Kitab kimi adamlar
“Bir gün bir kitab oxudum
və bütün həyatım dəyişdi”
- bu cümlə ilə başlayır Orxan Pamuk “Yeni
həyat” adlı romanını. Hansı yöndə fərqi yoxdur, amma çoxları
bircə dəfə də olsa belə
kitab oxuyur!
Bir müddət
əvvəl mənim də əlimə Pamukun o əsrarəngiz cümləsindəki kimi
“kitab” keçmişdi. Başlanğıc olduqca maraqlı, hətta həyəcanlı
idi. Yarıya qədər irəlilədim.
Səhifə üstünə
səhifə gəldikcə
cümlələrin nə
qədər bəsit,
keçidlərin nə
qədər savadsız,
hadisələrin necə
primitiv olduğunu görməyə başladım!
Hiss edirdim ki, bu kitab dünya
ilə arama sədd çəkir. Gözümdə hər şeyi
olduğundan min dəfə
solğun göstərirdi.
Bir tərəfdən bitirmək
inadı rahatlıq vermirdi, digər tərəfdən içimdəki
hikkə sakit buraxmırdı. “Axı,
niyə sona çatdıra bilməyim?”
sualı onu əlimdən yerə qoymağa imkan vermirdi! Xeyli vaxt keçdi,
çətinliklə də
olsa, birtəhər oxuyub bitirə bildim. Amma özümü Üçüncü
Dünya müharibəsindən
az əvvəl
çıxmış yeganə
sağ, yorğun, yaralı, ac, taqətdən
düşmüş, heydən
kəsilmiş döyüşçü
kimi hiss edirdim. Bu günlərdə həmin kitab yenə rastıma çıxdı. Astaca götürüb,
ehmalca vərəqləməyə
başladım. Bir neçə
səhifəsini oxudum,
baxdım ki, səbrim çatmır, kənara atdım. Vaxtı ilə bir kitabxana
kimi dolu görünən, bütün
söz ehtiyatımı
təmin edən, evdə, çöldə,
işdə əlimdən
düşməyən, oxuyaraq
yuxuya getdiyim bu kitab indi
gözümə kağız
yığını kimi
görünürdü. Bəzən
“kitab”ların üz qabığına baxanda içinin dopdolu olduğunu zənn edirsən. Sözlərdən
dürr, kəlmələrdən
bal süzüldüyünü
fikirləşirsən. Düşünürsən
ki, bircə onu oxuyub bütün
dünyanın axarını
dəyişə bilərsən.
Ancaq vərəqlədikcə bambaşqa
mənzərə ilə
qarşılaşırsan. Aydın fikirlərin qaranlığa
qarışır. Deyilənlərin, yazılanların, o ana qədər eşitdiyin öyülmələrin sabun
köpüyü olduğunu
acı da olsa, dərk edirsən. Bu kitabların içi ilə haqqındakı fikirlər arasında həmişə yüz səksən dərəcə
fərq olur. Ümumiyyətlə, məncə,
eyni kitabı təkrar-təkrar oxumaq əhəmiyyətsizdir, onsuz
da nəticə eyni olur! Bir
həqiqət var; zamanla kitablar da dəyişmir, insanlar kimi!
“Onu dəyişəcəm”
kimi boydan böyük işlərin
məsuliyyətini götürmək
lazım deyil. Əvəzinə atom zərrəciklərinin bilinməyən
digər xüsusiyyətlərini
kəşf etmək daha effektiv olar.
İnsanı yalnız sevgi
dəyişə bilər.
Lakin əksər hallarda sevgi də bu
vəziyyətin qarşısında
aciz qalır.
Bəzən, “vəzifəyə təyin
edildikdən sonra dəyişdi”, “kresloya oturduqdan sonra dəyişdi”, “ailə qurduqdan sonra dəyişdi”, “əldə
etdikdən sonra dəyişdi” deyilir. Əslində, belə olmur! Sadəcə istəklərini həyata keçirmək üçün cildə girir, oynayır, yalan danışır, riyakarlıq edir, üzünə maska, ürəyinə boya çəkir, həqiqətin
önünü kəsir,
buna görə də, gerçək kimliyini görmək olmur. Bu, bir
növ mağazanın
“Bestseller” bölümündəki üzqabığına baxanda
adamı heyran edən, lakin içərisi söz yığınından ibarət
olan kitaba bənzəyir. Həmin insanlar
da, ideyalarını reallaşdırdıqdan sonra
özünə qayıdır.
Bu məqamda “dəyişib” deyilir.
Dəyişmir, elə
“O” idi!
