Sevgiylə maariflən...
İsmayıl bəy Qutqaşınlının “Rəşid bəy və Səadət xanım” hekayəsinin əlyazmasının sonunda Mirzə Fətəli Axundzadənin belə bir qeydi var: “Mənim qəlbim elə alovlu qəlblərdəndir ki, o, nə öz sevincini, nə də öz kədərini gizlədə bilər. Buna görə də mən bugünkü sevincimi sizə xəbər verməyə bilmərəm. Mənim şadlığımın səbəbi odur ki, başladığımız işin axıra çatması haqqında məndə zərrə qədər şübhə qalmamışdır. Bu gün sizi tamamilə inandıra bilərəm ki, arzularımızın həyata keçirilməsi günü yaxınlaşmışdır. İzahatını gələcək münasib bir təsadüfə saxlayıram”. 15 mart 1846. Mirzə Fətəli”.
Lap yəqin ki, Mirzə Fətəli “Rəşid bəy və Səadət xanım”ın əlyazmasını oxuyandan sonra yazıb bu sözləri, əsərdən yaranan ovqatını bu cür ifadə edib. Bu günlərdə tələbələrimlə birgə əsəri müzakirə etdikcə düşünürdüm görən nə idi böyük dramaturqu sevindirən? Axı əsər sadə bir sevgi romanıdır və bildiyimiz kimi, Mirzə Fətəli bu mövzuya qarşıydı, klassik ədəbiyyatın gözəllərin tərənümü ilə dolu nümunələrini qəbul etmirdi, hətta Füzuliyə münasibəti mübahisəliydi. Çünki zaman elə zamandı ki, daha aşiqin sevgi iztirablarından, yaxud gözəlin saçının kölgəsindən uzun-uzun yazmaq və danışmaq yersiz idi. Xalqı oyatmaq, oxutmaq, özü haqqında düşündürmək, buxovlardan azad etmək, çadranın və elmsizliyin qaranlıqlarından işığa çıxarmaq lazım idi. Millət azad, demokratik ölkənin vətəndaşı olmağa doğru söz-söz, cümlə-cümlə, kitab-kitab getməli idi. Axı müstəqil ölkənin qurulması təkcə siyasi, tarixi hadisə deyildi, həm də sənətin qələbəsi idi. Məhz XIX əsrin əvvəllərindən başlanan maarifçi hərəkat, dalğa milləti bir əsrlik yolu keçirib Cümhuriyyətə yetişdirdi.
Bəli, artıq zaman ayrı cür əsərlərin yazılmasını tələb edirdi. İnsanın qəlb sıxıntılarından, əzablı duyğularından, sevgisindən, həsrətindən, vüsalından yox, real problemlərdən yazmaq, bunlar haqda düşünmək vaxtıydı. Düzdü, daha öncəki yüzilliklərdə də ayrı-ayrı şeirlərdə şablon ifadəylə desək, zəmanədən şikayət motivlərinə, sinfi bərabərsizliyi və din xadimlərinin riyakarlığını tənqid edən, xalqı oyatmağa yönələn misralara rast gəlirik, amma zamanla bütün təşbehlərdən, bənzətmələrdən, poetik tapıntılardan kənar olan, problemi birbaşa deyən, ağrını olduğu kimi göstərən əsərlərə ehtiyac yaranırdı. Və məhz XIX əsrin əvvəllərindən ədəbiyyatımızda bu realist istiqamət inkişaf etdi... Artıq sadəcə hiss, ovqat yox, hadisə yazılmağa başladı. Amma məgər insanın tərbiyəsi, şəxsiyyətin yetişdirilməsi üçün sadəcə yazıb oxumaq, yaxud elmli olmaq bəs idi? Yox, əlbəttə, yox... Elə bugünkü dünya da başı dolu, ürəyi boş adamların əlində qalmayıbmı?! Və ürəyini (hisslərini!) tam çıxdaş edib yalnız başın, beynin diqtəsiylə yaşamaq deyilmi müasir zamanın naqisliyi?!
