Bu da bu cür həyatdır...
1.
... sonra o biri böyrü üstə
çevrildim, ancaq yox, durmalıyam, yuxunun bu şirin vaxtı
durub, tualetə getməliyəm - deyəsən, prostat əhvalatları
başlayır, amma tez deyil? - səssizcə
ayağa qalxdım ki, Sona oyanmasın və eləcə səssizcə
də qayıdıb, yerimə girmək istəyirdim ki, o yay
gecəsi bircə anın içində dəhşət məni
basdı: Sona tək deyildi, Sonanın yanında kimsə
üzünü ona tərəf çevirib
yatmışdı. Elə həmin anda da hiss etdim ki, bu adam kişidir və bilmirəm, nə qədər
keçdi - zaman mənim üçün dayanmışdı
- və bu adam, yəni Sonaya qısılıb yatmış
kişi, darısqal çarpayıya sığışmayan əlini
uzadıb, Sonanın çılpaq döşünün
üstünə qoydu.
Yayın istisində mənim bütün içimi soyuq
bir titrəmə bürümüşdü və mən
çarpayıda onların - Sona ilə... kişinin -
qaraltısına baxa-baxa həyəcandan titrəyən əlimi
yanakı uzadıb barmaqlarımla divarda axtara-axtara elektrik
düyməsini nəhayət ki, tapdım və
işığı yandırdım.
Sona əvvəlcə
göz qapaqlarını bir-birinə sıxdı, sonra yerində
qurcalanıb, kal səslə:
- İşığı niyə yandırdın? - soruşdu.
Kişi
yuxulu-yuxulu:
- Nə?.. - dedi. - Bu niyə yandı?..
- Sonra dərindən əsnəyərək ayağa qalxdı
və mənim tüklərim sözün əsl mənasında
biz-biz oldu.
O kişi - mən idim.
O, mən
idimsə, bəs, mən kim idim?
O (yəni
mən?), yanımdan keçib, işığı
söndürdü və təzədən yerində
(çılpaq Sonanın yanında!) uzanıb, elə o dəqiqə
də yuxuya getdi.
Mənim bədənim bumbuz suyun içində idi və
mənim bütün varlığım uçunurdu.
Qaranlıqda
səndələyə-səndələyə
addımlayıb - ayaqlarım, bədənimi saxlaya bilmirdi -
arakəsməyə çıxdım, çöl
qapısının ağzındakı asılqana
yaxınlaşıb, pencəyimi tapdım, cibimdən (mənim
cibimdən?) volidol həbi çıxartdım və dilimin
altına qoydum, sonra gözlərimi yumub bir müddət ayaq
üstə dayandım, sonra da eləcə səndələyə-səndələyə
mətbəxə keçib, taxta kətilin üstündə
oturdum.
Bu nə
idi: mən dəli olmuşdum (ya dəli olurdum)?
Bizim ikinci mərtəbədəki mənzilimizin pəncərələrindən
qarşımızdakı hündür binaların ancaq orta
hissəsi görünürdü və indi o orta hissədəki
pəncərələrin heç birinin işığı
yanmırdı.
Birdən-birə mənə elə gəldi ki,
qaranlıq ancaq o hündür binaların orta hissəsini yox,
bütün yer üzünü basıb və o zülmət
qaranlıq içində də yeganə canlı məxluq mənəm.
O
qaranlıq, elə bil, mənim gözlərimi maqnit kimi
çəkib, özündə saxlamışdı - gözlərimi
o hündür binaların orta hissəsindən çəkə
bilmirdim və beynimdə bir boşluq yaranmışdı,
ancaq o boşluq məni yüngülləşdirmək əvəzinə,
bütün hisslərimi tarıma çəkmişdi.
Bayırda, elə bil, hardansa, uzaqlarda teplovoz fiti səsləndi
- doğrudan teplovoz fiti idi, yoxsa mənə elə gəldi?
Son vaxtlar
- bir il, il yarım olar - mənim yuxularım da əsasən Dəmiryol
vağzalına gəlib-gedən teplovozlardan, onların fitindən,
qatar təkərlərinin tukkatukundan, səfərə
çıxanlardan, səfərdən qayıdanlardan,
onları qarşılayanlardan, ötürənlərdən
ibarət idi və bəzən də, elə bil, bu səfərlər
gedər-gəlməz səfərləri idi - insanların
bir-birini qucaqlayıb ağlaşırdı. Relsləri
birləşdirən şalban parçaları mazutdan,
tüstüdən qapqara qaralmışdı və o
qaranın neft qoxusunu mən elə yuxu içində də
açıq-aşkar hiss edirdim.
