Onu belə
tanıyırlar
Hər şey ayağı sayalı xoş bir təsadüfdən
başladı.
Bir gün dedilər ki, istedadlı gəncləri üzə
çıxartmaq məqsədi ilə Bakıdan komissiya gəlib,
musiqi məktəbi
şagirdlərinin bilik səviyyələrini, musiqi qabiliyyətlərini
yoxlayacaq.
Komissiya üzvləri uşaqların
çalğılarına bir-bir qulaq asdılar. Onlardan biri, Asəf
Zeynallı adına Bakı Orta İxtisas
Musiqi məktəbinin müəllimi, ustad tarzən Kamil
Əhmədov cib dəftərçəsinə nəsə
qeyd edirdi. O, Bakıya qayıdanda məktəbin direktoru, bəstəkar
Süleyman Ələsgərova Ağdam Uşaq Musiqi Məktəbinin
son sinfində oxuyan bir uşağın
çalğısından, xüsusilə, çox xoşu gəldiyini,
ona qayğı göstərilərsə, gələcəkdə
istedadlı bir tarzən olacağını da söylədi...
1953-cü
ildə Ağdam Uşaq Musiqi Məktəbini bitirən kimi hələ
barmaqları təzə-təzə bərkiyən on beş yaşlı Oqtayı Bakıya dəvət
elədilər. Süleyman Ələsgərov və
şöbə müdiri Adil Gəray onu imtahana çəkib,
çalğısına qulaq asdılar. Kamil müəllimin
yanılmadığına bir daha əmin oldular və
Oqtayı tar şöbəsinə götürdülər. O,
görkəmli pedaqoq-musiqiçi Səid Rüstəmovun
sinfində təhsil almağa başladı. Muğam
sənətindən isə məşhur tarzən Əhməd
Bakıxanov dərs deyirdi. Tezliklə Oqtay
musiqi nəzəriyyəsinin əsaslarını öyrəndi,
professional ifaçılıq texnikasının sirlərinə
yiyələndi, fərdi yaradıcılıq qabiliyyəti
yavaş-yavaş üzə çıxdı. Üçüncü kursda oxuyarkən Səid
Rüstəmov sevimli tələbəsinin ifaçılıq
istedadını nəzərə alıb, onu Azərbaycan
Televiziya və Radio Verilişləri Komitəsində
özünün rəhbərlik elədiyi xalq
çalğı alətləri orkestrinə işə
götürdü. Oqtay həm oxuyur, həm işləyir,
hərdən də konsert salonlarında solo nömrələrlə
çıxış edirdi. Gənc tarzən
konsertdən-konsertə,
çıxışdan-çıxışa püxtələşir,
çalğı texnikasını və sənət
üslubunu təkmilləşdirirdi. Tanınmış,
təcrübəli tarzənlərlə bir sırada əyləşdi,
kollektivlə müxtəlif şəhərlərdə qastrol
səfərlərində oldu. On ilə
yaxın tarzən-solist kimi ustad ifaçılarla bir kollektivdə
çalışması onun yaradıcılığında
böyük imkanlar açdı, kamil bir musiqiçi kimi
yetişib-formalaşmasında mühüm rol oynadı. Başqa cür desək, bu kollektiv gənc tarzən
üçün əsl yaradıcılıq laboratoriyasına
çevrildi. Oqtayın taleyi
ömürlük axarına düşdü. Artıq o, həyatda öz yerini, öz mövqeyini
düzgün seçmiş, daha doğrusu, özünü bu
sənətdə tapmışdı.
1956-cı ilin iyununda Bakıda Azərbaycan gənclərinin
birinci festivalı keçirilirdi. Bu sənət
imtahanında özünü sınamaq üçün
yüzlərlə gənc istedad respublikamızın
paytaxtına toplaşmışdı. Tələbə-tarzən
Oqtay Quliyev də onların arasında idi. Xalq
çalğı alətləri üzrə keçirilən
müsabiqədə onun ifa etdiyi musiqi nömrələri həm
münsiflər heyəti üzvlərinin, həm də
tamaşaçıların ürəyindən xəbər verdi. Gənc tarzən özünün ilk və
layiqli mükafatının sahibi oldu. Təşkilat komitəsi
Oqtayın çalğısını yüksək qiymətləndirdi,
ona birinci dərəcəli diplom və festivalın
laureatı adını verdi. İlk
debüt, ilk sənət qələbəsi! Bundan gözəl
nə ola bilərdi?! İstedadlı
tarzən sənət qələbələrinin sayını
getdikcə artırmağa başladı. Bir il sonra keçirilən festivalda həmin
uğur yenə təkrar olundu. Oqtayın adına
daha bir qızıl medal yazıldı.
