Əbədi mogikan - Çingiz Aytmatov-90

 

 

Dünya ədəbiyyatı xəzinəsinə gözəl əsərlər bəxş etmiş Çingiz Aytmatov həm Qırğızıstanın, həm də bütün türk dünyasının fəxridir.

 

Heydər Əliyev Azərbaycan xalqının Ümummilli lideri

Dünya şöhrəti qazanmış görkəmli yazıçı Çingiz Aytmatov XX əsr bədii düşüncəsinin və ümumiyyətlə, ədəbiyyatın və ictimai fikrin ən qüdrətli yaradıcılarından biri kimi qəbul olunur. Keşməkeşli və şərəfli ömür və sənət yolu keçmiş, tərcümeyi-halının böyük bir dövrü sovet hakimiyyəti illərinə təsadüf etmiş Çingiz Aytmatov rejimin sərt ideoloji tələblərinə baxmayaraq, sadəcə əməli işi ilə deyil, mənəvi aləminin bütün zənginlikləri, qəribəlikləri ilə yeni olan sadə insanı ciddi bir ədəbiyyat hadisəsi səviyyəsində təbii şəkildə təqdim etmək vəzifəsini bacarıqla həyata keçirmişdir. Sovet dövründə Çingiz Aytmatov milli mövqeyini, yeni insanı və bəşəri problemləri böyük ədəbiyyat miqyasında ifadə etməklə yanaşı, həm də əsərləri vasitəsilə nəşr etdirib dünyada yaya bilməsi sosializm dövrünün möcüzələrindən biri idi. Bəzi sovet yazıçıları kimi, Çingiz Aytmatov da öz əsərlərində əks etdirdiyi ictimai-mənəvi problemləri bir qədər gərginləşdirərək Nobel Mükafatı alıb, ölkəni tərk etmək imkanını gerçəkləşdirə bilərdi. Lakin Çingiz Aytmatov sosializm cəmiyyətində yaşayıb, həm də sovet gerçəkliyinin sədlərini aşa bilən böyük ədəbiyyat yaratmağın təkrarsız nümunəsini göstərmişdir. Çingiz Aytmatov Nobel Mükafatı səviyyəsində yazıb-yaradan və Sovetlər İttifaqında qalıb yaşamağı bacarmış qüdrətli dünya yazıçısı idi. Dünyanın digər görkəmli yazıçılarının yaradıcılığına və fəaliyyətinə heç də kölgə salmadan, əksinə, onlardan hər birinin əsərlərinə obyektiv şəkildə yüksək qiymət verməklə, həm də bu qənaətdəyəm ki, Çingiz Aytmatov dünya ədəbiyyatında Nobelüstü yeni bir ədəbiyyat standartı yaratmağa müvəffəq olmuşdur.

Çingiz Aytmatovun yaradıcılığını aşağıdakı mərhələlərə ayırmaq olar:

1. Lirik-psixoloji nəsr mərhələsi (1950-1960-cı illər).

2. Keçid dövrü (1970-ci illər).

3. Roman epoxası (1980-ci illər).

4. Bəşəri problemlərin bədii ifadəsi mərhələsi (1990-cı ildən sonrakı dövr).

Birinci mərhələdə Çingiz Aytmatov Sovet ideologiyasının əleyhinə çıxmadan, sadə insanı və onun dərin mənəviy-yatını böyük ədəbiyyata gətirmişdir. Bu dövrdə o, Sovetlər İttifaqı miqyasında lirik-psixoloji nəsrin böyük yaradıcılarından biri kimi tanınmışdır. Çingiz Aytma-tov həmin mərhələdə “Qəzetçi Dzyüyo” (1952), “Aşim” (1953), “Baydamtal çayında” (1954), “Ağ yağış” (1954), “Rəqiblər” (1955), “Üz-üzə” (1957), “Cəmilə” (1958), “Qırmızı yaylıqlı qovağım mənim” (1961), “Köşək gözü” (1960), “İlk müəllim”, “Ana tarla” (1963), “Əlvida Gülsarı” (1966) po-vest və hekayələrini yazmışdır. Əsərlərini rus dilində yazması və povestlərinin dünyada yayılan “Novıy mir”, “Drujba narodov” jurnallarında çap olunması Çingiz Aytmatovun imzasını böyük sənət dünyasında təsdiq etmişdir. “Əlvida Gülsarı” povestinə görə 1968-ci ildə SSRİ Dövlət Mükafatına layiq görülməsi yaradıcılığı-nın birinci mərhələsinin mühüm bir yekunudur. Tərcümeyi-halı baxımından da bu mərhələdə Çingiz Aytmatov Qırğızıstandakı Çon-Arık sovxozunun zootexnikliyindən Moskva Ali Ədəbiyyat Kurslarının məzunu kimi “Pravda” qəzetinin xüsusi müxbirliyinə və Qırğızıstan Kinematoqrafçılar İttifaqinin sədrliyinə qədər yüksəlmişdir.

