Xalqının təəssübkeşi,
təhsilin fədaisi
Elə insanlar var ki, onların həyatı,
yaradıcılığı barədə qısa
danışmaq, dar məkan çərçivəsində
söz açmaq çətindir. Belə insanlardan biri də
parlaq və məhsuldar ömür yaşamış Bayram
Mirabbas oğlu Heydərovdur.
İndi aramızda olmasa da, onun
yaşadığı ömrü dövlətinin, Vətəninin,
xalqının gələcəyinə yönəlik
böyük işlərə sərf etmiş, amma həmin
işlərin müqabilində hər cür təbliğatdan,
təmənnadan uzaq olmuş cəfakeş ömrü
adlandırmaq olar. Bayram müəllimin həyat və fəaliyyəti
haqqında söhbət açmaq xoş olduğu qədər
də vacibdir.
Ötən əsrin sonlarında sovetlər
quruluşunun tənəzzülündən dərhal sonra
qısa zaman kəsiyində, həmin dövrədək
formalaşmış təsisatların artıq beynəlxalq tələblərə
uyğun gəlməməməsi idarəetmənin
bütün sahələrində özünü büruzə
verirdi. Həmçinin, onilliklərlə mövcud olmuş,
ölkədə yüksək səviyyəli kadr
potensialını formalaşdırmış, lakin artıq
aşınmaqda olan təhsil sisteminin özü yeni yanaşma
tələb edirdi. Amma modern təcrübənin millli təhsil
sistemində tətbiqinin reallaşması, zəruri layihələrinin
ortaya qoyulması və həmin islahatları həyata
keçirmək üçün, etiraf etmək
lazımdır ki, çoxsaylı təhsil işçiləri
arasında adekvat təhsil səviyyəsinə, tədqiqat təcrübəsinə
malik kadrlar çox deyildi.
1992-ci ildə qəbul edilən "Təhsil
haqqında" qanunda yeni yanaşmaların tətbiqini ehtiva
edən orta təhsil müəssisələrinin - məktəblərin,
liseylərin yaradılmasının hüquqi əsaslarının
formalaşdırılması bu istiqamətin əsasını
təşkil edirdi. Ölkənin iqtisadi cəhətdən tənəzzülə
uğradığı həmin dövrdə əsasən
ixtisasca riyaziyyatçı olan bir neçə müəllim
ölkədə bu tipli müəssisələrin
yaradılmasının əsas təşəbbüskarları
kimi çıxış etdilər. Təsəvvür etmək
çətin deyil ki, maddi-texniki təchizatı
çökmüş dövlətin bu vəziyyəti aradan
qaldırmaq üçün imkanlarının məhdudluğu,
ümumi bir sistemsizlik, bəzən yerlərdə süni maneələrin
yaradılması hallarının sıx
rastlaşıldığı bir şəraitdə bu qəbildən
ideyanın irəli sürülməsi ilə bərabər, həmin
ideyanın müdafiə edilməsi,
reallaşdırılması üçün müxtəlif
instansiyalardan keçirilməsi və
razılaşdırılması ilə bağlı çətinliklər,
eyni zamanda, ümumi narahatlıq belə idayaları həyata
keçirmək nə qədər problemli və yorucu idi.
