"Bu yarpağı sər
üstümə..."
bu yarpağı sər üstümə
bu yarpağı sər üstümə,
bax, elə burdaca yatım;
qarşıda bir uzun yol var,
yorulubdu, yaşıl atım;
bu səhəngi kim yıxıya,
min ildi, dönüb ağıya;
bir dərdi verim yuxuya,
gedim, ayrısın oyadım;
bir ömür nəyi aradım,
saçımdan həsrət
daradım;
bu dərdi kimlər yaradıb,
nə adım var, nə soyadım;
üstünü örtdüm,
gözümün,
külün üfürdüm,
közümün;
deyən, mən
özüm,
özümün,
köksümə xəncər
dayadım;
burda bitirək, nağılı,
nə dəliyəm, nə ağıllı;
qalmışam yarıyuxulu,
gəl, üstümü
ört, həyatım.
üzümə soyuq baxma
yenə payız qayıdıb,
sərin küləklər
əsir;
soyuq baxma, üzümə,
ürəyim səndən
küsür;
sular uyuşub gedir,
yollar qovuşub gedir;
bir dərd sovuşub gedir,
biri qapımı kəsir;
mən hara çıxım, gedim,
buludam, yağım gedim;
yarpaqlar yetim-yetim,
yarpaqlar, yesir-yesir;
hanı, yaşıl eynəyim,
sap-sarıdı, köynəyim;
içimi dərd
çeynəyir,
könlümü həsrət
əzir;
dərdi necə
əyim, mən,
əyib, heçə düyüm, mən;
tuturam ətəyindən,
fələk ağzını
büzür;
günahım nədi,
sonam,
yarı dərd, yarı canam;
mən burda yarıcanam,
ruhum hara tələsir.
saçlarımda qış
izi var
yenə bozarır hər tərəf,
payızın xavarı
gəlir;
yarpağın, otun, çiçəyin,
rəngi-ruhu sarı
gəlir;
göydə buludlar ağ çalar,
dolub boşalır taxçalar;
bəxtəvər olub, bağçalar,
ağacların barı
gəlir;
gözlərimdən röya
qaçıb,
gecələri oyaq açıb;
yenə həsrət ayaq açıb,
üstümüzə sarı
gəlir;
bax, bu yurdun ən kürü, mən,
yıxıldım, dərdin
birindən;
ürəyim çıxır
yerindən,
könlümün qubarı
gəlir;
bu nədi, ağrımdan çıxıb,
sıyrılıb, bağrımdan
çıxıb;
qarışıq yuxumdan çıxıb;
dərdimin zəvvarı
gəlir;
hər ömrün bir daş üzü
var,
bir də, göz yaşı üzü var;
saçlarımda qış
izi var,
qocalığın qarı
gəlir.
ayrılıq bir dəli sudu
könül, bu nə haldı, düşdüm,
elə bil, qəm içir məni;
ruhumu götürüb
gedir,
qürdət elə əkir, məni;
burdan o yana yol varmı,
adamsız da yol olarmı;
payız çatıb
qollarımı,
bir yarpağa bükür, məni;
bu yol kimin, yoxuş kimin,
alnımdakı naxış
kimin;
fələk soyuq yağış kimi,
göy üzündən
tökür məni;
ötən dərdin
bir anıyam,
xatirələr dumanıyam;
göy üzünün
adamıyan,
göy özünə
çəkir, məni;
dedilər ki, ömür budu,
içimi göz yaşı yudu;
ayrılıq bir dəli sudu,
tut əlimdən, keçir məni.
daha yandırma, şamları
daha yandırma, şamları,
mələklər görüb
gələcək;
qapının ağzında
dayan,
indi, bir qərib gələcək;
gələcək, dərdin
yasından,
göy üzünün ortasından;
ötən eşqin
butasından,
könül nə dərib, gələcək;
itib getmir acılarım,
hanı, dərdin bacıları;
anamın ağca
saçların,
gizlicə hörüb,
gələcək;
dəryalar udur, gəmini,
unut, dünyanın qəmini;
bulud gözümün
nəmini,
yarpaqa sərib, gələcək;
hanı, ruhumun şəkili,
ahım dağlara çəkilib,
həsrətim oda bükülüb,
yenə közərib, gələcək;
kim görüb, adsız mələyi,
qopub tökülür
lələyi;
bu yazın dəli küləyi,
dərdi süpürüb
gələcək.
mən heç, sevmədim, payızı
üzündən qəriblik yağır,
payız, həsrətdi,
qubardı;
mən heç, sevmədim, payızı,
anamı payız
apardı;
payız apardı
anamı,
qatıb çiçəy ə, yarpağa;
unudub ağrı-acını,
anam, gül oldu, torpağa;
mən heç, sevmədim, payızı,
sevmədim, ağlım
kəsəndən;
anam da, payızı sevdi,
mən, o payızdan küsəndən;
mən heç sevmədim payızı,
payızda üzüm
gülməzdi;
o payız, payız olmasa,
bəlkə də, anam ölməzdi;
indi, payızın adını,
saçlarım qışa
yazdırır;
hardasa, bir uzaq yerdə,
ruhum, bir payız azdırır.
