"ADEX-2018": Azərbaycanın hərbi sənaye kompleksi sürətlə inkişaf edir

 

"DÖVLƏTİMİZ TƏKCƏ SİYASİ, İQTİSADİ, HUMANİTAR VƏ MƏDƏNİ YOX, HƏM DƏ HƏRBİ-MÜDAFİƏ SAHƏSİNDƏ BEYNƏLXALQ TƏDBİRLƏRİN KEÇİRİLDİYİ MÜHÜM PLATFORMAYA ÇEVRİLİB"

Məlum olduğu kimi, sentyabrın 25-də Bakı Ekspo Mərkəzində 3-cü Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi (ADEX-2018) açılıb.

Dünyanın 29 ölkəsini təmsil edən 224 şirkətin təmsil olunduğu sərginin rəsmi açılış mərasimində iştirak edən Prezident İlham Əliyev nümayiş olunan hərbi məhsul, avandanlıq və texnikalarla baxış keçirib.

Regionda ən böyük silah və hərbi texnika ekspozisiyalarından ibarət olan genişmiqyaslı bu tədbir müasir silah və avadanlıqların, Azərbaycanın müdafiə sənayesi kompleksinin gücü və qüdrətinin nümayişi üçün geniş imkanlar açır. Azərbaycanın hərbi sənaye kompleksinin geniş təmsil olunduğu sərgidə "Matador", "Marauder" və digər zirehli hərbi texnikalar, o cümlədən, tank əleyhinə raket kompleksi böyük maraqla qarşılanıb. Müasir silah və texnikanın, habelə milli müdafiə sahəsində Azərbaycanın gücünün və qüdrətinin böyük nümayişinə çevrilən sərgidə son illərdə ölkəmizdə istehsal olunan yüngül və ağır hərbi texnikalar nümayişə çıxarılıb. Atıcı silahlarla təchiz olunan universal "Gürzə" avtomobili, müxtəlif çaplı atıcı silahlar, raket başlıqları, pilotsuz uçuş aparatları və digər hərbi texnikalar sərginin maraq doğuran eksponatları sırasındadır.

Hava hücumundan müdafiə silahlarının və hərbi texnikaların servis xidməti mərkəzinin stendi ilə tanış olan Prezident İlham Əliyevə məlumat verilib ki, Azərbaycan-Belarus birgə müəssisəsi əsasən silahlanma sistemlərinin təkmilləşdirilməsi və modelləşdirilməsi, hərbi elmi-tədqiqat işi, yeni silahlanma sistemlərinin inkişafı, qoşun və silahlanmada nəzarət sistemləri üçün texniki və proqram vasitələrinin təminatının hazırlanması ilə məşğuldur.

Belarus Respublikası artıq Azərbaycan Beynəlxalq müdafiə sərgisinin fəal iştirakçıları arasındadır. Sərgiyə 10 şirkətlə qatılan Belarus müxtəlif hərbi məhsullarla yanaşı, ağır hərbi texnika da nümayiş etdirir. "Belspetsvneshtechnika" Dövlət Xarici Ticarət Unitar Müəssisəsi yüksək texnoloji məhsulların ixracı sahəsində ixtisaslaşan, hərbi tətbiqlər üzrə texnologiyalar sahəsində intensiv biliyə malik olan aparıcı müəssisədir.

 

Türkiyənin "Aselsan" şirkəti də artıq üçüncü dəfədir sərgidə iştirak edir və onun təqdim etdiyi məhsullar da maraqla qarşılanır.

Təkərli zirehli texnikanın istehsalı sahəsində ixtisaslaşan Rusiyanın Hərbi Sənaye Şirkəti isə müdafiə, hüquq-mühafizə və terrora qarşı mübarizə sahələrində silsilə tapşırıqların həllinə görə zirehli texnikaları tədarük etməklə 50-dən çox ölkədə dövlət orqanları ilə və özəl şirkətlərlə əməkdaşlıq edir.

İsrailin "Elbit Systems" şirkəti də sərgiyə böyük maraq göstərir və o, dünyada müdafiə, milli təhlükəsizlik və kommersiya təyinatlı silsilə proqramların hazırlanması ilə məşğul olan beynəlxalq şirkətdir. "Elbit" və onun törəmə müəssisələri aerokosmik, quru və donanma sistemləri, komanda, nəzarət, kommunikasiya, kompüter, məlumattoplama, müşahidə və kəşfiyyat, pilotsuz uçuş sistemlərinin istehsalı üzrə fəaliyyət göstərir.

Sonra Prezident İlham Əliyev Baku Ekspo Mərkəzinin daxili pavilyonlarındakı stendlərlə tanış olub.

Qeyd edilib ki, bir sıra ölkələr əvvəlki illərlə müqayisədə milli ekspozisiyaların sahəsini böyüdüblər. Təmsil olunan şirkətlərin sayının çoxluğuna görə ilk dördlüyə Türkiyə, Rusiya, İsrail və Belarus daxildir. İştirakçıların coğrafiyası Estoniya, Hindistan və Qazaxıstan kimi ölkələrin hesabına genişlənib.

