Azərbaycan dünya kosmik sənayesində
mövqelərini möhkəmləndirir
"Azərspace-2" peykinin orbitə çıxarılması Azərbaycanın beynəlxalq aləmdə mövqelərinin möhkəmlənməsində, dünya kosmik sənayesində öz yerini tutmasında növbəti addım oldu.
Bu, ölkəmizin növbəti qələbəsi
və uğuru kimi qiymətləndirilir. Artıq Azərbaycan
orbitə 3 peyk çıxarıb ki, "Azərspace-2" məhz
Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə
böyük töhfə oldu. Azərbaycanın orbitə
çıxardığı peyklərin bir çox sahələrdə
olduğu kimi, informasiya təhlükəsizliyi
baxımından da çox böyük əhəmiyyəti
var. Belə ki, bu peyklər yerli
telekanallarının dünyaya yayılmasında önəmli
rol oynamaqla yanaşı, telekommunikasiya sahəsində xarici tərəfdaşlardan
asılılığı tam aradan qaldırır. Kosmik sənayedə
əldə edilən uğurlar iqtisadiyyatın qeyri-neft
sektorunun inkişafını stimullaşdırır.
2014-cü ildə orbitə
çıxarılan "Azərsky" müşahidə
peyki dünyanın istənilən nöqtəsində baş
verən hadisələri müntəzəm izləməyə
imkan yaradır. Azərbaycanın müdafiə və hərbi
potensialının gücləndirilməsi işində
"Azərsky" peykinin xüsusi rolu var. Peyklərin orbitə
çıxarılması həm də infrastruktur layihələrinin
icrası və mövcud infrastrukturun qorunmasında
böyük əhəmiyyətə malikdir.
Xatırladaq ki, "Azerspace-2" peyki orbitə
Fransanın "Arianespace" şirkətinə məxsus
"Ariane 5" daşıyıcı raketi ilə orbitə
buraxılıb və startdan təqribən 42 dəqiqə
sonra raketin gövdəsindən uğurla ayrılıb.
"Azerspace-2" peyki ABŞ-ın "Space Systems/Loral"
(SSL) şirkəti tərəfindən yüksək
etibarlı "SSL 1300" peyk platforması əsasında
istehsal olunub. Peyk geostasionar orbitdə 45 dərəcə şərq
uzunluğu orbital mövqeyində fəaliyyət göstərəcək.
"Azerspace-2" peykinin orbitdə yanacaq ömrü minimum 20
il təşkil edəcək. Yeni peykin istismarı
üçün Bakıda və Naxçıvan MR-də
yerüstü infrastruktur yenilənib. Orbitdəki sınaq
prosesləri və yekun orbital mövqeyə yerləşdirilməsi
uğurla başa çatdıqdan sonra peykin idarəçiliyi
istehsalçı şirkət tərəfindən "Azərkosmos"
ASC-yə təhvil veriləcək. Bundan sonra peyk kommersiya fəaliyyətinə
başlamaq üçün tam hazır vəziyyətdə
olacaq.
"Azerspace-2" peyki Avropa, Mərkəzi və Cənub-Qərbi Asiya, Yaxın Şərq və Tropik Afrika ölkələrini əhatə edəcək. Peyk regionda dövlət və özəl qurumlara şəbəkə xidmətləri sahəsində artmaqda olan tələbləri qarşılamaq üçün yüksək texniki imkanlar, əlverişli əhatə zonası və keyfiyyətli xidmət təklif edəcək. Yeni peyk "Azərkosmos"un xidmət spektrinin və fəaliyyət coğrafiyasının genişləndirilməsi ilə yanaşı, həm də birinci telekommunikasiya peyki - "Azerspace-1" peykinin orbitdəki ehtiyatı olacaq. Bu da öz növbəsində "Azərkosmos"a bu günədək ehtiyat peykin olmaması səbəbindən iştirak edə bilmədiyi irihəcmli beynəlxalq tenderlərdə iştirak etmək imkanı yaradacaq. Bir sözlə, "Azerspace-2" şirkətimizin təbiətinə görə kifayət qədər mühafizəkar və yüksək rəqabətli peyk xidmətləri bazarındakı dəyər təklifini və mövqeyini gücləndirəcək.
Şübhəsiz ki, peyklərimizin kosmosa
çıxarılması Azərbaycanın etibarlı
informasiya təhlükəsizliyi sisteminin
formalaşmasını təmin etməklə yanaşı,
ümumən, telekommunikasiya sisteminin inkişafına ciddi təkan
verir.