Bu da qəribə
bir iş idi ki, hərdən o Dəmiryol vağzalı mənim
yuxularımda XIX əsrin əvvəllərinə
qayıdırdı, teplovozlar, elektrovozlar XIX əsrin
hıqqına-hıqqına, tüstü verə-verə
gedib-gələn paravozlarına, vaqonlar XIX əsrin uzun
karetalara oxşayan vaqonlarına çevrilirdi və sərnişinlər
də, ötürənlər də bir-biri ilə sevinclə
qucaqlaşırdı - bu səfərlər heç vəchlə
gedər-gəlməz səfərləri deyildi və Dəmiryol
vağzalında relsləri birləşdirən o tərtəmiz
və təptəzə şalban parçaları da yuxuya yaz
qoxusu çiləyirdi.
Ancaq bir
şey mənim xoşuma gəlmirdi - Dəmiryol
vağzalında hər şey - teplovozlar da, peron və
platformalar da, qəzet, qutab, dönər köşklərindən,
inzibati binalardan tutmuş qatar bələdçilərinin,
vağzal işçilərinin, sərnişinlərin,
ötürənlərin və qarşılayanların əyin-başınacan,
bir sözlə, gözlə görünən nə
vardısa, hamısı o yuxularda ağappaq idi. Belə bir
ağlıqda, ləkəsizlikdə bəlkə də pis bir
şey yox idi, ancaq məsələ burasında idi ki, Dəmiryol
vağzalındakı insanların sifəti də ağappaq
idi, elə bil, bütün bu insan sifətlərini bir-bir
ağappaq boya ilə rənglənmişdilər - bax, mənim
xoşuma gəlməyən də bu idi.
Yox, Dəmiryol
vağzalı ilə bizim evimizin arasında beş
metro stansiyası və üç də avtobus
dayanacağı qədər bir məsafə var idi və gecənin
necə sakitliyi olursa-olsun, o teplovoz fiti heç cürə
buralara - bizim mətbəximizə gəlib çata bilməzdi
- sadəcə, aydın məsələ idi, mənim
qulağıma səs gəlirdi.
Ancaq həb
dilimin altında əridikcə, deyəsən,
yavaş-yavaş özümə gəlirdim və özümə
gəldikcə də fikirləşirdim ki, hər şeyim əla
idi, bircə qarabasmam çatışmırdı, bircə o
qalmışdı ki, qulağıma səslər gəlsin -
qeybdən teplovoz fiti və bundan misgin bir şey ola bilər? - yox, bəsdir
və mən ayağa qalxıb, yatmağa getdim.
Bizim mətbəxin
qapısı ilə yataq otağının qapısı
arasında üç addımlıq bir məsafə var idi,
ancaq bu üç addımlıq məsafə bəs etdi ki,
ürəyim yenə elə döyünsün, içimdə
elə bir bəd ərəfə hissiyatı yaransın ki, az
qala yenə mətbəxə qaçıb, o hündür
binaların orta qatları ilə üzbəüz oturum və
həmin anlarda mənim bütün varlığım deyirdi
ki, yox, söhbət qarabasmadan getmir.
Mən özümü zorla məcbur edib, yataq
otağının qapısını açdım və
içəri girdim.
Pəncərədən düşən zəif ay
işığında Sonanın dörd uşaq əmizdirib,
boşalmış döşü sinəsinə
yayılmışdı və o kişinin (mənim!?) əli də
eləcə Sonanın döşünün üstündə
idi.
Sövq-təbii əlimi divara uzadıb, elektrik düyməsini
basdım və o yay gecəsi ikinci dəfə
işığı yandırdım.
Sona
gözlərini qıyıb, yuxulu-yuxulu:
- Bu yenə
yandı?.. - deyindi.
O, da (yəni
mən) yuxulu-yuxulu:
-
İndicə söndürdüm ki... - dedi və təzədən
qalxmaq istədi.
Sona:
- Sən
yat... - dedi və çarpayıdan qalxdı. - Zəhrimar xarab
olub də... Öz-özünə yanır... -
Və düz mənim qabağımdan keçərək
işığı söndürdü, yenə mənim
yanımdan ötüb - onun nəfəsini də, bədəninin
tər qoxusunu da hiss edirdim - yerinə girdi.
