Şah İsmayıl Səfəvinin portret cizgiləri

 (Əvvəli ötən sayımızda)

Şah İsmayılın rəhbərliyi altında Səfəvi qoşunlarının Osmanlı qoşunlarının sol cinahında Rumelidən olan qoşun dəstəsinə qarşı uğurlu döyüş aparması Osmanlı qaynaqları tərəfindən də təsdiq olunur.

Yuxarıdakı məlumatlardan da məlumdur ki, Osmanlı qoşunlarının sol cinahında 50 min nəfərə yaxın bir qoşun dəstəsi var idi. Yəni bu cinahda olan qoşun dəstəsi Səfəvi qoşunlarının ümumi sayından iki dəfə, sağ cinahdakı Səfəvi qoşunlarından isə 6-7 dəfə çox idi.  Buna baxmayaraq, Şah İsmayılın  yaratdığı fırtına Osmanlı qoşunlarının sol cinahını demək olar ki, məhv etdi. Osmanlı mənbələrinin bildirdiyi kimi, "bu böyük döyüşdə Rumeli qolu şəhid oldu".

Amma təəssüf ki, Məhəmməd xan Ustaclı qoşunların sol cinahında Şah İsmayılın nəticələrini təkrar edə bilmədi. Bundan istifadə edən Osmanlı qoşunları yenidən qruplaşdılar və ən başlıcası odlu silahları işə salmaqla hərbi təşəbbüsü ələ almağa nail oldular. Bununla Osmanlı qoşunları Çaldıran döyüşünün gedişini tədricən öz xeyirlərinə dəyişə bildilər.

Sözsüz ki, Şah İsmayıl Çaldıran düzündə ciddi bir hərbi uğursuzluğa düçar oldu və heç təsəvvürünə belə gətirə bilmədiyi nəticələrlə qarşılaşdı. Çaldıran döyüşü və onun nəticələri Şah İsmayılın dövlətçilik, hərbi və ictimai-siyasi həyatında yeni bir səhifənin başlanğıcı oldu. Heç bir halda uğursuzluqla sona çatacağı ehtimal edilməyən bu döyüşün nəticələri ilk növbədə Şah İsmayılda fərqli bir mənəvi durum yaratdı, zehniyyatında, dünyaya baxışlarında təmkinliliyə meyli xeyli gücləndirdi. 12-13 yaşında ikən Gilandan başlanan və Səfəvilər dövlətinin qurulması ilə başa çatan və sonra da şərqdə, qərbdə, cənubda bu dövlətin ərazilərinin xeyli genişlən-dirilməsi ilə tamamlanan hərəkatında Şah İsmayıl ilk dəfə olaraq Çaldıranda uğursuzluqla qarşılaşdı. Bu uğuruzluq onun özünə olan ifrat arxayınçılığına yenidən baxmağa vadar etdi və bir-birinin ardınca sıralanan hərbi qələbələrdən sonra belə bir sınaqla qarşılaşması ağır bir mənəvi yük kimi onun üzərinə düşdü. Çaldıran döyüşündən sonra Şah İsmayıl qara geyindi, başına qara papaq qoydu, hər yerdə qara bayraqlar asdırdı, bu bayraqların üzərinə ağ hərflərlə "qisas" sözünü yazdırdı, məmləkətin hər yerində Çaldıran şəhidlərinə yas saxlanılmasını əmr etdi. Bildirilir ki, Çaldıran döyüşündən sonra Şah İsmayılın məzhəb baxışlarında da bir yumşalma baş verdi və şiəliyin təbliğindən kəskinliklə əl götürdü.

 

Şah İsmayıl Çaldıranda özünün tanınmış sərkərdələrini və sirdaşlarını, çox sayda igid döyüşçülərini itirdi. Səfəvi şahı onların ruhuna böyük ehtiramla yanaşdı və onların xeyli hissəsinin nəşini Ərdəbilə gətizdirərək Şeyx Səfi türbəsinin kənarındakı məzarlıqda dəfn etdirdi. Bu məzarlıq indi də qalmaqdadır.

Şah İsmayıl Çaldıran döyüşündən sonra ömrünün sonunadək bir də qoşunların hərbi yürüşlərinə və döyüşlərinə müstəqimən rəhbərlik etmədi, diqqətini daha çox dövlətin möhkəmləndirilməsinə, xarici əlaqələrin qurulmasına, məmləkətin ictimai-mədəni həyatına istiqamətləndirdi. Dövlətini sərhədlərinin genişləndirilməsi sahəsində də Şah İsmayıl əvvəlki fəal siyasətinin davam etdirilməsini məqsəduyğun saymadı və hərbi qüvvənin tətbiqini də başlıca olaraq mövcud sərhədlərin qorunması və məmləkət daxilində ictimai-siyasi sabitliyin yaradılması ilə bağladı.