XX əsrin yetmişinci illəri Çingiz Aytmatov üçün yeni axtarış dövrü hesab oluna bilər. Çingiz Aytmatovun bu mərhələdə yazılmış əsərlərində lirik-psixoloji nəsr ovqatı və bənzərsiz üslubu cəmiyyət hadisələri ilə əlaqədar ciddi ictimai motivlər əvəz etmişdir. “Ağ gəmi” (1970), “Dəniz kənarıyla qaçan Alabaş” (1977) povestlərində və “Fudziyama” dramında (1973) yazıldığı dövrün mühüm problemləri öz əksini tapmışdır. XX əsrin yetmişinci illəri Çingiz Aytmatovun yaradıcılığında povestdən roman janrına doğru keçid mərhələsidir, lirik-psixoloji nəsrdən ictimai məzmunu daha qabarıq olan əsərlərə üstünlük verilməsi baxımından da həmin mərhələ keçid dövrüdür. Bu mərhələni Çingiz Aytmatovun yaradıcılığında roman janrı üçün hazırlıq dövrü də adlandırmaq olar. “Ağ gəmi” povestinin senarisi əsasında çəkilmiş bədii filmə görə 1977-ci ildə ikinci dəfə SSRİ Dövlət Mükafatı alması onun ölkədə və dünyada böyük ədəbiyyatın əsas yaradıcıları sırasında olmasının etirafı demək idi. Nəhayət, 1978-ci ildə anadan olmasının 50 illiyi ilə əlaqədar olaraq keçmiş Sovetlər İttifaqının ən ali təltifi olan Sosialist Əməyi Qəhrəmanı fəxri adına layiq görülməsi bütövlükdə Çingiz Aytmatov fenomeninin təkcə ədəbiyyat sahəsində deyil, cəmiyyətin bütün dairələrində yüksək səviyyədə qəbul edilməsinin ifadəsi idi. Bəlkə də Sovet İttifaqının ən yüksək ali mükafatları ilə təltif edildiyinə görə, Qərb ədəbi-ictimai mühiti Çingiz Aytmatovu qüdrətli yazıçı kimi de-fakto qəbul etsə də, ona Nobel mükafatı verməkdən yan keçməli olmuşdur.

Çingiz Aytmatovun yaradıcılığının pik nöqtəsi “Əsrə bərabər gün” romanıdır. Onun 1980-ci ildə yazdığı “Əsrə bərabər gün” romanı ilə sovet ədəbiyyatı nəinki Nobel Mükafatı səviyyəsində yazılan, hətta bir çox nobelçi yazıçıları üstələyən bədii əsərlər yaratmaq imkanlarını nümayiş etdirmişdir. “Əsrə bərabər gün” sovet ədəbiyyatının Qərb ədəbiyyatı ilə rəqabətdəki xüsusi çəkisini, hətta qələbəsini meydana qoymuşdur. Fikrimcə, yüksək ideya-bədii dəyərə malik ən müasir roman nümunəsi olan “Əsrə bərabər gün” 1983-cü ildə kitab halında nəşr olunan kimi, dərhal Çingiz Aytmatovun üçüncü dəfə SSRİ Dövlət Mükafatına layiq görülməsi onun halal haqqı olmaqla bərabər, həm də sovet rejiminin görkəmli yazıçını növbəti dəfə Nobel Komitəsinin diqqətindən yayındırmağa da xid-mət etmişdir.