1957-ci ilin yayında Sovet gənclərinin birinci
Ümumittifaq festivalı keçirilirdi. Bu sənət
yarışını təşkil etməkdə məqsəd
gənclərin və tələbələrin
qarşıdakı VI Ümumdünya festivalına nümayində
seçmək idi. Mərkəzi Təşkilat
Komitəsinin keçirdiyi bədii müsabiqələrdə
iştirak etmək üçün müttəfiq
respublikalardan çoxlu çalğıçı, ansambl,
solist, peşəkar və özfəaliyyət kollektivi
Moskvaya toplaşmışdı. Festivalda
respublikamızı 32 nəfər musiqiçi təmsil edirdi.
Azərbaycan Radiosu Xalq Çalğı Alətləri
Orkestrinin solisti Oqtay Quliyev də bu mötəbər sənət
bayramına ciddi hazırlaşmışdı. 21 janr üzrə keçirilən müsabiqələrdə
respublikamızın gənc nümayəndələrindən
səkkiz nəfəri qızıl, doqquz nəfəri
gümüş, bir nəfəri isə bürünc medal aldı.
Gənc ifaçı Oqtay Quliyev də
qızıl medala və I dərəcəli diploma layiq
görülərək VI Ümumdünya festivalında
iştirak etmək hüququ qazandı.
Ancaq
qarşıda daha böyük, daha çətin və məsul
bir imtahan vardı: yüksək səviyyəli dünya gəncləri
qarşısında respublikamızın adına
layiq çıxış eləmək! Bu
yaradıcılıq yarışı azərbaycanlı tarzən
üçün də əsl sınaq meydanına
çevrilmişdi. Festivalda dünyanın
131 ölkəsindən 34 min oğlan və qız iştirak
edirdi. Hər gün Moskvada dörd yüzə
qədər müxtəlif rəngarəng tədbirlər
keçirilirdi. Bir sözlə, həmin
anlar ölkənin paytaxtı dünya gənclərinin və
tələbələrinin görüş yerinə
çevrilmişdi.
İttifaqlar Evinin sütunlu salonu. Aparıcı
Oqtayın adını çəkəndə o, bütün
bacarığını səfərbər etdi, tarı sinəsinə
sıxıb, alovlu barmaqları ilə dilə gətirdi.
Sanki gənc tarzən ilhamının ən
çoşqun çağında idi. Ecazkar
tarın zərif və kövrək sədaları elə bil
Odlar yurdunu - qədim Şuşanı, Gəncəni, Şəkini,
Naxçıvanı, Şirvanı bu nəhəng salona gətirmişdi.
Məftunedici musiqi ilə sehrlənmiş
tamaşaçıları da nağıllı-bayatılı
bir aləmə aparmışdı. Simlərin səsi
dalğa-dalğa Azərbaycan musiqisinin selinə bürünən
salona yayıldıqca ürəklər də həyəcana
gəlir, duyğular yerindən oynayır, coşurdu. Tar
tamaşaçıları ilə onların öz dillərində
danışırdı. O dildə ki, tərcüməyə
ehtiyacı yox idi. Tarzən “Şur”a ayaq
verəndə alqış sədaları artıq salonu
bürümüşdü.
Oqtayın son dərəcə emosional ifa tərzi,
çalğı üslubu, ifaçılıq məharəti
yüksək qiymətləndirildi. Bu sənət
meydanında o, təkcə öz istedadını yox, həm də
tarın qüdrətini, bədii-texniki imkanlarını, milli
musiqimizin zənginliyini, bir sözlə, bu musiqi alətinin nəyə
qadir olduğunu əyani, aydın və ifadəli şəkildə
nümayiş etdirdi. Oqtay Quliyev dünya
festival salnaməsinə öz adını qızıl hərflərlə
yazıb, Moskvadan iki medalla qayıtdı.
