İspaniya - düşüncələr və
unudulmaz xatirələr
(Əvvəli ötən şənbə saylarımızda)
“Bütün böyük
səyahətçilər kimi, mən xatırladığımdan çox
şeyi görmüşəm
və gördüklərimdən
çox şeyi xatırlayıram”.
Bencamin Dizraeli
Böyük Britaniyanın 1868-1874-cü illərdəki baş naziri
Müsəlman İspaniyasının mədəniyyəti
Ərəblər tənəzzülə uğramağa
başlayanda yarımadadakı
Ərəb siviliziyası
siyasi qüdrətin zenitində idi. VIII əsrdə tibb, kənd təsərrüfatı,
astronomiya və coğrafiyaya dair populyar əsərlər latından ərəb dilinə tərcümə
edilmişdi. Bu mətnlərin çoxu sevilyalı İsidoranın
və digər xristian yazıçılarının
“Etimologiyaları”ndan çıxarılmışdı.
IX əsrdə vəziyyət bir qədər də dəyişdi, Şərqə
səyahət edən
andalusiyalılar Məkkəyə
gedən zəvvarlara qoşularaq bu regionda olmaları hesabına öz biliklərini artırmışdılar
və bunları öz doğma ölkələrində tətbiq
etdilər. İspaniya həmin
dövrdə ərəb
mədəniyyətini Avropaya
ötürən körpü
rolunu oynayırdı.
Ərəblərin əsərləri
hesabına Orta əsrlər Avropası zəngin yunan fəlsəfəsi və ədəbiyyatı ilə
ilk dəfə tanış olmaq imkanı qazandı.
IX əsrdə burada
saray şairləri dəstəsi məşhurlaşdı. X əsrdə
bard ənənəsi əl-Manşurun
ətrafında meydana
çıxdı. Bardlar müasir
jurnalistlərin işini
görürdülər. Onlar öz himayəçilərini
hərbi yürüşlərlə
də müşayiət
edir və gördüklərini mahnı
ritmindəki şeirlərdə
ifadə edirdilər.
Ona görə də bu nümunələr Andalusiya sakinlərinin yaddaşına həkk olunmuşdu. Əl-Manşurun özü dövrünün
yüksək istedadı
olmaqla, “şair-jurnalist”
idi. X əsrdə
Andalusiyada şairlərin
ilk antologiyası - “Kitab
əl-Hadaid” - “Bağlar
kitabı” meydana gəldi. Ərəb ədəbiyyatında, bu ənənə müasir dövrdə də qalmışdır,
poeziya nəsrdən daha çox təsir gücünə malik idi. Andalusiyanın müsəlman dünyasında
(Əl-Əndəlusda) elə
əsərlər meydana
gəlmişdi ki, həmin mətnlərdən
ənənəvi islamşünaslıq
universitetlərində bu
gün də istifadə olunur.
Quran bilikləri sahəsində
də ispan müsəlmanları dəyərli
əsərlər yaradırdılar. Onlar həmçinin,
müxtəlif növdə
olan hədisləri meydana gətirmişdilər.
Qranadadakı Əbu-Heyran (XIV əsrdə)
Qurana məzmunlu təfsir yazmışdı.
O, həm də ilk türk qrammatikasının
müəllifi idi. Böyük filosof Averroesin babası olan İbn Ruşd andalusiyalı olsa da, Şərqin təqlidçisi idi.
İbn əl-Kutiya isə “İspaniyanın işğal
tarixi” əsərini yazmışdı.
Müsəlman İspaniyasında elm də
inkişaf edirdi. XI əsrin
ortalarında Toledo hadisi
İbn Said elmin tarixinə aid stolüstü
kitab yazmışdı,
burada texniki məsələlərdən geniş
məlumat verilirdi.
Andalusiyalılar astrologiyada, özü də həm nəzəri, həm də praktiki sahədə xeyli irəlidə idilər. Müsəlman İspaniyasında astrologiya
çox populyar idi.
Esoterik və ya okkulist biliklərə
aid traktatlar təbiət
elmləri üçün
istifadə olunurdu. Andalusiya
ərəbləri latın klassiklərinin
təbiət elmləri
ilə əlaqədar
olan mətnləri ilə tanış idilər. Onlar Varrodan, Vergilidən və digər qədim Roma müəlliflərindən
sitatlar gətirirdilər.
Texnologiyada Müsəlman İspaniyası
özünün külək
dəyirmanlarına və
kağız manufakturalarına
görə seçilirdi.
Ərəblər İspaniyadakı şəhərləri
yeni binalarla abadlaşdırır, gözəlləşdirirdilər,
825-ci ildə isə varlı bir rayonda, Sequra çayının sahilində
Mursiya şəhərinin
əsasını qoydular. Onlardan heyranedici,
dövrünü qabaqlayan
parlaq arxitektura nümunələri qalmışdır.
Təəccüb doğuran cəhət
odur ki, səhralardan çıxmış,
at belində çapan
bir xalq belə şəhərsalma
qabiliyyətinə, əslində,
müqayisə edilməz
bir istedada yiyələnmişdi. Onu da unutmaq olmaz ki,
bu xalq tarixdə
ilk şəhərlər salmış
Şumerlə, sonralar
qədim dünyanın
çox gözəl şəhəri sayılan
Babillə qonşuluqda
yaşamış, onların
bu sahədəki geniş biliklərindən
xeyli şey əxz etmişdi.
Katolik krallar
II Ferdinand, o, 1474-cu ildən Kastiliyanın V Ferdinandı
olmaqla, 1479-cu ildə Araqon taxt-tacına sahib oldu. İzabella isə
beş il
əvvəl Kastiliya kraliçasına çevrilmişdi.