Kitab kimi adamlardan idi, Jan Jak Russo. Üz örtüyündə
filosof, bəstəkar,
yazıçı, ensklopediyanı
yaradanlardan biri kimi dəbdəbəli görüntü daşıyırdı!
Cenevrədə dünyaya gəlmişdi.
Doğulduqdan bir neçə
gün sonra anasını itirmişdi.
Bu faciə həyatına
və şəxsiyyətinə
damğa vuran köklü hadisə idi. Gənc yaşlarından evdən qaçaraq yaşadığı şəhəri
tərk etmişdi.
Elə o
ərəfələrdə, özündən 13 yaş
böyük, ana deyə xitab etdiyi qadına aşiq olmuşdu. Həmin qadının arxasınca xeyli qaçmışdı.
Bundan yorulan Russo dayanır, durulur və özünü kitablara həsr edir.
Universitetlərdə dərs deyən, mühazirələr söyləyən, kifayət qədər tanınan filosof bir gün oteldə iş masasında kitab yazarkən, otağı yığışdırmaq üçün gənc bir qadının içəri girdiyini görür. Dərin fəlsəfə ilə məşğul olan Russo qələmi saxlayır, ovsunlu baxışlarla gözünü qadına zilləyir. Elə o baxışla münasibətin təməli atılır. Tereza Levasseur adlı həmin qadın dərzilik, təmizliklə məşğul idi. Fəlsəfə tarixinin ölümsüzü Russo nə qədər savadlı, dərin, maraqlı idisə, Tereza da o qədər cahil, səssiz, bəsit idi. Oxumaqla arasında qət edilməsi mümkün olmayan məsafələr vardı. Russo kitab yazırdı, qadın isə sadəcə tozunu almaq üçün onlara toxunurdu. Nə üçün bir yerdə olduqlarını anlamaq mümkün deyildi. Qadınla nə qanunu şəkildə evlənirdi, nə də arxasını çevirib gedirdi. Münasibətləri havada idi. Özü də 1 il, 2 il yox, düz 33 il boyunca bu, belə davam etdi.
Aradan illər keçdi, ard-arda beş uşaqları dünyaya
gəldikdən sonra da
vəziyyət dəyişmədi. Russo fəlsəfə
tarixinin ən qalmaqallı adı idi. Yaxşı ər, yaxşı sevgili olmağı bacarmadığı kimi, yaxşı ata da ola bilmədi.
Uşaqlarının beşini də
küçəyə, xəstəxanaya atdı. Sonra oturub valideynlərin
uşağı necə yetişdirməli olmağından kitab yazdı. “Emile” əsəri
o cür ərsəyə
gəlmişdi. Avropada və dünyada hər kəs Russonun
nəsihətlərini dinləyərkən, danışarkən,
filosofun öz
uşaqları səfalət içində, taleyin
ümidinə tərk edilərək yaşayırdılar. Dedikləri ilə etdikləri arasında dərin uçurumlar olan bir insan idi,
Russo. Xalq içində ayrı, şəxsi həyatında
başqa idi.
Bəlkə, hamımızın içində
bu cür parçalanma var. Amma məsələ burasındadır
ki, Russo yazanda da, danışanda da heç bir
təzad yoxmuş kimi davranırdı. Bütün problemləri
həll etmiş, hər şey qaydasındaymış kimi
hərəkət edirdi.
Bir çox dahi kimi eoqist idi.
Öz duyğularına qarşı
həssas, diqqətli,
başqalarına qarşı
qəddar, qatı davranırdı. Onu nə cəmiyyət, nə qınaq, nə beş
övladının dünyaya
gəlişi, nə də beynindəki dünyaya yetəcək qədər olan fikirləri dəyişə
bildi! Tereza eyni “kitab”ı düz 33 il
səhifələdi, amma
fərqli heç nə olmadı. Sonluq eyni idi!
Üz qabığına
aldandığını dərk
edəndə isə gec idi, hər
şeyini itirmişdi!
“Onu dəyişəcəm”
kimi boydan böyük işlərin
məsuliyyətini götürmək
lazım deyil. Əvəzinə atom zərrəciklərinin bilinməyən
digər xüsusiyyətlərini
kəşf etmək daha effektiv olar.
İnsanı yalnız sevgi
dəyişə bilər.
Lakin əksər hallarda sevgi də bu
vəziyyətin qarşısında
aciz qalır. Oxunmamış kitabları oxumaq,
dərin insanlarda üzmək gərəkdir.
Əks halda nəticə əvvəlkindən
fərqli olmayacaq!
Türkan
TURAN
525-ci qəzet.- 2018.- 29 sentyabr.- S.24.