Çingiz Aytmatov 1986-cı ildə çap etdirdiyi “Qiyamət” romanı ilə qüdrətli bir romançı olduğunu isbat etmişdir. Povestlərinin hər birində roman miqyası nümayiş etdirən Çingiz Aytmatov “Əsrə bərabər gün”dən sonra cəmiyyətin dərin qatlarına nüfuz edən “Qiyamət” romanı ilə reytinq cədvəlində yeni epoxanın ən qüdrətli yazıçısı olmasını daha da möhkəmləndirmişdir. Ətrafında müəyyən mübahisələrin olmasına baxmayaraq, “Qiyamət” romanı dünyanın bir çox dillərinə tərcümə edilərək yayılmış, Çingiz Aytmatovun dünyada imicini daha da qüvvətləndirmişdir. Yazıçı “Çingiz xanın ağ buludu” povestini müstəqil povest kimi çap etdirməklə, “Əsrə bərabər gün” romanında qaldırdığı ideyaları tamamlamışdır.

Dünyanın yenidən qurulduğu doxsanıncı illərdən sonra Çingiz Aytmatovun həyatında da, yaradıcılığında da yeni mərhələ başlanmışdır. Bu mərhələdə Çingiz Aytmatov əsərlərində dünyanı düşündürən, planeti narahat edən, insanlığın taleyi ilə əlaqədar olan məsələlərdən söz açan qüdrətli sənətkar kimi çıxış edir. Çingiz Aytmatov doxsanıncı illərdən sonra dünya miqyaslı mütəfəkkir şəxsiyyət səviyyəsində yazıb-yaratmışdır. Bu yeni tarixi epoxanın məhsulu olan “Kassandra damğası” (1996) və “Əbədi gəlin” və ya “Dağlar çökəndə” (2006) romanları ilə Çingiz Aytmatov dünya ədəbiyyatının zirvəsinə yüksəlmiş-dir. Bu ağırçəkili romanlarda milli düşüncə bəşəri təfəkkür səviyyəsinə qaldırılmışdır. Son romanlarında Çingiz Aytmatov dünyanın anormal bir sonluğa doğru get-məkdə olduğunu var gücü ilə insanlığa çatdırmaq, çıxış yolları haqqında düşündürmək vəzifələrini yüksək səviyyədə və layiqincə yerinə yetirmişdir. “Əsrə bərabər gün”də Boranlı razyezdində qatarın “Stop-kran”ını dartmaqla mövcud cəmiyyətin getdiyi yolun davam edə bilməyəcəyini göstərən Çingiz Aytmatov “Kassandra damğası”nda artıq kosmik rahib vasitəsilə Yer planetinə həyatın sona yaxınlaşmaqda olduğunu xəbər verir. XX əsrin doxsanıncı illərindən etibarən Çingiz Aytmatovun tərcümeyi-halında baş verən dəyişikliklər, xüsusən, Avropa ölkələrində Qırğızıstanı təmsil edərək rəsmi diplomatik vəzifələrdə qazandığı təcrübə onun yer kürəsində cərəyan edən hadisələrə qlobal yanaşmalarına təkan vermişdir. “Kassandra damğası” və “Əbədi gəlin” romanları ilə Çingiz Aytmatovun yaradıcılıq idealları tamamlanmışdır.

