Azərbaycanda kosmik sənayenin inkişafı diqqət mərkəzində

"AZERSPACE-2"NİN ORBİTƏ QALDIRILMASI ÖLKƏMİZİN İMİCİ, PEYK AİLƏSİNDƏ ÖZ YERİNİ MÖHKƏMLƏNDİRMƏSİ BAXIMINDAN XEYLİ ƏHƏMİYYƏTLİDIR"

Xəbər verdiyimiz kimi, Azərbaycan kosmik sənaye sahəsində növbəti uğuruna imza atıb. "Azersky", "Azerspace-1"in ardınca, dünən ölkəmizin 3-cü peyki orbitə çıxarılıb.

"Azerspace-2" adı verilən peykin Fransa Qvianasında yerləşən Kuru kosmodromundan orbitə buraxılması ilə əlaqədar Prezident İlham Əliyev Azərbaycan xalqına təbrik mesajı ünvanlayıb.

Dövlət başçısı bildirib ki, son 5 ildə Azərbaycan orbitə 3 peyk çıxarıb: "Azərbaycan bu gün dünyanın kosmik klubunun üzvüdür və dünyanın kosmik sənayesində öz mövqelərini möhkəmləndirir. Peyklərin orbitə çıxarılması dövlətimizin gücünü və bizim siyasətimizi göstərir".

Bu il Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinin qeyd olunduğunu xatırladan dövlət başçısı qeyd edib ki, onun sərəncamı ilə 2018-ci il "Azərbaycan Xalq Cümhuriyyəti İli" elan edilib, eyni zamanda, gələn ay Azərbaycan müstəqilliyimizin bərpasının 27-ci ildönümünü qeyd edəcək: "Biz "Azərspace-2" peykinin orbitə çıxarılmasını Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə, Azərbaycanın dövlət müstəqilliyinə həsr edirik".

Ölkə rəhbəri bu peyklərin çox böyük əhəmiyyətinin olduğunu bildirib: "İlk növbədə, Azərbaycan informasiya təhlükəsizliyi baxımından daha da önəmli addım atır. Bu gün peyklərimiz vasitəsilə Azərbaycan telekanalları dünyaya öz verilişlərini təqdim edə bilirlər. Bu gün Azərbaycan telekommunikasiya sahəsində xarici tərəfdaşlardan asılılığını tam aradan götürüb. Eyni zamanda, kadr hazırlığı üçün Azərbaycanın kosmik sənayesinin inkişafı önəmli rol oynayır. Peykləri idarə edən kadrlar azərbaycanlı mütəxəssislərdir və onların böyük əksəriyyəti gənclərdir".

Prezidentin sözlərinə görə, kosmik sənayenin inkişafı bu sahədə beynəlxalq əməkdaşlığımızı da dərinləşdirir: "Biz dünyanın bu sahədə böyük təcrübəyə malik olan aparıcı şirkətləri ilə sıx əməkdaşlıq edirik".

Peyklərin, eyni zamanda, kommersiya tərəfi olduğunu qeyd edən ölkə rəhbəri deyib ki, bu gün Azərbaycan öz məhsulunu ixrac edir və peyklərin fəaliyyəti nəticəsində ölkəmizə valyuta gəlir: "Azərbaycanın kosmik sənayedə əldə etdiyi uğurlar, eyni zamanda, qeyri-neft sektorumuzu inkişaf etdirir, qeyri-neft sənayemizi irəliyə aparır. Təsadüfi deyil ki, bu ilin səkkiz ayının göstəricilərinə görə, Azərbaycanda qeyri-neft sənayesi təxminən 11 faiz artıb. Eyni zamanda, "Azərsky" müşahidə peyki vasitəsilə biz nəinki ölkəmizin, dünyanın istənilən nöqtəsində baş verən bütün hadisələri daim müntəzəm olaraq izləyə bilirik, nəzarət edə bilirik. Azərbaycanın müdafiə və hərbi potensialının gücləndirilməsi işində "Azərsky" peykinin xüsusi rolu var. Bu peykin fəaliyyəti nəticəsində biz bu sahədə də xaricdən asılılığı tamamilə aradan qaldırdıq və bir çox ölkələr üçün peyk xidməti göstəririk".

Prezident vurğulayıb ki, infrastruktur layihələrimizin icrası və mövcud infrastrukturun qorunması üçün peyklərin böyük əhəmiyyəti var: "Kənd təsərrüfatının inkişafı, ekoloji vəziyyətə nəzarət, torpaqlardan səmərəli şəkildə istifadə edilməsi - bütün bu işlərdə "Azərsky" müşahidə peykinin xüsusi rolu var. Bir sözlə, əziz vətəndaşlar, əziz dostlar, bu gün ölkəmizin həyatında növbəti əlamətdar bir gündür. Azərbaycan qısa müddət ərzində dünyanın kosmik klubunun dəyərli üzvünə çevrilib. Azərbaycan qarşıya qoyduğu bütün vəzifələri uğurla icra edir. Bizim yolumuz inkişaf yoludur, tərəqqi yoludur və bu gün Azərbaycan dünyada müasir texnologiyaların inkişafında öz dəyərli sözünü deyir. "Azərspace-2" telekommunikasiya peykinin orbitə çıxarılması bizim növbəti tarixi qələbəmizdir. Bundan sonra da Azərbaycan yalnız uğurlar, qələbələr yolu ilə gedəcək".