İllərlə üzləşdiyi çətinliklərdən,
mübarizələrdən yola çıxaraq həyat
amalı təhsillə ucalmaq, dövlətini, xalqını,
millətini, gənc nəsli təhsillə yüksəklərə
qaldırmaq olan və bu məqsədlə 1970-ci illərdə
öz doğma elindən - Qədim Zəngibasardan
ayrılıb, bəlkə də, özünün əvvəlcədən
görmədiyi, lakin tədricən keçəcəyi təhsil
və əmək fəaliyyətilə puxtələşib
islahatçı təhsil işçisinə,
çılğın vətənpərvərə
çevrilən, Azərbaycan Dövlət Universitetinin
Mexanika-riyaziyyat fakultəsindən başlayaraq, Azəbaycan
Respublikası Milli Elmlər Akademiyasının (AMEA) Riyaziyyat
və Mexanika İnstitutundan keçib, 1980-ci illərin
sonlarında Leninqrad şəhərində elmi mərkəzdə,
Novosibirsk Dövlət Universitetində ikiillik ixtisasartırma
kurslarında iştirak edib, aspiranturanı bitirən, SSRİ
Elmlər Akademiyasının həqiqi üzvü, nəhəng
riyaziyyatçı-alim akademik M.M. Lavrentyevin rəhbərliyi
altında SSRİ məkanında mərkəzlə müqayisədə
texniki sahələr üzrə o dövrün ən
qabaqcıl elmi tədqiqatlarının
aparıldığı qərb bölgəsində Novosibirsk
Dövlət Universitetində differensial tənliklər
ixtisası üzrə müdafiə edərək elmlər
namizədi elmi dərəcəsini alan, 1988-ci ilin yanvarında
vətənə dönərək AMEA-nın Riyaziyyat və
Mexanika İnstitutunda fəaliyyətini davam etdirən, azərbaycanlıların
erməni təcavüzünə qarşı mübarizəsinin fəal
iştirakçılarından birinə çevrilən, bu fəaliyyətlə
bərabər təhsil islahatı uğrunda mübarizəsini
davam etdirən, Azərbaycanda ilk liseylərdən biri - "Zəngi"
liseyinin yaradılmasına nail olan, onun müvəffəqiyyətli
fəaliyyət tarixçəsinin
və gələcək ənənəsinin
möhürlənməsinə imza atan və bu yolda ölkədə
təhsilin inkişafında xidmətlərinə görə
Azərbaycanın yüksək dövlət təltifinə layiq
görülərək "Şöhrət" ordeni ilə
mükafatlandırılan, Ümummilli liderimiz Heydər
Əliyevin yaradıcısı olduğu Yeni Azərbaycan
Partiyasının Siyasi Şurasının üzvü olan
Bayram Heydərov uzun sürməyən ömür yolunda
özündən sonrakı nəsilə əvəzsiz xidmətlər
göstərmiş və layiqli vətəndaş və şəxsiyyət
olaraq missiyasını yerinə yetirmiş oldu.
Bayram müəllim haqqında sonradan öyrəndiklərimdən
biri də onun AMEA-nın
Riyaziyyat və Mexanika İnstitutunun Xüsusi Konstruktor
Bürosunda işlədiyi zaman həm də müasir hərbi
texnikanın inkişafı ilə bağlı məsələlərlə
məşğul olması idi. O, Leninqrad və Novosibirsk şəhərlərində
ezamiyyətdə olduğu vaxtlarda topladığı elmi-nəzəri
təcrübəyə əsaslanaraq erməni təcavüzü
illərində qurulmaqda olan Müdafiyə Nazirliyinə (MN) həmfikir
alim yoldaşları ilə cəbhədəki itkilərin
qarşısını almaq məqsədilə müraciət
edərək işçi qrupun yaradılmasına nail
olub. İşçi qrupunun əsas
məqsədi isə pərakəndə şəkildə
aparılan ordu quruculuğu işini tənzimləyən elmi
(hərbi) tədqiqatlarla məşğul olan mərkəzin
yaradılması idi. Onun bilavasitə fəallığı ilə
aparılmış həmin elmi araşdırmaların nəticəsi
kimi təkliflər paketinin o zamankı MN rəhbərliyinə,
Azərbaycan Respublikası Prezidentinin hərbi məsələlər
üzrə müşavirinə təqdim olunması ərəfəsində
aydın olur ki, Azərbaycanda bu məsələlərin həllində
iştirak etmək üçün orta və yüksək səviyyəli
kadrlar yox dərəcəsindədir.
Belə problemlə üzləşən Bayram
Heydərov və bir neçə vətənpərvər
ziyalı təhsildə yeni tipli məktəbin
yaradılması istiqamətində hədəflərini
reallaşdırmaq üçün irəli atılırlar.
Buna qədər isə AMEA-nın Riyaziyyat və
Mexanika İnstitutunda Bayram müəllimin təşəbbüsü
və institutun direktoru, akademik Fərəməz Maqsudovun
köməyilə respublikada riyaziyyat elmi sahəsində
alınmış elmi-nəzəri nəticələrin tətbiqi
sahəsində fəaliyyət göstərmək
üçün "Zəngi" adında kiçik dövlət
müəssisəsi təsis edilir. Fəaliyyəti
dövründə "Zəngi"
kiçik dövlət müəssisəsinə cəlb
edilmiş alimlər tərəfindən orta məktəb
şagirdləri üçün müasir əsaslara söykənməklə
müxtəlif adlarda dərsliklər yazılmış,
müxtəlif müəssisələr üçün
avtomatik idarəetmə sistemləri yaradılmış, dəqiq
ölçü cihazları hazırlanmışdı.