Şərqi İspaniyadan olan
Araqon və qərbi İspaniyadan olan Kastiliya, nəhayət, Avropada ikinci ən qüdrətli monarxiya oldu.
Nəsillər boyu İspaniyada qarşılıqlı nikahlar
tətbiq olunurdu. Kastiliya və
Araqon taxt-taclarının
ittifaqı XV əsrin
son rübündən zəruri
olmaqla, ondan da uzağa getdi.
Araqon kralının oğlu və varisi Ferdinand 1469-cu ildə kastiliyalı İzabellaya evləndi.
Araqon Pireneydə Fransanın təcavüzünə qarşı
Kastiliyanın köməyinə
möhtac idi.
Ferdinand və İzabella
iki krallığı
birgə idarə edirdilər və onlar Katolik krallar
kimi tanınırdılar. Ərazi ölçüsündə,
institutlarda, ənənələrdə
və həm də hətta dildə iki krallıq bir-birindən xeyli dərəcədə
fərqlənirdi. Araqon krallığının
və Valensiyanın əhalisinə müvafiq olaraq 20 faizi və 30 faizindən artığı mavrlar və moriskolar (rəsmən xristianlığa
keçmiş mavrlar)
idi.
Ferdinand taxt-tacın gücünü
artırmaq istəyirdi. O, öz
diyarına sülh və sosial stabillik vermişdi.
Katolik krallar taxt-tacın qüdrətini
bərpa etməyə
çalışmışdılar. İtaliyada ispanlara
tabe olan torpaqlarda Ferdinand qayda qoydu ki, papanın
bullaları yalnız onun icazəsi ilə dərc edilə bilər. 1483-cü ildə isə İnkvizisiya Şurası fəaliyyətə
başladı.
1504-cü
ildə İzabellanın
ölməsi ilə Yeni Dünyanı kəşf edən Xristofor Kolumbun taleyi də tutqun çalarlara boyandı, o, təhqirə
məruz qaldı və iki il sonra dünyadan köçdü.
İspan
inkvizisiyası
Orta əsrlər
İspaniyası özünün
çox sayda mavr və yəhudi
əhalisi ilə Qərbi Avropada multi-irqi və multi-dini ölkə idi və sonrakı
əsrlərdə İspaniya
sivilizasiyası dində,
ədəbiyyatda, incəsənətdə
və arxitekturada xeyli inkişaf etmişdi. Yəhudilər İspaniyaya və
onun monarxlarına yaxşı xidmət edirdilər. Fəal kommersiya
sinfi olmaqla və təhsil görmüş elitaları
ilə onlar çox sayda inzibati vəzifələri
tuturdular. Lakin onların
varlı olması, zəruri olaraq arasında yaşadığı
əhalinin digər hissəsində qısqanclıq
yaradırdı və
onların heterodoksiyasına
(eyni vaxtda müxtəlif dinlərə
sitayiş etmələrinə)
əhalidə nifrət
meydana gəlirdi.
Əhali həm də ənənəvi olaraq özünü bu dinsizlərə qarşı
xristianlığın müdafiəçisi
kimi göstərirdi. Katolik krallar
yaxşı taktiklər
olmaqla, bu əhval-ruhiyyədən fayda
götürürdülər. 1478-ci
ildə onlar Roma papası IV Sikstdən yəhudilərin və həm də onların arasından başqa dinə keçənlərin güman
edilən şər təsirinə qarşı
ilk dəfə papa bullasının
dərc edilməsinə
nail oldular. İspan inkvizisiyası isə
kral məhkəməsi
kimi təşkil olundu, oradakı bütün təyinatlar taxt-tac tərəfindən
həyata keçirilirdi.
Xeyli sonra IV Sikstə məlum oldu ki, onun nəhəng
kilsə qüdrəti
artıq əlindən
çıxmışdır.
Mənəvi təhlükə kimi bu institut gizli
saxlanırdı və
bu da Romaya
müraciət etməyə
icazə vermirdi.
İnkvizisiya ordusu həm özünün mühafizəçisi
kimi, həm də məlumat verəni, donosçusu kimi fəaliyyət göstərirdi. Mülki və dini səlahiyyətlərin
birləşməsi ilə
ispan inkviziyası kral mütləqiyyətinin
vahimə yayan bir zirehli silahına çevrildi. İnkvizisiyanın Ali Şurası (və ya Suprema)
Katolik kralların öz birgə krallıqları üçün
təşkil etdikləri
yeganə rəsmi institut idi. Buna baxmayaraq, onlar
düşünürdülər ki, bu institut
siyasi şərtlərə
malik olmamaqla, əsasən, dini təşkilatdır.
İnkvizisiyanın gizli aparılan prosedurları, dindən adamları təcrid etmək praktikası, işgəncələrdən istifadə edilməsi, ittiham olunanların alçaldılması (onlara uzun konus şəklində papaq geyindirirdilər ki, boyları cılız görünsün), ittiham edilənlərin müdafiəsi üçün vəkilin olmaması, düşmənçilik yolu ilə şəhadət verilməsinə qarşı heç bir hüququn olmaması, məhkum olunanların mülkiyyətinin müsadirə olunması təcrübəsi və bu mülkiyyətin inkvizisiya, taxt-tac və ittiham edənlər arasında bölünməsi - bütün bunlar dəhşətli terroru ilhamlandırırdı. Əslində, inkvizisiya bu eybəcərlikləri həyata keçirmək mənasını verirdi.
(Ardı var)
Telman
ORUCOV
525-ci qəzet.- 2018.- 29 sentyabr.- S.22.