Bununla belə, Çaldıran döyüşünün dövlətçilik və hər baxımından dəyərləndirilməli olan çox maraqlı tərəfləri də vardır. Məsələn, elə Şah İsmayılın şəxsi şücaəti dünya hərb məharəti tarixinin bənzərsiz bir nümunəsidir və ona oxşar ola biləcək bir nümunəni tapmaq mümkün deyil. Çaldıran döyüşündən danışarkən belə bir məqama da diqqət yetirilməlidir ki, bu döyüşün uduzulması heç də Osmanlı-Səfəvi müharibəsinin uduzulması demək deyildi. Məlumdur ki, dövrün hərb və döyüş ənənələrində iki dövlət arasında aparlan müharibənin taleyinin bir əsas döyüşdə həll edilməsi və ya bu müharibənin taleyinə aydınlıq gətirilməsi təcrübəsi var idi. Əksər hallarda müharibə edən tərəflərin qoşunları əsas döyüşə çıxarılır və bu döyüşdən sonra məğlub tərəfin süqutu qaçılmaz bir fakta çevrilirdi. Amma Çaldıran döyüşü Səfəvi dövlətinin taleyini həll etmədi. Doğrudur, bu döyüşün Səfəvi dövlətinin gücünün zəiflədilməsinə təsiri inkaredilməzdir. Bununla belə, Çaldıran döyüşü Səfəvi dövlətini süquta uğratmadı. Sultan Səlim Təbriz şəhərinə daxil olsa da, Səfəvi dövlətinin ərazilərinə hakim ola bilmədi. Sultan Səlim hətta Təbirzə gələrkən arxada qalan Səfəvi ərazilərinə də öz hakimliyini təmin edə bilmədi.

Müqayisə üçün belə bir fakta diqqət yetirmək olar ki, 1812-ci ildə Borodino kəndi yaxınlığında Napoleonun rəhbərliyi altında olan Fransa qoşunları ilə döyüşdə rus qoşunlarının uğursuzluğuna görə rus qoşunlarının baş komandanı Kutuzov məğlub sərkərdə kimi anılmadı. Əksinə, Kutuzov elə daha çox uğursuzluğa düçar olduğu bu döyüşə görə geniş şöhrət qazandı. Çünki onun düzgün strategiyası nəticəsində Napoleon Moskvaya daxil ola bilsə də, cəmi bir aydan sonra həmin şəhəri tərk edərək geri çəkilmək məcburiyyətində qaldı. Sultan Səlim isə Səfəvi dövlətinin paytaxtı Təbriz şəhərində heç bir həftə də qala bilmədi. O, Şah İsmayılın izlədiyi siyasət nəticəsində bir həftədən sonra bu şəhəri tərk edərək geri çəkilmək məcburiyyətində qaldı. Əks təqdirdə onun bütün qoşunlarının məhv olacağı qaçılmaz olmuşdu.

Çaldıran döyüşündə Səfəvi qoşunlarının uğursuzluğuna yol açan bəzi məqamlara yuxarıda toxunuldu. Məhəmməd xan Ustaclı tərəfindən səsləndirilən həmin məsələlərdən əlavə Çaldıran döyüşünün uğursuzluğunun bir səbəbinin də Səfəvi qoşunlarına odlu silahların olmaması ilə əlaqələndirilməlidir. Doğrudur, Şah İsmayıl Çaldıran döyüşü ərəfəsində qərb ölkələrindən odlu silah almağa cəhd göstərmişdi. Amma bu cəhdlər bir nəticəyə çatmamışdı. Bununla bərabər, həm də Səfəvi qoşunlarında odlu silaha qarşı mühafizəkarlıq qalmaqda idi. Həmin mühafizəkarlıq da son nəticədə Səfəvi qoşunlarını Osmanlı qoşunları qarşısında ağır vəziyyətə saldı və məhz topların imkanlarından istifadə edilməsi Osmanlı qoşunlarına bu döyüşdə uğur gətirdi.

Tarixi mənbələrdə olan məlumatlar və bəzi qənaətlər onu deməyə əsas verir ki, Çaldıran döyüşü ərəfəsində Şah İsmayılda qələbə arxayınçılığı yaradan və bununla uğursuzluğa yol açan mühüm səbəblərdən biri də yalnız onun öz fiziki gücünə olan inamı deyil, həm də ilahi qədərə olan inamı idi. Bu məsələ kifayət qədər həssas və həm də döyüş təcrübəsi üçün ənənəvi olmayan bir məqam olmaqla Şah İsmayılın müharibələr tarixində xüsusi bir xətt kimi keçməkdədir.

