Həbsxanadan ədəbiyyata
Həbsxana həyatını yaşanlar
yaxşı bilərlər
ki, ora necə
əzablı, necə
məşəqqətli bir
həyatdır.
Oranın öz abu-havası, öz qanunları, öz yaşam fəlsəfəsi var. Bunu
da o həyatı yaşayanlar yaxşı bilərlər. Mən sadəcə eşitdiklərimi
deyirəm.
Məlumdur ki, insanlar bəzən
bilərəkdən, bəzən
də ehtiyatsızlıqdan
bu həyatı illərlə yaşamağa
məcbur olurlar. Kimisi bu
həyatdan sonra özünə başqa həyat qurur, islah olur, kimisi
də həbsxananı
“evi” bilir, oraya yenidən qayıdır.
Öz qanunları,
öz yaşam fəlsəfəsi olan bu fərqli dünyada həmişə
diqqətimi çəkən
məhbuslar isə yazıçı və şairlər olub.
Çünki yaradıcı insanın
içində ayrı
bir dünya, başqa bir yaşam, fərqli bir fəlsəfə var.
Biz oranı “paralel dünya” adlandırsaq, deyə bilərik ki, yazıçı-şairlər
həbsxanadadırsa, deməli,
üç həyat mövcuddur. Birinci həyat yazıçının
azadlıqda olan həyatı, ikincisi həbsxana həyatı, üçüncü isə
öz içindəki
yaradıcı həyatdır.
Bu həyatların sintezi
isə ortaya dördüncü həyatı
çıxardır...
- Kitab!..
Sözüm həbsxanaya yaxın, məsələnin mənim
üçün maraqlı
tərəflərindən biri
də həbsxanada yazılan kitablardır.
Azərbaycanda da həbsxanada olan yazıçı-şairlər
var ki, oradakı
həyatdan kitablar yazıblar. Misal olaraq Faiq Balabəylinin
“Bayıldan Bayıra”
povestini, “Burda darıxmaq olmaz” adlı şeirlər kitabını, Bilal Alarlının həm özünün həbsxana
həyatı haqqında
yazdığı, həm
də həbsxanada olmuş yazıçı-şairlər
haqqında yazdığı
kitabı, Çingiz Ələkbərzadənin “Qumarbaz”ını,
Qənimət Əlisaoğlunun
“Lənət qapısı”nı,
Əyyub Qiyasın povestlərini və başqa yazıçı-şairlərimizin
zindanla bağlı əsərlərini göstərə
bilərik.
O da məlumdur ki, bu cür
hallar tək Azərbaycanda deyil, dünyanın hər yerində var. Elə dünya ədəbiyyatından
da tanıdığımız,
sevərək oxuduğumuz
bir çox yazıçı-şairlər də həbsxanada olub, ora haqqında
kitablar yazıb. O əsərlərin bir neçəsi indi dünyaca məşhurdur,
böyük maraqla oxunur. Açığı, həmin əsərləri
oxuduqdan sonra müəlliflərin həbsxanada
olmağına görə
ədəbi bir sevinc hissi yaşamışdım.
Əgər mən Servantesi bir dəqiqəlik də olsa görə
bilsəydim, ona həbsdə olduğu üçün təşəkkür
edər, sevindiyimi bildirərdim. Ona görə yox
ki, bir insanın
azadlığının əlindən
alınmasının tərəfdarıyam.
Ona görə
ki, o, həbsxanada “Don
Kixot” kitabını yazmağa başlayıb və bitirib.
Əgər mən bir dəqiqəlik
də olsa Markiz de Sadı görsəydim, onun həbsxana həyatından
məmnun olduğunu bildirərdim. Deyərdim ki, nə yaxşı ki, bu həyatı yaşayıb, “Sodomun 120 günü” əsərini
yazmısınız.
Nəinki mən, hətta bəlkə siz də Harri Qreyə
həbsxana həyatı
yaşadığına görə
təşəkkür edərdiniz. Deyərdiniz, nə yaxşı ki, həbs edilmisiniz
və “Quldurlar” əsərini yazmısınız.
Əgər bu kitab əsasında çəkilən “Bir zamanlar Amerikada” filmini izləmisinizsə, əminəm ki, onun həbsxanaya düşməsinə şad
olardınız...
Yadıma düşür, məktəb vaxtı dərsdən çıxıb hər dəfə evlərinə getdiyim bir dostumgilin məhəlləsində Asif adlı kişi var idi. Hamı ona şair Asif deyirdi. Avara adam idi. Səhv etmirəmsə, mən onu tanıyanda 50 yaşı var idi. Ömrünün 25 ilini həbsxanalarda keçirmişdi və elə orada da şair olmuşdu. İlk dəfə həbs olunanda anasına, atasına şeirlər yazmış, sonralar isə bir kitabı da çıxmışdı.
Arabir onunla söhbət edirdik, bizə həbsxana həyatından danışırdı. Biz də böyük zövq və maraqla onu dinləyirdik. Onun söhbətin şirin yerində bir siqaret yandırıb şeir deməyi isə daha çox xoşuma gəlirdi.
O vaxtlar mən hələ təzə-təzə şeir yazmağa başlayırdım. Bir dəfə onunla söhbət edib ayrılandan sonra dostuma “görəsən, mən də türmədə yatsam, yaxşı şeirlər yaza bilərəm?” demişdim. Dostum da “hə, bircə o qalmışdı elə” - deyib gülmüşdü.
Təəssüflər olsun ki, günümüzdə də həbsxana həyatına böyük maraq var. Xüsusi ilə gənclər arasında geniş vüsət alan “həbsxana həyatı”, “oğru qanunları” onları bəzən cinayətlər işləməyə sövq edir.
Bir dəfə də zarafatla yazıçı dostum Ayxan Ayvaza dedim: “Ayxan, yaxınlarda həbsxanaya bir qohumumu ziyarət etməyə getmişdim. Özümlə də elə həbsxana həyatından bəhs edən kitablar aparmışdım ki, oxusun. İndi görəsən, o, azadlığa çıxanda necə olacaq? İslah olunacaqmı? Nə bilmək olar, bəlkə də tənqidçi olacaq?”
Ayxan da cavabında: “Onsuz da bizdə kim hansısa işdə uğur əldə edə bilmirsə, sevgilisindən ayrılırsa, darıxırsa, şeir-hekayə yazmağa başlayır. İndi sənin qohumun niyə yazmasın, kimdən əskikdir? Niyə tənqidçi olmasın ki?!” - demişdi.
Fikirləşdiyim kimi də oldu.
Günlərin birində həmin qohumla danışanda şeir yazdığını dedi və elə telefondaca oxudu.
Görən niyə divarlar,
Böyüyüb dağ olmur e?
Bu ömrü dörd divarda
Yaşamağ olmur e.
Neyləmək olar? İndi gözləyirəm ki, o qohumum həbsxanadan çıxsın və tezliklə onun kitabının təqdimatına yığışaq.
Əgər mütləq həbs olunmaq istəyirsinizsə, yaxşısı budur ki, özünüzü
ədəbiyyata həbs edin. Çünki gerçək həbsxanadan fərqli
olaraq burda özünüz həmişə azad qalacaqsınız, ruhunuz
isə islah olunacaq.
Orxan SAFFARİ
525-ci qəzet.- 2018.- 29 sentyabr.-
S.24.