Üzeyir Hacıbəyli X
Beynəlxalq Musiqi Festivalı başa çatdı
Heydər Əliyev Fondu və Mədəniyyət
Nazirliyinin birgə təşkilatçılığı ilə
keçirilən Üzeyir Hacıbəyli X Beynəlxalq Musiqi
Festivalına sentyabrın 26-da yekun vurulub.
Trend-in məlumatına görə, Heydər
Əliyev Mərkəzində keçirilən festivalın
bağlanış mərasimində elm, mədəniyyət və
incəsənət xadimləri iştirak ediblər.
Gecədə Əməkdar artist, dirijor
Əyyub Quliyevin rəhbərliyi ilə Üzeyir Hacıbəyli
adına Azərbaycan Dövlət Simfonik Orkestri, Rusiyanın
Xalq artisti, məşhur violonçel ifaçısı Sergey
Roldugin və P.İ.Çaykovski adına beynəlxalq
müsabiqənin laureatı, skripkaçı Pavel Milyukov
çıxış edib.
Festival günlərində Rusiya, ABŞ,
Türkiyə, İtaliya və Slovakiyadan tanınmış
musiqiçi və kollektivlər – T.Dokşitser adına “New
life brass” kvinteti, “Dədə Qorqud” kamera orkestri, Murad Kajlayev,
Murad Annamamedov, Sergey Roldugin, Pavel Milyukov, Azər Dəmirov, Fərhad
Aşumov və başqalarının iştirakı ilə
30-a yaxın tədbir keçirilib.
2009-cu ildən başlayaraq ölkəmizdə
hər il keçirilən və dahi bəstəkar, Azərbaycan
professional musiqisinin banisi Üzeyir Hacıbəyliyə həsr
olunmuş beynəlxalq musiqi festivalı böyük əks-səda
doğurub. Festival konsertlərində müxtəlif ölkələrin
tanınmış musiqiçiləri, bədii kollektivləri,
solistləri və dirijorları iştirak ediblər.
525-ci qəzet 2018.- 28 sentyabr.- S.8.