Ümumilikdə, ziyarətçi şirkət və qurumlarla birlikdə sərginin coğrafiyası 44 ölkəni əhatə edən "ADEX" sərgisi dünyanın silah bazarında ixrac üçün təklif olunan hərbi sənaye kompleksinin müxtəlif sahələri üzrə müasir müdafiə texnologiyaları, hərbi texnikanın ən son nümunələri ilə tanış olmaq imkanı yaradır. Bu sərgi ən son silah nümunələrinin nümayiş olunması və beynəlxalq hərbi-texniki əməkdaşlıq sahəsində yeni müqavilələrin imzalanması üçün artıq əla platformaya çevrilib.

Mövzu ilə bağlı fikirlərini bildirən Milli Məclisin deputatı Elman Nəsirov qeyd edib ki, "ADEX-2018" sərgisi Azərbaycanın hərbi potensialını, hərbi gücünü nümayiş etdirmək baxımından mühüm tədbirdir. O, "Trend"ə bildirib ki, Azərbaycan beynəlxalq humanitar forumlar, mədəniyyətlərarası dialoqlar və digər mühüm tədbirlərlə yanaşı, hərbi sahədə də əhəmiyyətli beynəlxalq tədbirlərə ev sahibliyi edir: "Bu gün paytaxtda açılan "ADEX-2018" sərgisinə dünyada maraq artmaqdadır. Sərgidə iştirak edən şirkətlərin sayının hər il artması bunun təsdiqi kimi qiymətləndirilə bilər".

Deputat hesab edir ki, Azərbaycanın hərbi sənaye kompleksi sürətlə inkişaf etməkdədir: "Ölkəmizdə 1200 adda hərbi məhsullar istehsal olunur. Bu məhsullar həm də xarici ölkələrdə keçirilən sərgilərdə nümayiş etdirilir. "ADEX-2018" sərgisi Azərbaycanın hərbi potensialını, hərbi gücünü, hərbi təyinatlı məhsullarını nümayiş etdirmək baxımından da olduqca mühüm tədbirdir. Məhz ali baş komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanda hərbi quruculuq, ordumuzun gücləndirilməsi məsələləri xüsusi diqqət mərkəzindədir".

E.Nəsirovun sözlərinə görə, təsadüfi deyil ki, 2018-ci ilin dövlət büdcəsində də müdafiə xərcləri birinci yerdədir və bu, təxminən 2,7 milyard manat edir: "Bu sərgi bir daha dünyaya nümayiş etdirib ki, Azərbaycanın güclü iqtisadiyyatı var, güclü hərbi-sənaye kompleksi formalaşmaqdadır və Azərbaycan təkcə hərbi məhsullar istehsal etmir, həm də onun perspektivli ixracatçısına çevrilib".

Siyasi ekspert Arzu Nağıyev isə bildirib ki, 3-cü Azərbaycan Beynəlxalq Müdafiə Sərgisinin keçirilməsi ölkəmizin təkcə humanitar, mədəniyyət, iqtisadi sahədə deyil, eyni zamanda, hərbi sahədə beynəlxalq tədbirlərin keçirildiyi platformaya çevrildiyini göstərir: "Dünyanın ən aparıcı silah istehsalçılarının, hərbi-sənaye komplekslərinin Azərbaycanda bir araya gəlməsi müsbət hal kimi dəyərləndirilməlidir. Azərbaycan artıq silah alan dövlətdən silah istehsal edən, ixrac edən ölkəyə çevrilməkdədir. Yəni əvvəllər hansısa dövlətlərin lisenziyası, patenti əsasında silahlar istehsal olunurdusa və ya xaricdən silah alınırdısa, artıq Azərbaycan qeyri-neft sektoru olaraq hərbi sahədə də mühüm addımlar atır və özü silah ixrac edən bir dövlətə çevrilir".

A.Nağıyev vurğulayıb ki, dünyanın Azərbaycanın bu cür tədbirlərə ev sahibliyini qəbul etməsi məhz təhlükəsizlik baxımından da ölkəmizin mühüm bir dövlət olduğunu göstərir: "Bu gün Azərbaycandan çox da uzaq olmayan ərazilərdə müharibələr getsə də, ölkəmiz təhlükəsizliyin təmin edilməsi istiqamətində mühüm addımlar atır. Məhz buna görə də bu cür beynəlxalq tədbirlər Azərbaycanda keçirilir. Bu baxımdan ölkəmiz mühüm bir beynəlxalq platformaya çevrilib. Təbii ki, "ADEX-2018" çərçivəsində bir sıra dövlətlər öz aralarında bir sıra müqavilələr imzalayacaq və bu müqavilələrin imzalanmasının mənbəyi kimi Azərbaycan göstəriləcək. Bu, çox müsbət və tədqirəlayiq bir haldır".

Qeyd edək ki, bu gün sərginin sonuncu iş günüdür.

Ceyhun ABASOV

525-ci qəzet  2018.- 27 sentyabr.- S.5.