Çingiz Aytmatovun əsərlərində və baxışlarında milliliklə bəşərilik vəhdət halındadır. Milliliklə bəşəriliyin dahiyanə harmoniyası Çingiz Aytmatov sənətinin özünəməxsusluğunu müəyyənləşdirir. Millilik və bəşəriliyin dialektik əlaqəsi və üzvi sintezi Çingiz Aytmatovun əsərləri ilə təşviq etdiyi ümumdünya tarazlığı modelinin əsas dayaqlarını təşkil edir. Çingiz Aytmatov ədəbiyyatda insanı milli varlığı və bəşəri dəyəri ilə vəhdətdə təqdim etməyi zəruri saymış və yaradıcılığını bu harmoniya üzərində tarazlamışdır. Çingiz Aytmatovun yaradıcılığında millilik amili ümumtürk ruhundan, qırğız etnik düşüncəsindən doğan və qlobal dünyanın hadisəsi səviyyəsində ümumiləşdirilən yüksək və dərin insani keyfiyyətlər şəklində təzahür edir. Beləliklə, Çingiz Aytmatovun yaradıcılığında ayrılıqda götürülmüş bir obrazın və ya xalqın timsalında bütövlükdə bəşər övladı üçün əhəmiyyətli olan problemlərin ümumiləşdirilməsi kimi məsuliyyətli və şərəfli vəzifə özünün orijinal bədii həllini tapmışdır. Dünya ədəbiyyatında milli ilə bəşərinin vəhdətini əks etdirmək yeni hadisə olmasa da, bu sahədə Çingiz Aytmatov öz modelini yaratmışdır. Çingiz Aytmatov yaradıcılığında milli və bəşəri anlayışlarını geniş mənada insanlıq düşüncəsi ilə birləşdirir. Tanınmış türk alimi, professor Ramazan Qorxmaz doğru olaraq yazmışdır ki, “Çingiz Aytmatov Simurq quşu kimi həm bütün insanlarda özünü, həm də özündə bütövlükdə insanlığı duymağa çalışır”. Beləliklə, zəngin və dərin yazıçı dünyası milli düşüncə ilə bəşəri qavrayışı özündə cəmləşdirir. Bu baxımdan Çingiz Aytmatov özü də geniş mənada əsərlərindəki milli və bəşəri düşüncələrin rəmzinə çevrilir.

Bundan başqa, Çingiz Aytmatovun ümumdünya tarazlığı modelinin daha bir özünəməxsusluğu da bu dahi sənətkarın dünyadakı problemləri qan tökmək, müharibələrə təkan vermək yolu ilə deyil, mədəniyyəti, ədəbiyyatı ön mövqeyə çəkmək üsulu ilə həll etməyə hesablanmış dahiyanə çağırışları idi. Çingiz Aytmatovun 20 il əvvəl meydana çıxmış “Müharibə kultunun yerinə mütləq mədəniyyət gəlməlidir”, - çağırışı bu gün dünənkindən də aktual səslənir. Millilik və bəşəriliyin Çingiz Aytmatov modeli insanlığa ədalət, sülh, birlik vəd edir.

Göründüyü kimi, Çingiz Aytmatov Asiya ağırlıqlı və Avropa meyilli yazıçıdır. Çingiz Aytmatov öz əsərlərində milli dəyərlərlə bəşəri düşüncənin ideal balansını tapmışdır. Çingiz Aytmatovun Asiya düşüncəsinin ana xətləri mənsub olduğu qırğız xalqının taleyinin və mənəvi dünyasının əsasında formalaşdırdığı dərin həyat fəlsəfəsində və ümumiləşdirmələrində əks-səda tapır. O, qırğız ellərinin və çöllərinin ruhunu bütün reallıqları və özünəməxsusluqları ilə böyük ədəbiyyatda canlandırmaqla, bütövlükdə Orta Asiya coğrafiyasının ümumiləşmiş obrazını yaratmışdır. Dünya xalqları Qırğızıstanı və Orta Asiyanı Çingiz Aytmatovun əsərləri vasitəsilə xəritədəkindən də yaxından tanımaq imkanı əldə etmişlər. Bu mənada ümumtürk təfəkkürünün möhtəşəm daşıyıcısı olan Çingiz Aytmatov ilk növbədə qırğız ruhunun böyük ədəbiyyat heykəlidir. O, mənsub olduğu xalqı və ölkəni ana torpaq və insan haqqında bəşəri düşüncə səviyyəsində təqdim etmək istedadı ilə dünya ədəbiyyatı məkanına daxil olmuşdur. Obrazlı şəkildə desək, insanlığa xidmət edən ölməz əsərləri ilə birlikdə Çingiz Aytmatov - dünyanın ən uca zirvələrindən biri olan Tyan-Şan dağlarında bədii sözün qüdrətinə, böyük ədəbiyyata ucaldılan möh-təşəm abidədir. Onun yüksək və təkrarsız istedadının məhsulu olan bədii əsərləri qitələri, ölkələri, xalqları yaxınlaşdıran və doğmalaşdıran böyük sənət körpüləri-dir.