Sona məni görmürdü - mən ruha
çevrilmişdim?
Əgər mən ruh idimsə, işığı necə
yandırırdım, qapını necə
açırdım? Əgər mən ruh idimsə, validol həbini
necə götürdüm, necə dilimin altına qoydum?
Sona yerində
bir az qurcalanıb yenə yuxuya getdi.
Və o
kişi... yəni mən?.. bilmirəm
nə deyim... o... o da yatmışdı və... və birdən-birə
fikrimdən keçdi ki, görəsən, o da indi yuxuda Dəmiryol
vağzalını görür və orda o insanların sifəti
yenə ağappaq rəngə boyanıb?
Eləcə onlara baxırdım və yerimdən tərpənə
bilmirdim.
Bilmirəm
nə qədər keçdi və nəhayət, yerimdən tərpənib,
taqədsiz addımlarla yataq otağından çıxdım
- bizim mənzilimiz üç otaqdan və mətbəxtdən
ibarət idi - və eləcə taqətsiz addımlarla da
yaxınlaşıb, uşaqlar yatan otağın
qapısını ehmalca araladım: dördü də dev
yuxusu ilə yatırdı.
Az qala
bir-birinə yapışmış çarpayılarda
yatmış bu 13, 15 və 17 yaşlı oğlanlar və bu
uşaq çarpayı-arabacığında yatmış 3
yaşlı qız mənim övladlarım idi.
Mənim!
Bəs,
o, kim idi?
Bu
uşaq çarpayı-arabacığın da 17 yaşı
var idi - onu birinci oğlum anadan olanda almışdıq və
Sona onu o vaxtdan qoruyub saxlamışdı, uşaqlar növbə
ilə bir-bir o çarpayı-arabacıqda yatmışdı
- bu yeniyetmə oğlanlar, uzandığı
üçün ayaqları o arabacığın taxta
barmaqlıqlarının arasından çölə
çıxmış bu balaca və sevimli qız həm mənim,
həm də onun övladları idi?
Mətbəxə keçib, o hündür binaların
orta hissəsindəki qaranlıq pəncərələrlə
üzbəüz oturdum və o dəhşətli yay səhərini
eləcə o qaranlıq pəncərələrə baxa-baxa
qarşıladım.
Fikrimdən
nələr keçdi, nələri xatırladım, nələr
düşündüm - təfərrüata varmaq istəmirəm
- yalnız onu deyə bilərəm ki, Sonanın yumşaq
addım səslərini eşidəndə, nəhayət,
gözlərimi sübh işığında
yavaş-yavaş qaranlıq içindən çıxan o
hündür binaların orta hissəsindən çəkib, mətbəxin
qapısına tərəf çöndüm və əyninə
həmişəki xalatı geyib, mətbəxə gələn
Sonanı görəndə ürəyim elə
çırpınmağa başladı ki, elə bil, həmin
anlarda o çırpıntı məni yerimdən
qaldırıb, mətbəxin açıq pəncərəsindən
uçuraraq o hündür binaların orta hissəsinə
çırpacaqdı və bununla da hər şey birdəfəlik
bitəcəkdi.
Ancaq Sona məni görmürdü.
Və
Sona əsnəyə-əsnəyə arxasını mənə
çevirib, qaz plitəsini yandırdı, eləcə əsnəyə-əsnəyə
də çaydanı qazın üstünə qoydu, sonra
soyuducudan yumurta, yağ, pendir çıxartdı,
çörək doğradı və tamam aydın bir məsələ
idi ki, Sona mənim mətbəxdəki varlığımı
heç vəchlə hiss etmirdi.
Mən yox idim.
Özüm də bilmədim ki, necə qalxdım, evdən
necə çıxdım, ikinci mərtəbənin pilləkanlarını
necə endim və küçə boyu necə
addımlamağa başladım.
2.
Mən sizi çox yormaq istəmirəm və yalnız
o yay səhəri və o yay səhərindən sonra bir
neçə gün ərzindəki kəşflərimi - mən
bunları həqiqətən kəşf hesab edirdim (və
edirəm!) - söyləyəcəyəm, ancaq bəri
başdan deyim ki, o yay gecəsinin həyəcanlarından,
sarsıntılarından indi heç əsər-əlamət
də qalmayıb - mən çox xoşbəxtəm və
bilmirəm, “xoşbəxt” sözü burda yerinə
düşür, ya yox? - hər halda,
azadlıq, sərbəstlik xoşbəxtlikdirsə - bəli,
mən xoşbəxtəm.