Bayram müəllimi böyüməkdə olan
gənc nəslin gələcək inkişafı daha çox
düşündürür, daha çox cəlb edirdi...
"Zəngi" kiçik dövlət müəssisəsinə
cəlb edilmiş alimlər komandası tərəfindən
müxtəlif elmi istiqamətlər üzrə Bakı şəhərinin
Nizami rayonu ərazisində kibernetika, radioelektronika, biokimya və
genetika təmayüllü "Zəngi" liseyi
yaradılması təşəbbüsü
qaldırılır.
Azərbaycan Respublikası Milli
Elmlər Akademiyasının
Riyaziyyat və Mexanika
İnstitutunun təqdimatı və
Bakı Şəhəri İcra Hakimiyyətinin
başçısına məktubla müraciət olunduqdan
sonra Azərbaycan Respublikasının təhsil nazirinin
28.07.1992-ci il tarixli 684 saylı, Bakı Şəhəri
İcra Hakimiyyəti başçısının 14.08.1992-ci
il 1159 saylı, Bakı Şəhəri Nizami rayonu icra hakimiyyəti
başçısının 27.07.1992-ci il tarixli 699 saylı sərəncamlarıı
ilə "Zəngi" liseyi yaradılır. 1993-cü ilin
oktyabr ayından liseyə müstəqil təhsil müəssisəsi
statusu verilir və 289 saylı məktəb -
"ZƏNGİ" liseyi adlandırılır.
Liseyin formalaşması prosesi olduqca
ağır mərhələlərdən keçir... Cəmi
dörd siniflə fəaliyyətinə başlayan "Zəngi"
liseyinin şagird və müəllimlərinin bəzən
yerləşdikləri binaya buraxılmaması, o vaxtkı
ölkə rəhbərliyinə və müxtəlif
instansiyalara, eyni zamanda müəyyən xarici səfiliklərə
milli ayrı-seçkilik və sair bəhanələrlə
müraciət olunması halları bu yeni tipli məktəbin
fəaliyyətinə mənfi təsir göstərirdi.
Sonradan özünün yüksək nəticələrilə
Azərbaycanın təhsil tarixinə adını yazacaq
"Zəngi" liseyi heç bir əsas gətirilmədən
fəaliyyəti dayandırmalı olur. Amma Heydər
Əliyevin idarəçiliyi altında təhsil sahəsinin
inkişafına verilən xüsusi önəm sayəsində,
müraciət olunduqdan sonra "Zəngi" liseyi daha
möhkəm əsaslarla fəaliyyətini bərpa edir.
Tədrisə 8-ci siniflərlə
başlanılan liseydə 1995-cı
ildən 7-ci sinif, 1997-ci
ildən 5-ci sinif, 1999-ci ildən isə 1-ci sinif və humanitar
təmayüllü bölmələr yaradılır.
Yaxşı xatırlayıram, ...bu təhsil ocağında təhsil
aldığım 1997-2000-ci illərdə (8-11-ci sinifdə) məktəb
yerləşdiyi həyətyanı sahənin faktiki olaraq məktəbin
istifadəsində olmayan tikililərindən yalnız birində
yerləşmişdi (bu bina yalnız 2001-ci ildə Təhsil Nazirliyi tərəfindən liseyə
verilmişdir) və o binanın ikinci mərtəbəsi məktəbin
ixtiyarına verilmədiyindən biz şagirdlər o mərtəbəyə
nə üçün girişin olmadığını
maraqla düşünürdük. Şagirdlər mərkəzi
istilik sistemi olmayan otaqlarda dərs keçirdilər və əksəriyyəti
hər gün kilometrlərlə yol qət edərək dərsə
gəlirdilər... Lakin buna baxmayaraq, lisey yenilikçi tədris
ruhu, innovativ yanaşma metodları ilə fərqlənirdi.