Heç şübhəsiz ki, maarifçilərimiz təkcə oxumağı yox, həm də yaşamağı təbliğ etməyin vacibliyini bilirdilər. Elə ona görə də Mirzə Fətəli Axundzadə “Rəşid bəy və Səadət xanım” kimi romantik bir əsərin yazılmasına, həm də fransız dilində qələmə alınmasına sevinirdi. Xoşbəxt sonluqla bitən hekayə iki gəncin qələbəsini, sevginin təntənəsini göstərirdi. Ədəbiyyatın eşqdən “qaçmağa” çalışdığı bir vaxtda ehtiyac vardımı bu mövzuya?! Bəli vardı... Çünki əgər qarşıya qoyulan məqsəd insanı İNSAN etmək, azad görmək idisə, ona hissləriylə yaşamağı da öyrətmək, daha doğrusu, bunun ayıb olmadığını anlatmaq vacib idi. Bir anlıq XXI əsrə gəlib Hollivud filmlərinin “heppi end”lərini yada salaq; məhəbbət bütün manieələrə baxmayaraq, qalib gəlir, sevgililər anlaşılmazlıqları dəf edib qovuşurlar və hamı xoşbəxt yaşayır. Bax bu şablon sonluqların özü də Qərbin azadlıq, demokratiya ideyalarının sənət dilində təbliğatı deyilmi?! Yəni baxın, sivil ölkədə hamı arzuladığı həyatı yaşamaqda, müstəqil seçim etməkdə azaddı və buna görə də xoşbəxtdi. Bəli, bəlkə hansısa fəhm, yaxud önduyumla maarifçilərimiz bunu yazmağa, təbliğ etməyə həvəsləndirirdi. Misal üçün, elə Mirzə Fətəli özü də “Müsyo Jordan və Dərviş Məstəli şah”ında Şərəfnisənin Şahbazı qısqanmasını, yaxud “Hacı Qara”da Sonanın Heydər bəyi intizarla gözləyib öz-özünə danışmasını məqsədli şəkildə yazırdı. Böyük niyyətləri sadə həyat hekayələrinin üzərində göstərməklə bərabər, həm də millətin sevgi duyğusunu da tərbiyə etmək məqsədi vardı burda...
Bu həftə teatrların yeni mövsümü açması ilə haqqında danışdığım mövzunu düşünmək fürsəti yarandı. Gənc Tamaşaçılar Teatrı dahi Füzulinin poeması əsasında, rejissor Nicat Kazımov quruluş verdiyi “Leyli və Məcnun”la başladı yeni mövsümə. Dinamika-dinamika, çağdaşlıq-müasirlik deyib deyindiyimiz bir zamanda tamaşaçı nəfəs çəkmədən səhnəyə baxırdı. Ön sırada əyləşmiş yaşlı adamların belə gözlərindən yaş axırdı. Dialoqların qəliz dili, klassik əsərin hamıya məlum olan gedişatı və hər kəsin əzbər bildiyi sonluq belə, tamaşanın təsir qüvvəsini azalda bilmirdi. Rejissorun sözün “mizanını” tapması, əski bir eşq hekayəsinə yeni baxış bucağından yanaşması, Fikrət Əmirov musiqisinin adamı alıb aparan sehri, aktyorlar Asya Atakişiyeva və Bəhram Həsənovun peşəkar oyunu tamaşanın əsas uğurudur əlbəttə. Amma digər tərəfdən də axı mövzu sevgidir?! Bəli, sevimli Nazım Hikmət də “Sevda üzündən ölmək ayıb deyil” - deyirdi. Və elə “Leyli və Məcnun”a baxdıqca, başa düşürdüm ki, Füzulinin də, sonradan bu mövzuya müraciət edən başqa adamların da məqsədi sadəcə hissləri, mühitin qadağalarına görə bədbəxt olan iki gəncin faciəsini göstərmək deyil. Öz qəlbinin səsinə qulaq asan və heç bir qaydaya uymayıb ölümə gedən adamları göstərməkdi. Bu mənada maarifçi sənətin tarixi çox-çox əvvəllərə aid edilə bilər. Və qəribədir ki, bu cür maarifləndirməyə