Divanə
(və naməlum!) bir məxluq kimi, küçə boyu
addımlamağa başladığım o yay səhəri ilk
kəşfim ondan ibarət oldu ki, məni tanıyanlar məni
görmürdü - mən onlar üçün şəffaf,
çəkisiz, cisimsiz “heç nə” idim, məni
tanımayanlar isə məni görürdü və mən elə
indiyəcən də hərdən fikirləşirəm ki,
bunu kim müəyyən edib?
Kim müəyyən edib ki, kimlərsə məni
görsün, kimlərsə də - görməsin?
Kim? Kainatı idarə edən qüvvə?
Yəni
bu boyda ağlasığmaz dərəcədə nəhəng
kainatı idarə edən qüvvə bu qədər
kiçik bir işlə məşğul olur ki, onun
üçün dəryada damlanın milyonda-milyardda biri boyda
olan Yer Kürəsində kimsə məni - iyirmi il Dəmiryol vağzalında işləyən
sanitar həkimi - tanısın, kimsə də
tanımasın?
Hər dəfə
də fikirləşirəm ki, əgər o qüvvə varsa
- yəqin onun üçün böyük-kiçik heç
nə yoxdur, çünki belə başa düşürəm
ki, böyüyün də, kiçiyin də o qüvvənin
idarəçiliyində öz vəzifəsi var və biz
özümüz bu vəzifələrin nədən ibarət
olduğunu heç vəchlə bilə bilmərik - bu, bizim təfəkkürümüzün
dişarısındadır, bunu yalnız - əgər varsa - o
qüvvə bilir.
O qüvvə
və o qüvvənin özünü də bizim təsəvvürümüzdə
sonsuzluğa qədər idarə edən zəncirvari qüvvələr
- onlar bilir.
Bəlkə heç onlar da bilmir?
Bəlkə bizim təsəvvürümüzdə belədir
və bizim təsəvvürlərimizdən kənarda
başqa təsəvvürlər də var?
Doğrusunu deyim ki, bu fikirlər məni yormağa
başladı, onlar mənim azadlığım və sərbəstliyimlə
qətiyyən uyuşmurdu və mən o fikirləri birdəfəlik
özümdən uzaqlaşdırdım.
Ancaq hərdən orasını fikirləşirdim ki, o
qüvvə niyə məhz məni seçib? Sonralar (yəni
indi) bu sual mənə çox bəsit göründü,
çünki mənhardan bilirəm ki, seçilən tək
mənəm? Bəlkə Yer Kürəsində
mənim kimi milyonlar, hətta milyardlar var?
Bunu da demək
istəyirəm ki, indi mənim ən doğma məskənim
gecələr bizim mətbəxdəki pəncərəmizin
qabağında o hündür binaların orta hissəsi ilə
üzbəüz oturduğum saatlardır və mən heyrət
edirəm ki, zaman (saat, dəqiqə, an...) necə məskən
ola bilər? Düzdür, heyrət edirəm
- onsuz da heyrət etməli çox şey var - ancaq dəqiq
deyirəm: mənim doğma məskənim o ev,
o mətbəx yox, o saatlar, o anlardır.
Və mənim
çox xoşladığım bir səhnə var: səhərin
gözü açılmamış Sonanın həmişəki
kimi yuxudan durub, mətbəxə gəlməyi, qazı
yandırmağı, uşaqlara və ona (mənə!) səhər
yeməyi hazırlamağı, onun (mənim!) da həmişəki
kimi güclə yerindən qalxıb, mətbəxə gəlməyi,
həmişəki kimi də Sonanın yanağından öpməyi...
Mən
bunu da artıq açıq-aşkar hiss edirdim ki, onun (mənim)
Sonanın yanağından öpməyində 18 illik bir
üzürhaxlıq gizlənib, ancaq o gizli
üzürhaxlıq hissinin səbəbi nə idi - mən bu
barədə fikirləşib, dərinlərə getmək istəmirdim,
çünki fəhm mənə deyirdi ki, o dərinlərə
gedib çıxsam - bu da mənim azadlığım və sərbəstliyimlə
qətiyyən uyuşmayacaq.