O vaxtlar
Oqtayın uğurlarından həm respublika, həm də
Ümumittifaq mətbuatında ardıcıl olaraq məqalə
və oçerklər çap olunmağa başladı. “Sovetskaya muzıka” jurnalı 1957-ci ilin 9-cu nömrəsində
tarzənin şəklini də vermiş, onun
ifaçılıq xüsusiyyətləri barədə
yüksək fikir söyləmişdi.
Yazıçı Vasili Ardamatski 1958-ci ildə Moskvada
buraxılmış VI Ümumdünya festivalından bəhs edən “Beş ləçək”adlı
kitabında isə həmyerlimizin sənətini belə səciyyələndirirdi:
“Sovet musiqiçisi Oqtay Quliyev tamaşaçıları qədim
musiqi aləti tarla tanış edir. Gənc tarzən
tarda ən mürəkkəb əsərlər səsləndirir.
Məsələn, Mixayıl İvanoviç Qlinkanın
“İvan Susanin” operasında vals və yaxud
bəstəkar Hacı Xanməmmədovun tar üçün
konsertinin birinci hissəsi. Münsiflər heyətinin
xarici ölkələrdən olan nümayəndələri bu
qarabəniz, bəstəboy gəncə və onun sadə
musiqi alətinə təəccüblə, dörd gözlə
baxırdılar.
Fasilədə pərdənin arxasına keçirik. Gənc
musiqiçilər həyəcanla İsraildən olan
qızın və bizim musiqiçilərin
çıxışları timsalında xalqların musiqi mədəniyyətinin
inkişafı və qorunması yolları haqqında
mübahisə edirlər. Vyetnamlı qız deyir:
- Oqtay Quliyevin çıxışından sonra mən
bir şeyə tam əmin oldum. Öz milli musiqinə
heç bir yad xal və ritm əlavə etməyə yol vermə.
Heç bir şey! Melodiyanın işlənməsi
və üslubu da milli olmalıdır. Bununla belə, elə
usta olmalısan ki, Qlinka da, Bax da sənin milli alətində səslənə
bilsin.
Festivalın
xalq çalğı alətləri üzrə müsabiqəsinin
münsiflər heyətinin üzvü, Azərbaycan SSR Xalq
artisti, SSRİ Dövlət mükafatı laureatı Səid
Rüstəmovla olan müsahibədən: “Gənc tarzən
Oqtay Quliyevin maraqlı proqramla çıxış etməsi
özünün yüksək istedad sahibi olduğunu göstərməklə
yanaşı, həm də xalqımızın qədim musiqi
aləti olan tarın olduqca kütləviləşdiyini bir
daha sübut elədi. O, münsiflər heyəti
qarşısında rus və xarici ölkə bəstəkarlarının
əsərləri ilə yanaşı, “Orta Mahur”u, Hacı Xanməmmədovun 1 nömrəli
konsertini, Üzeyir Hacıbəyovun “Koroğlu” operasından rəqsi
çaldıqdan sonra
Qlinkanın “İvan Susanin” operasında valsı məharətlə
ifa etdi. Elə münsiflər heyətini də
valeh edən bu klassik əsərin milli xalq musiqi alətində
səslənməsi idi”.
Ümumdünya
festivalında xalqımızın milli mədəniyyətini
ləyaqətlə təmsil etdiyinə görə gənc
tarzənin adına Azərbaycan SSR Ali
Soveti Rəyasət Heyətinin və Azərbaycan Lenin Kommunist
Gənclər İttifaqı Mərkəzi Komitəsinin Fəxri
fərmanı yazıldı, sənət uğurları barədə
mətbuatda silsilə məqalələr dərc olundu.