Çingiz Aytmatovun düşüncəsində Avropa meyli onun əsərlərində siyasi və mənəvi əsarətin gərginliklərini, əzablarını, milli azadlığın çətin və əzablı yollarını, dünyəvi düşüncəni böyük cəsarətlə ifadə etmək bacarığında öz əksini tapmışdır. Sovet imperiyasının sərt rejimi çərçivəsində bütövlükdə insan və ya konkret bir millət haqqında taleyüklü böyük idealları əks etdirmək Çingiz Aytmatovun qəhrəmanlığı idi.

Dünya şöhrətli yazıçı Çingiz Aytmatovun ölməz əsərləri müasir dünyanın ibrətamiz insanlıq dərsləridir.

Janrından asılı olmayaraq, Çingiz Aytmatovun bütün əsərlərində roman miqyası vardır. Çingiz Aytmatov dünya-nı roman miqyasında qavrayan və ifadə edən qüdrətli yazıçıdır. Görkəmli sənətkarın həcminə görə povest kimi görünən əsərləri əhatə etdiyi problemlərə və maraqlı, keşməkeşli insan talelərini əks etdirməsinə görə ciddi roman təəssüratları yaradır. “Üz-üzə”, “Cəmilə”, “Əlvida, Gülsarı”, “Ana tarla”, “İlk müəllim”, “Ağ gəmi”, “Dəniz kənarıyla qaçan Alabaş”, “Erkən gələn durnalar”, “Çingiz xanın ağ buludu” kimi povestlərin daşıdığı böyük ideya-mənəvi yük cild-cild romanlarla müqayisədə ağır gələr. Bu əsərlərlə dünya ədəbiyyatı yeni çoxsaylı süjetlərlə və obrazlarla təzələnmiş və zənginləşmişdir. XX əsrin əllinci illərində otuz yaşlı Çingiz Aytmatovun yaratdığı “Cəmilə”povesti təkcə sovet ədəbiyyatında deyil, bütövlükdə dünya ədəbiyyatında yeni hadisə səviyyəsində qarşılanmışdır. Təsadüfi deyildir ki, məşhur fransız yazıçısı Lui Araqon “Cəmilə” povestini “dünyanın ən gözəl eşq hekayəsi” kimi dəyərləndirmişdir: “Bu əsər mənim üçün dünyanın ən gözəl eşq hekayəsidir... Hüqo ilə Volterin doğulduğu məkanda, Parisdə mən “Cəmilə”ni oxudum. Bax, o an Verter ilə Veronikanın, Antoni və Kleopatranın, ya da Manon Leskautun mənim gözümdə heç bir dəyəri qalmadı. Çünki mən Daniyar və Cəmiləylə qarşılaşdım və onlarla bərabər İkinci Dünya savaşının üçüncü ilinə, ...gözəl bir gecəyə yenidən dönüb, orada Kurkureu çayına, əkin yüklü arabalara və digər ikisinin hekayəsini bizlərə nəql edən Seyid adında yeniyetmənin yanına getdim”.

Moskvada Maksim Qorki adına Dünya Ədəbiyyatı İnstitutunda Ali Ədəbiyyat Kursunda təhsil alarkən yazdığı “Üz-üzə” povesti (1957) Çingiz Aytmatovun ədəbiyyatda özünəməxsus yaradıcılıq yolunu müəyyənləşdirməsində ciddi rol oynamışdır. Yazıçı əsərdə Səidə və İsmayıl obrazları ilə ədəbiyyatda cəmiyyət və fərd probleminə dair mühüm ictimai məsələlər qaldırmışdır. O, eyni zamanda, müharibədən qaçan insanın obrazını böyük cəsarətlə bədii ədəbiyyata gətirmiş, sosialist realizminin prinsipinə uyğun gəlmədiyi halda, Totoyun ailəsinin timsalında ilk dəfə olaraq bu qəbildən olan müharibə insanlarının acınacaqlı faciəsini təsvir etmişdir. Povestin 1991-ci il nəşrinə yazdığı ön sözdə Çingiz Aytmatov bu əsərin qayəsində duran mətləblərdən aşağıdakı kimi bəhs etmişdir: “Mən onun (Totoyun - İ.H.) və ailəsinin faciəsinin timsalında insanlar, şəxsiyyət və vəzifə arasında həllolunmaz mübahisədən qaçmağa çalışanları təsvir etməyə səy göstərdim”.