Əslində
mən Sonanı 18 illik evlilikdən sonra, indi də sevirdim,
daha dəqiq desəm, Sona mənim üçün doğma
bir adam idi və mən orasını da yaxşı bilirəm
ki, Sonanın hər gün sübh tezdən durru bəsnəyə-əsnəyə
beləcə mətbəxə gəlməyi, səhər yeməyi
hazırlamağı, uşaqları məktəbə yola
salmağı artıq elektron saatın işləməsi
kimidir - batareyası qurtaranacan işləyən saatın.
Sizdən gizlətmirəm, hərdən mənə elə
gəlir ki, elə bil, ondan (məndən!) kam alıram və
bu, cidd-cəhdlə ört-basdır edilmiş bir intiqam hissinə
bənzəyirdi, ancaq mən ondan, yəni özümdən nəyin
intiqamını alırdım?
Hərdən
gecələr o doğma məskənimdə
qarşımızdakı o hündür binaların orta hissəsi
ilə üzbəüz oturanda özümü saxlaya bilmirdim,
qalxıb yataq otağımıza keçirdim və sağ
böyrü üstə büzüşüb yatan ona (mənə)
baxırdım - içimdən həmin kam hissi baş
qaldırırdı: hər gün olduğu kimi, səni yenə
Dəmiryol vağzalı, teplovozların fiti, qəzet, qutab,
dönər köşklərindəki satıcıların,
illərdən bəri tanıdığın süpürgəçilərin,
hambalların salamı, relslərin arasındakı
şalbanların mazut qoxusu gözləyir, səhər
güclə yerindən qalxıb, basabas metro vaqonunda eyni
stansiyalarından keçəcəksən, basabas avtobusda eyni
dayanacaqları ötüb işə gedəcəksən,
eynilə də işdən qayıdacaqsan ki, səhər yenə
bu marşrutu təkrar edəsən və günlərin,
ayların, illərin, bax, belə keçəcək, mən
isə, elə bil, azad və sərbəst bir quşam, hara istəyirəmsə
- dənizkənarı bulvara, “Torqovıya”, Dağüstü
parka, nə bilim, Bakının o qədər gəzməli
yeri var ki, - gedirəm, skamyalarda oturub, atılıb-düşən
uşaqlardan tutmuş çox vaxt mənimlə yanaşı
oturmuş qocalaracan, cürbəcür insanlara tamaşa edirəm
və o insanlar daha məni səni qıcıqlandıran kimi
qıcıqlandırmır, səni əsəbiləşdirən
kimi məni əsəbiləşdirmir - hayıf ki, sən
bütün bunlardan xəbərsizsən. Qış,
yaz, yay, payız sənin üçün təkrar-təkrar
bir-birini əvəz edən fəsillərdir, mənim
üçün isə onlar gözəl bir məkandır və
mən o məkanda özümü gözəl də hiss edirəm.
Düzdür,
mən bəzən o insanların gözlə görünməyən
alın yazılarını oxumağa
çalışırdım, ancaq hər dəfə də mənim
bu cidd-cəhdimdən bir şey çıxmırdı və
nəhayət, başa düşdüm ki, bu cidd-cəhdlər
də mənim azadlığım və sərbəstliyimlə
heç cürə uzlaşmır - nəinki uzlaşmır,
bu cidd-cəhdlər mənim həmin azadlığımı
və sərbəstliyimi yox edə bilər, mən yenə də
bir-birini əvəz və təkrar edən o fəsillərlə
üz-üzə qalaram.
Bunu da sizdən gizlətmək istəmirəm ki, əvvəllər
bir hiss də hərdən soxulcan kimi sürünə-sürünə
burnunu mənim azadlığıma və sərbəstliyəmə
soxmaq istəyirdi - mən gecələr öz məskənimə
qayıdanda daha uşaqlar yatan otağın qapısını
açıb, onlara baxmağa həvəsim gəlmir və əvvəl-əvvəl
içimdə vicdan əzabına bənzər həmin hiss
yaranırdı, ancaq mən o hissi də artıq özümdən
uzaqlaşdırmışam.
Mən mətbəxdəki
məskənimdə gözəl bir dinclik içində
gözlərimi yumub gecənin səssizliyinə qulaq asıram
və Yer Kürəsindəki cazibə qüvvəsinin mənə
heç bir aidiyyatı yoxdur..