Elə həmin
il texnikumu fərqlənmə diplomu ilə
bitirən Oqtay Quliyev Ü.Hacıbəyov adına Azərbaycan
Dövlət Konservatoriyasının xalq çalğı alətləri
orkestrinin dirijorluq sinfinə daxil oldu, bəstəkar
Süleyman Ələsgərovun sinfində təhsil almağa
başladı. Həmin vaxtdan o, Azərbaycan, rus
və Qərbi Avropa bəstəkarlarının əsərlərini
tarda ifa etməyə başladı və bu əsərlər
müntəzəm olaraq radio dalğalarında, mavi ekranlarda səsləndirildi.
1960-cı
il noyabrın 24-də Moskvadan Dehliyə
uçan təyyarədə Bakı konservatoriyasının tələbəsi
Oqtay Quliyev və onun sənət dostu, müğənni
Lütfiyar İmanov da vardı. Ümumhindistan Gənclər
Federasiyasının dəvəti ilə on beş
nəfərdən ibarət nümayəndə heyəti dost ölkəyə
qonaq gedirdi. Sovet artistləri maraqlı proqramla
çıxış edirdilər. Oqtayın
repertuarında muğam və mahnılarımız, həmçinin,
hind mahnıları, rus və Avropa bəstəkarlarının
əsərləri əsas yer tuturdu. Otuz altı
günlük səfər zamanı Sovet nümayəndə heyəti
ölkənin on beş ştatını gəzdi,
hind gəncləri ilə maraqlı görüşlər
keçirdi, Dehli, Bombey, Heydərabad, Mədrəs, Kəlküttə,
Banqalor və başqa şəhərlərdə konsertlər
verildi. Oqtay bu görüş və konsertlərdə
həm Lütfiyar İmanovu tarda müşayiət edir, həm
də solo çalırdı. Hər dəfə
də tamaşaçılar onları gül-çiçək
dəstələrinə qərq edirdilər.
Hindistan səfərindən sonra Oqtay Quliyevin musiqi
yaradıcılığının ən parlaq səhifələri
yazıldı.
Gənc tarzənin şöhrət
coğrafiyası daha da genişlənməyə
başladı. O, tez-tez solo konsertlər verir, bir çox xanəndələri
tarda müşayiət edirdi.
Arif Babayev, Xalq artisti:
- Mənim xanəndəlik sənətinə qədəm qoymağımda tarzən Oqtay Quliyevin müəyyən xidməti olub. 1962-ci ilin yayında onunla birlikdə Şuşada dincəlirdim. Bir gün Oqtay mənə dedi ki, nə üçün sən Bakıda - daha geniş auditoriyada çıxış eləmirsən? Həm də əlavə elədi ki, Süleyman Ələsgərov da burdadır. Bir ona baş çəkək, bəlkə sənə köməyi oldu. Biz Süleyman müəllimlə görüşdük və Oqtay ondan xahiş etdi ki, mənim səsimə qulaq assın. Oqtayın müşayiəti ilə “Mirzə Hüseyn Segahı”nı oxudum. Deyəsən, səsim Süleyman müəllimin döşünə yatdı və payızda məni Bakıya dəvət elədi. Və bir gün Oqtay Quliyevin və respublikamızın əməkdar artisti, kamança çalan Elman Bədəlovun müşayiəti ilə televiziyada “Cahargah” oxudum. Oqtay bir müşayiətçi kimi mənim tamam-dəstgah muğamı oxuyub başa çıxmağıma xeyli kömək elədi. Az vaxtda bizim üçlük hər yanda tanındı. Çox yerlərdə çalıb-oxuduq. Elə həmin dövrü də mən öz sənətimin başlanğıcı sayıram.
Bu illərdə onun istedadının yeni bir cəhəti də üzə çıxdı, pyeslər, kantatalar, mahnılar və sair musiqi əsərləri yazdı. Müsabiqələrdə Oqtay artıq bir bəstəkar kimi iştirak edirdi. 1962-ci ildə Azərbaycan Bəstəkarlar İttifaqı, mədəniyyət nazirliyi və respublika komsomolu Mərkəzi Komitəsinin birlikdə keçirdikləri müsabiqədə şair Famil Mehdinin sözlərinə yazılmış “Tələbələr” mahnısı ilə çıxış edən gənc bəstəkar üçüncü mükafata layiq görüldü. Bu mahnı dəfələrlə radio və televiziyada səsləndi, münsiflər heyətinin qərarı ilə musiqi nəşriyyatı tərəfindən çap olundu. Bir-birinin ardınca Famil Mehdinin sözlərinə yazdığı “Festival bayramı”, Əsgər Ələsgərovun sözlərinə yazığı “Müəllim qız” mahnıları bir çox ansamblların repertuarına salındı. 1977-ci ildə isə “Azərbaycan müəllimi” qəzeti redaksiyası ən yaxşı uşaq və məktəbli mahnılarının müsabiqəsinə onun Famil Mehdinin sözlərinə yazdığı “Doğma diyar” mahnısını mükafata layiq gördü.