“Əsrə bərabər gün” romanı qırğız xalqının simasında sovet rejiminin gərginliklərini, ümumiyyətlə, eyni taleyə malik xalqların keşməkeşli həyatını və dərin mənəvi aləmini bütün reallıqları ilə əks etdirən dünya ədəbiyyatının şedevrlərindən biridir. Əsərdəki Boranlı Yedigey XX əsr dünya ədəbiyyatında yaranmış yeni tipli möhtəşəm bədii obrazdır. Boranlı Yedigey bütün ruhu ilə əsl qırğız ruhunun daşıyıcısı olmaqla bərabər, həm də stalinizmin acı keşməkeşlərini yaşamış və siyasi-mənəvi əsarətdən xilas olmağa çalışan insanların ümumiləşmiş obrazıdır.

Roman içində roman adlandırıla biləcək Manqurt hekayətində də yazıçının mənsub olduğu xalqın timsalında milli kimliyin itirilməsi, soykökün məhv edilməsinin fəlakətləri ifadə olunmuşdur. Əsərdəki Nayman Ana ədəbiyyatda milli kimliklərin unutdurulması proseslərinin yaşandığı dünyada yenidən oyanaraq özünə “Mən kiməm” sualını verib, cavab axtaran insanlığın milli-mənəvi dərkinin tamam yeni bədii təcəssümüdür. “Əsrə bərabər gün” romanında öz kökündən, tarixi yaddaşından məhrum edilməyin nəticəsində insanın manqurtlaşdırılmasının təsviri Çingiz Aytmatovun dahiyanə kəşfidir. Bu, sovet ideologiyasının hakim olduğu dövrdə həmin rejimin millətləri əridib itirmək, mənəvi aşınmaya məruz qoymaq üçün formalaşdırdığı siyasi sistemə vurulmuş ən ağır zərbə idi. “Əsrə bərabər gün” romanında təqdim edilən aşağıdakı dialoq manqurtluq fəlsəfəsinin nə demək olduğunu aydınlaşdırır:

“Nayman Ana soruşdu: - Məni tanıyırsan? Manqurt başıyla “yox” - dedi.

- Bəs adın nədir?

- Manqurt.

- Səni indi belə çağırırlar, əvvəlki adın yadındadır?

Manqurt danışmırdı. Anası görürdü ki, o, adını yadına salmağa çalışır... Amma görünür, oğlan qalın bir divara rast gəlmişdi, divarı keçə bilmirdi.

- Bəs atanın adı nədir? ...Doğulduğun yeri heç olmasa bilirsənmi?

...Heyhat, heç manqurtun tükü də tərpənməmişdi”.

Əsərdə vilayət mərkəzindən atası Qazanqapın dəfn mərasiminə gəlmiş oğlu Sabitcanın dədə-baba Ana-Beyit qəbiristanlığının sökülüb yerində kosmik stansiya tikilməsinə laqeyd yanaşması, hər hansı bir məsələ barəsində tutuquşu kimi qeyri-səmimi, radioda olan kimi rəsmi danışması, yalnız bu gün və özü haqqında düşünməsi manqurtluğun müasir forması kimi təqdim olunmuşdur. Sabitcan obrazı manqurtlaşmanın ədəbiyyatdakı anonsudur.

Çingiz Aytmatovun “Əsrə bərabər gün” romanı dünya ədəbiyyatının son bir əsrlik dövrünün möhtəşəm yekunu, yenidən soykökə, milli-mənəvi özünüdərkə qayıdışa və oyanışa çağıran müasir epoxanın ədəbiyyatının start nöqtəsidir. Keçmiş Sovetlər İttifaqında milli-mənəvi özünüdərkə qayıdış hələ müttəfiq respublikalar müstəqillik qazanmamışdan əvvəl “Əsrə bərabər gün” romanı ilə başlanmışdır. Bu mənada “Əsrə bərabər gün” milli oyanışa və dövlət müstəqilliyinə çağırışın qüvvətli paroludur.