Məlumdur ki, müharibələrin aparılmasının öz qanunauyğunluqları vardır. Mahiyyətcə obyektiv olan bu qanunauyğunluqların təsir gücünü müharibələr tarixində, eləcə də Şah İsmayılın hərb tarixində də müşahidə etmək çətin deyil. Şah İsmayılın hakimiyyəti illərində müharibələrin qanunauyğunluqları elmi qənaət və ümumiləşdirmələr kimi məlum olmasa da, həmin qanunauyğunluqlara dayaqlanan əməli təcrübə mövcud idi. Həmin təcrübə də ənənəvi olaraq tarixin böyük sərkərdələri və hökmdarları tərəfindən izlənilir və riayət olunurdu. Bu ənənəvi təcrübə obyektiv reallıqlara əsaslanırdı və o sərkərdələr tarixdə ad qoymuşdular ki, onlar bu obyektiv reallıqlara istinad edirdilər. İslam dünyasının böyük sərkərdələri də tanrı hökmünə inamlarını saxlamaqla bərabər, özlərinin döyüş taktikasını əsasən ilahi qədərə olan inam üzərində deyil, ənənəvi döyüş təcrübəsinin obyektiv reallıqları üzərində qururdular. Məsələn, Şərqin böyük sərkərdələri olan Əmir Teymur da və Şah İsmayıldan sonra yaşamış Nadir şah da böyük etiqad sahibləri idilər, döyüşün ən çətin anlarında yaradandan kömək diləyirdilər. Bununla belə, onların döyüş taktikası ənənəvi obyektiv döyüş təcrübəsi üzərində qurulmuşdu. Adları çəkilən sərkərdələr bu ənənəvi döyüş təcrübəsini öz təcrübələri və əməli yanaşmaları ilə də kifayət qədər zənginləşdirmişdilər. Şah İsmayıl da sözsüz ki, mövcud olan döyüş təcrübəsindən yan keçə bilməzdi. Amma Şah İsmayılın döyüş təcrübəsində ilahi qədərə olan inam xüsusi bir yer tuturdu. Tədqiqatçıların da qeyd etdiyi kimi, Şah İsmayıl əmin idi ki, yeni bir nizam yaratmaq üçün hərəkata başlamaqla "ilahi bir vəzifə daşıyır" və onun bu ilahi vəzifəni icra etməsi imamlar və müqəddəslər tərəfindən də əməldə müdafiə olunur. Şah İsmayıl şübhə etmirdi ki, o, Allah, peyğəmbər və imamlar tərəfindən müqəddəs işlərin icrasına vəzifələndirilmişdir, o, bu müqəddəs işlərin icrası üçün yaradan tərəfindən hifz olunur və iman yolunda mübarizə apardığı üçün Allahın lütfi ilə heç zaman məğlubiyyətlə rastlaşmayacaq, hər zaman qələbə ilə üzləşəcəkdir.

Təriqət rəhbəri olması da onda belə bir əminlik yaradırdı. Şah İsmayılın əcdadlarının ilahi kəramətə malik olduqları məlumdur. Əslində, Şeyx Səfi ocağı müqəddəs bir ocaq kimi tanınırdı. İstər Şah İsmayılın sağlığında, istərsə də ondan qabaq Şeyx Səfi xanəgahı zəvvarların üz tutduğu müqəddəs məkanlardan biri idi. Şah İsmayıl da özünü bu ocağın davamçısı və bu ocağa verilmiş ilahi kəramətin təmsilçisi hesab edirdi. Səfəvi ocağını ziyarətə gələnlər və eləcə də Şah İsmayılın ətrafına toplaşanlar da onun kəramət sahibi olmasına dərin bir etiqadla inanırdılar və Şah İsmayılın kiçik yaşlarında möcüzəvi nəticələr əldə etməsini də ona verilmiş kəramətlə bağlayırdılar. Müridləri və qoşun əhli arasında bu kəramətə etiqad o dərəcədə güclü idi ki, hətta Şah İsmaıylın bütləşdirilməsi meyli də özünü göstərməkdə idi. Baxmayaraq ki, Şah İsmayıl birmənalı şəkildə bu meylin əleyhinə idi. Lakin onun kəramətindən irəli gələn əməllər müridlərin və qoşun əhlinin ona olan bağlılığının fanatikləşməsinə mane ola bilmirdi.

 

(Ardı var)

Mehman SÜLEYMANOV

Tarix elmləri doktoru, ehtiyatda olan polkovnik

525-ci qəzet .- 28 sentyabr.- S.6.