1963-cü ildə konservatoriyanı bitirən gənc tarzən fəaliyyətini Azərbaycan televiziyası və radiosunun xalq çalğı alətləri orkestrində, sonra isə N.Krupskaya adına Bakı Mədəni-Maarif Texnikumunda və 16 nömrəli uşaq musiqi məktəbində davam etdirməyə başladı. 1970-ci ildən isə Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının xalq çalğı alətləri kafedrasında çalışmışdır. Pedaqoji işin ilk mərhələlərində o, gənc musiqiçi kadrların yetişməsində musiqimizin inkişafı və təbliği sahəsində bacarıqlı və istedadlı bir müəllim kimi özünü göstərdi, ayrı-ayrı musiqiçilərin formalaşmasında böyük əmək sərf etdi. Oqtay Quliyev tələbə-gənclərin hərtərəfli xüsusi musiqi savadına yiyələnmələri üçün özünün bütün enerji və bacarığını sərf edərək musiqinin elmi-nəzəri və təcrübi məsələlərini onlara öyrədir, xalq musiqisinin melodik və ritmik xüsusiyyətlərini, çalğı alətlərinin geniş imkanlarını, tembrini, səs müxtəlifliyini əyani şəkildə, estetik əsaslarla izah edir, bir sözlə, yüksək səviyyəli elmi-pedaqoji kadrlar hazırlamaq sahəsində biliyini əsirgəmir. Bunun nəticəsidir ki, onun tələbələri respublikamızın müxtəlif şəhər və rayonlarında həvəslə, səylə çalışır, səmərəli, pedaqoji fəaliyyət göstərməklə yanaşı, musiqi incəsənətinin böyük təbliğatçısına çevrilirlər. 1986-cı ildə Bakıda keçirilən xalq çalğı alətləri ifaçılarının Ü.Hacıbəyov adına respublikalararası birinci müsabiqəsində onun yetirmələrindən İlqar İmamverdiyev, Malik Mənsurov birinci mükafata, Zeynalabdin Babayev, İlham Bədəlov ikinci mükafata, Vahid Məmmədov, Fətəli Bağırov üçüncü mükafata layiq görülmüş və laureat adını qazanmışlar.
İlqar İmamverdiyev:
- Hər kəsdən soruşsalar ki, qazandığı uğurlara görə kimə minnətdardır, şübhəsiz, həyatda ona yol göstərən müəlliminin adını çəkər. Mən də bu mənada bir ifaçı kimi, bir müəllim kimi nə əldə etmişəmsə, hansı uğurlar qazanmışamsa, ilk növbədə, Oqtay müəllimə borcluyam. O, bizim bu sənətin incəliklərini dərindən duymağımızda, kamil mütəxəssis kimi yetişməyimizdə əlindən gələni edirdi. Oqtay müəllim dərs prosesinə olduqca prinsipial və tələbkar mövqedən yanaşır, dərsi başa sala-sala bizi sanki sehrləyir, sənətin çətin yollarında mübariz olmağa səsləyirdi. Biz, Oqtay Quliyevin yetirmələri harda işləməyimizdən asılı olmayaraq tez-tez öz müəllimimizi minnətdarlıq hissi ilə yad edir, onunla əlaqə saxlayır, məsləhətlərinə qulaq asırıq.