Çingiz Aytmatovun “Ana tarla” povesti, doğma yurda və torpağa sadiq olan adi insanlar haqqında nəğmə qədər təsirli bədii əsərdir. Yazıçı Tolqonay ana ilə Torpaq ananın dialoqunda müharibə dövrünün ağır və məşəqqətli həyat tər-zini canlandırmışdır.Tolqonay müdrik xalqın ümumiləşmiş bədii obrazıdır, Torpaq isə onun müqəddəs sığınacaq yeridir. “Ana tarla” - qırğız kövşəninin bənzərsiz ətrini və sadə əkinçisinin təbii obrazını ədəbiyyata gətirmişdir. “İlk müəllim” povestində qırğız məmləkətinin uzaq dərinliklərində yaşayıb-işləyən kənd ziyalısının dərin mənəviyyatı və böyük ümidləri istedadla təsvir edilib, örnək kimi ümumiləşdirilmişdir.”Əlvida, Gülsarı” povestində atın qırğız həyatındakı rolu və insana sədaqəti fonunda xalqın keşməkeşli taleyi mənalandırılmışdır. Tanabay can verən atının başı üzərində yaşadığı illərdə qarşılaşdığı insanları öz vəfalı atı Gülsarı ilə müqayisə edir. “Qırmızı yaylıqlı qovağım mənim” əsəri milli qürur və təmiz sevginin dastanıdır.

“Erkən gələn durnalar” povesti İkinci Dünya müharibəsi illərində ön cəbhədə, səngərlərdə döyüşən atalarını, böyük qardaşlarını əsl vətəndaş ləyaqəti ilə əvəz edən gənclərin həyatından bəhs edilir. Onların vaxtından əvvəl kişiləşməsi və ya “itirilmiş uşaqlıq” müharibənin arxa cəbhədə törətdiyi fəlakət kimi təqdim olunur. “Dəniz kənarıyla qaçan Alabaş” bir nəslin timsalında ümumilikdə bəşəriyyətin gələcəyi uğrunda mübarizəni təcəssüm etdirir. Kiriskin sağ qalması üçün qayıqdakıların canını fəda etməsi insan oğlunun qüdrətinin Çingiz Aytmatov qələmində ifadəsidir.

“Çingiz xanın ağ buludu” povesti Çingiz Aytmatovun keçmiş Sovet cəmiyyətindəki mürəkkəb ictimai-siyasi prosesləri tarixi aspektdə qələmə aldığı hadisələrin vasitəsilə realist şəkildə əks etdirdiyi sanballı bədii əsərdir. Bu povest Çingiz Aytmatovun şah əsəri olan “Əsrə bərabər gün” romanının üzvi tərkib hissəsi, yaxud davamı olub, yazıçının dövlətçilik və şəxsiyyət məsələlərinə dair görüşlərini və müşahidələrini tamamlayır. Fikrimizcə, “Əsrə bərabər gün” Boranlı Yedigeyin və Qazanqapın romanı, “Çingiz xanın ağ buludu” isə Abutalıb Kuttubayevin tale kitabıdır. Abutalıb Kuttubayev obrazı Boranlı Yedigey xəttindən açılmamış qatların təzahürüdür. Çingiz Aytmatov İosif Stalinin vəfatından cəmi 1 ay əvvəl süni şəkildə uydurulmuş “Çingiz xanın ağ buludu” povesti stalinizmin hərbi-siyasi mahiyyətinin daha dərindən açılmasına xidmət edən əhəmiyyətli əsərdir. Əsərdə məşhur Böyük Monqol İmperatorluğunun qurucusu Çingiz xana münasibətdə Çingiz Aytmatovun ikili münasibətinin olduğu müşahidə edilir. İlk növbədə o, Çingiz xanı fateh qismində göstərmək, onun hərbi yürüşlərindən alınmış hadisələri əks etdirmək yazıçıya Stalin diktaturasını ifşa etmək üçün lazım olmuşdur. Lakin povestdə Çingiz Ayt-matovun qüdrətli sərkərdənin dövlətçilik məharətinə, qeyri-adi hərbçilik bacarıqlarına və yüksək qəhrəmanlıq ruhuna rəğbətlə yanaşdığı da nəzərə çarpır. Yazıçının povestin bir neçə yerində Çingiz xan haqqında işlətdiyi “ulu xaqan” kəlməsi həmin reallığın ifadəsidir.