Mövzu ilə bağlı fikirlərini bildirən Multimedia İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun rəhbəri Osman Gündüz qeyd edib ki, yeni telekommunikasiya peykinin - "Azerspace-2"nin orbitə qaldırılması Azərbaycanın imici baxımından, peyk ailəsində öz yerini möhkəmləndirməsi baxımından xeyli əhəmiyyətlidir. Onun sözlərinə görə, milli kosmik infrastrukturun inkişafı dolayısıyla digər sahələrin, bu sahə ilə əlaqəli kadrların hazırlanmasına, sahə ilə əlaqəli elmin və innovasiyaların inkişafına, sahə ilə əlaqəli beynəlxalq əməkdaşlığın güclənməsinə ciddi təsir göstərir.

Qeyd edək ki, Azərbaycanın "Azerspace-2" peyki Fransa Qvianasında yerləşən Qviana Kosmos Mərkəzindəki ELA-3 buraxılış platformasından orbitə buraxılıb.

“Trend”in məlumatına görə, peyk Fransanın "Arianespace" şirkətinə məxsus "Ariane 5" daşıyıcı raketi ilə orbitə buraxılıb və startdan təqribən 42 dəqiqə sonra raketin gövdəsindən uğurla ayrılıb.

"Azerspace-2" peyki ABŞ-ın "Space Systems/Loral" (SSL) şirkəti tərəfindən yüksək etibarlı "SSL 1300" peyk platforması əsasında istehsal olunub. Peyk geostasionar orbitdə 45° şərq uzunluğu orbital mövqeyində fəaliyyət göstərəcək. "Azerspace-2" peykinin orbitdə yanacaq ömrü minimum 20 il təşkil edəcək.

Xatırladaq ki, yeni peykin istismarı üçün Bakıda və Naxçıvan MR-də yerüstü infrastruktur yenilənib. Orbitdəki sınaq prosesləri və yekun orbital mövqeyə yerləşdirilməsi uğurla başa çatdıqdan sonra peykin idarəçiliyi istehsalçı şirkət tərəfindən "Azərkosmos" ASC-yə təhvil veriləcək ki, bundan sonra peyk kommersiya fəaliyyətinə başlamaq üçün tam hazır vəziyyətdə olacaq.

"Azerspace-2" peyki Avropa, Mərkəzi və Cənub-Qərbi Asiya, Yaxın Şərq və Tropik Afrika ölkələrini əhatə edəcək. Peyk regionda dövlət və özəl qurumlara şəbəkə xidmətləri sahəsində artmaqda olan tələbləri qarşılamaq üçün yüksək texniki imkanlar, əlverişli əhatə zonası və keyfiyyətli xidmət təklif edəcək.

 

Yeni peyk “Azərkosmosun” xidmət spektrinin və fəaliyyət coğrafiyasının genişləndirilməsi ilə yanaşı həm də birinci telekommunikasiya peyki - "Azerspace-1" peykinin orbitdəki ehtiyatı olacaq. Bu da öz növbəsində "Azərkosmos"a bugünədək ehtiyat peykin olmaması səbəbindən iştirak edə bilmədiyi irihəcmli beynəlxalq tenderlərdə iştirak etmək imkanı yaradacaq. Bir sözlə, "Azerspace-2" şirkətimizin təbiətinə görə kifayət qədər mühafizəkar və yüksək rəqabətli peyk xidmətləri bazarındakı dəyər təklifini və mövqeyini gücləndirəcək.

"Azerspace-2" peyki hələ orbitə buraxılmamış artıq onun tutumlarının 46 faizi artıq dünyanın peyk xidmətləri üzrə aparıcı şirkəti olan "İntelsat" şirkətinə satılıb. Bu müqavilə üzrə ödənişlər layihə dəyəri və maliyyələşmə xərclərinin 60 faizinin geri qaytarılmasını təmin edəcək. Hazırda peykin qalan tutumlarının satışı ilə əlaqədar digər ölkələrlə aktiv biznes danışıqları aparılır.

Ümumilikdə dəyəri 190 milyon ABŞ dolları olan "Azerspace-2" peykinin ölkə iqtisadiyyatına 400 milyon ABŞ dolları gəlir gətirəcəyi proqnozlaşdırılır.

Ceyhun ABASOV

525-ci qəzet 2018.- 28 sentyabr.- S.1;4.