdə Azərbaycanın
maraqlarına cavab verən mühüm sənədlər qəbul
edildi. Bu aktivlik, ümumiyyətlə, azərbaycanlı
deputatlara nümunə oldu və onlar indi olduqca fəaldırlar.
Cənab İlham Əliyevin də vurğuladığı
kimi, deputatlarımız Azərbaycan dövlətinin
maraqlarını beynəlxalq müstəvidə fəal
müdafiə edirlər.
Prezident İlham Əliyev fikrini inkişaf etdirərək
deyib ki, Azərbaycan deputatları beynəlxalq təşkilatlarda
fəal iş aparırlar. Bunu dövlət başçısı
da, xalq da yüksək qiymətləndirir. Həmin sırada
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ
münaqişəsinin əsl mahiyyətinin dünya ictimaiyyətinə
çatdırılması xüsusi yer tutur. Bununla
yanaşı, "Azərbaycan deputatları bir çox
parlamentlərarası assambleyalarda ölkəmizdə gedən
proseslər, iqtisadi, siyasi islahatlarla bağlı Azərbaycan həqiqətlərini
çatdırır, lazım olan vaxtda Azərbaycanı
çox ciddi müdafiə edir, haqq-ədaləti bərpa
edir, imkan vermirlər ki, Azərbaycana qarşı əsassız
ittihamlar hansısa qərarlara gətirib
çıxarsın" (bax: əvvəlki mənbəyə).
Təbii ki, Azərbaycan deputatlarının fəaliyyətində
Dağlıq Qarabağ münaqişəsi, ermənilərin
tarixən azərbaycanlılara qarşı həyata
keçirdiyi soyqırımı və etnik təmizləmə
siyasəti haqqında həqiqətləri dünya birliyinə
çatdırmaq böyük yer tutur. Bu istiqamətdə
parlamentimiz böyük uğurlara nail olub. Bu proses davam edəcək.
Dövlət başçısı inamını ifadə
edib ki, "Azərbaycan parlamenti bundan sonra da həm ölkə
daxilində gedən proseslərin sürətləndirilməsinə,
həm də Azərbaycanın beynəlxalq imicinin möhkəmlənməsinə
öz müsbət töhfəsini verəcəkdir" (bax: əvvəlki
mənbəyə)
Bütün bu məqamlar prizmasından Azərbaycan
parlamentinin keçdiyi 100 illik yola nəzər salanda, ciddi
uğurlara imza atıldığına bir daha əmin oluruq.
1920-ci ildən 1991-ci ilə qədər müstəqilliyimizi
itirməyimizə baxmayaraq, Azərbaycanda yüksək
parlamentar fəaliyyət mədəniyyəti
formalaşıb. İndi müstəqil dövlətimizin
parlamenti bütün gücü ilə xalqa və dövlətçiliyə
xidmət edir. Əlbəttə, bu, tarixi nailiyyətdir, qiymətli
sərvətdir. Ölkə rəhbərliyi daim Milli Məclisə
böyük qayğı ilə yanaşıb, onun səmərəli
işləməsi və milli maraqlara cavab verən qanunlar
hazırlaması üçün ciddi addımlar atıb. Bu
istiqamətdə ölkə rəhbərliyinin bundan sonra da qətiyyətli
addımlar atacağına şübhə yoxdur.
Azərbaycan xalqı bu gün öz parlamentinin 100 illiyini qeyd edir. Onun bəhrələrini əyani surətdə görür. Müstəqil dövlətçilik yolunda parlamentsiz irəliləməyin mümkün olmadığına hər kəs inanır. Bu səbəbdən heç kəsin şübhəsi olmasın ki, müstəqil parlamentin dayağı Azərbaycan xalqıdır! Cənab Prezidentin liderliyi ilə xalq və hakimiyyət öz parlamentini həmişə qoruyacaq və inkişaf etdirəcək.
Newtimes.az
525-ci qəzet 2018.- 27 sentyabr.- S.5.