bütün dövrlərdə, bütün zamanlarda ehtiyac var. Belə olmasaydı, Şekspir də nəsillərin - Montekki və Kapulettilərin düşmənçiliyi üzündən birləşə bilməyən, yaxud o dünyada qovuşan Romeo və Culyettanı yazmazdı... Axı ora Şərq deyildi, qızlarla oğlanlar ayrı-ayrı oturmurdular, məktəbdə söhbət etmək də qadağan olunmamışdı. Amma sevgisinə görə ölümə hazır olan gəncləri - Romeo və Culyettanı yazmaqla Şekspir özündən sonra hələ neçə-neçə əsrlər dünyanı bu barədə düşündürəcəkdi... Cənnət Səlimovanın quruluş verdiyi “Romeo və Culyetta” tamaşası da əməkdar artist Elnur Kərimov və aktrisa Günel Məmmədovanın simasında hisslərindən dönməyən və ölümü gözə alan gəncləri göstərdi bizlərə. Baxırdım və fikirləşirdim, məgər nə isə dəyişibmi? Culyetta əmisi oğlu Tibaltın ölümünə yox, sevgilisi-əri Romeonun sürgününə görə yas saxlayır. Sevginin bundan gözəl ifadəsi olarmı? Axı sevgi bütün dünyanı yad, tək bircə nəfəri doğma edirsə, hansı qan qohumluğundan söhbət gedə bilər?!
Və iki gün sonra Musiqili Teatrın səhnəsindən Cənnət Səlimovanın quruluş verdiyi “O olmasın, bu olsun” tamaşasında Sərvər - “qızı mənə verməsən, bir güllə qıza, bir güllə sənə, bir güllə də özümə vuracam” - deyir. Şekspirlə Füzuli eyni əsrin sənətkarlarıdır, Üzeyir bəyi onlardan dörd əsr ayırır... Amma sevgi elə həmin sevgidir... Səhnəyə çıxarmağa qadınların tapılmadığı, kişilərin üzünə piy, un çəkib qadın rolu oynadığı bir zamanda yazılıb bunlar. Ona görə yazılıb ki, sevginin təntənəsi, hisslərin qalib gəlməsi ilə milləti yetişsin, insan, tamaşaçı, oxucu öz gizli hisslərindən, özünə belə aydın olmayan hisslərindən qorxmasın, çəkinməsin. Bir də ki, nə qorxmaq? Məgər sevən adamın gözündə qorxu olarmı?
Əməkdar artist Şövqi Hüseynovun yaratdığı Məşədi İbad belə bu təmiz duyğuların qarşısında əllərini qaldırır. Üzeyir bəy insanın min illik genlərini tərpədən, iliklərinə işləyən musiqisi ilə, yaratdığı təkrarsız xarakterlərlə - baxın bu bizik, bu sizsiniz - deyir. Və sizin aranızda ürəklə yaşayan Sərvər, Gülnaz da var, onların sevgisi qalib gəldisə, bizdən millət olar - deyir.
Yazımın əvvəlində XIX əsrdən danışıb maarifçilik hərəkatından söz açdım, sevgini tərənnüm etməyin də özünəməxsus mübarizə olmasını vurğuladım. Elə həmin əsrin şairi, satirik şeirin ən gözəl nümunələrini yaradan, millət dərdlərini şeirə gətirən Qasım bəy Zakir yazırdı ki:
Nə xoşdur cananə canı yetirmək,
Doyunca nəzarə
eyləyib ölmək.
Aşiqə məşuqun didarın
görmək
Ziyadədi Kəbə ziyarətindən.
Bəli, sevgi bütün zamanlar və
zəmanələrdə aktual olan müalicə üsulu,
xilas yoludur. Və heç şübhəsiz
ki, İsmayıl bəy
Qutqaşınlı, Axundzadə də, Üzeyir
bəy də bu cür
mübarizəni hələ uzun-uzun illərə
hesablamışdılar... İndi də bu əsərləri, bu
sevgiləri bizə təqdim edən sənətkarlar eyni üsulla müalicəyə,
ruhun xilasına
çalışırlar...
PƏRVİN
525-ci qəzet.- 2018.- 29 sentyabr.- S.16.