Burada dərs deyən müəllim heyətinin yüksək
insani keyfiyyətləri, peşəkarlığı, tələbkarlığı,
təlim və tərbiyə məsələlərinə
verdikləri diqqətə əsaslanılaraq
formalaşdırılmış yüksək kadr potensialı
sayəsində hər il keçirilən respublika fənn
olimpiadalarında, Bakı şəhəri üzrə
açıq fənn olimpiadalarında, respublika əhəmiyyətli
müxtəlif bilik yarışlarında və televiziya
proqramlarında qabaqcıl yerlər qazanan yetirmələri ilə
Azərbaycanın təhsil sisteminin inkişafına
böyük töhfələr verməklə adını təhsil
tariximizə qızıl hərflərlə yazdı.
Bütün bunların nəticəsi kimi
"Zəngi" liseyinin məzunları universitetlərə
qəbulda yüksək nəticələrini, elmi fəaliyyətləri
yalniz respublika daxilində dövlət qulluqçusu, fədakar
müəllim, qayğıkeş həkim, mühəndis,
iqtisadçı, hüquqşunas kimi deyil, dünyanın
aparıcı ölkələrində "Zəngi"
liseyinin ana fəlsəfəsini təşkil edən - elmdə
və əməldə tətbiqi metodlardan istifadə
olunması ilə davam etdirirlər.
Təsadüfi deyil ki, dəfələrlə məktəbin
müəllimləri ölkə rəhbərliyi və Təhsil
Nazirliyi tərəfindən müxtəlif mükafat və fəxri
adlarla təltif olunublar. Təkcə 2004-cü ildə
respublika üzrə 25 prezident təqaüdçüsündən
5 nəfəri "Zəngi"
liseyinin məzunu olub. "Təhsil sistemində müasir
yanaşmalar" ili çərçivəsində
Bakı şəhər Baş
Təhsil İdarəsi tərəfindən keçirilən
"İlin yaradıcı fəaliyyəti
ilə fərqlənən ən yaxşı təlim-tərbiyə
müəssisəsi" müsabiqəsində "Zəngi"
liseyi I yeri qazanıb, "İlin ən yaxşı məktəb
direktoru" müsabiqəsində I yerə layiq
görülüb. 2007-2008-ci və 2012-2013-cü tədris illərində
"Ən yaxşı məktəb" müsabiqəsinin qalibi, 27
şagird resublika fənn olimpiadalarının qalibii
olmuşdur. Hazırda liseyin 21 yetirməsi prezident təqaüdçüsü,
103 nəfər isə 600-dən yuxarı bal toplamış məzunu
var.
Bu liseyin Azərbaycan təhsil sistemindəki
özünəməxsusluğu, şübhəsiz, məktəb
direktoru kimi təhsil müəssisəsi rəhbərinin
öz işinə, hədəfinə, məqsədinə
fövqəladə yanaşması, qəhrəmancasına fəaliyyətinin
nəticəsi kimi mümkün ola bilər.
Bayram Heydərovun pedaqoji fəaliyyəti
ölkə rəhbərliyinin diqqətindən kənarda
qalmamış, o, əvvəlcə "Azərbaycan
Respublikasının əməkdar müəllimi" kimi
şərəfli ada layiq görülmüş, Azərbaycan
Respublikası Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamı
ilə "Şöhrət" ordeni ilə təltif
olunmuşdur.
Bütün bunlarla yanaşı, Bayram müəllim
təvazökar məktəb direktoru kimi şəxsi təşəbbüsü
ilə riyaziyyat təmayüllü sinfə (mənim
oxuduğun "Radioelektronika" sinfi) özü dərs
deyirdi. O, doğma şagirdlərinə həm yüksək tələbkarlıqla
yanaşır, həm də əxlaqi dəyərlərə
yüksək önəm verirdi. Ömrünün sonuna
yaxın onunla görüşümdən sonra məni heyrətləndirən
və eyni zamanda, fərəhləndirən məqamlardan biri
qurucusu olduğu məktəbinin hər bir məzununun
adını və soyadını dəqiqliklə xatırlaması
idi.
Bu yazıda milli təhsilimizin fədaisi Bayram
Heydərovun həyat və fəaliyyətinə,
gördüyü böyük işlərə işıq
salmaqla yanaşı, eyni zamanda, müəllifin
yaddaşının işığında mərhum
ziyalımızla bağlı bir sıra məqamlara qısa səyahət
etdik...
Emin
ƏLİRZAYEV
iqtisad üzrə
fəlsəfə doktoru
525-ci qəzet 2018.-
28 sentyabr.- S.8.