Azərbaycan İnternet Forumunun prezidenti Osman
Gündüz hesab edir ki,
"Azerspace-2" yeni telekommunikasiya peykinin orbitə
buraxılması ölkəmizin imici, kosmik klubda öz
mövqeyini möhkəmləndirmək baxımından
böyük əhəmiyyətə malikdir. O qeyd edib ki, milli
kosmik infrastrukturun inkişafı bu sahə ilə əlaqəli
kadrların hazırlanmasına, elmin və innovasiyaların
inkişafına, bu istiqamətdə beynəlxalq əməkdaşlığın
güclənməsinə ciddi təsir göstərir. Ekspert
bildirib ki, Azərbaycanın indiyə qədər orbitə
çıxardığı peyklər həmçinin,
qeyri-neft sektorunun inkişafını stimullaşdırır:
"Azərbaycan indiyə qədər orbitə
çıxardığı 3 peyk vasitəsilə
böyük şirkətlərə, müxtəlif qurumlara, o
cümlədən, beynəlxalq təşkilatlara yerin səthi,
araşdırmalar, geodeziya ilə bağlı müxtəlif əhəmiyyətli
informasiyaları sata, bu istiqamətdə əməkdaşlıq
qura bilir. Ümumiyyətlə, Azərbaycanın orbitə
çıxardığı peyklərin informasiya təhlükəsizliyi
baxımından çox böyük əhəmiyyəti
var".
"Kaspi" qəzetinin baş redaktoru İlham Quliyev isə hesab edir ki, Azərbaycanın 3-cü peyki olan "Azerspace-2"nin orbitə buraxılmasını dövlətimizin növbəti uğuru kimi qiymətləndirə bilərik. Azərbaycanın artıq kosmik dövlətə çevrildiyini deyən baş redaktor söyləyib ki, hər bir ölkə bu imkanlara malik deyil: "Orbitdə peyk saxlamaq yalnız güclü dövlətlərə xas olan xüsusiyyətdir. Azərbaycanın da artıq güclü dövlət sırasına qatıldığını nəzərə yetirdikdə, ölkəmizin orbitə peyk buraxması onun iqtisadi gücünün növbəti göstəricisidir". Azərbaycanın əldə etdiyi uğurlarının konkret nəticələrə söykəndiyini deyən baş redaktor söyləyib ki, ölkəmizin orbitə buraxdığı 2 peyk artıq kommersiya baxımından da özünü doğruldub: "Azərbaycanın peykləri onlara qoyulan vəsaitin artıqlamasını çıxararaq, artıq ölkəyə gəlir verməyə başlayıblar. Eyni zamanda, üçüncü peykimizin imkanlarının 50 faizə qədəri orbitə buraxılmamışdan əvvəl satılıb. Bu baxımdan deyə bilərik ki, orbitə buraxılan peyklər kommersiya baxımından Azərbaycana gəlir gətirmək əzmindədir". İ.Quliyev qeyd edib ki, orbitə buraxılan peyklərin informasiya təhlükəsizliyi baxımından da böyük əhəmiyyət kəsb etməsi böyük dövlətlərin marağındadır: "Bilirsiniz ki, müasir dövrdə informasiya təhlükəsizliyi çox ciddi faktora çevrilib. Dövlətlər özlərinin milli təhlükəsizliyini qorumaq üçün ilk növbədə informasiya təhlükəsizliyinin təmininə üstünlük verirlər. Bu baxımdan Azərbaycan telekommunikasiya sahəsində xarici tərəfdaşlardan asılılığını tam aradan qaldırıb". Baş redaktor əlavə edib ki, peyklər müşahidələrin aparılması baxımında da ölkəyə üstünlük verir: "Bildiyiniz kimi, peyklər dünyanın istənilən nöqtəsində baş verən hadisələri müntəzəm izləməyə imkan yaradır. Azərbaycanın müharibə şəraitində olan bir ölkə olduğunu nəzərə alsaq, bu baxımdan orbitdə peykimizin olması bizə əlavə üstünlüklər verir. Ümumilikdə götürsək, Azərbaycanın növbəti peykinin orbitə buraxılması təqdirə layiq addımdır. Hesab edirəm ki, yaxın gələcəkdə "Azərkosmos"un imkanları daha da genişlənməli, ölkəyə valyuta gətirən biznes şəbəkəsinə çevrilməlidir. Biz imkanlarımızdan mümkün qədər daha çox faydalanmalıyıq".
PƏRVANƏ
525-ci qəzet 2018.- 28 sentyabr.- S.5.