məni dolandır, başına
mənim əllərim
toxunub,
bir günahın naxışına;
gəlim, öpüm
əllərindən,
məni dolandır, başına;
kimdi, mənə səndən yaxın,
perikib dağlara ahım;
onsuz da çoxdu, günahım,
birini də bağışlama;
daha unut acıları,
dərdin sınıq
bacıların;
bulanıb bulud saçların,
gözlərinin yağışına;
kimdi, könlümü
güldürən,
gəlmişəm, yenə
gül dərəm;
məni oxlayıb, öldürən,
o kirimiş baxışına;
dərd gedə, heçim ağlıya,
həsrət bir biçim
ağlıya;
az qalır, içim ağlıya,
yolum qayıdır, axşama.
nə düşüb
dəli könlümə
nə düşüb
dəli könlümə,
yenə ahu-zar eliyir;
ötənləri hardan alım,
ürəyim qubar eliyir;
həsrətim qalıbdı
əsir,
ürəyimi qürbət
əzir;
mənim günahım
nə gəzir,
neyniyirsə, yar eliyir;
bu yazın ömrü qısadı,
külək qanına susadı;
payız əllərin uzadır,
qalanları xar eliyir;
nə olacaq, yaxınlarda
boşa çıxır,
nağıllar da;
yenə hərdən yuxularda,
gözlərim nübar
eliyir;
gəldik, ömrün
bu tayına,
qışı qarışıb, yayına;
fələkdi, girib oyuna
dünyamızı dar eliyir.
bir az ürəyimdə qal
gəl, səni ürəyimin
köynəyindən keçirim;
bir az ürəyimdə qal,
gör, mən nələr çəkirəm;
qaradı, ağdı,
yuxum,
hələ oyaqdı,
yuxum;
gecələr yoxdu, yuxum,
ulduzları sökürəm;
göydə bulud ləliyir,
damcı-damcı çiliyir;
fələk tumu əliyir,
mən də, bostan əkirəm;
hanı, yolun axırı,
geri qaytar, naxırı;
payız qonaq çağırır,
yarpaqları bükürəm;
mən, dərd daşıdım, burda,
dağlar yaşıdım,
burda;
bəsdi, yaşadım
burda,
uzaqlara köçürəm;
bura mənə yad gəlir
üzünü döndər,
mənə,
doyunca baxım, gedim;
ovcunu tut gözümə,
gözümü sıxım,
gedim;
sözlərini bala bük,
baxışını yola bük;
dərdini dəsmala
bük,
hamısın yığım,
gedim;
çətin səni
unudam,
həsrətin bir dolu dam;
bir qaraca buludam,
hıçqırım yağım,
gedim;
saçımın ağı
qalıb,
könlümün ahı qalıb;
gözümdə yuxun qalıb,
gözümdə yuxun, gedim;
nə gəlir, boyat gəlir,
ürəyim ə çat
gəlir;
bura mənə yad gəlir,
buraxın, çıxım
gedim.
tanrılar qayıdır
yerə
əlimdə qələm
ləliyir,
nə yazım, bu ağ varağa;
dünyanın payızı
gəlir,
xal düşür,
yaşıl yarpağa;
hər yerə bir dərd atılıb,
unudulub, yurd atılıb;
buludlara nə qatılıb,
zəqqutun yağır,
torpağa;
nə göndərib, qəm göndərib,
ağlı-huşu kəm göndərib;
bu dünyanı kim döndərib,
piltəsi sönmüş
çırağa;
dərd adama elçi düşür,
mənə də ən gici düşür;
nə tora bir qəci düşür,
nə balıq gəlir, qarmağa;
ömür gedir,
can ütülür,
damarımda qan ütülür;
fələk də, yaman ütülür,
dərdi-səri sırımağa;
görən nə olub, bəşərə,
bir birini salıb şərə;
tanrılar qayıdır,
yerə
mizan-tərəzi qurmağa.
daha bir yolum qalmadı
daha bir yolum qalmadı,
tanrıdan bir yol istədim;
dilim, dodağım təpidi,
danışmağa dil istədim;
sözü gözüyə-gözüyə,
baxdım sınığa, əziyə;
sonra qoydum tərəziyə,
sözü mükəmməl istədim;
sinəmə ürək taxdılar,
çiynimə lələk taxdılar;
yaxama çiçək taxdılar,
mən süsən-sünbül istədim;
yağış gəldi, sel olmadı,
dağlar uçdu,
yol olmadı;
yer əkirdim, bel olmadı,
kotan qoşdum, vəl istədim;
danışmadım, gördüyümü,
söz könlümün
kür düyünü;
tanrı verdi, verdiyini,
mən daha gözəl istədim.
Nazim
ƏHMƏDLİ
525-ci qəzet.- 2018.- 29 sentyabr.- S.23.