3.
Həmin
yay günündən xeyli müddət keçib və bu
müddət ərzində maraqlı, hətta
ağlasığmaz əhvalatlar
çox olub, ancaq mən təfərrüata varıb, sizi
yormaq istəmirəm, təkcə bunu deyim ki, gecənin
küləyindən sonra tamam sakitləşmiş bu gözəl
payız günü yenə də dənizkənarı bulvarda
gah gömgöy dənizə, gah da ayağımın
altına xışıldayan sapsarı xəzan yarpaqlarına
baxa-baxa gəzişirəm və bunu fikirləşmək mənə
gülməli gəlir, hətta mənə ləzzət verir
ki, o, - yəni mən - indi göy xalatı əyninə geyib,
Dəmiryol vağzalının perron və platformalarında gəzişə-gəzişə,
fasiləni gözləyir ki, vağzal restoranında, ya bufetdə,
ya da türklərin açdığı dönər
köşklərindən birində nahar etsin.
Gecənin küləyi bulvarı başdan-başa xəzələ
bürümüşdü, mənim gözlərimdə isə
o xəzəl sarısı ilə dənizin gömgöyü
bir-birinə qarışmışdı və o
qarışıq rənglər elə bil, bütün
içimi sevinclə doldurmuşdu. Mən fikirləşirdim ki, bu boyda
dünyada yalnız elə xəzəl sarısı ilə dənizin
rəngi kifayətdir ki, insan özünü xoşbəxt
hiss etsin və mən sevinirdim ki, gecə əsən külək
kəsib və xəzəli dağıtmayıb, mən
sevinirdim ki, xadimələr hələ o yarpaqları
süpürüb, yığışdırmağa macal
tapmayıb, sevinirdim ki, göy üzü tərtəmizdir və
gün elə çıxıb, elə bil, yazın əvvəlləridir
- adda-budda nəm çəkmiş xəzan
yarpaqlarının sarısı yaz günəşinin
şüaları altında bu cür işıldayır.
Eləcə gəzə-gəzə gəlib
faytonların dayandığı meydançaya
çıxdım - meydançada cəmi bircə fayton
dayanmışdı, o birilər, yəqin turistləri gəzdirirdi.
Faytonda
oturub, müştəri gözləyən faytonçunun sərrast
baxışları o saat müəyyən elədi ki, mən
turist deyiləm və kişi mənə
baxa-baxa ağzını açıb sidq-ürəkdən gələn
bir əsnəmə ilə əsnədi. Onun beləcə əsnəməyi
açıq-aşkar bazarın kasadlığından xəbər
verirdi və mən ruhunu qaldırmaq üçün ona
yaxınlaşıb, oynaq bir səslə:
- Salam,
faytonçu qardaş! - dedim və əlimi uzadıb atın
boynunu sığalladım. - Nə var, nə yox?
Və
birdən, qabırğaları görünən kürən
yabı bir ayğır hikkəsi-hürküsü ilə
fınxırıb şahə qalxdı və bu qəfillikdən
diksinən faytonçu yaşına yaraşmayan bir cəldliklə
ayağa sıçrayıb, yüyəni darta-darta mənim
üstümə qışqırdı:
- Çəkil!.. Çəkil qırağa!..
Doğrusu, mən özüm də elə şaşırmışdım ki, heç bilmədim kənara necə çəkilib, dayandım.
Faytonçu yabını sakitləşdirə-sakitləşdirə, yenə üzünü mənə tutub:
- Sən
necə adamsan, a kişi? - dedi. - Hə? At səndən hürkür. Bunu heç
cavanlığında belə hürkən görməmişəm!..
Mən
ürəyim döyünə-döyünə acıqla:
- Bəlkə
sənin özündən hürkür? - dedim.
Faytonçu
da acıqla:
- Məndən?
- soruşdu. - On beş
ildi bu at mənimlə yeyir, mənimlə içir, mənimlə
televizora baxır, indi məndən hürkür?
Əlbəttə, o, düz deyirdi, at ondan
hürkmürdü.
At məndən hürkürdü.
Allahın məğmun bir heyvanı məndən
hürkürsə, bu necə bir həyatdı?
Sonra
özüm-özümə cavab verdim ki, bu da elə bu cür
həyatdır...
24 mart 2018
Bakı
ELÇİN
525-ci qəzet.- 2018.- 29 sentyabr.- S.14-15.