Pedaqoq-musiqiçi ümumtəhsil məktəbləri üçün bir sıra metodiki vəsaitlərin və musiqi dərsliklərinin də müəllifidir. Onun “Süleyman Ələsgərovun tar ilə xalq çalğı alətləri orkestri üçün metodik tövsiyələr” kitabı, Səid Hacıyevlə birlikdə yazdığı “Pyeslər” məcmuəsi - tar ilə fortepiano üçün köçürmələr uşaq musiqi məktəblərinin tar sinfində oxuyanların səviyyələrini yüksəltmək məqsədi daşıyır. Həm də demək lazımdır ki, bilavasitə tarın tədrisinə uyğun işlənməsi, bütün siniflərin proqramlarını əhatə etməsi baxımından əhəmiyyətli olan bu məcmuələr ilk mükəmməl tədris-pedaqoji repertuar toplularıdır. Eyni zamanda, tarzən bir çox Azərbaycan bəstəkarlarının kamera-instrumental əsərlərini xüsusi olaraq tar, kamança, fortepiano üçlüyü üçün işləmişdir.
Həmin illərdə musiqi məktəblərinin proqramına muğamların kütləvi şəkildə öyrənilməsi üçün Əhməd Bakıxanovun təşəbbüsü ilə bir sıra muğamlar Moskvada Ümumittifaq “Melodiya” firması tərəfindən “Muğam məktəbi” seriyası adı ilə iki valda buraxılmışdır. Böyük sənətkar bu işə tələbəsi Oqtay Quliyevi də cəlb etmiş və bura gənc tarzənin ifasında “Segah”, “Şur”, “Çahargah”, “Bayatı-kürd”, “Şahnaz”, “Heyratı” muğamları da daxil edilmişdir.
1978-ci ildə istedadlı musiqişünas “Azərbaycan xalq çalğı alətləri orkestri və respublika musiqi mədəniyyətinin inkişafında onun rolu” mövzusunda dissertasiya müdafiə edərək sənətşünaslıq namizədi elmi dərəcəsi alıb. Onu da qeyd etmək lazımdır ki, bu, həmin sahədə ilk elmi-tədqiqat əsəridir. Onun “İşıq” nəşriyyatı tərəfindən 1977-ci ildə buraxılmış “Azərbaycan xalq çalğı alətləri orkestri” kitabından isə musiqi təhsili müəssisələrində lazımlı və faydalı dərslik kimi istifadə olunur. Kitabda müəllif respublikanın əməkdar kollektivi, Səid Rüstəmov adına Azərbaycan Televiziyası və Radiosunun Xalq Çalğı Alətləri Orkestrinin yaradıcılıq yolundan, inkişaf mərhələlərindən, ifaçılıq xüsusiyyətlərindən, estetik tərbiyə sahəsində böyük və geniş rolundan danışır. Monoqrafiyanı musiqişünaslıq elmində diqqətəlayiq əsər kimi qiymətləndirmək olar.
1994-cü ildə türkiyəli həmkarları Oqtay Quliyevi qədim ali təhsil müəssisələrindən olan Qara Dəniz Texnik Universitetinə işə dəvət etdilər. Görkəmli musiqiçi 30 minə yaxın tələbənin təhsil aldığı və 1400 nəfərdən çox müəllimin çalışdığı bu universitetin “Gözəl sənətlər” fakültəsinin “Musiqi bölümü”nə professor vəzifəsinə təyin olundu. Ora hansı məqsədlə işləməyə getdiyini soruşanda Oqtay müəllim deyirdi: “Biz, Azərbaycan ziyalıları Türkiyəyə yalnız maddi vəziyyətimizi yaxşılaşdırmaq üçün yox, türk xalqı ilə dostluğu, qardaşlığı, elmi və mədəni əlaqələrimizi inkişaf etdirmək üçün getmişik”.