Dərin ictimai məzmuna malik olan “Çingiz xanın ağ buludu” povesti geniş mənada Gündoğandan Günbatana qədər zəfər yürüşləri keçirən Çingiz xanın romanı, Abutalıb Kuttubayovun tale povesti, Yüzbaşı Doğulanq ilə tikməçi Ərdənənin sevgi macərasının hekayəsidir. Bu qədər geniş mətləbləri, fərqli taleləri, biri digərini təkrar etməyən çoxşaxəli süjet xətlərini özündə birləşdirən kamil bir bədii əsər yazmaq Çingiz Aytmatovun qeyri-adi istedadının böyük göstəricisidir.

“Ağ gəmi” - Adsız uşağın povestidir. Əsərdə nağıl kimi təqdim olunan “Ana maral” hekayəsi soykökü qorumağın zəruri olmasını göstərməyin bədii ifadəsidir. Povestdəki Mömin baba obrazı Çingiz Aytmatovun yaradıcılığında Boranlı Yedigeyə doğru gedən yolun başlanğıcıdır. Əsərdəki “Ağ gəmi” nağılı böyük çətinliklər qarşısında ümidlə yaşamaq, iradə göstərmək, idealı yaşatmaq düşün-cəsini meydana qoyur.

“Qiyamət” - Çingiz Aytmatovun ümummilli məsələlərdən bəşəri problemlərə keçidinin orijinal bədii ifadəsi olan romandır. Bu əsər bəşəriyyəti edam kötüyündən xilas etməyə böyük bir çağırışdır. İlk variantdakı “Edam kö-tüyü” adı əsas diqqətin insanlığın edam kötüklərindən qorunmasına cəlb edilməsinə işarədir.

Çingiz Aytmatovun yaradıcılığında yeni mərhələ təşkil edən “Kassandra damğası” romanında (1996) kosmosda yaşayan kosmik rahib Filofeyin Roma Papasına ünvanlayaraq “Tribun” qəzetinə göndərdiyi bir məktubun Amerikada və dünyanın müxtəlif qitələrindəki ölkələrdə doğurduğu böyük əks-sədanın təsviri ilə görkəmli yazıçı bəşəriyyəti gözləyən böyük fəlakətləri nəzərə çarpdırmış və çıxış yolları haqqında qənaətlərini irəli sürmüşdür. Məktubdakı dünyada baş verən haqsızlıqlara, qlobal gərgin problemlərə, hərbi-siyasi qarşıdurmalara etiraz əlaməti olaraq ana bətnində ikən embrionların dünyaya gəlməkdən imtina etmələrinə və bunun kosmosdan göndərilən şüalar vasitəsilə hamilə qadınların alnında qırmızı ləkə - “Kas-sandra damğası” vasitəsi ilə bəlli olmasına dair məlumatlar yer kürəsini silkələyən qeyri-adi hadisələrin təqdim olunmasına şərait yaradır. Bu baxımdan kosmik rahib Filofeyin Yer kürəsinə - Roma papasına məktubu Çingiz Aytmatovun bəşəriyyətə xitabıdır, həyəcan təbilidir. Əslində, bu, dərin fəlsəfi mahiyyəti etibarilə görkəmli bir yazıçının bəşəriyyət qarşısındakı məsuliyyəti və öhdəliklərinin miqyasını aşaraq, geniş mənada böyük ədəbiyyatın insanlığı xilas etmək yollarındakı cavabdehliyini əks etdirən çağırışdır. Filofeyin məktubu Zamanın yer kürəsinin insanlarına ünvanlanmış monoloqudur. İctimai-siyasi əhəmiyyətinə, insanlığın oyanışı və dirçəlişinə xidmətə həsr olunmasına görə Filofeyin məktubunu Vilyam Şekspirin Hamletinin, Cəlil Məmmədquluzadənin Kefli İsgəndərinin monoloqları ilə müqayisə etmək olar.

(Ardı var)

 

 

İsa HƏBİBBƏYLİ

Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, Milli Məclisin Elm və Təhsil Komitəsinin sədri, akademik

 

525-ci qəzet.- 2018.- 29 sentyabr.- S.10-11.