Fəaliyyətə başladığı ilk günlərdən Oqtay Quliyev tələbələrinin bu musiqi alətinə böyük maraq və sevgilərini nəzərə alaraq tar ixtisası üzrə sinif açdı. Əvvəlcə keçəcəyi fənlərin proqramını tərtib etdi. Burda, əsasən, Azərbaycan bəstəkarlarının əsərləri yer aldı. Onu da deyək ki, tarzən-pedaqoq adi dərslər keçmirdi, əsas musiqi nəzəriyyəsi fənlərindən olan solfecio, musiqi ədəbiyyatı, orkestr və başqa fənləri bacarıqla tədris edirdi, Türk xalq çalğı orkestrinin bədii rəhbəri kimi də fəaliyyət göstərirdi. Yeri gələndə solo konsertlər verir, öz mahir ifası ilə bu qədim musiqi alətini, onun ecazkar səsini tamaşaçılarına sevdirirdi, tələbələri isə bu bacarıqlı və hərtərəfli müəllimin dərslərinə həvəs və maraq göstərir, ondan görüb-götürməyə çalışırdılar. 1997-ci ildə Trabzonda çap olunmuş “Musiqi eğitimi bölümü məzunları” adlı kitabda tələbələri öz müəllimlərinə xitab edərək ürək sözlərini görün necə ifadə etmişlər: “Yaz-qış boz paltonuzu üzərinizdən çıxarmadınız. Musiqi bölümünə ilk gəldiyiniz zaman bizləri tar deyilən bir alətlə tanış etdiniz. Bundan çox məmnun olduq. Müəllimlərimizin verdiyi konsertlərdə çaldığınız əsərlər, o cümlədən, Azərbaycan və türk xalq mahnıları sizin ifanızda başqa bir gözəllik qazanırdı. Bizləri hər zaman heyran qoyurdunuz. Azərbaycan xalqının istiqanlılığını, insanpərvərliyini, gözəlliyini sizinlə tanıdıq, duyduq. Sizləri çox sevirik və unutmayacağıq. Gördüyünüz və görəcəyiniz bütün işlər üçün Sizə təşəkkür edirik”.
Universitetin “Musiqi təhsili”
bölümünün başçısı, dosent Səbri
Yenər bir müsahibəsində Oqtay Quliyev haqda qiymətli
fikirlər söyləmişdir: “Azərbaycandan
çağırdığımız müəllimlər
güman etdiyimizdən qat-qat yaxşı, can-başla fəaliyyət
göstərirlər. Bir misal çəkim. Son illərə qədər
bölməmizdə tar sinfi yox idi. Halbuki
Türkiyədə bu gözəl, imkanlı musiqi alətinə
böyük maraq var. Mütəxəssis
olmadığından tar sinfi aça bilmirdik. Azərbaycan
Musiqi Akademiyasının təcrübəli müəllimi, professor Oqtay Quliyev universitetimizə gələndən
sonra belə bir sinif açmağa nail olduq. Fərəhli
haldır ki, Oqtay bəyin tələbələri indi Azərbaycan
və türk musiqisi ilə yanaşı, tarda dünya klassiklərinin
əsərlərindən nümunələr
çalırlar”.
2003-cü
ildə Oqtay Quliyev Türkiyədən vətənə
döndü və Azərbaycan Milli Konservatoriyasında tar
ixtisası üzrə professor vəzifəsində fəaliyyətə
başladı, eyni zamanda, birinci prorektor təyin edildi. Əvvəlki kimi dərs deməklə
yanaşı, elmi-tədqiqat və metodik işlərlə
ciddi şəkildə məşğul olmağa
başladı. Çox çəkmədən görkəmli
tarzənin musiqi mədəniyyətinin inkişafındakı
xidmətləri yüksək qiymətləndirildi və o, “Azərbaycan
Respublikasının əməkdar incəsənət xadimi” fəxri
adına layiq
görüldü.
...38-ci
ilin payızı yurdumuza qədəm qoyanda Şuşanın Malıbəyli
kəndində bir uşaq dünyaya gəldi. Onun
adını Oqtay qoydular. Qonum-qonşunun,
tanış-bilişin o vaxtlar sadəcə Oqtay kimi
çağırdıqları bu ada zaman keçdikcə
neçə-neçə fəxri adlar qoşuldu.
İndi dostları, həmkarları onu belə tanıyır:
respublika, Ümumittifaq və Ümumdünya
festivallarının laureatı, sənətşünaslıq
namizədi, əməkdar incəsənət xadimi, Azərbaycan
Milli Konservatoriyasının müəllimi, professor Oqtay Quliyev.
Vasif
QULİYEV
525-ci qəzet.- 2018.- 29 sentyabr.- S.18-19.